Modern.az

”Qondarma cızmaqaraçılara fikir verməyin”- Nəsib Nəbioğludan Çingiz Hüseynova MƏKTUB

”Qondarma cızmaqaraçılara fikir verməyin”- Nəsib Nəbioğludan Çingiz Hüseynova MƏKTUB

21 Aprel 2015, 21:08


Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov növbəti ad gününü qeyd edib. Rusiya paytaxtında fəaliyyət göstərən şair Nəsib Nəbioğlu Modern.az saytı vasitəsilə Çingiz Hüseynova təbrik ünvanlayıb. Təbrikdə deyilir:

- Əziz və hörmətli Çingiz müəllim.
Sizi doğum gününüz münasibətiylə səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram, uğurlar diləyirəm. Nə arzu edirsinizsə, arzularınıza çatasınız! Allah sizi muradınıza  yetirsin!

Sizin istər bir pedoqoq kimi, istər filosof kimi, istərsə də yazıçı kimi zəngin fəaliyyətiniz göz qabağındadır və danılmazdır. Siz yazıçı adını  həmişə uca tutan, bu ada şərəf, şöhrət gətirən  əvəzsiz yazıçımız, pedaqoqumuzsunuz, həmişə dediyim kimi bənzərsiz qələm sahibisiniz.  Siz  müasir Azərbaycan nəsrinin ən nüfüzlü, ən samballı, ən parlaq, ən müdrik  nümayəndəsisiniz və mən sizi həmişə öndə görmüşəm. Sizin  böyük cəsarətinizə, yüksək etika və mədəniyyətinizə, xalqa, millətə və böyük ədəbiyyatımıza dərindən bağlılığınıza görə,yaratdığınız ölməz obrazlara, sevginizə görə mən sizə həmişə böyük məhəbbətlə yanaşmışam! Artıq dostluğumuzun 35 yaşı olur. Yaxşı tarixdir. Sizin  müdriklik yaşınız  bir daha mübarək olsun!

Son illərdə ədəbiyyatımızda əsl sənətdən və sənətkarlıqdan uzaq olan qondarma cızmaqaraçılar, çılız söz düşgünləri, əsl sənəti, sözü urvatdan salan, dayazlaşdıran, bayağılaşdıran  yazıçılar, şairlər  peyda olub. Ömründə  ortalığa bir yaxşı yazı qoymayan üzdəniraq adamlar sizə də irad tuturlar. Son vaxtlar sizi də təhqir edənlər, istəməyənlər var, siz də bunu bilirsiniz. Əslində bunlar həmişə olub. Bəzi adamlar sizin Qarabağ həqiqətlərindən yazmadığınızı deyirlər. Sizin bir Azərbaycan yazıçısı olaraq öz mövqeyinizi bildirməməkdə qınayırlar. Amma mən belə düşünmürəm. Cünki mən sizin Qarabağla bağlı məqalələrinizin “Naşe vremya” jurnalında çapının bilavastə iştirakçısı olmuşam. Bu gün millətini, xalqını sevən, sizi yaxından tanıyan hər bir kəs sizinlə fəxr edir. Müasir Azərbaycan nəsrinin etalonu hesab edir.

Əzizim Çingiz! Siz əzəl binadan ağıl və təmkin, səbir və dəyanət yollarıyla addımlamısınız, bu keşməkeşli yollarda heç bir qasırğa, boran, çovğun sizi qorxutmayıb, yolunuzdan döndərməyib, inamla, dəyanətlə bu yaşa  gəlib çatmısınız.

 Yadınızda varmı 80-illik yubileyinizdə sizinlə şərtləşmişdik ki, 90 illik yubileyinizdə  birgə olacağıq? Onda siz  gülə-gülə deyirdiniz, ”Səksən, doxsan, bir gün varsan, bir gün yoxsan!”.  İndi sizin ömrünüzün ən məsuliyyətli, ən müdrik, ən mənalı  bir dövründəsiniz. İndi siz nəyi eləmədiyinizi, demədiyinizi üzərində on ildən artıq işlədiyiniz yeni romanınızda deyəcəksiniz. Çünki, siz indi özünüzün nələr etdiyinizi, nələr edə bilmədiyinizi, nələri demədiyinizi  daha yaxşı görürsünüz.

Siz harada yaşamağınızdan asılı olmayaraq ömrünüz boyu azərbaycan ədəbiyyatına, mədəniyyətinə, elmnə, doğma xalqımıza ləyaqətlə xidmət etmisiniz. Bir azərbaycanlı yazıçı kimi onun adını yad ölkələrdə ucalara qaldırmısınız. Mən inanıram ki, bundan sonra da belə olacaqdır. Əziz dostum, hər halda mən sizin böyük müvəffəqiyyətinizə, qələbənizə inanıram və təbrikimi sizə həsr etdiyim bu misralarla bitirirəm:

Kökünlə  bu müqəddəs torpağa bağlanmısan,
Müqəddəs torpağımız darıxar səndən ötrü.
Odlar yurdu yoluna  göz dikər, axşam, səhər,
Bülbüllər nalə çəkər  güllü çəməndən ötrü.

Vüqarlı dağlarımdan dözüm, dəyanət aldın,
Tanrı verən o qüdrət sənin qüdrətin olsun!
Qoy yaradan qorusun  şərdən, böhtandan səni,
Cansağlığı, xoşbəxtlik sənin qismətin olsun!

Sən ey qartal baxışlı, qartal qanadlı dostum,
Səni zirvəyə çəkən, iki qoşa  qanaddı.
Uç, uç  ucalara uç, ənginlikdən enmə sən!
Tanrı Çingizlərini fateh kimi yaratdı!

Nəsib Nəbioğlu, Moskva 20.04.2015-ci il





Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI