Modern.az

Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ - IV HİSSƏ

Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ - IV HİSSƏ

Ədəbiyyat

23 Aprel 2015, 00:06

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı

Modern.az saytı Milli Qəhrəmanla bağlı xatirələrin təqdimatına davam edir...

əvvəli burada

Allahverdi:
- Biz Əsgərana qədər bu xain erməniləri təmizləməsək bizə rahatlıq yoxdur. Mən öz dəstəmlə Ağbulaq, Aranzəmin, Pircamal, Dəhraz, Kətik, Naxcıvanik və Xromurdadək ermənilərdən  təmizləyəcəm. Əsgəranı sizin köməyinizlə ermənilərdən təmizləsək,  Ağdamın təhlükəsizliyini təmin edərdik. 

Mən qulaq asırdım, bu eşitdiklərim artıq tarix idi. Və mənim gözümün qarşısında baş verirdi. Bir də baxdım ki, xeyli hərbçimiz toplaşıb. Bir ağsaqqal kişi yaxınlaşdı. O, Allahverdigillə görüşdü və dedi:
- Yaqub Rzayevi görmürəm.
Allahverdi:
- Ermənilər 19-cu posta hücum etmişdilər. Yaralılar var, mən ordan gəlirəm. Yaqub Rzayevin başı qarışdı.
Ağsaqqal:
- Bayaqdan sizin danışıqlarınıza qulaq asıram. Biz ağdamlılar sizi qorumalıyıq. Allahverdi düz deyir, sizlərə bir şey olsa biz camaatı belə toplaya bilməyəcəyik. Görün indi bir həyəcan siqnalına nə qədər adam gəlib. Baxın, bunlar sizə görə gəlib. Ağdamın igid, cəsur, döyüşən oğulları çoxdur, amma sizin kimi camaatı başına toplayaraq birlik yaradan oğulları yoxdur.
Ağsaqqal əliylə caamatı göstərərək sözünə davam etdi:
- Bax gör nə qədər kömək gəlib. Bunların yarısının əlindəki ov silahıdır. Bilirsən, niyə gəlib? Çünki Allahverdi adından həyəcan siqnalı verilib. Camaat sənə, Fred Asifə, Şirin Mirzəyevə, Yaqub Rzayevə inanır. Bir başqası bu qədər insan toplaya bilməz. Birlik olmasa, siz özünüzü qorumasaz, biz məğlub olacığıq. Bunu sizə bir el ağsaqqalı deyir.

O sözünü deyib gedərkən  mən onunla tanış oldum, xeyli söhbət elədim. O, mənə Ağdamın, Qarabağın tarixindən, keçmişindən, 1907, 1918-ci illərdə ermənilərin bizim xalqa qarşı törətdikləri soyqırımlaından danışdı. Bilmədiklərimi öyrəndim.
Bu zaman erməni komandiri Allahverdini ratsiyaya çağırdı:
- O dediyin adamları yoxlatdırdım, məlumat tapa bilmədim. Dünən də onları axtarıblar. Deyəsən, yenə sən axtartmısan, amma iki türk uşağını tapdım, sağ-salamatdılar.
Allahverdi:
- O, iki uşağı buraxın gəlsin. Əvəzində bir yaralı erməni əsgərini verəcəyik. Bir də meyitləri.
Ermənidən səs çıxmayanda, Allahverdi qışqırdı.
- Eşitdim, eşitdim, nə deyirəm ki, sən deyəndən sonra bəs bizim dörd əsirimizin taleyi necə olacaq? – erməni ratsiyadan səsləndi.

Allahverdi:
- O, sizdən asılıdır. Verdiyim siyahıdakı 6 nəfəri tez tapsanız, öz əsirlərinizi tez də alarsınız. İndi iki azyaşlını göndərin gəlsin.

Dəyişmə baş tutdu, iki azyaşlı uşaqla bir yaralı erməni əsirini dəyişdilər. Fred Asif həkim çağırtdıraraq uşaqlara baxdırdı. Sonra dedi:
- Bu uşaqları yedirib, içirin. Valideynlərini tapın.
Allahverdi özündə uşaqların ad-soyadını qeyd etdi. Sonra ordan bir az uzaqlaşıb dedi ki, hər iki uşağın valideyni ölüb. Bütün ailələri qırılıb.
Şirin Mirzəyev:
- Sən bu uşaqları tanıyırsan?
Allahverdi:
- Yox. Amma bu günə qədər onları axtaran olmayıbsa, deməli heç kimləri yoxdur. Dərdimiz böyükdür.
Onlar ağsaqqala yaxınlaşdılar:
- Bizə xeyir-dua ver. Biz gedirik, ağsaqqal.
Qoca komandirlərə dedi:
- Mən çox müharibələr görmüşəm. 8 yaşım olanda ermənilərin xalqımıza tutduğu divanı gördüm. 80 yaşım olanda da gördüm. Sizin yaşda olanda da 1941-ci ildə müharibəyə getdim. Mən erməniləri yaxşı tanıyıram.  Bütün müdafiə dəstələrini yığın, mən onda deyəcəm sözümü.
Ağsaqqal onlara xeyir-dua verərək sağollaşdı.


Allahverdi maşınına minib sürücüsü Əmir və silahdaşları ilə birlikdə oz postuna gəldi, döyüş yoldaşları ilə görüşdü. Onlarla bir az söhbət edəndən sonra maşına minib “Ağdama sür” dedi.
Yolda öz qərargahı ilə əlaqə saxladı:
-Xəstənin vəziyyəti necədir?
-Xəstə ayılıb, burdakı kişi oğlu olduğunu bilmir hələ. Xəstəxanaya aparmaq istəyirik, amma səni gözləyir. Deyir, “mən Allahverdi ilə birlikdə gedəcəm”.
- Sən onu apar, de ki, Allahverdi xəstəxanadadır. Mən də indi çatıram.
Onlar Ağdama çatdılar, Allahverdi:
- Xəstəxanaya sür.
Sürücü Əmir maşını Allahverdigilin evi olan istiqamətdən - sarı təpədən sürdü. Allahverdi:
- Sən qəsdən burdan sürdün, eləmi? Amma yaxşı elədin, evə keçim, beş dəqiqə uşaqlarla görüşüm.
O evinə getdi, balaca qızları ilə görüşdü. Böyük qızı Aynur ikinci sinifdə oxuyurdu, kiçik qızı Zümrüd isə birinci sinifdə. 

Zümrüd:
- Ata, hardaydın? Mən səni on gündür ki, görmürəm. Niyə gəlmirsən? Uzaqdaydın, ata?
Allahverdi saqqalından bir tük dartıb qızına verdi:
- Mənim üçün darıxanda bu tükü yandır, bax onda mən gələcəm.
Xanımı:
- Oğlum, oğlum necədir?
- Yaxşıdır, hərdən görürəm. Ya postda qarşılaşırıq, ya da qəragaha gələndə.



Mən öyrəndim ki, Allahverdinin oğlu 845 saylı hərbi hissənin rabitə komandiridir.
Biz Allahverdinin evində bir stəkan çay içdik. Masada onu yuxu apardı. Yoldaşı uşaqları sakitləşdirərək dedi:
- Sakit olun uşaqlar, atanız yorğundur, onu oyatmayın.

Mən dördüncü gün idi ki, Ağdamda Allahveridinin qərargahında onunla birlikdə keçirirdim. Həyatımda ən acı, çətin günlərim idi. Mən insanların acımasız olduğunu kitablardan oxumuşdum, gözümlə görməmişdim. Bu gördüklərim mənə çox pis təsir eləmişdi. Bir az keçmişdi ki, Allahverdi qəfildən ayılıb sürücüsünə dedi:
- Məni niyə oyatmırsan? - Saatına baxıb - Düz otuz dəqiqə yatmışam.
Sonra da mənə tərəf döndü:
-İnsan öz evində, ailəsinin yanında hər dərdini unudur. Beyni istirahət edir.

Saat 14:00 olardı, Allahverdinin xanımı: - yemək yemədən gedirsiz Allahverdi? – soruşdu.
- Xəstəxanaya tələsik getməliyik- deyə o, cavab verdi. Sonra da cəld maşına tərəf getdi.

Biz də sürücüylə bərabər arxasınca çıxdıq. Allahverdi:
- Tez ol, xəstəxanaya sür.
Biz  xəstəxanaya çatdıq. Allahverdi kapitan Azərin otağına girəndə gördü ki, atası da onun başının üstündə durub. Palatada Azərdən başqa iki xəstə də yatırdı. Allahverdi:
- Necəsən, kapitan? Özünü necə hiss edirsən?
Azər:
- Mən çox şadam ki, Vətəndəyəm. Atam mənimlə fəxr edir, Vətəni qoruduğuma görə. Yenə də ayaqdayam, sağlamam.
Atası ayağa qalxıb Allahverdini bağrına basdı:
- Sən mənim oğlumun qan qardaşısan. Oğlun da eləcə. Adını bilmədiyim neçə əsgər də mənim oğluma qan verib. Mən özüm belə, bilmədən öz oğluma qan vermişəm. Deməli, sən mənim oğlum üçün belə narahat idin, hə? Mənsə elə bilirdim ki, o tanımadığım xəstə sənin qohumundur. Ağlıma da gəlməzdi ki, sən mənim balam üçün bu qədər həyəcan keçirirsən. Mən Vətənin sənin kimi qəhrəman, mərd oğullarını görüb sevinirəm. Oğlumun həkmləri ilə də görüşdüm, onlar dedilər ki, gecəylə həkim heyəti gətirtmisən, onlara oğlumu xilas etmək üçün əllərindən gələni etmək barədə göstəriş vermisən. Onu sən almısan ermənilərin əlindən. Sağ ol, oğlum, o sənin əsgərindir, mən sənə verib gedirəm.
Allahverdi onu sakitləşdirdi:
- Mən sizin oğlunuzu tanımasam da, bir qəhrəman kimi döyüşdüyünü eşitdim. Mən öz borcumu yerinə yetirdim. Bizim belə qəhrəman oğullarımız, sənin kimi ağsaqqallarımız varsa deməli bizi məğlub eləmək mümkün olmayacaq. Allah bizim xalqımıza birlik versin, bizim evimizi yalnız arada söz gəzdirənlər, təxribat edənlər yıxa bilər.
Bu əsnada həkimlər palataya daxil oldular:
- Əməliyyat uğurlu keçdi
Allahverdi həkimlərin qoluna girib palatadakı üzü-gözü sarıqlı xəstəyə tərəf gətirdi və onlara təşəkkür etdikdən sonra dedi:
- Bu xəstələnin müalicəsi üçün nə kömək lazımdırsa, nə tapılmayan dərman varsa, hər şeyi mən öz üzərimə götürürəm. 20 dəqiqədir bu otaqdayam, bizim kapitanın valideynləri ilə söhbət edirəm, bu xəstələr gözünü məndən çəkmirlər. Nəsə demək istəyirlər, amma dilə gətirmirlər. De qardaş, mən hər şeyə hazıram, de, bilirəm nə demək istəyirsən.
Təxminən 40 yaşlı yaralı kişi ağlamağa başladı. Allahverdi həkimə tərəf döndü.
Həkim:
- Bu adam Xocalı işğalında ağır halda, sizin köməyinizlə Qaraqaya yaxınlığında fermanın yanındakı meyitlərin arasından yaralı vəziyyətdə gətirilib. Gələndən də komada olub. İyirmi gündür ayılıb, möcüzə  nəticəsində sağ qalıb. Ümidimizi üzmüşdük. Amma bütün ailəsini itirib.
Allahverdi xəstənin üzündən öpdü:
- Qardaş, biz də sənin ailənik. Allah xain düşmənə lənət eləsin, bu da bizə dərs olsun. Kirvə dedik, süfrəmizin başında oturtduq. Amma nə biləydik, içində nələr gizləyib.
O qapıdakı əsgərinə tərəf döndü:
- Bu xəstə ilə mütəmadi olaraq maraqlan. Mən özüm də tez-tez gəlib baş çəkəcəm.
O əliylə yaralının gözyaşlarını sildi:
- Ağlama, nə istəyin var? Mən sənin üçün nə edə bilərəm? Xəstəxanadan çıxanda mənim ailəmin bir üzvü də sən olacaqsan.
- Mən üç ayzyaşlı oğlumu, qızımı, arvadımı, qardaşımın ailəsini, bacılarımın ailəsini itirdim. Gözümün önündə acımadan güllələdilər. Mən heç kimin görmədiyi dərdlərin ən acısını gördüm. Komadan ayılanda sağ qaldığıma üzüldüm, kaş ölsəydim, dedim öz-özümə. Həyat mənim üçün mənasız oldu, amma dünən kəndçilərimizdən biri xəbər gətirdi ki, qardaşımın oğlu sağdır. Sən dörd nəfər uşağı azad eləmisən. O uşaqlar da görüb qardaşım oğlunun sağ-salamat olduğunu. Nəslimizdən biri sağdır. Mən ayağa qalxmaq istəyirəm. Məni ayağa qaldır, gəlim sənin ayağına düşüm, sən Ağdama gələn Xocalı sakinlərinə, Ağdama pənah gətirənlərə öz köməyini əsirgəməmisən. Mənim də qardaşım oğlunu al o cəlladların əlindən.
Allahverdi:
- Qardaşın oğlunun adı nədir?
- Akifdir, Akif.
- Akif Qarayev?
- Hə, Qarayev Akif.
Allahverdinin üç saat əvvəl azad elədiyi uşaqlardan birinin adı Akif idi.
Allahverdi:
- Bəs on iki yaşlı Kazım Qarayev kimdir?- deyəndə xəstə var gücünü toplayıb qalxmaq istədi, onu tutdular:
-Mənim oğlumdur, mənim – deyə qışqırdı, - ondan bir xəbər almamışam, sən hardan bilirsən? Bir xəbər varmı? O sağdırmı? Komandir, sağdırmı o?

Allahverdi sürücüsünə işarə elədi. Sürücü çıxdı. O, Fred Asiflə dəyişdirdikləri uşaqları gətirməyə getdi.
Allahverdi:
- Xəbər var, hər ikisi sağdır. Bizdədilər. Özləri də sapsağlamdılar. Bizim Ağdamın qəhrəman oğlu Fred Asiflə birlikdə onu ermənilərdən aldıq.
- Nə? Oğlum sağdır? - o hönkürürdü:
- Mən ayağa qalxıb səni bağrıma basmaq istəyirəm, işə bax, iki gün bundan əvvəl ölmək istəyirdim. Allahım, sənə şükürlər olsun, artıq yaşamaq üçün səbəblərim var. Mənim nəslimdən üç nəfər, sağdır.
Allahverdi onu sakitləşdirməyə çalışır, amma xəstənin gözündən sel kimi yaş axırdı:
- Mən övladımla nə vaxt görüşəcəyəm?
- İndi, elə indi görüşəcəksən.
Otaqdakı hər kəs ağlayırdı. Allahverdi həkimə 22 yaşlı xəstəni göstərdi:
- Bu igidimizin nəyi var?.
Həkim:
- Güllə onun ayağındakı bud sümüyünü qırıb. Şelliyə ermənilərin basqını zamanı öz həyətlərinə yer əkdiyi zaman qəfil hücum ediblər.
Xəstə yerindən dikəldi:
- Sağ olsun, həkimlərimiz. Məni yaxşı müalicə etdilər. Mənim babamı tanıyırsan, sənə dərs deyib. Məhəmmədəli müəllim.
Allahverdi:
- Məhəmmədəli müəllimi mən valideynlərim qədər sevirəm, hətta valideynlərimə “yox” deyə bilərdim, amma ona yox. Baban yanıma gəlib mənə dedi ki, “nəvəmi əsgər aparırdılar. Mənsə onlara dedim ki, nəvəmə Allahverdi icazə verib, onlar da aparmadı”. Baban mənə təşəkkür etdi.
Mənsə susdum. Çünki Məhəmmədəli müəllimi çox istəyirəm, amma Vətənimi hamıdan çox istəyirəm. Sən əsgər olsaydın sənin əlində bel olmazdı, avtomat olardı, düşmənə cavab verərdin.
- Mən kapitanla, atası ilə, Xocalı sakinlərinin hamısının danışıqlarını eşitdim, xəcalət çəkdim. Əsgər olmadığım üçün utandım, söz verirəm, ayağa qalxan kimi birinci evim sənin qərargahın, sənin səngərin olacaq. Eşitdiklərim mənə dərs oldu, - deyib qollarını uzadıb Allahverdini qucaqladı.
Elə bu vaxt Məhəmmədəli müəllim içəri girib Allahverdini qucaqladı:
- Mən fəxr edirəm ki, sənin kimi qəhrəman tələbəm, şagirdim var. Oğlanlarımın, nəvələrimin hamısı səngərdədilər, döyüşürlər, bircə balaca nəvəmi istədim ki, müharibədən saxlayım, getməsin. Amma səhv elədim, indi görürəm, evdə olanda belə, həyatı təhlükədədir. Ayağa qalxan kimi sənin dəstəndə döyüşəcək.
Allahverdi:
- Mən statistikaya baxmışam, Ağdamda əsgərlərimiz az itki verib, amma silahsız mülki kənd sakinləri iki dəfə daha çox. Düşmən kəndlərə basqın edərək kənd sakinlərini öldürür.
Müəllim:
- Onların fikri türkləri qırmaqdır. Gündə neçə nəfəri öldürürlər. Əsgərimizlə bacarmadıqlarına görə silahsız insanlara gücünü göstərir. Sənin kimi qəhrəman oğullarımız onları durduracaq. Mən əminəm.

Xocalı sakini çarpayıda dikəlmək istəyəndə Allahverdi belindən tutub ona kömək etdir. Yaralı:

- Mən oğlumu, qardaşım oğlunu görmək istəyirəm, onlar doğrudanmı sağdılar? Yoxsa mənə yaşamaq ümidi vermək üçünmü belə dedin?

- İndi gələcəklər. Gözlə, on dəqiqə sonra burda olacaqlar.
Allahverdi sürücüsü ilə əlaqə saxladı. Qəfildən sürücü iki uşaqla içəri girdi. Xəstə özünü uşaqlara tərəf atıb, hönkürtüylə ağlamağa başladı.
Həkim Allahverdi Bağırovdan soruşdu:
- Siz nə vaxt, kimə göstəriş verdiniz bu uşaqları gətirmək barədə?

Ardı var


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI