Modern.az

Xüdahafis “Ələsgər”! Sənin də paxırın nəhayət ki, açıldı

Xüdahafis “Ələsgər”! Sənin də paxırın nəhayət ki, açıldı

Ədəbiyyat

23 Aprel 2015, 13:49

telejurnalist

Sənə güvəndiyimiz dağlar, etibarımızı niyə puç etdin?

Elə bir dönüş yaranmışdı ki, obyektə gedəndə daha “Ələsgər” axtarmırdıq. Müstəqilliyimizin ilk illərində nazirliklər, komitələr nəzdində yaradılan mətbuat xidmətləri, onların rəhbərləri, əməkdaşları “Ələsgər” rolunu oynayırdılar. Onlar bizi çəkiliş aparacağımız müəssisənin rəhbərliyindən bir növ təcrid edirdilər. Xüsusən idarə, komitə, nazirlik rəhbərləri ilə bizim aramızda “yenilməz” sipər olurdular. Belə münasibətlərdə isə “ələsgər”lərin xəyanətinə (xəyanətinə yox, etibarsızlığına, yalançılığına) rast gəlirdik. Üzə vurmurduq, amma bilirdik ki, bizə atırlar.

Ağdama getmişdik. “Ələsgər”imiz qadın idi, çox dilli-dilavər, rayonda hamının yaxşı tanıdığı şəxs idi. O özü də ağdamlıları yaxşı tanıyırdı. Redaktor-aparıcımız çox istedadlı jurnalistimiz İlqar Əlfioğlu tamaşaçılar arasında böyük nüfuza sahib idi. Xüsusilə ağdamlı olduğuna ğörə hara gedirdiksə, xüsusi hörmətlə qarşılanırdıq. Hətta bir ehtiyat hissələr satılan mağazada hansı az tapılan ehtiyat hissənin adını çəkən kimi “varımızdır” deyib maşınımıza qoyurdular. Üstəlik mənim “Jiquli”mə lazım olmayan hissələri də yığmışdılar maşınıma, “gələcəkdə lazım olar” deyə. Pullarını vermək istəyəndə:

- Nə danışırsınız?  İlqar bizim fəxrimizdir, onunla qurur duyuruq. Nə vaxt yolunuz düşsə gəlin!

Bu da bir “Ələsgər” nümunəsi. Amma bizim xanım “Ələsgər”imizi sayan yox idi. Fasilə yeməyi zamanı getdiyimiz bir kababxanada İlqar Əlfioğlunu görən kimi əl-ayağa düşdülər, bizdən nə yeyəcəyimizi soruşmadan stollardan birinin üstünü ləziz yeməklərlə, içkilərlə doldurdular. Bizim xanım “Ələsgər” i isə heç sayan da olmadı.

Ertəsi günü bizi raykomun 1-ci katibi qəbul etdi, səfərimizin necə keçdiyini xəbər aldı. Çox razılıq etdik.

- Mən buna arxayın idim, sizə təhkim etdiyim xanım (“Ələsgər”i nəzərdə tuturdu) çox bacarıqlıdır. Eşitdiyimə görə sizin maşınınız üçün xeyli ehtiyat hissə alıb, çox bol süfrə açdırıb.

- Nə? Pullarını da o verib? – deyə mən özümü saxlaya bilmədim. İlqar isə gülürdü, baxışları ilə üstünü vurmamağı xahiş edirdi. Mətləb açıldı nə açıldı.  Sən demə, xanım “Ələsgər” təkçə bizə yox öz katibinə də atıbmış, hətta cibimizə yol xərci də qoyduğunu deyibmiş.

Bu da haqqında ağızdolusu danışdığımız “Ələsgər”!

Bir dəfə də mötəbər bir müəssisəyə getmişdik. Bizi müntəzəm olaraq müşayiət edən hündürboy “Ələsgər” əlində bloknot müdirin otağına girdi, biz isə qəbul otağında gözlədik. O müdirin otağından tez çıxdı, əlindəki bloknotu aralayıb əvvəldən özü qoyduğu çox cüzi məbləğdə pulu bizə uzatdı, “Bəy verən payın azına-çoxuna baxmazlar”, - dedi. Biz müdirlə xudahafisləşmək istədik. Etiraz etdi: “vaxtı yoxdur”. Bu vaxt müdir otağından çıxıb bizi kabinetə dəvət etdi.

- Bu nədir? Qapının ağzından qayıdırsınız. Neçə illərin dostuyuq! Müşayiətçiyə də demisiniz ki, “tələsirik”.

Üzümüzdəki narazılığı hiss edibmiş kimi görkəm aldı. Aramız açıq olduğuna görə üstüörtülü söhbəti çözələdi. “Ələsgər”in verdiyi cüzi miqdarda pulu ona göstərəndə təcili zəngin düyməsini basıb “Ələsgər”i çağırdı.

- Mənim verdiklərimin hamısını vermisən qonaqlara?

“Ələsgər” qıp-qırmızı qızardı, əlindəki iri bloknotun başqa səhifəsini açdı.

- Bağışlayın, müdir, pullar bura yapışıb qalıb, - dedi.

- Sənin bloknotun da “Qaynana”dakı bibinin barmaqları kimi yapışqanlı olub?

Hamımız güldük və susduq. Məsələ aydın idi. “Ələsgər”in naxələfliyi həm müdirin başını aşağı salmışdı həm də özünün dələduzluğunu göstərdi.

Bəli, bu da sovetlər dövründə illər boyu sevə-sevə qarşıladığımız “Ələsgər”lərdən bəzilərinin iç üzü!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI