Həyata küsmə kor!
Hə, dünya nurundan payın yox sənin
Günəşin yox sənin, ayın yox sənin.
Gözləri deyil, sözləri görürsən,
üzləri deyil, sözləri sevirsən.
Görmürsən təbiətin fırçasında boyasını-
ağ qarını,
yamyaşıl ormanını, sarı qumlu səhrasını...
görmürsən.
Amma sən qar üstundə qan izini,
Yurdu olan yurdsuzların bənizini
Meşələri alovlanan ürəklərin tüstüsünü görmürsən kor!
Gözəlik nədir aləmində, bilmirəm..
Gözəllərin üzündəki həyasını görmürsən.
Amma sən, qəlbində on “sevgi” yatan,
Ruhunu satan bakirələri,
Vucudunu kapital edən kariyeristləri də görmürsən kor!
Sənin əxlaqın nurlu, gözlərin kor,
Amma görən gözlər var ki, şor.
Sənin gözlərin tox,
tamahın yox.
Amma acgözlər var ki,
nəfsi çox.
Bəsirəti bağlı,
Fəziləti zığlı...
Sən zəngin sarayları, göyü dələn qüllələri,
Zərzibalı otlləri, otaqları,
Yaraşıqlı yataqları görmürsən.
Amma sən dərdinin odu ilə isinən,
Ümidin işartısı ilə nurlanan daxmaları,
Samanlı döşəkləri, ilanlı çadırları da görmürsən kor!
Sən görmürsən,
Amma sən xoşbəxtsən kor!
Mənim, onun gördüklərini görmürsən.
Ürəyin mənim, onun kimi acıyırmı?
Haqqın saçları yonulanda,
Ülgüczüz daz ediləndə başı
Tanrının mizanı, tərəzisi pozulanda,
dünya ədalətsizliyə susanda,
üsyan edən “lal” dillərin göz yaşı
içini acıdırmı?
Sən xoşbəxtsən kor!
Zülmətlər içində saf, aydın dünyan var .
xəyalının öz güzgüsü, təmiz aynan var
bu dünyaya baxmağa.