İnsanın taleyini Tanrı yazır. Böyük yaradan sevib-seçdiyi hər kəsin alnına xoş tale, xoş bəxt yazır. Bu yazını oxuya bilmək, reallığa çevirə bilmək şansını isə insanın öz ixtiyarına buraxır. Ulu yaradan yalnız o şəxslərə əbədi yaşamaq haqqı verir ki, o insanlar həyatın müxtəlif sınaqlarından ləyaqətlə, mərdliklə çıxa bilirlər.
...Akademik Zərifə xanım Əliyeva Tanrının əbədi yaşarlılıq haqqı verdiyi seçilmişlərdəndir. İnsanın kimliyi üçün əsil-nəcabət vacib şərtdir. Zərifə xanım Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb seçilən bir ailədə - Əziz Məmmədkərim oğlunun ailəsində dünyaya göz açmışdır. Dövrün amansız sınaqları bu ailəni böyük çətinliklərlə üz-üzə qoysa da, həm Əziz müəllim, həm də onun ailə üzvləri bu sınaqdan ləyaqətlə çıxmışlar.
Zərifə xanımım tələbəlik və gənclik illəri ağır müharibə dövrünə düşsə də, onun atasının yüksək dövlət vəzifələrində çalışması, heç şübhəsiz ki, bu ailənin üzvlərinin statusunun başqalarından yuxarı olması şansını şərtləndirirdi. Lakin Zərifə xanım heç nə ilə digər tələbə yoldaşlarından fərqlənmir, bu üstünlüyü hiss etdirmir, bəlkə heç özü də hiss etmirdi. Onun tələbə yoldaşlarının çox saylı xatirələri bunu söyləməyə əsas verir. Səbəb isə çox sadə idi. Əsilzadə nəcabəti, ailə tərbiyyəsi və şəxsi keyfiyyətlər. Məhz bu xarakter Zərifə xanımin bütün həyatı boyu onu müşayət etdi, onu milyonlarla insana sevdirdi. Əbəs yerə demirlər ki, insanın böyüklüyü onun sadəliyindədir. Bir təbib, bir müəllim, bir alim, bir ictimai xadim kimi qazandığı şöhrətinin ən yüksək zirvədə olduğu vaxtlarda da akademik Zərifə xanım Əliyeva belə də qaldı: qayğıkeş, mehriban, gülərüz xeyirxah...
Zərifə xanım o insanlardandır ki, onun haqqında danışanda epitetlər əhəmiyyətsiz olur. Onu tanıyan hər kəsin yaddaşında “Zərifə xanım” kəlməsi bəlkə də dünyanın ən qiymətli, ən uca sözüdür.
İnsan ətraf mühitdən aldığı informasiyanın 80 faizini görmə orqanı – gözləri vasitəsi ilə alır. Buna görə də göz insanın duyğu orqanlarının ən əhəmiyyətlisidir. İşığı sönmüş gözlərə nur vermək günəşin yer üzünü işıqlandırması qədər müqəddəs bir işdir. Məhz akademik Zərifə xanım Əliyeva öz həkimlik fəaliyyəti boyu minlərlə sadə insana bu səadəti bəxş edib, təmənnasız böyük bir insan xeyirxahlığı, həkim qayğıkeşliyi ilə...
Belə bir deyim var ki, hər kəsin xöşbəxtliyinin ölçüsü başqalarını xöşbəxt etdiyi qədərdir. Yüz minlərlə insana günəş işığını, göz nurunu qaytarmaqdan böyük xöşbəxtlik, yaxşılıq nə ola bilər ki...
Zərifə xanım həkimlik və alimlik fəaliyyətini daha çox ictimai əhəmiyyətli göz xəstəliklərinin müalicə və profilaktikasına həsr etmişdir. Onun gənc həkim, alim kimi işə başladığı dövrlərdə Azərbaycanda ağır göz xəstəliyi olan traxoma geniş yayılmışdır. Bəzən qısa müddətdə bütöv ailələri dünya işığından məhrum edən bu xəstəliklə mübarizə tarixində Zərifə xanım Əliyevanın adı qızıl hərflərlə yazılmışdır.
Zərifə xanımın doktorluq dissertasiyası isə artıq sənayesi surətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinə-peşə xəstəliyinə həsr edilmişdir. Ötən əsrin 60-70-ci illərində Bakı və Sumqayıt regionun ən böyük sənaye mərkəzlərinə çevrilmişdi, burada onlarla neft, maşınqayırma, kimya zavodları fəaliyyət göstərirdi. Bu zavodlarda istehsal edilən, istafadə olunan müxtəlif kimyəvi maddələrin gözə təsirinin öyrənilməsi, qarşısının alınması və müalicəsi sahəsində o vaxtki SSRİ miqyasında ilk öncüllərdən biri, bəlkədə birincisi Zərifə xanım olmuşdur.
Məhz belə yorulmaz tibbi, elmi fəaliyyətinə görə akademik Zərifə xanım Əliyeva dövrünün ən ali elmi təltifi olan AVERBAX mükafatı alan ilk qadın alim kimi tarixə düşmüşdür.
Zərifə xanım çox mükəmməl bir şəxsiyyət olmuş, gözəl, yaraşıqlı qadın, qayğıkeş həyat yoldaşı, mehriban ana, humanist həkim, fədakar alim, sevimli müəllim kimi xatirələrdə silinməz izlər qoymuşdur.
Bəlkə də bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı İnsanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucada tuta bilsin. Məhz akademik Zərifə xanım Əliyeva insanlığın zirvəsində qərar tutmuş əbədiyyət yolçusudur.
Musa Urud
Millət vəkili