Modern.az

Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim - I yazı

Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim - I yazı

4 May 2015, 09:54

filologiya üzrə elmlər doktoru, professor

Həyatda bəzən canavardan yox, tülküdən qorxmaq lazımdır.

***

Fədakarlıq göstərmək bəzən başqalarını narahat edir.

***

Bizim hamımız öz işlərimiz üçün yaranmışıq.

***

Yol nə zaman yol ola bilər? Yol tapdalananda yol ola bilər. Əks təqdirdə yolu alaq basar, ot basar,  yol yol ola bilməz.

***

Kitab nə zaman kitab ola bilər? Kitab oxunanda kitab ola bilər. Kitab oxunmayanda kitab deyil. Dünyada oxunmayan çoxlu kitablar var.

***

Ədalətli olanların ədalətindən, obyektiv olanların obyektivliyindən, səmimi olanların səmimiyyətindən öz məqsədləri üçün istifadə edənlər az deyildir.

***

Bu dünyada güvənməli, arxalanmalı adamlar çoxdurmu?!

***

Ağıllı adamlar özünə və zəhmətinə güvənirlər. Digər güvənc yerləri əbəsdir.

***

Kiməsə arxayın olmaq məsuliyyətsizlikdir.

***

Arxa axtarmaq, kömək axtarmaq nə gətirəcək və bunun nə gətirəcəyini kim bilir? Və bunun gələcəyini haradan bilmək olar?

***

İnsanlar bir-birinin nəyinə vurulurlar?

***

İnsanlar çox vaxt hər şeyin sonunun nə ilə qurtaracağı barədə düşünmürlər.

***

İnsanın dahiliyi qarşıya çıxan bütün çətinliklərlə üz-üzə dayanır.

***

Mənim üçün keçmiş dəyərlidir. Gələcək isə dəyərli olduğu qədər də gərəklidir. Bu gün isə keçmişlə gələcəyi ayırandır. Bunların hər biri mənim üçün mənalıdır. Bunların heç birinə biganə deyiləm. Biganə olanlara isə inanmıram. Ona görə ki, onlar özləri üçün yaşayırlar. Özləri üçün yaşayanlara keçmiş, bu gün, gələcək yoxdur. Keçmişin, bu günün, gələcəyin onlara (biganələrə) aidiyyatı yoxdur.

***

Bu dünyanın qıl körpüsü daha təhlükəlidir. Oradan tarazlığını itirib düşsən heç kəs yiyə, sahib çıxmayacaqdır. Yiyə, sahib çıxacaqların başı elə qarışıbdır ki, öz haylarındadırlar. Ona görə də bu dünyanın qıl körpüsündən ehtiyatlı olmaq lazımdır. O biri dünyanın qıl körpüsü barədə çox düşünüldüyü üçün bu dünyanın qıl körpüsü çoxdan yaddan çıxıb. Yeri gəlmişkən bu dünyanın cənnət və cəhənnəm əzablarına da biganə qalmaq olmaz. Cənnət və cəhənnəmin nə olduğunu bilmək istəyənlər bu dünyanın cənnət və cəhənnəmini müqayisə edə bilərlər. Hələlik o dünyaya gedənə qədər bu dünyada cənnət və cəhənnəmi görmək, müşahidə etmək mümkündür. Ağıllı adamlar qıl körpünü də, cənnəti də, cəhənnəmi də elə bu dünyada dərk edirlər. Dərk olunan bir şeyi anlamaq daha rahat olur. Elə ki anlamaq mərhələsi başlayır, onda görürsən ki, qıl körpüsü də, cənnət də, cəhənnəm də sənin həyatının, məişətinin tərkib hissəsidir.

***

Qəribədir bu dünyanın işləri. İnsanın ömür yolu xəstəxanadan başlayır, qəbiristanlıqda qurtarır. Xəstəxanada dünyaya gələn insan ömrünü burada da başa vurur. Və qəbiristanlıq əbədi yeri olur. Ancaq insan bir şeyi fikirləşirmi? Fikirləşirmi ki, onun sağlamlığını əlindən alan yaşamaqdır. Özü də qaydasız yaşamaq. İnsan fikirləşirmi ki, onun sağlamlığını əlindən alan şadlıq evləridir. O şadlıq evləri ki, cürbəcür keyfiyyətsiz yeməkləri ilə insanları məhv edirlər. İndi maraqlısı odur ki, xəstəxanalar da, şadlıq evləri də, qəbiristanlıqlar da çoxalıbdır. Həm də maraqlı orasıdır ki, xəstəxanalar da, şadlıq evləri də, qəbiristanlıqlar da gün-gündən çoxalırlar. Deməli, dünyaya gələnlər, xəstələnənlər, dünyadan köçənlər dünyanın başını qatıbdır.

***

Dünyada üç qorxunu heç nə ilə əvəz etmək, dəyişmək, qarışıq salmaq mümkün deyildir. Onlardan biri şehli otu biçən zaman ətrafa yayılan ot qoxusudur. Hələ bu otun içərisində gül-çiçək olarsa, qoxu aləmi bürümüş olar. İkincisi körpə uşağın boynunun yanlarında olan qoxudur. Olduqca şirin qoxudur. Üçüncüsü isə qış fəslində soyuq yerlərdə küçəyə sərilmiş paltarda olan iydir. Qışda yuyulmuş paltar küçəyə sərilən zaman havanın şaxtalı, soyuq, bəzən boranlı olması nəticəsində paltar qurumur, ancaq donur. Həmin paltarı içəridə isti bir yerə sərib qurudurlar. Şaxtadan, soyuqdan donmuş paltarın qoxusu özgə bir aləmdir. Soyuqdan, şaxtadan donmuş paltara qışın təmiz havası da qonduğundan bu paltarın qoxusu heç nədə ola bilmir.

***

İnsan nəyin barəsindəsə düşünürsə, demək düz yoldadır. Düşünməyən insanların isə yolu, məsləki olmur. Onlar hər şeyi kortəbii şəkildə qəbul edirlər. Onlar hər şeydən kortəbii şəkildə istifadə edirlər. Onlar bu dünyada elə-belə yaşayırlar. Bəzən uğurları da olur. Bəzən yüksəlişləri də olur. Ancaq daxilən, mənən uğur qazanmırlar, yüksəlmirlər. Daxilən və mənən kamil ola bilmirlər. Bir sözlə, bir işi görən adam düşünürsə, o, adamdır. Ona inanmaq olar.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI