Modern.az

Bakı Heyvanat Parkına fil ağırlığında tısbağa gətirilib - Əhvalat

Bakı Heyvanat Parkına fil ağırlığında tısbağa gətirilib - Əhvalat

Ədəbiyyat

5 May 2015, 15:20

telejurnalist

Ali təhsilli mütəxəssisin təəccüblüyü və sadəlövhlüyü

Orta məktəbdə bir sinifdə oxuyurduq Məmişlə. Onun adına çox adam məəttəl qalmışdı: Məmiş də ad olar?

- Atam Əziz Nesinin yumoristik novellalarını, hekayələrini çox oxuyardı. O yazılarda o qədər Məmiş adı vardı ki... Hətta məşhur yazıçının siyasi səpkidə yazdığı yazılarında da Məmiş obrazı çox idi. Ona görə də adımı belə qoymuşdular, - deyə Məmiş adına bəraət qazandırmağa çalışırdı.

Mən isə ona həmişə Məmiş-Qəmiş deyə müraciət edərdim. İnciməzdi. İllər ötdü. Məmişin sorağı Ukraynadan gəldi. Dedilər Kiyev Universitetində oxuyur. Tezliklə tibb elmləri  namizədi titulunu da qazandı. Cərrah həkim kimi onu soraqlaşan çox idi. Di gəl ki, Məmiş-Qəmiş dediyimiz bu alim oğlan hər şeyə təəccüblə yanaşırdı. Bu da deyəsən sadəlövhlüyündən irəli gəlirdi.

Bir gün nahar fasiləsindən sonra işlədiyim televiziya şirkətinin qarşısında onunla rastlaşdıq. Hal-əhval tutduq. Bir az zökəm olduğumu bildirdim.

- Buy, nə danışırsan? Ola bilməz!

- Niyə olmur, ay Məmiş, hamı kimi mən də xəstələnmişəm də!

- Yox ey, buna sözüm yoxdur. Amma necə olub ki, sən azarlamısan? Özünə fikir verən adamsan.

- Nə bilim, Məmiş, soyuq dəyib.

- Nə? Soyuq dəyib? Harada? Nə vaxt?

Məmiş elə təəccüblə bunları xəbər aldı ki, nə deyəcəyimi bilmədim. Axı, mən necə biləydim ki, soyuq harada dəyib, nə vaxt, saat neçədə? Bilaixtiyar dedim ki, Yevlaxa sanatoriyaya getmişdim, qayıdanda Xaldan yolunun üstündəki dəmiryolu keçidindən keçəndə “skvoznyak” (ikitərəfli yel) vurdu.

- Hə, ora həmişə “skvoznyak”lı olur. Sən oradan piyada keçirdin?

- Yox, qatar vaqonunda.

- Balam, ikitərəfli yel vaqonda səni necə tuta bilər? Dəhşətə bax ey! Yevlax kimi kurort şəhərindən qayıdasan, səni soyuq tuta.

Birdən duruxdu.

- Yevlaxdan, sanatoriyadan qayıdırdın? Yevlax nə vaxtdan kurort şəhəri olub?

Dedim Məmiş, hər sözə təəccüblə yanaşırsan, bu öz yerində. Amma Yevlaxın kurort məskəni olduğuna inanmamağın təəccüblü deyil.

Suallarını davam etdirdi Məmiş.

- Xəstəliyinə əlac tapmaq üçün mən bütün məsələləri araşdırmalıyam. Hadisə nə vaxt olub?

- Təxminən bir il bundan əvvəl.

- Buna da inana bilmirəm, bir il bundan əvvəl adama soyuq dəyə, indi zökəm olasan?


Mübahisə məni lap bezdirdi. Yaxamı kənara çəkə bilmirdim. Bu vaxt əslən Tərtərdən olan Zöhrab adlı mühəndis dostum  bizə yaxınlaşdı. O da, maaşallah, çənədən möhkəm idi. Məmişin izahatından sonra elə mübahisə başladı ki, mən yaddan çıxdım. Üzrxahlıq edərək ayrılmaq istədim. Məmiş əlimi bərk-bərk sıxıb buraxmadı.

- Axı, məsələni sonacan çözə bilmədik.

- Mən tələsirəm, heyvanat parkında çəkiliş aparmalıyıq.

- Saxla sabaha!

- Məmiş, çox qəribə hadisədir, gərək bu xəbəri tamaşaçılara hamıdan tez çatdıraq.

- Nə hadisədir elə?

- Heyvanat parkına, deyirlər, hansı ölkədənsə tısbağa gətiriblər, fil ağırlığındadır.

Bu dəfə sözümü Zöhrab təəccüblə qarşıladı:

- Aaa, elə şey olar? Fil ağırlığında tısbağa?

Bundan sonra necə mübahisə başladısa, onlar mənim aradan çıxmağımı hiss etmədilər. İş yerimə gəldim, zarafatı yoldaşlarıma danışdım. İş gününün sonunda evə gedəndə Məmişlə Zöhrab şirkətin darvazası önündə hələ də mübahisə edirdilər. Həmkarım Akif Cabbarlı demişkən, “Olur, olur, belə işlər olur!”. Daha doğrusu “belə işlər” yox, belə adamlar: hər boş şeyə inananlar, yersiz suallara baş vuranlar. Qəribədir deyilmi? Soyuq harada dəyib, nə vaxt dəyib? Guya ki, bu sualların müayinəyə, müalicəyə dəxli varmış...

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI