Sabah “ Qafqazın konservatoriyası” sayılan və Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşanın işğalından 23 il ötür. Həmişəki kimi ancaq işğal günüdə anılan Şuşanın hələ də erməni işğalında qalması hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Sənət, xüsusən də ədəbiyyat adamları üçün bu məsuliyyət nədən ibarətdir? Təkcə qələmlə mübarizə hər hansı dəyişikliyə yarayacaqmı?
Modern.az saytının “Qarabağ probleminin həlli istiqamətində yazıçı-şairlərin üzərinə başqa nə kimi iş düşür” sualına bu sahənin adamları fərqli cavab veriblər.
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın fikrincə, nəinki ədəbiyyat adamının, eləcə də hər bir vətəndaşın evdə rahat oturmağa haqqı yoxdur. “Vətən düşmən tapdağı altında tapdalanan ata-baba məzarlarıdır”.
Onun sözlərinə görə, Qarabağın işğaldan azad olunması üçün bütün vətəndaşlar həmrəylik nümayiş etdirməlidir:
“Hər şeydən əvvəl, hər birimiz bu dövlətin vətəndaşıyıq. Axşam ayıq yatmalıyıq, səhər ayıq durmalıyıq. Şairin oturub kiminsə mübarizə aparmasını gözləməsi doğru deyil. Əlbəttə, onun yazdığı şeir də mübarizəyə, parlaq həyata çağırışıdır. Amma ortada vətən faktoru var. Vətən isə ata-babaların işğal altında tapdalanan qəbirləridir. Gəlib dağıdıblar, sonra da üstündə oturublar. Bu nəzərə alınmalıdır. Alim də, yazıçı da bunu düşünməlidir. Vətən tamam başqa anlayışdır, bu anlayışın ömrü çox uzundur min illər qədərdir. Odur ki, hamı vətən naminə bir olmalıdır, balaca dövlətik, birləşməliyik. Vətən üçün nə iqtidar, nə müxalifət?!
Yazıçı Seyran Səxavət isə düşünür ki, Qarabağ bir problem kimi artıq çoxdan ədəbiyyatın mövzu dairəsindən çıxıb. Onun fikrincə, Qarabağ haqqında ən yaxşı əsəri ədəbiyyat yox, Müdafiə Nazirliyi yaza bilər:
“Bu, dünya praktikasında da artıq təsdiq olunub: hər sahənin adamı öz işi ilə məşğul olsa, daha yaxşı effekt verər. Alim, akademik, fizik, geoloq hər hansı məsələdə öz sahələri xaricində nə edə bilərlər ki?
Qarabağ problemi 20 ildən artıqdır davam edir. Ədəbiyyat adamları da kifayət qədər bu barədə öz mövqelərini nümayiş etdirib, müəyyən qədər iş görə biliblər. Onların ziyalı kimi ortaya qoyduğu mövqe göz önündədir. Amma son üç ildir bu qənaətdəyəm: artıq Qarabağ mövzu olaraq ədəbiyyat müstəvisindən çıxıb.
Bəzən məndən soruşublar ki, yazıçı-şairlərimiz niyə Qarabağ mövzusunda heç bir əsər yazmırlar. Bunlar elə bilirlər ki, elə əsər yazmaqla məsələ həll olunacaq, donuz darıdan çıxacaq. Yenə təkrar edirəm, Qarabağ problemi artıq ədəbiyyat mövzusu deyil. Artıq Qarabağ haqqında ən yaxşı əsəri Müdafiə Nazirliyi yazmalıdır. Bax, bu olacaq əsər!
1992-ci ildə özünümüdafiə batalyonunda tələbələri ilə birlikdə Qarabağ uğrunda döyüşən professor, şair Elçin İsgəndərzadə yenə də mübarizə aparmağa hazır olduğunu deyir:
“Mən alim və şair olmaqla yanaşı, hər şeydən əvvəl şuşalıyam. Son 10-15 illik fəaliyyətimin də 80 faizi elə Şuşa ilə bağlıdır. Xüsusən də “Xarı bülbül” kitabı yaradıcılığımın simgəsidir. Son 15 ildə istər Amerikada, istərsə Avropa və başqa yerlərdəki fəaliyyətimin əsas qayəsi Qarabağın təbliği olub. Bu da iki istiqamətdə baş verib: birincisi, 30-dan çox kitabımda Qarabağdan yazmışam, ikincisi, çox nüfuzlu konfranslarda, tədbirlərdə Qarabağı diqqət mərkəzinə gətirməyə çalışmışam. Türkiyə, Şimali Kipr, Qazaxıstan, Makedoniya, ümumilikdə 17 ölkənin dövlət başçısı ilə fərdi görüşlərim olub. Hamısı ilə söhbətimin əsas mövzusu Qarabağ olub. Aralarında elələri olub ki, mənimlə tam razılaşıblar. Hiss eləmişəm ki, Qarabağ məsələsində hər ikimizin fikri eynidir. Amma elələri də olub ki, onlarla uzun müddətli diskussiya aparmalı olmuşam.
Ədəbiyyat adamı əsər yazmaqdan savayı bu məsələni ancaq təbliğ edə bilər. Bir də Səməd Vurğunun dediyi kimi, müsəlləh əsgər kimi səfərə gedə bilər. 1992-ci ildə 14 tələbəmlə cəbhə xətinə getdim və 10 ay orada özünümüdafiə batalyonlarından birinə kömək etdik. Bundan əlavə, şəxsən söhbət məndən gedirsə, bir texnika professoru kimi hərbi müdafiə sənayesi istiqamətində də əlimdən gələni etməyə hazıram.
“Nə vaxt Ali Baş Komandan əmr versə bu xəstə canımla döyüşə getməyə hazıram”, - deyən şair Vüqar Əhməd bu istiqamətdə daha çox ideoloji iş gördüyünü qeyd edir:
“20 ildir yaradıcılığımın leytmotivi Qarabağ və Güney mövzusudur. Bu mövzuda çoxsaylı nəsr v ə poeziya nümunələri qələmə almışam. Telekanallardakı çıxışlarımda Qarabağın əbədi, əzəli torpağımız, musiqi beşiyi olmağını təlqin edirəm. Bütün yaradıcılığımın mövzusu Qarabağdır, bu mövzuda şeirlərdir. Publisistik, ədəbi-tarixi, yazılarımda, televiziya çıxışlarımda düşmənə nifrət aşılayıram. Övladlarımı vətənpərvər, ürəklərində Qarabağa məhəbbət, erməniyə nifrət, türkçü kimi tərbiyə edirəm. Qarabağ mövzusunda çoxlu nəğmələr müəllifiyəm. Nə vaxt Ali Baş Komandan əmr versə, bu xəstə canımla döyüşə getməyə hazıram”.
Şair-jurnalist Faiq Balabəyli vətən mövzusunda “ötür-ötür ” prinsipinin lazımsızlığını vurğulayır:
“Nəinki yazıçının, eləcə də bütün vətəndaşlarımızın bu məsələdə üzərinə düşən əsas vəzifə bacardıqca faciəmizi, bizə qarşı olan təhdidi, işğalı dolğunluğu ilə kənara çatdırmaqdır. İnsanlarımızda, gənclərimizdə vətənpərvərlik hissini oyadaq, mübariz olmağa çağıraq. Daha deməyək ki, gələcək nəsillər bunu belə qoymaz. Niyə axı ötür-ötür etməliyik? Niyə axı hər şeyi gələcək nəslin boynuna yıxmalıyıq. Bu günün vətəndaşına vətən daşı olub düşmənə qarşı çarpışmağı təbliğ etmək lazımdır”.
Elmin NURİ