Mirzə Yusif
Bu dünyada hər kəsin
öz yolu, öz cığırı,
öz payı, öz uğuru.
Bir yolçu da mən özüm!
Yol gedirəm
dayanmadan- durmadan,
Ğecə- gündüz, axşam- səhər
sağa-sola şütüyən
sürət qatarlarıtək.
Yol gedirəm...
Yan-yörəmdə dağ da var,
təpə də!
Daş da var, divar da!
...Hər kəs öz işində -gücündə,
öz dərdinin dərdində.
Adamlar var-- div boydadı,
Adamlar var--qarışqadı.
Birisinin... Allah, Allah,
peysərindən yağ damır.
Birisinin... Allah, Allah,
sümükləri sayılır-
nişanə yox ətindən,
elə taqətsizdi ki,
qalxa bilmir yerindən.
Biri milyonçunun dilənçi balası,
Biri dilənçinin milyonçu balası...
Yol gedirəm
səssiz- səmirsiz,
dinməz-söyləməz.
Hara getdiyimi özüm də bilmirəm,
çevrəmdəkilər də!
Onu bilirəm ki,gedirəm
dayanmadan-durmadan,
sağa- sola şütüyən
sürət qatarlarıtək...
Hərdən dayanıb durduğum,
dərin fikrə cumduğum,
kiminləsə, kimlərləsə
əl tutmağım,
mırt vurmağım da olur...
Nə vaxtsa şad xəbər alacağım,
Bu xəbərdən bayılacağım ümidiylə
soruşuram hey:
"Şuşaya...
Şuşamıza çoxmu qalıb, qardaşım?.."