Atam Qabil kitab yığmaq həvəskarı deyildi. Yəqin evimiz darısqal olduğundan. Çünki 28 kvadrat metrlik mənzildə dörd kitab şkafı, iki kitab rəfimiz vardı ki, onların da hamısı avtoqraflı kitablar və anamın dərs vəsaitləriylə dolu idi. Şkaflardan biri balaca iş otağında, biri qonaq, ikisi isə yataq otağında idi. Amma qonşularımızın gözəl kitabxanaları vardı. Hər dəfə İsmayıl Şıxlı, Bayram Bayramov, Salam Qədirzadəgilə gedəndə sırayla düzülmüş şkaflara rəflərə, ordakı eyni boyda, eyni cilddə olan kitablara baxanda xüsusi zövq alırdım. (Atamın dediyinə görə ən zəngin kitabxana İlyas Əfəndiyevin oğlu Elçinə məxsusdur. Görməmişəm).
Bu nəşrlər içərisində ən çox sevdiyim isə "JZL" - «Жизнь Знаменитых Людей» (“Tanınmış İnsanların Həyatı”) silsiləsindən olan cildlər idi. Baxırdım bu kitablara və tarixi şəxsiyyətlərin adlarını əzbərləyirdim. Düşünürdüm ki, nəvaxtsa oxuyacağam bu kitabları. Dayım Fikrət isə kitab mağazasının müdiri olduğundan yaxşı bilirdim ki, bu kitablar çox bahadır. Tanışlıqla 25-50 rubl. Ya da ki, 20 kiloqram kağız maklatura verib, xüsusi çek alaraq havayı əldə edə bilərdin.
Bu gün Azərbaycan televiziyalarına baxıb əhalinin əhval-ruhiyyəsini asanlıqla təyin etmək olar. Yox yaşayış səviyyəsini, sosial problemlərini demirəm. Tamaşaçıların zövqünü deyirəm. İnsanlar sanki digərlərinin şəxsi həyatını bilməyə susayıblar, sanki tamarzıdırlar. Mən də o vaxt belə tamarzı idim. Amma dedi-qodu, ara söhbətlərinə yox, görkəmli insanların həyat yolunu öyrənməyə. Çox şey bilirdim onlar haqqında. Salam Qədirzadənin söhbətlərindən Qorki adına Moskva Ədəbiyyatı İnstitutunda dərs deyən görkəmli filoloq-alimləri tanıyırdım. İsmayıl Şıxlı qədim vaxtların kişilərindən danışırdı. Bayram Bayramov mənə Cəlil Məmmədquluzadəni, İbrahim bəy Davatdarovu, Həmidə xanım Cavanşiri, onun qardaşlarını, Cəlil Məmmədquluzadənin “göz gəzdirdiyi” dayəni, Həmidə xanım tərəfindən az qala güllələnəcəyi səhnəni, Nazlı xanımı, Çıraq bəyi, Pındıq Abbası tanıtdı. Yox, yazdıqları əsərlərdən oxumurdum bunları. Atamla söhbətlərindən öz uşaq yaddaşıma yazırdım. Təki gündəliklər də yazaydım.
Bəzən uşaq ağlımla gülürdüm onların bəzi sözlərinə. Məsələn Salam Qədirzadə böyük Puşkinşünas alim müəllimi haqqında danışanda hansı ifadəni işlətsə yaxşıdır: “Qabil, Puşkin nəvaxt, hansı ağacın dibinə... Müəllimimiz buna qədər gözəl bilirdi rus klassikini”. Gülürdüm. Əlbəttə ki, bunun müqayisə olduğunu anlamırdım. Sonra əlavə edirdi ki, “Qabil, qorxurduq o müəllimimizdən. Nə tapşırıq verirdisə edirdik. İmtahana girəndə tir-tir əsirdik. Amma imtahanda nə etsə yaxşıdır? Sinifqoma “zaçotka”ları yığdırıb, bilet çəkdirmədən hamımıza “5” yazdı və əlavə etdi: “Mən inanmıram ki, sizin içinizdən böyük Puşkini əla bilməyən tapıla””.
Bu cür xatirələrim çoxdur. Bəlkə də bu baxımdan indi hansısa professor, akademikdən də çox bilirəm. Çünki bu şeylər kitablarda yazılmayıb ki, götürüb oxuyasan.
İntensiv yaradıcılığa başlayanda məhz bu sandıq ədəbiyyatına meyl göstərdim. Saytlarda izləmə göstəricilərinə baxanda sevinirdim. Amma yeni yazmağa başlayan birinin bu qədər oxucu toplamağının niyəsini dərindən başa düşmürdüm. Demə tanınmış insanların, ilk növbədə atamın, onun timsalında dostları olan digər görkəmli şəxsiyyətlərin, mənə məlum, çoxlarına isə tanış olmayan həyat səhifələrini varaqlayırmışam. Günlərin bir günü bütün bunların hamısını toplayıb “Ərmən – Şuşanikin sevgisi” adlı kitabını çıxartdım. Birinci növbədə qonşum, jurnalist, publisist, yazıçı, tərcüməçi Elmira Axundovaya avtoqraf yazıb bağışladım.
ELMİRA AXUNDOVA KİMDİR
Yaradıcı insan. Ona gərək ilk növbədə yaradıcılığına görə qiymət verəsən. Nə edək ki, Azərbaycan cəmiyyəti şəxsiyyəti, şəxsi həyatı tanınmış insanların yaradıcılığı ilə tən tutur. Bəzən isə mizan-tərəzi pozulur.
Yaradıcı insanları şəxsiyyət kimi tanımaq isə mənim üçün çox asan idi. Çünki atam kimi məhək daşım vardı. Elmira xanımı da ilk olaraq mənə Qabil tanıdıb. Deyib ki, həm gözəl jurnalistdir, həm də gözəl insan. Onu da əlavə edirdi ki, çox “boyevoy” (mübariz) qızdır. Hər adamın işi deyil o boyda “literaturnı” qəzetin respublikada müxbiri olsun. Çox istəyirdi (el dilində desək – indi istəməsin) Elmira xanımın xətrini. Sonralar xarici dövlət səfərlərində bir yerdə oldular. Mən onda AzTV-də işlədiyimdən Elmira xanımı bir jurnalist kimi şəxsən tanımağa başladım. İlk qiymətim isə bu oldu: “Heydər Əliyev kimi bir insan hər adamı özüylə səfərə aparmaz. Onun gözü pərgardır”.
İllər keçdi. Elmira xanımla qonşu olduq. Ailəsini, oğlu Həbibi tanıdım. Deputat kimi fəaliyyətini izlədim. Amma ona olan hörmətimin bir pik nöqtəsi çatdı. “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı 7 cildliyini görəndə. Uşaqlığım yadıma düşdü. Şəxsi kitabxanalarda "JZL" – «Жизнь Знаменитых Людей» adlı nəşrlərə həsrətlə baxdığım vaxtlar. O vaxt onların içində Heydər Əliyevin adı yox idi.
Düzdür sonralar, müstəqillik dövrümüzdə belə bir kitab yazıldı və bu silsiləyə daxil edildi. Amma cəmi-cümlətanı bir cild. Əlbəttə ki, hər bir nəşrin öz ölçü tələbləri var. Amma Heydər Əliyevin həyatını bir kitaba sığışdırmaq mümkün deyildi. Elmira Axundovanın yüksək tərtibatla, rus və Azərbaycan dillərində çapdan çıxan 14 kitablıq bir epopeyasını görəndə sevindim. O, bu işin öhdəsindən gəlmişdi. Belə deyək, bizim ilk "JZL”imizi yaratmışdı.
Bu epopeya Azərbaycanın Dövlət Mükafatına təqdim ediləndə isə Elmira xanımın keçirdiyi hiss və həyəcanları mənim qədər başa düşən inanmıram olsun. Çünki atamın da “Nəsimi” poeması 1976-cı ildə bu mükafata layiq görülmüşdü. Dövlət Mükafatı fəxri ad deyil. Mükafat şəxsiyyətə yox, əsərə verilən dövlət qiymətidir. “Şöhrət” ordeni və əməkdar jurnalist fəxri adı ilə öz qiymətini almış Elmira xanımın övladı sayılan çoxcildliyi də böyük qiymətə layiq görülmüşdü. Bu məni bir qonşu, həm də Heydər Əliyevçi kimi çox sevindirirdi.
ELMİRA AXUNDOVA “HAY VERƏN” YOX, “PAY VERƏN”DİR
Bu mövzuya qiymət vermək, olanları yekunlaşdırmaq düzgün olmazdı. Çünki həyat davam edir. Yaradıcılıq yolunda mənim eniş-yoxuşlarım çox ola bilər. Hətta sönə də bilərəm. Amma...
Yazıçı-şair uşaqlarının aldıqları tərbiyə digər ailələrin tərbiyəsindən fərqli olur. Ataları-anaları sanki onlar üçün bir Allahdır. Buna cəmiyyətdə kompleks də demək olar. Atalarına gördükləri hörmət və izzəti, onlar öldükdən sonra görmədikdə sınırlar. Bəzən lazımsız çıxışlar da edirlər. “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı” kəlamını əldə bayraq da edirlər. Mən də atamın ölümündən sonra bu cür kompleksə düşmüşdüm. Hətta bəzilərinin sifətində “Gözüm aydın, Qabilin oğlusan. Qabil Qabil idi, bə sən kimsən?” ifadələrini də oxuyurdum. Yaxşı ki, bunu tez anladım. Anadan olduğum gündən qaynadığım doğma qazana qayıtdım. Nağıllardakı “Sim-Sim açıl”, yəni “Qabilin oğluyam” kodu məhz burda keçərli idi. Burda da qapının arxasındaydım. Qapını döyürdüm. Soruşurdular “Kimsən?”. Cavab verirdim. Amma cavab yalnız sənin təxəllüsün ola bilərdi. Ortaya isə yalnız və yalnız yazdıqlarını qoymalıydın. Özü də ikiqat məsuliyyətlə. Ortada Qabilin adı vardı. Və o ad bu qazanda qaymaq idi. Qapını isə içəridən kimsə açmalıydı.
Elmira xanım mənim qonşum idi. İndi də qonşumdur. Liftdə, yaxud da dəhlizdə rastlaşanda birinci sözü “Allah Qabil müəllimə rəhmət eləsin” kəlməsi olurdu. Kövrəlirdi də. Amma günlərin bir günü bu ifadəni eşitmədim. Başını razılıqla yellətdi. Yeni bir söz idi mənimçün: “Vsyo-taki qan özünü göstərir”. Əvvəl başa düşmədim. Həmin an yaradıcılığa başlamağım heç yadıma da düşmürdü. Demə Elmira xanım mənim Modern.az-da təzə-təzə gedən yazılarımı izləyirmiş. Çox sevindim. Həm də utandım. Bir tərəfdən də fikirləşdim ki, yəqin Qabilin oğlu, qonşusu olduğum üçün tərifləyir. Ya da bir ustad olaraq məni daha da ruhlandırmaq üçün sadəcə xoş sözlər söyləyir. Amma...
Günlərin bir günü telefonuma zəng gəldi. Tanınmış şairlərdən biri idi. “Mahir, sənin “Ərmən – Şuşanikin sevgisi” kitabını hardan ala bilərəm?”. Düzü mənə heç vaxt zəng etməyən bir adamın, özü də tanınmış simanın belə deməsindən duruxdum. Amma həmin adamın “Elmira Axundovanın “Kaspiy” və “525-ci qəzet”də sənin kitabın haqqında gözəl bir məqaləsi çıxıb. Kitabı mən də oxumaq istəyirəm” sözlərindən sonra liftdə və həyətdə mənə deyilən təriflərin sadəcə söz - qonşu sözü, Qabilin dostu kimi deyilən söz yox, jurnalist, publisist, yazıçı qiyməti olduğunu dərk etdim. Elmira xanım yazmışdı. Mənimçün ədəbiyyata VƏSİQƏ yazmışdı.
Üstündən 10 gün keçməmiş yenidən zənglər gəlməyə başladı. Bu dəfə rusdilli qohumlarımızdan. Demə Elmira xanımın təşəbbüsüylə “Ərmən – Şuşanikin sevgisi” hekayəm rus dilində “Kaspiy” qəzetində dərc olunub. Məsələ bununla başa çatmadı. Qonşu kimi növbəti dəfə rastlaşanda ərklə, bir az da amiranə şəkildə “Mahir, iki kitabını, Modern.az-da çap olunan məqalə və hekayələrin siyahısını, tərcümələri – yaxşı tərcümə edirsən – yığ bir papkaya, ver mənə. Anar müəllimlə, Fikrət Qocanın yanına gedib sənin Yazıçılar Birliyinin üzvlüyünə təqdimatını verəcəm”. Üstündən beş ay keşməmiş rəsmi VƏSİQƏmi də belə aldım.
QİYABİ, ƏYANİ
Dilimizdə bir “qiyabi” sözü var. Xoşum gəlmir bu sözdən. Amma nə edəsən ki, ədəbiyyatda “qiyabi tanışlıq” ifadəsiylə barışmalı olursan. Axı mən Hüseyn Cavidi necə əyani tanıya bilərəm? Mən anadan olmamışdan 20 il əvvəl ölüb. Yaxud da Səməd Vurğunu. Lap bir çox müasirimiz var ki, onları heç əyani də tanımamışıq. Sadəcə əsərlərini oxumuşuq. Mənim tanıdıqlarım bir çox yazıçı-şair var ki, onları indiki Qabriel Markessevərlər də görməyib. Bu cür dahi şəxsiyyətlər, görkəmli insanlar çoxdur. Əgər Azərbaycanın öz milli “JZL”ini, yəni “Tanınmış insanların həyatı”nı yaratsaq, həmin kitabda yazılanların bir faizini biləcəyəm, ya yox. Baxmayaraq ki, Elmira Axundovanın 7 cild həsr etdiyi Heydər Əliyev mənim, sizin müasiriniz olub. Görəsən Azərbaycan "JZL"ini yaza bilən insanlar varmı Azərbaycanda? Tək-tük. Bəlkə də sonuncu mogikanlar. Nəşriyyatlar susur, vaxt isə gedir. Müasirlər azalır, qiyabiçilər çoxalır.
Elmira xanımın yeni kitabını, nəfis tərtibatda çap olunan “Dostlarımın gözəl cizgiləri..” kitabını əlimə alanda ikiqat sevindim. Birinci növbədə bu kitabda iki fotoyla “Şair Qabil, Mahir Qabiloğlu və “O dünyadan məktublar”” adlı resenziya ilə mən də vardım. Ən başlıcası isə biz qiyabi və əyani tanıdığımız insanlara Elmira xanımın gözüylə baxacaqdıq. Və o da sirr deyil ki, bu qəbildən olan kitablar hər hansı bədii əsərdən yüksəkdə durur və oxucu tərəfindən acgözlüklə oxunur.
Səməd Vurğunla Mirzə İbrahimov Elmlər Akademiyasının həqiqi üzvləri idilər. Amma nə namizədlik, nə də doktorluq dissertasiyası müdafiə etmişdilər. Nə aspirantura, nə də doktorantura oxumuşdular. Amma yazdıqları neçə alimin elmi əsərlərindən yüksək tutulmuş, birbaşa akademik rütbəsinə layiq görülmüşdülər. Müasir dövrümüzdə isə Akademiyamız susur. Yazıçı-publisistlərimizin bu əvəzsiz xidmətlərini qiymətləndirməkdə çox qısqancdırlar. Bəlkə də paxıldırlar desəm yanılmaram.
Elmira Axundovanın “Portretlər”, “Resenziyalar”, “Esselər”dən ibarət 450 səhifəlik “Dostlarımın gözəl cizgiləri...” adlı kitabı onun haqqında bu ürək sözlərimi yazmaq üçün bir növ bəhanə oldu. Yazımda kitabın dərinliklərinə varmadım. “Görünən dağa nə bələdçi” məsəlini əldə bayraq tutaraq. Kitab ixtiyarınızdadır. Oxuyun... Çingiz Aytmatovu, Oljas Süleymenovu, Mais Məmmədovu, Sabir Rüstəmxanlını, rəssam Rasim Babayevi və digər görkəmli şəxsiyyətlərimizi Elmira Axundova prizmasından tanıyın. Bu kitabda toplanan yazılarda Elmira xanım rəssamdır. Öz rənglər dünyasıyla dostlarının portretlərini çəkir. Elmira xanım həm də xiridardır. Dostlarına bir insan kimi qiymət verməklə yanaşı, həm də onların yaradıcılığını dəyərləndirir. İki xətti paralel aparır. İstəyirsiniz birini deyim. Sabir Rüstəmxanlının qadın pərəstişkarları tərəfindən Yazıçılar İttifaqına gələn məhəbbət məktubları əsasında Mərkəzi Komitəyə donosu bilirsiniz kim yazıbmış? Mən bunu bilmirdim, indi bildim.
Sonda isə bir daha xeyirxahım və qonşum, Qabilin varisinə ehtiramla yanaşan Elmira xanımı yeni kitabı münasibətilə təbrik edirəm. Həm də təşəkkürümü bildirirəm. Yaradıcı insanlarımız haqqında yazdığı gözəl sözlərə və xatirələrə görə... bu yazılara qoyduğu geniş ürəyinə görə...