Modern.az saytının müəllif-yazarı Mahir Qabiloğlunun"Üç nöqtə" qəzetinə müsahibə verib. Onu təqdim edirik.
"Mənimçün xalq şairinin, ümumiyyətlə tanınmış bir insanın övladı olmaq məsuliyyət yox, zülm olub"
İnsan üçün valideynlər müqəddəs varlıqdır. Həyatda qazanılan uğurlar, əldə edilən nəaliyyətlərə görə çoxları öz valideynlərinə borcludur. Övladların da vəzifəsi öz valideynlərinin adını uca tutmaqdır. Amma məşhur, cəmiyyətdə kifayət qədər tanınmış insanın övladı olmağın üstünlükləri ilə yanaşı, məsuliyyəti də böyükdür. Bu dəfəki müsahibimiz həm də ailənin yeganə övladı olan Xalq şairi Qabilin oğlu Mahir Qabiloğludur.
- Mahir müəllim, ilk müraciət edəndə çoxları kimi mən də Sizə «Qabil müəllim» deyə müraciət etdim. 49 yaşlı bir övlada atanın adı ilə müraciət ediləndə nə düşünür?
- İlk düşündüyüm və eyni zamanda sevindiyim o olur ki, Qabil, şair Qabil unudulmayıb. Düz buyurursunuz ki, çoxları məni belə çağırır. Özü də “Qabil müəllim” yox, eləcə “Qabil”.
- Xalq şairinin övladı olmağın məsuliyyəti çox ağır olmayıb ki?
- Mənimçün Xalq şairinin, ümumiyyətlə tanınmış bir insanın övladı olmaq məsuliyyət yox, zülm olub. Özünü yaxşı apar, dərslərini yaxşı oxu, əsgərlikdə nümunəvi xidmət elə, ailə başçısı kimi nümunəvi ol, uşaqlarına Qabilin nəvələri kimi düzgün tərbiyə ver... hansını deyim? O qədər tələb var idi ki, üstümdə. Çünki heç kim deməyəcəkdi ki, Mahir dərsini pis oxuyur, ya özünü pis aparır. Ağızlarını açan kimi birinci sözləri “Qabilin oğlu” olurdu. İkinci məsuliyyət isə mənim ailədə tək uşaq olmağım idi. Bir dəfə BDU-da oxuyanda rus ədəbiyyatı müəllimimiz dosent Abuzər İsmayılovla tutaşdım. «Zaçot» yazmadı mənə.
- Səbəb nə oldu? Fənni bilmədiniz, yoxsa haqsızlıq elədi? Heç olmasa atanıza görə hörmət edərdi.
- Xeyr. Atamı tanımırdı. Qrup yoldaşlarımdan birinə sual verdi ki, bəs Leyli-Məcnunda Leyli qızdır, Məcnun oğlan, Əsli-Kərəmdə Əsli qızdır, Kərəm oğlan. Bəs Puşkinin Yevgeni Onegin əsərində necə, Yevgeni Onegindən hansı oğlan, hansı qızdır? Tələbə yoldaşım da gözünü döydü. Üç gündən sonra toyu idi həmin qızın. Xətrinə dəyməyib zarafatla ona “ZAQS kağızını mənə ver ” deyib, «zaçot» kitabçasını alıb «zaçot»unu yazdı. Mənə isə bir sual verdi. Cavab verdim. Dedi ki, get hazırlaş. Mən də dirəşdim ki, başqa sual verin. Vermədi. Yevgeni Onegin söhbətini üzünə vurdum. Əsəbləşib “Nezaçot”u cədvələ yazdı. Söhbət getdi çıxdı atama. Birinci dedi ki, qələt elmisən müəllimə cavab qaytarmısan. Özü də kafedrada gedib danışanda ki, belə tərbiyəsiz tələbə var... professorlar Pənah Xəlilov, Şamil Qurbanov, Əmirxan Xəlilov deyiblər ki, bəs “bizim uşaqdır, Qabilin oğludur”.
- Sonda «zaçot» ala bildinizmi?
- Girdim kafedraya. Hamı orda idi. Heç sual da vermədi Abuzər müəllim. Tənbeh də eləmədi. Amma elə süzürdülər ki, məni, söysəydilər ondan yaxşı idi. O-bu bir müəllimlə də qarşıdurmaya getmədim. Fənni bilsəydim də, bilməsəydim də...
- Azərbaycanlılar sovet dövründə əsgərlik illərində “ad çıxarırdılar”...
- Düz deyirsiz. (Gülür). Bizimkilərin çoxu «stroybata» düşürdü. Mən evin tək uşağı olduğumdan heç inanmazdım ki, məni əsgərliyə buraxsın atam. Zənn edirdim ki, “bir şey fikirləşəcək”. Özü də ikinci kursdan, iki illiyə aparırdılar o vaxt əsgərliyə. Birinci sözü o oldu ki, getməlisən. Mən sənin tərcümeyi-halını korlaya bilmərəm.
- Tərcümeyi-halı korlamaq nə üçün?
- Sovet dövründə əsgəri-xidmət çəkməyəni irəli getməyə qomurdular. Nəsə pis baxırdılar belə şeylərə. Hara işə düzəlmək istəsən birinci hərbi bileti soruşurdular. Mən bunları onda bilmirdim. Əsgərliyimi də «Ürusiyyət»də çəkmək istəyirdim. Bax, buna imkan vermədi. Sərhəd qoşunlarından ehtiyata çıxan xalam əri Abbasəli Novruzovun məsləhəti ilə məni o vaxtkı KQB-nin Sərhəd Qoşunlarına saldırdılar. O vaxt tərcüməçilərdən ibarət belə bir tağım təşkil etmişdilər.
- Yəqin burada da atanızın hörmətinə görə kefdə olmusunuz?
- Əsgərlikdən qayıdandan sonra sizin kimi bu sözü mənə deyəndə yanıb tökülürdüm. İki il iki ay əsgərlik müddətində 3 dəfə evə gəldim. O da iki dəfə - ad günlərimdə, bir dəfə isə Azərbaycan komsomolunun 32-ci qurultayına nümayəndə kimi. Nümunəvi xidmətimə görə. Zastavada xidmət elədim, kommunist oldum. Sözümü nəyə gətirmək istəyirəm. 10 gündür ki, əsgərlik keçirəm. Özü də Prişibdə, Cəlilabadın Göytəpə qəsəbəsində. 45 dərəcə isti. Asfaltın üstündə, günün altında “po plastunski”, avtomat belimizdə süründürürlər hamımızı. Nə isə zülm. Bu dəm dedilər ki, atan gəlib sənə dəyməyə. Sevindim. KPP-yə çıxdım. Üstüm-başım pis gündə. Dayımla gəlmişdi. Görüşdük. Besedkada oturdum. Yemək gətirmişdilər. Yedim. Elə ağzımı açıb gileylənmək istəyirdim ki...Bir də gördüm komandirim gəlir. Demə atam özü çağırtdırıbmış. Nə desə yaxşıdır komandirə? “Lazım olsa qulağın çək, şapalaqla. Mən sənə icazə verirəm atası kimi”. Sonra da rus dilində Sabiranə “Əti sənin, sümüyü mənim” dedi. Bundan sonra başqalarına bir zülm verəndə, mənə bir tapşırıq da əlavə verirdilər. Yanına da “atan tapşırıb” əlavəsini qoyurdular.
- Xalq şairi Qabillə, ata Qabil arasında hansısa fərqlər var idi?
- Bir fərq var idi ki, mən atamla bir yerdə addımlayanda ona salam verirdilər, ehtiram göstərirdilər, hara getsə ayağa dururdular, məclislərdə yuxarı başda otuzdururdular, nazıyla oynayırdılar. Axı hər ata adlanan şəxsə bu cür hörmət olunmurdu. Amma evdə hamının atası necə, o da elə. Bazar-dükan, ailə qayğıları və sairə. Allaha çox şükür ki, mən və ailəm atama, anama heç bir problem yaşatmadıq. Bizdən razı getdilər.
- Artıq Qabil müəllim 8 ildir ki, rəhmətə gedib. Yoxdur həyatda. İndi necə. Uşaqlıqda, cavanlıqda etmədiklərinizin əvəzini çıxmaq istəməzdinizmi?
- 49 yaşında? İki uşaq atası, üç nəvə babası? (Gülür). Yox, qardaş, olmaz. Bir də ki, atamın adı üstümdədir. Siz qeyri-ixtiyari Qabil çağırırsınız, təxəllüsüm də ki, Qabiloğlu. O gün Əliağa adlı bir cavan xarici maşınıyla nəsə hoqqa çıxarıb. Görürəm yazıblar ki, “Şair Əliağa Kürçaylının nəvəsi avtoşluq edib”. Fikirləşirəm ki, bu boyda şair 35 ildir ki, ölüb, heç kim yada salmır. Amma üzünü belə görmədiyi nəvəsi maşınla bir dənə «zmeyka» edən kimi adı yada düşdü. Xalid, ad tamam başqa şeydir. Bir şey olsa, gərək başını götürüb məmləkətdən qaçasan.
- Atanızın uşaqlığı çətinliklə keçib. Hətta müharibənin ağır illərində sabun da satıb. Mirzə Ələkbər Sabirin sözləri ilə desək, elə uşaqlıqdan millətinin təmizliyi üçün çalışıb. Nə müşahidə edirsiniz, Qabil yaradıcılığı ilə də buna nail ola bildi?
- Təkcə “Səhv düşəndə yerimiz” şeiri Qabili Azərbaycan poeziyasında əsrlər boyu yaşadacaq. Necə ki, yaşadır. Amma zaman keçdikcə görürük ki, yox, “Ümid sənədir ancaq”, yəni hamının “Azərbaycan əsgəri” kimi tanıdığı şeiri də varmış. Varaqlayıram kitablarını, bir rübaisini üzə çıxarmışam. İndi bu dörd misra çox sürətlə yayılır.
- Hansı rübaidir?
Kişi adam vurar, adam dolamaz,
Kişi təslim olar, quyruq bulamaz.
Arvad qabağında boşqab sındırıb,
Kişi qabağında boşqab yalamaz.
Şeir-qiraət ustadı Ağalar Bayramovun dilinə düşüb. O gün deyir ki, bu şeiri bütöv göndər mənə. Deyirəm ki, cəmi 4 misradır, Ağalar müəllim.
- Siz müsahibələrinizin birində vurğulamışdınız ki, atanız zamanında çoxlarına yaxşılıq edib. O insanlardan hazırda Sizinlə maraqlananlar, Qabili xatırlayanlar varmı?
- Bilirsinizmi, maraqlanmağın müxtəlif çalarları var. Allaha şükür, bilirlər ki, zarafatla desək, ac yetimlərdən deyiləm. Yaradıcılığa başlayandan sonra, sadəcə atamın qələm dostlarından bir kömək ummağa başlamışam. Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Elmira Axundova, Aqil Abbas, Qənirə Paşayeva, pofessor Qurban Bayramovun qayğısını hiss edirəm. Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Rəşad Məcid, Nazim İbrahimov, bir sözlə Yazıçılar Birliyinin rəhbərliyinin dəstəyi, Elmira Axundovanın təqdimatı ilə məni Birliyə üzv seçdilər. Dostlar, keçmiş jurnalist həmkarlarım kömək edir. Çap məsələsində problemim yoxdur. Mən inanıram ki, atamın bütün qələm dostlarına müraciət etsəm mənə “yox” deməzlər. Sadəcə adlarını sadaladığım insanlar özləri təşəbbüsdə bulunan insanlardır.
- Atanızla bağlı xeyli yumoristik əhvalatları toplayaraq 2011-ci ildə “Atam Qabilin qəribə əhvalatları” adlı kitab şəklində çap etmisiz. Həmin kitaba düşməyən maraqlı əhvalatlar var?
- O kitabdan sonra üç o kitab boyda xatirələr yazmışam. Bu yazılar təkcə atam haqda deyil. Bu məqalələr həm də mənim müasirlərim olan görkəmli ədəbi şəxsiyyətlərinin ictimaiyyətə məlum olmayan tərəflərini tərənnüm edir. Bu yazdıqlarıma “sandıq ədəbiyyat”ı adı qoyanlar da var. Yəqin ki, noyabr-dekabr aylarına bu qəbil yazılarımı toplayıb, hardasa 400 səhifəlik kitabı oxuculara təqdim edəcəyəm.
- Hazırda nə ilə məşğulsunuz?
- Azad yaradıcılıq. Rəsmi heç bir işdə çalışmıram. Hardasa 3 ildir. Son iki il bir ayda 260 publisistik yazı, 18 hekayə, 1 roman, 45 tərcüməm oxuculara təqdim olunub. 4 kitab çap etdirmişəm. O gün isə ilk – “Ərmən – Şuşanikin sevgisi” adlı hekayəm rus, erməni dillərindən sonra türkcəyə tərcümə edilib. Və Qənirə xanım Paşayeva və İmdat Avşarın Ankarada çap etdirdikləri “Qarabağ hekayələri” adlı topluya salınıb. Hələ ki, davam edirik. Ən sevindirici xəbər isə odur ki, baş ofisi Türkiyədə yerləşən “Palmali” Şirkətlər Qrupu, onun prezidenti Mübariz Mənsimov və vitse-prezident İbrahim Nəbioğlunun təşəbbüsü ilə atamın adına gəmi verilib. Adı da “POET QABİL”dir. “Poet” həm rusca, həm də ingiliscə şair deməkdir. Anlaşıqlı olsun deyə belə adlandırıblar gəmini.
- Təbrik edirik sizi. Arzu edirik ki, öz qələminizlə ustad şairimiz Qabilin adını, “QABİLOĞLU” təxəllüsünü uzun illər yaşadasınız.