Modern.az

Folklor da bir tarixdir, yaxud mən folkloru necə topladım - III YAZI

Folklor da bir tarixdir, yaxud mən folkloru necə topladım - III YAZI

19 May 2015, 23:11

Ləman Vaqifqızı( Süleymanova),
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu


Şəki folklorunu 1996-cı ildən toplamağa başlamışıq. O zamankı cəhdimiz sistemli olmayıb, odur ki, daha çox həvəskar işi kimi dəyərləndirilə bilinər. 2000-2002-ci illərdə də Şəki rayonunun müxtəlif kəndlərində toplama işi aparmışıq. 2003-ci ildən isə “Şəki folklor mühiti” adlı dissertasiya işimizi yazmaq üçün daha səylə və sistemli şəkildə Şəki rayonunun folklorunu toplamağa başladıq. Bu zaman biz Şəki rayonunun əksər kəndlərində və şəhərin özündə olduq və xeyli material toplaya bildik. Bu dəfə Göynük və Göynük ətrafı kəndlərdən topladığımız folklor nümunələrindən bəhs edəcəyik. Göynüklü olduğumuz üçün Şəkinin bu hissəsi bizə daha tanış idi, o səbəbdən də bu ərazidə folklor toplamaq zənnimcə, daha səmərəli alınmışdı.

Yaşlı söyləyicilərin verdiyi məlumatlara əsasən, deyə bilərik ki, Göynük vaxtilə özündə xeyli kəndi birləşdirən mahal olmuşdur. Baş Göynük, Aşağı Göynük, Selbasan, Birinci Biləcik, İkinci Biləcik (Türkiyədə də Göynük və Biləcik yan-yana yerləşir), Baş Şabalıd, Aşağı Şabalıd, Baş Layısqı, Aşağı La-yısqı, Baqqal, Cumakənd, Cunud, Şin kəndləri Göynük mahalında birləşirmiş. Göynük mahalının sərhədləri Qanıx çayının1 sahillərinədək uzanırmış. Tarixçi alim Z.Cavadova yazır: “Göynük Şəki xanlığının ən böyük mahallarından biri idi. 1824-cü il siyahıya alınmasına görə, təkcə Baş Göynük kəndində 3433 nəfər əhali yaşayırdı”2. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış Molla Cümə də “Aşıqlıq” adlı şeirində Göynük mahalının adını çəkir:

Aşıq anasıyam, şayirrər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən3.

Üsyankarlıqları, mübarizə əzmi ilə tanınan Göynük camaatı bölgədə baş vermiş üsyanların təşkilatçıları və ən fəal iştirakçıları olmaqla seçilmişlər. 1807-ci ildə Çar Rusiyasına qarşı baş qaldırmış Göynük üsyanının əsas iştirakçıları göynüklülər olmuşlar. Bu üsyana Baş Göynük kəndinin sakini

Sultan Murad başçılıq etmişdir. Qüvvələrinin az olması və müasir silahlarının olmaması səbəbindən üsyançılar məğlubiyyətə uğramışlar. 1807-ci il Göynük üsyanı haqqında ətraflı məlumat verən Z.Cavadova yazır: “1807-ci il Göynük üsyanının yatırılmasına baxmayaraq, onun böyük tarixi əhəmiyyəti var idi. Bu üsyandan sonra azadlıq mübarizəsi yeni qüvvə ilə genişləndi. Üsyan xalqın işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsinin şanlı simvoluna çevrildi”. Tədqiqatçı bundan sonra 1808-ci il Şəki üsyanı və 1814-cü il Şəki üsyanından bəhs edir4.

Bölgədə baş vermiş digər məşhur üsyan da tarixə 1930-cu il Göynük üsyanı kimi düşmüşdür. Bu üsyanın başında Baş Şabalıd kəndinin sakini savadlı, iti zəkaya və poetik ilhama malik Molla Mustafa Şeyxzadə dururdu. O, Baş Şabalıdlı övliya Şeyx Əhməd babanın nəvəsidir. Bu, həmin Göynük üsyanı-dır ki, 1930-cu ilin aprel ayının 12-də başlayıb, 1930-cu ilin mayın 12-də xüsusi amansızlıqla yatırılırsa da, qaçaq hərəkatı şəklində 1947-ci ilədək davam etmişdir. Üsyançı hərəkatın son nümayəndəsi Qaçaq Abbasın müqavimətinə məhz həmin il son qoyuldu. Azərbaycanın 8 rayonunu əhatə edən bu üsyanın mərkəzi Şəkinin Baş Göynük kəndi olmuşdur5. Əhalinin dediyinə görə, bu üsyan keçmiş SSRİ-də sovet üsul-idarəsini az müddətə də olsa, devirməyi bacaran yeganə üsyan hesab olunur. Görünür, həmin üsyana görə Şəkidə bu gün də göynüklüləri “yaveynən hökməti yıxan göynüklü”, “adamasan göynük-lü” kimi ayamalarla tanıyırlar.

Söyləyicilərin dediyinə görə, Baş Göynük kəndi çox qədim yaşayış məskənidir. Əvvəllər selbasan, çaylaq yer olan bu ərazidə camaat binələr halında məskunlaşıb. Sonralar isə öz həyətlərinin daşından və həyətlərində bitən ağaclardan qıraraq ev tikəndə istifadə ediblər. Şin çayı əvvəllər Baş Göynük kəndinin deyil, Layısqı kəndinin yanından axırmış. 1920-ci ildə Şin çayı daşmış, ərtaf kəndlərə ziyan vurmuşdur, Ağasılar adlı kəndi isə tamamilə yuyub aparmışdır. Ağasılar kəndi hal-hazırda mövcud deyil.

Digər bölgələrimizdə folklor toplayarkən əfsanələrin azlığını müşahidə etmişdik. Göynük kəndlərində isə bu gün də xeyli əfsanə mətni dolaşmaqdadır. Ay və Günlə bağlı mətnlər, müxtəlif heyvan və quşların yaranması ilə bağlı əfsanələr bu sırada üstünlük təşkil edir.

Göynük mahalında mifoloji mətnlər ən işlək janrlardan biridir. Bu bölgədən Azərbaycan folkloru üçün naməlum olan xeyli mifoloji personaj və mətn qeydə almışıq ki, onların analoji variantları ilə biz digər türk xalqlarının folklorunda qarşılaşırıq. Halın keçi dönərgəsi Unuqay və Halın xoruz dönərgəsi belə personajlardan sayıla bilər. Halın keçi dönərgəsi ilə bağlı bizə

qədər bircə mətn çap olunmuşdu ki, orada da bu personajın adı çəkilmir.6 Göynük kəndlərindən topladığımız mətnlər göstərir ki, Halın keçi dönərgəsi ilə bağlı mifoloji rəvayətlər vaxtilə Azərbaycanda geniş yayılmışdır. Sonralar Qarabağ folklorunu topladığımız zaman Halın keçi dönərgəsinə dolayısı ilə işarə vuran bir mətn qeydə ala bildik7. Ancaq qarabağlılar arasında Halın keçi dönərgəsi Göynükdəki qədər geniş yayılmayıb, personajın adı isə çə-kilmir. Burada sadəcə olaraq, zahını Hal apararkən qapıda keçinin çığırdılmasından söhbət gedirdi. Halın xoruz dönərgəsi ilə bağlı Göynük kəndlərindən dörd mətn qeydə almışıq. Bu mətnlərdə Halın zahı qadınlara xoruz kimi görünməsindən söhbət açılır.

Bölgədən qeydə alınmış Süleysin, Xortdan, Vəhşi adam kimi mifoloji per-sonajlardan bəhs edilən mətnləri də Azərbaycan folkloru üçün yeni hesab etmək olar. Əzrayıl, Kaftar, Xıdır İlyas kimi mifoloji personajlarla bağlı mətnlər də Göynük kəndlərində geniş yayılmışdır. Xıdır Nəbi və Xıdır İlyası selin, suyun sahibi, bəzən də Allahı hesab edən göynüklülər bu obrazlarla bağlı mətnləri olduqca həvəslə söyləyirlər. Hal və Cin Azərbaycan folkloru üçün kifayət qədər geniş yayılmış personajlar olsalar da, mətnlərdə həmin obrazların zahiri görünüşü, funksiyaları ilə bağlı xeyli yeni detallarla üzləşmək mümkündür.

Şəkiyə məxsus yumor hissi ciddi janr sayılan mifoloji mətnlərdə belə özünü göstərir. Halın tutulmasından danışan söyləyici mətnə belə bir əlavə etdi: “Hal atın üsdə çul görsə, üsdə minməz. Atı çilpax minən şeydi olar. Nəsə, yəqin bunun praktikası olmuyüpbüş də”.

Bəzən söyləyicilər ənənəvi mətnin strukturundan kənara çıxırdılar. Bu da yəqin ki, söyləyicinin mətni pis bilməsindən irəli gəlir. Halın tutulmasıyla bağlı məşhur üsul (qıra yapışdırma, iynə sancma) Aşağı Göynük kəndindən topladığımız mətndə dəyişərək bu hala düşdü: “... Anamın anası rəhmətdıx tutufdu halı. Bu nətəər olar? Hal anamın üsdünə minər. Bu da minən kimi ayağa durar. Qaçəndə Halın usdündə oturar. Qapıları, hər yeri bağlıyif unu tutar”.

Ovçuluqla bağlı qeydə aldığımız mifoloji mətnləri bölgənin aktiv janrları sırasına daxil edə bilərik. Bu qəbildən olan mifoloji rəvayətlərdə ovçular, ov həddi, ovun güdükçüləri, Süley və yaxud İsgəndər quşu və s.-lə bağlı maraqlı informasiyalar cəmləşib. Ərazidə Naxış, onun verilməsi ilə bağlı mətnlər də geniş yayılmışdır. Həmçinin vergili insanlar, onlara verginin verilməsi və vergini aldıqdan sonra qazandıqları qabiliyyətlər haqqında mətnləri də tez-

tez eşidirdik. Göynük kəndlərindən qeydə aldığımız mətnlərin bir hissəsini peyğəmbərlər və dini şəxsiyyətlər haqqında mətnlər təşkil edir. Söyləyicilərimizin bir hissəsi yas məclislərini aparan mollalar olduğu üçün bu cür mətnləri çox toplamağımız təbii haldır. Bu söyləyicilərin repertuarının önəmli hissəsini dini rəvayətlər və nağıllar təşkil edir. Bu barədə “Şəki folklor mühiti” adlı dissertasiya işimizdə və eyni adlı monoqrafiyamızda geniş məlumat verdiyimiz üçün burada uzun-uzadı izah verməyi lazım bilmirik. Ərazidə yayılmış mifoloji rəvayətlərin çox böyük qismini də pirlərlə bağlı mətnlər təşkil edir. Yalnız Göynük mahalında deyil, digər bölgələrimizdə də bu mövzu ilə bağlı süjetlər olduqca çoxdur. Bunun səbəbi bu gün pirləri zi-yarət mərasiminin öz varlığını qoruyub saxlamasıdır. Mərasimin özü mövcud olduğu üçün orada söylənilən mətnlər əhali arasında hələ də öz aktuallığını saxlamaqdadır.

Pirlərlə bağlı mətnlərin böyük bir hissəsini müxtəlif pir sahibləri ilə bağlı rəvayətlər təşkil edir. Pir baba, Şeyx Əhməd baba, Hacı Salah baba, Şkaflan baba, Mahmud Axund baba, Mütübillah baba, Tamam nənə haqqında rəva-yətlər buna misal ola bilər. Materialların bir qismi də müxtəlif xəstəliklərlə şəfa olan ziyarətlərlə bağlı mətnlərdir. Bu ziyarətlər elə həmin xəstəliklərin adları ilə də adlanır: Sarılıq ziyarəti, Qəbiz ziyarəti, Dəmirov ziyarəti. Bu tip mifoloji rəvayətlərin bir hissəsini də müxtəlif bulaq, daş və ağaclarla bağlı mətnlər təşkil edir: Südlü bulaq, Ağası babanın bulağı, Beşik daşı, Əjdaha daşı, Palıd baba və s.

Pirlərlə bağlı mətnlərin bir qismini də “Ziyarətlərin qardaşlığı”, “Ziyarətlərin müxtəlif şəkillərdə görünməsi”, “Ziyarətlərin cəzası” yarımbaşlıqlarında qruplaşdırdıq.

Ziyarətgahların əksəriyyətinin qapısına vurulan lövhələrdə həmin abidələrin XVIII əsrə aid olması yazılmışdı. Ziyarət müceyirlərindən isə bəzən tamamilə başqa tarixlər eşidirdik. Məsələn, Cumakənd ərazisində mövcud olan Pir baba (bu pir M.Nemətovanın kitabında Babaratma piri kimi getmişdir8) ziyarətinin müceyirlərindən biri olan Rahim Vahid oğlu Mahmudovun dediyinə görə, abidənin içəri tərəfində yerləşən kitabədə Pir babanın doğum tarixi 1003-cü il göstərilmişdir. Ancaq çöldəki abidələrin üzə-rindəki yazıları nəzərə alaraq abidə XVIII əsr abidəsi kimi qeyd olunmuşdur. Çox təəssüf ki, abidə bir neçə il bundan qabaq qızıl axtaran soyğunçuların hücumuna məruz qalmış və qazılaraq dağıdılmışdır. Sonradan bərpa olunsa da, kitabələrin bir hissəsinin üstü yarıtmaz halda suvaqla örtülmüşdür.

Molla Cuma9 ilə bağlı rəvayətlər də bu bölgədə geniş yayılmışdır. Aşıqla bağlı rəvayətlərdə bəzən qeyri-etik kəlmələrə də təsadüf edirdik. Qeyd edək ki, folklor mətnlərində qeyri-etik sözlər, bəzən də süjetlər təkcə bu bölgədə deyil, Azərbaycanın demək olar ki, bütün bölgələrindən toplanmış material-larda özünü göstərir. Bu, tamamilə təbii haldır. Nəzərə alsaq ki, folklor toplayıcısı daha çox sadə xalqın nümayəndələri ilə ünsiyyətdə olur, məsələni anlamaq olar. Milli mentalitetimiz yol vermədiyi üçün onları “ədəbsizdir”, deyə qeydə almaqdan çəkinmişik. Bu gün də xalq arasında xeyli sayda “ədəb-siz” folklor mətnləri dolaşmaqdadır. Kim bilir, hələ nə qədəri də unudulmuşdur. Folklorşünas “ədəbli” və ya “ədəbsiz” olmasından asılı olma-yaraq rast gəldiyi hər bir mətni qeydə almalıdır. Çünki bəzən elə olur ki, “ədəbsiz” folklor mətnlərində elə folklor süjetləri və ya folklor obrazları (mə-sələn, Şirvan bölgəsində Kəlniyyət obrazı, daha çox qeyri-etik mətnlərin içəri-sində öz varlığını qoruyub saxlaya bilmişdir ki, onlar “ədəbli” mətnlərin tərkibində ya az qalıb, ya da ümumiyyətlə, unudulub. Onu da əlavə edək ki, bu ənənə dünyanın əksər xalqlarında mövcuddur . Molla Cumanın şeirlərindən də xeyli nümunə qeydə aldıq. Amma onları bizdən əvvəl toplanıb nəşr olunan variantları ilə tutuşdurduqda məlum oldu ki, bizim topladığımız şeirlər nisbətən zəif variantlardır.

Bölgədə məşhur olan Mövlud mərasiminin keçirilmə qaydaları ilə bağlı mətnlər diqqətçəkicidir. Bu mərasim yalnız Göynük kəndlərində deyil, ümu-milikdə Şəki rayonunda, həmçinin Qax, Zaqatala, Balakən rayonlarında da keçirilir. Təəssüflə qeyd edək ki, Mövlud mərasimi yaxşı öyrənilməyib. Hal-buki orada oxunan ilahilər, zikrlər, icra edilən adətlər ayrıca tədqiqatın mövzusu ola bilər.

Bölgədə bayatı söyləyənlərin əksəriyyətindən eşitdiyimizə görə, onlar dedikləri bayatıları II Dünya Müharibəsi illərində Balakən rayonunda yaşamaq məcburiyyətində qaldıqları zaman eşidiblər. Göynük kəndlərində yaşamaq çətin olduğu üçün bu illərdə əhalinin bir qismi Balakən və Zaqatala rayonlarına köçmüşdür. Müharibədən sonra onların bir hissəsi geri qayıtsa da, çoxusu Balakən və Zaqatalada məskunlaşmağa üstünlük vermişdir. Balakən rayonunun Qabaqçöl hissəsində folklor toplayarkən xeyli göynüklü ailəsi ilə qarşılaşmışdıq.

Bu əraziyə məxsus ağılar öz orijinallığı ilə seçilir. Göynükdə bayatı formasında deyilən ağılarla yanaşı, nəsrlə söylənən ağılar da çoxdur. Bu məsələyə ayrıca məqalə10 həsr etdiyimizdən geniş məlumat verməyə ehtiyac görmürük.

Paremioloji vahidlər Göynük folklorunun önəmli bir hissəsidir. Ancaq bu nümunələri toplamaq digər janrlarla müqayisədə daha çox vaxt tələb edir. Çünki söyləyici kiçik janrları yeri gəlməsə, deyə bilmir. “Alqışlar və qarğışlar”, “Atalar sözləri” başlıqları altında verdiyimiz mətnləri toplamaq üçün illərlə vaxt sərf etmişik. Bunun üçün ayırdığımız dəftərə gün ərzində eşitdiyimiz paremik vahidləri yazırdıq. Nəticədə olduqca maraqlı mənzərə ilə üzləşdik. Bu mətnlərin bir hissəsi bölgədə yaşayanların mifoloji dünyagörüşündən, adət-ənənəsindən xəbər verir. “Sən ölsən, göy keçi qurban kəsərəm”, “Şaxın qara bəzənsin”, “Şaxın əllərdə getsin”, “Qibləyə bəy durmayasan” və s. kimi qarğışlar, “Dişimi qabırğanla qurtdlayaram” kimi hədə-qorxu nümunəsi və s. dediklərimizin bariz nümunəsi-dir.

Mətnləri qeydə aldığımız zaman məqsədimiz bu bölgənin folklor mühitini, onun müasir durumunu öyrənmək olduğundan söyləyicilərimiz arasında uşaqlar da var. Bu gün söyləyicilərimizin böyük əksəriyyəti həyatda yoxdur. Dünyasını də-yişənlərə Allahdan rəhmət, qalanlara isə cansağlığı diləyirik. Yeri gəlmişkən qeyd edim ki,Göynük mahalından topladığımız folklor nümunələri ötən il Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırlması” layihəsi əsasında bu sətirlərin müəllifinin tərtibatı ilə kitab halında nəşr edilmişdir (Şəki folklor örnəkləri. II kitab. Bakı, “Elm və təhsil”, 2014, 408 səh.). Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğludur.

Göynük bölgəsinin folklorunu toplamaqda göstərdikləri köməyə görə, Cumakənd sakinləri Vaqif Həsən oğlu Süleymanova, Aişə Həsən qızı Süleymanovaya, Zabit Şakir oğlu İbrahimova, Baş Göynük kəndinin sakinləri Əkrəm Məmmədəli oğlu Xəlilova, Əlxan Məmmədəli oğlu Xəlilova, Hürü Məmmədəli qızı Xəlilovaya (Allah ona qəni-qəni rəhmət etsin!), Xavər Məmmədəli qızı Xəlilovaya, Xalidə Məmmədəli qızı Xəlilovaya, Aşağı Göynük kəndinin sakini Gülüstan Məmmədəli qızı Soltanovaya, Şəki şəhər sakini Mehin Məmmədəli qızı Xəlilovaya dərin minnətdarlığımızı bildiririk.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI