Modern.az

Psixoloq “Maşın şou” haqqında: “... cəmiyyətə zərər vurur” - MÜSAHİBƏ

Psixoloq “Maşın şou” haqqında: “... cəmiyyətə zərər vurur” - MÜSAHİBƏ

Ədəbiyyat

23 May 2015, 01:49

Azərbaycan efir məkanında ən çox məşhur olan layihələrdən biri də Murad Dadaşovun rəhbərlik və aparıcılıq  etdiyi “Maşın şou”dur. Şou yarış, oyun xarakterli olsa da, oradakı iştirakçılar arasında bəzi hallarda pozulan əndazə, konkret olaraq onların arasındakı sərt, efirə yaraşmayan münasibət istər-istəməz ekran qarşısında oturan tamaşaçıya müsbət nəsə ötürmür. Modern.az elə bu barədə psixoloq Dəynaət Rzayevdən aldığı müsahibəsini təqdim edir. 

- Az qala hamının baxdığı bir proqramdan danışacağıq...

- Əvvəlcə onu qeyd edin ki, hər hansı proqramda auditoriyanın marağını diqqətini cəlb etmək üçün yanlış faktlardan istifadə edirlər. Məsələn, hərdən hər hansı verilişə baxanda görürsən, aparıcı deyir ki, bu dəqiqə 9 milyon adam bizə baxır. Bu, qətiyyən mümkün ola bilməz. Bunun üçün riyaziyyatı bilməyə ehtiyac yoxdur. Ola bilməz ki, ölkə əhalisinin yarıdan çoxu eyni anda “Maşın şou”ya, yaxud başqa bir proqrama baxsın. Bu, sadəcə, məntiqsizlikdir. Bunu mütləq qeyd etmək lazımdır. Ən populyar bir proqrama uzağı 2-3 milyon adam baxa bilər.

- Psixoloq kimi, sizcə, bu gün ən baxımlı layihələrdən biri olan “Maşın  şou” cəmiyyətə necə təsir göstərir?

- Açığını deyim, o proqrama baxmamışam. Amma xəbər saytlarından oxumuşam. Orada da daha çox bu layihənin münaqişəli situasiyalarından danışılır. Murad Dadaşovun özü ixtisasça psixoloqdur. Çox bacarıqlı aparıcı və  təşkilatçıdır. Bu onun şousudur və həmin şounun mənfi və müsbət tərəflərini məndən də, səndən də yaxşı bilir. Hər şounun öz qayda-qanunları var. Şou da onlara uyğun şəkildə yayımlanır. Bir fakt deyim: bir neçə il bundan əvvəl kanalların birində maarifçilik istiqamətində çox gözəl bir veriliş yayımlanırdı. Məsələn, fövqəladə  vəziyyətdə insan nə etməlidir, nəsə sınsa onu necə düzəltməlidir və s. Mən həmin verilişdən çox şeylər öyrəndim. Amma cəmi 3 aydan sonra o veriliş bağlandı. Maraqlandım, dedilər ki, o proqram reytinq yığmadığı üçün televiziya rəhbərliyi tərəfindən bağlandı. Baxmayaraq ki, həmin layihənin təşəbbüskarı elə onlar idilər.  Amma şahidi olursunuz, hansı proqramda qalmaqallar, təhqirlər, başqa neqativ informasiyalar çox olursa, onlar daha çox reytinq yığırlar.

Bunu da başa düşmək lazımdır. Televiziya kanalı, televiziya layihəsi özünü doğrultmalıdır. Onun da öz maddi-texniki problemləri var, işçilərin maaşı vaxtı-vaxtında ödənməlidir. Ona görə də televiziyalar bu cür reytinqli verilişlərə, reklamlara üstünlük verirlər. “Maşın şou” da bunlardan biridir.

- Niyə maarifçilik baxımından bizə lazım olan proqramlara meyl etmirik?

- Hərdən mənə deyirlər ki, Dəyanət müəllim, filan verilişə niyə gedirsiniz? O qalmaqallı proqramdır, gedib orada iştirak emək sizə yaraşmaz. Deyirəm, siz haradan bilirsiniz ki, o proqram qalmaqallıdır, orada bu məsələlər baş verir. Yəqin baxırsınız, xəbəriniz də var. Bunu mənə deyənlərin özləri mədəni-intellektual insanlardır. Amma görürsünüz ki, onlar da belə proqramlara baxırlar, meyl edirlər. “Maşın şou”ya gəldikdə, onu demək olar ki, bu şounu prodakşn hazırlayır. Daha sonra kanaldan efir vaxtı alaraq öz layihəsini təqdim edir. O prodakşnda işləyənlər maaş almalıdır, ya yox?!  Ona görə də bu işlərə normal baxıram.

- Çox yaxşı. Amma yəqin ki, ən baxımlı layihədə iştirakçıların mükafat uğrunda sərgilədiyi davranış tərzi mənfi təsirsiz ötüşmür?..

- Mənfi təsirlərə gəldikdə, təbii ki, hər şey müəyyən əxlaq çərçivəsində olmalıdır. Davranış qaydaları bilinməlidir. Əks halda, bunun zərəri çox olacaq. Görürsünüz ki, ədəbi dildə çox normal danışan bir uşaq televiziyadakı şoularda eşitdiyi ləhcəni yamsılayır. Bunun kimi başqa faktlar da var. Bunların hamısı öz növbəsində cəmiyyətə zərər vurur. Siz küçəyə çıxın, görün əksər insanlar nə gündədir?! Bəziləri mədəniyyətli yox, mədə niyyətlidirlər. Buna baxmayaraq, televiziyada o hallar davam edir. Amma yenə də qınamaq olmur. Onsuz da yüksək maaş verilmir. Bunlar da məcburdurlar ki, nəyə görəsə, özlərini saxlaya bilsinlər.

- Maaş, maddi problemlər, nəyə görə cəmiyyətin başında çatlamalıdır?

- Bir deyim var: “Kim günahkar deyilsə, birinci daşı da o atsın”. İndi o prodakşnda, televiziyada çalışanların demək olar hamısı  cavan adamlardır. Gəlin onları işdən çıxaraq ki, siz cəmiyyətə yararlı olmayan proqramlar hazırlayırsınız. Əslində, biz məsələyə ayrı cür yanaşmalıyıq. Biz onlardansa bu gün korrupsiyaya yol verənləri, özbaşınalıq edənləri qınamalıyıq. Bu televiziyaların günahı onların yanında zərrə qədərdir. Tutaq ki, bu gün bir prodakşn işçilərini çıxardı. Axı iş tapmaq da çox çətindir. İxtisarlar da artıb. Az qala hər gün 5-6 nəfər mənə zəng vurub iç yeri soraqlayır. Elə bilirlər ki, mən onlara kömək edə biləcəyəm. İndiki vəziyyətdə jurnalistlər, texniki işçilər niyə işsiz qalmalıdırlar?!

- Bir məsələ də var, “Maşın şou”da bir neçə iştirakçı, məsələn, meyxanaçı və ya müğənni  ekran və efirə diqqət etmədən canlı yayımda elə danışırlar ki, sanki toyxanada çıxış edirlər. Ekran arxasında olan gəncə, yeniyetməyə bu davranış necə mənfi təsir edə bilər?

- O iştirakçılar başqa necə danışa bilər ki?! Yaxşı danışmaq üçün gərək mütaliəli olasan, dünya ədəbiyyatından xəbərin olmalıdır. Sən gərək Dostoyevski ilə tanış olasan, onu oxuyasan. Amma onu da deyim ki, insanlar elə onlara rəğbət göstərir. Məsələn, mən pulsuz mühazirə oxusam, çox maraqlı seminar təşkil etsəm, inanın, zala heç 10-15 nəfər də gəlməyəcək. Amma “Maşın şou”da o cür danışan bir meyxanaçı, yaxud kimsə desə ki, pulsuz konsert verirəm, bütün camaat ora axışacaq. Konsert stadionda keçirilsə,  heç yer də olmayacaq. Televiziyalar cəmiyyətin tələbi nədirsə, bunu verirlər.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI