Modern.az

Füzulinin nurani qoca simalı portreti necə yarandı? - MARAQLI

Füzulinin nurani qoca simalı portreti necə yarandı? - MARAQLI

Ədəbiyyat

30 May 2015, 13:47

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını eşidərkən hamının gözü  önünə nurani simalı, müdrik çöhrəli bir qoca gəlir. Bütün kitablarda Füzulini o cür görmüşük, bütün portretlərdə Füzuli deyərək həmin qoca nurani ağsaqqala baxmışıq. Amma nəzərə alanda ki, Füzulinin yaşadığı dövr XV-XVI əsrlər olub, onda bizim istifadə etdiyimiz şəklin həqiqətən o zaman çəkildiyi şübhə doğrurur. Bəs bu şəkil necə yaranıb?

Modern.az saytı bir müddət öncə “Yeni Bakının köhnə heykəlləri” rubrikasında qısaca olaraq toxunduğu bu məsələyə yenidən qayıdır:

Füzulinin heykəlinin necə hazırlanması həmişə böyük müzakirə obyekti olub. Çünki o zaman indi hamımızın bildiyi Füzuli obrazı hələ yox idi. Dahi Şərq mütəfəkkirinin daş portretini hazırlamaq çox ciddi iş olduğundan kimsə bu işi tam olaraq yerinə yetirə bilmir. Amma Şərq fəlsəfəsinin və klassik ədəbiyyatın vurğunu olan Fuad Əbdürrəhmanov yenə də ilkə imza atır və heykəltəraşlıq tarixində Füzulinin ilk heykəlini hazırlayır. Həmin heykəl barədə daha doğrusu heykəl olaraq bizə müdriklik mücəssəməsi kimi görünən nurani qoca portretinin necə yaranması barədə bəzi maraqlı fərziyyələr var. 

Belə ki, heykəltəraş Fuad Əbdürrəhmanov Füzuli obrazını yaratmaqda çətinlik çəkirmiş və bu səbəbdən də işləri gecikdirmək məcburiyyətində qalır. Ona bir xeyli portret təqdim olunsa da, rəssam-heykəltaraş təsəvvür etmək istədiyi Füzulini görə bilmir. Bu, onu çox məyus edir. Amma bir gecə yuxudan qəflətən ayılan rəssam hər zaman yaxınlıqdakı masanın üzərində saxladığı plastilinlə bir obraz hazırlayır. Sən demə, həmin vaxt yuxuda bir pirani qoca ona yaxınlaşaraq deyir: “Axtardığın insan mənəm”.
Məhz bundan sonra heykəltəraş əsl Füzuli heykəlini hazırlaya bilir. Hazırda həmin heykəl Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadında ucalan 6 heykəldən birincisidir.

Beləcə Füzulinin portreti də yaranır...

Elmin NURİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI