Sevgi, əmin-amanlıq, yoxsa ehtiras? Hazırda PARK Cinema kinoteatrlar şəbəkəsində nümayişi başlayan “Ağılsız izdihamdan uzaqlarda” (Far from the Madding Crowd) filminin baş qəhrəmanı əsasın bu suala cavab axtarır.
Ənənəvi olaraq filmi ilk olaraq media nümayəndələri izləmək imkanı qazandılar. Park Cinema-nın təşkilatçılığı ilə jurnalistlər Flame Towers-də yerləşən İMAX kinoteatrında ötən əsrlərdən bəhs edən bu romantik janrdakı filmi seyr etdilər.
Filmdəki hadisələr 19-cu əsrdə cərəyan etsə də, mövzu elə indinin özündə də aktualdır – eşq və ehtiras. “Ağılsız izdihamdan uzaqlarda” Tomas Hardinin məşhur eyniadlı romanı əsasında çəkilib. 1874-cü ildə işıq üzü görən məhəbbət dramında Batşeba Everdin adlı qız tamamilə həm görünüşü, həm xasiyyəti, həm də statusuna görə tam fərqlənən 3 kişi ilə eyni anda görüşür. Ürəyi ona fermasında çobanlıq edən Qabrieli seçməyi diqtə edir. Amma Batşeba eyni vaxtda yaşlı və varlı qonşusuna da simpatiya bəsləyir. Bir tərəfdən də gənc və yaraşıqlı serjant da onun ağlını başından alır.
Əsərin süjeti çox qarışıq və maraqlıdır. İndiyədək roman əsasında üç dəfə film çəkilib. Bundan əlavə, onun müzikli, tamaşası və operası da qoyulub. Ona görə də çoxları rejissor Tomas Vinterberqin yeni nəsə ərsəyə gətirə biləcəyinə inanmırdılar. Kino tənqidçiləri bu əsərin böyük ekran üçün olmadığını vurğulayırdılar.
Lakin nümayişdən sonra jurnalistlərin öz aralarında apardığı diskussiya bunu göstərdi ki, aktyorlar müasir olsalar da, həmin dövrün qəhrəmanlarının probleminə öz baxışlarını ortaya qoymağı bacarıblar.
“Ağılsız izdihamdan uzaqlarda” filmdə gözə aktyor ansamblı ilə də diqqət çəkir. Filmdə baş rolları Keri Malliqan, Maykl Şin, Mattias Şonart və digərləri ifa edirlər.
Odur ki, romantik sevgi macəralarını xoşlayan və vaxtını yaxşı keçirmək istəyən kinomanlar sabahdan etibarən Park Cinemada nümayişə çıxarılan “Ağılsız izdihamdan uzaqda” melodramını izləyə bilərlər.