Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Publisist, Pedaqogika üzrə fəlsəfə doktoru,
«Tərəqqi’’medalçısı
Bəxtiyarsan, əgər çəkdiyin əmək,
Cahan süfrəsinə versə bir çiçək.
Hüseyn Cavid
Uzun müddət radio və televiziyada jurnalisti kimi fəaliyyət göstərdiyim illərdə müxtəlif səpkili radio-televiziya verilişləri hazırlayırdım. Bu verilişlərə əsasən ədəbi-bədii və musiqili verilişlər daxil idi. Ssenariya uyğun olaraq şeirləri, qəzəlləri, musiqi parçalarını, aktyor və müğənniləri əksər hallarda özüm seçirdim. Çalışırdım ki, verilişlərdə sanballı çıxışçılar, müğənni və aktyorlar iştirak etsin, zövqlü şeir və mahnılar səslənsin.
SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Zeynəb Xanlarova, SSRİ xalq artisti Arif Məlikov, Lütfiyar İmanov xalq artistləri- Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə, İlhamə Quliyeva, Nisə Qasımova, Əminə Yusifqızı, Laləzər Mustafayeva, İlham Əsgərov, xalq şairləri- Nəbi Xəzri, Cabir Novruz ,Qabil, xalq yazıçısı-Hüseyn Abbaszadə, Xalq rəssamları- Kamil Əliyev, Fərhad Xəlilov, əməkdar rəssam- Hacıağa Nəzərli, əməkdar artistlər- Mətanət İsgəndərli, Nüşabə Ələsgərli və s. verilişlərimin hörmətli iştirakçıları idi.
Xatırlayıram, xalq şairi Məmməd Rahim haqqında ‘’Qoca dünya qalandır’’ adlı televiziya verilişi hazırlayarkən onun qəzəllərini xalq artisti Ağaxan Abdullayevə verdim. Çox gözəl ifa etdi. Mirmehdi Seyidzadənin də oxunmamış qəzəllərini Ağaxan Abdullayev özünəməxsus tərzdə ifa etdi. Adətən, xanəndələr eyni qəzəlləri ifa edirlər, nəticədə dinləyici bu qəzəllərdən yorulur. Odur ki, çalışırdım, yeni, oxunmamış qəzəlləri ifa etdirim. Mikayıl Müşfiqə həsr olunmuş ‘’Sən neyçün ağlarsan’’ adlı veriliş hazırlayırdım. Cahangir Cahangirov Müşfiqin ‘’Həyat Sevgisi’’ və ya ‘’Necə əl çəkim’’ adlı şeirinə çox gözəl mahnı bəstələmişdi. Bu mahnını çox bəyənirdim. Mahnı Elmira Rəhimova və Xeyransa Məmmədova tərəfindən yüksək səviyyədə ifa olunmuşdu. İstədim yeni müğənninin ifasında bu mahnı işıq üzü görsün. 1992-ci ildə nəhayət ki, mənim təklifimlə xalq artisti Nisə Qasımova mahnıya yeni həyat verdi. Mahnı Nisə xanımın ifasında daha çox sevilməyə başladı.
Cəfər Cabbarlı haqqında hazırladığım ‘’Könlümün ilham pərisi’’ adlı musiqili-ədəbi verilişdə ‘’Azad bir quşdum’’ mahnısını yeni ifada görmək istədim. Mahnının əvəzsiz ifaçısı əməkdar artist mərhum Səxavət Məmmədovun vəfatından sonra ona müraciət olunmamışdı. Fikirləşdim, elə bir müğənni dəvət etməliyəm ki, onun ifası S. Məmmədovun ifasından aşağı səviyyədə olmasın, çünki, onda mahnı sevilməzdi. Mən düşünmədən mahnını əməkdar artist Fehruz Səxavətə təklif etdim. O, çox tərəddüd etdi. Lakin, mən onu əmin etdim ki, məhz bu mahnını yalnız Fehruz Səxavət çox gözəl ifa edə bilər. Razılaşdıq və mahnı verilişdə ifa olundu. Qətiyyətlə deyə bilərəm ki, Fehruz mahnının yeni möhürünü vurdu, ona yeni həyat verdi. Bununla, həm də qardaşı Səxavətin ruhunu şad etdi. Sonralar ayrı-ayrı verilişlərdə, tədbirlərdə Fehruz bu mahnını oxuyarkən mənim adımı məmnunluqla qeyd edirdi.
Bu sahədə xalq artisti Məmmədbağır Bağırzadə ilə də məhsuldar iş birliyi baş tutmuşdu. Onunla bir neçə verilişdə görüşmüşdük. Həm ifaçı, həm də bəstəkar kimi. Mirmehdi Seyidzadə haqqında ‘’Yazdım gözəllər eşqinə’’ musiqili- kompozisiya hazırlayan zaman şairin şeirlərini vərəqləyərkən bir şeir diqqətimi çəkdi, onu mahnı kimi gördüm. Məmmədbağır Bağırzadə ilə görüşdüm və ‘’Xatırlayarsan’’ adlı şeiri ona təqdim etdim. Dedim ki, bu mahnı mütləq verilişdə getməlidir. Bir həftə sonra o, ‘’Xatırlayarsan’’ adlı yeni mahnını mənə təqdim etdi. Bu ən uğurlu nəğməyə çevrildi. Lakin, nə qədər acı olsa da qeyd etməliyəm ki, mahnını Məmmədbağır müəllim sanki özü üçün ifa etmişdi. Elə bil vaxtsız dünyaya vida edəcəkdi, sanki vəsiyyət nəğməsini oxuyurdu... Bu gün mahnını bir çox müğənni ifa edir, ancaq əməkdar artist Zöhrə Abdullayeva bu mahnını özünəməxsus daha təsirli ifa edir. Şair-dramaturq Davud Aslan haqqında ‘’Qılsa bu ömrüm vəfa’’ adlı verilişində Məmmədbağır Bağırzadə şairin şeirinə yeni bir mahnı yazdı və ifa etdi. Yeri gəlmişkən, bu verilişdə daha 2 yeni mahnı yazılıb, ifa olunmuşdu. Şairin ‘’Naz elə’’, ‘’Dünya’’ şeirlərinə çox populyar və tanınmış bəstəkar mahnıları tez bir zamanda xitə çevrilərək,sevilən,dillər əzbərinə çevrilən Rauf Məmmədov mahnılar bəstələdi. Əməkdar artist Kəmalə Rəhimli bu mahnılara yeni həyat verdi, onu sevdirdi.
Məmmədbağır Bağırzadə mənim təklifimlə bəstələdiyi «Ey Dan Ulduzu’’ adlı yeni AzTV-də hazırladığım, Cəfər Cabbarlıya həsr olunmuş «Cəfər təbiətin möcüzəsidir’’ adlı verilişdə ifa etdi. Mahnı çox sevildi.
2008-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilirdi. Tədbirin təşkilatçısı və aparıcısı mən idim. AzTV həmin tədbiri bütövlükdə lentə alırdı. Yaxşı yadımdadır, bu ərəfədə mən müğənni Kərim Abasova müraciət edərək, H. Xanməmmədovun bəstəsində M.Müşfiqin ‘’Yenə o bağ olaydı’ mahnısını ifa etməyi təklif etdim. Kərim təzə oranjemanda bu mahnını yeni nəfəsdə ifa etdi. Mahnı Kərimin təqdimatında çox sevildi. Sonralar dəfələrlə ayrı-ayrı tədbirlərdə Kərim bu mahnını uğurla ifa edirdi.
2013-cü ilin sentyabr ayında R.Behbudov adına Mahnı teatrında keçirilən M.Müşfiqə həsr olunmuş tədbirdə gənc müğənni Zəki Zeynalov da mənim təklifimlə Hacı Xanməmmədovun bəstəsində ‘’Qurban olduğum’’ adlı mahnını uğurla ifa etdi. Gənc aktyor Abbasağa Əlizadə də Müşfiqlə bağlı ilk şeirini-‘’Qurban olduğum’’, əsərini məhz mənim təklifim və seçimimlə orada gözəl səsləndirdi. Müğənni Zəki Zeynalov sonralar mənim təklifim və tövsiyəmlə xalq artisti Zeynəb Xanlarovanın repertuarından Ramiz Mirişli və Hüseyn Cavid yaradıcılığına məxsus «Xəyalə döndü’’mahnısını ifa etdi.
Əməkdar artist Nüşabə Ələsgərli sözləri mənə, musiqisi Rauf Məmmədova aid «Azadə’’ mahnısını ifa etdi, televiziyada nümayiş etdirildi.
AzTV-də müəllifliyimlə Ələkbər Ziyataya həsr edilmiş ‘’Bir ürək çırpınsa şeirlərimdə’’ adlı televiziya verilişi hazırlayarkən ‘’Bakı gecələri’’(Ə.Tağıyevin bəstəsində)mahnısını ifa etməyi müğənni Dəyanət Nəzərliyə həvalə etdim.Dəyanət çox professional səviyyədə mahnını ifa etdi.
Yaxşı xatırlayıram, Ələkbər Ziyatayın qızı Nərmin xanım mahnının Dəyanətin ifa etməsinə etiraz edirdi. O, deyirdi ki, Şövkət Ələkbərovanın ifasından sonra Dəyanətin ifası uğurlu ola bilməz. Mən onu sakitləşdirərək söylədim ki, Dəyanətin professionallığına, onun səs imkanlarına çox yaxşı bələdəm. Həqiqətən də, Dəyanət özü piano arxasına keçərək həmin mahnını ifa etdi. Veriliş efirə getdikdən, Ziyatayın qızının həmin ifanı efirdə eşitdikdən sonra o, fikrindən yayındı və Dəyanətin ifasını bəyəndiyini bildirdi. Mahnı, həqiqətən də Dəyanətin ifasında sevilməyə başladı.
Müğənni Nadir Qafarzadəyə C.Cabbarlının «Həyat söylə, sən kiminsən’’ mahnısını təklif etdim.O,məmnuniyyətlə bu təklifi qəbul etdi. Mahnı Nadirə uğur gətirdi.Tez-tez müğənni Rəşad İlyasovla yeni repertuar seçimində mahnılar təklif edirəm. O da sonradan bu mahnıları böyük həvəslə öz repertuarına daxil edir.
Geriyə baxanda və bu unudulmaz xatirələri yada salanda fikirləşirəm ki, nə yaxşı bu mahnıların həyata vəsiqə alınmasında mənim kiçik də olsa əməyim və xidmətim olmuşdur. Sadəcə xoşbəxtəm ki, Azərbaycan xalqının mədəniyyətinin və incəsənətinin inkişafında milli radio və televiziyada yadda qalan verilişlərin o cümlədən, Vladimir Qafarov ‘’Şeirdən başqa dünya bilmirəm’’, Süleyman Rüstəm ‘’Qəlbində yaran varsa da’’, ‘’Nəğməli sətirlər’’, ‘’Şeiri ürəklərə yazılan mənəm’’, Mikayıl Müşfiq ‘’Arzuya bax sevgilim’’, Rüfət Zəbioğlu ‘’Xatırlananlar’’, Ənvər Əlibəyli ‘’Dünya insanlara qalacaq’’, Hüseyn Cavid ‘’Mənim Tanrım gözəllikdir’’, Cəfər Cabbarlı ‘’Cəfər təbiətin möcüzəsidir’’, «Könlümün ilham pərisi ‘’, Zeynəb Xanlarova ‘’Yəmən televiziyasının qızıl fondundan’’, ‘’Ana laylası ’’, ədəbi-musiqili kompozisiya (Sözləri Səməd Vurğunundur), Əhməd Cavad ‘’Çırpınırdın, Qara dəniz’’, Məmməd Rahim «Qoca dünya qalandır’’,Telman Hacıyev ‘’Nə vaxtdır dostların gözü yoldadı’’, ‘’Rənglərin sehri’’,Ədalət Nəzərli ‘’Elm xadimlərimiz’’, Hacıağa Nəzərli, Mirmehdi Seyidzadə «Yazdım gözəllər eşqinə’’, ‘’İşığını bol elə dünya’’, ‘’Ümidi yaşadaq’’, Sabir Yusifov ‘’Əqidə adamı’’, Eldar Eyvazov ‘’Xoşbəxt həyat, xoşbəxt ölüm’’ və s. tele-radio verilişlərinin müəllifiyəm.
Bütün bunların tarixə həkk olunmasında , bu verilişlərin işıq üzü görməsində, mənim televiziya və radio efirində özümü təsdiq etməyimdə, tanınmağımda, populyarlıq qazanmağımda mənə imkan yaradan,dəstək verən,əməkdaşlıq edən,çiyin-çiyinə çalışdığım insanlar vardır ki,onların adlarını çəkmək mənim insanlıq borcumdur. Dünyasını dəyişənlərə rəhmət,sağ qalanlara uzun ömür diləyirəm.Yazıçı jurnalist Firudin Ağayev, əməkdar jurnalist Nailə Muradxanlı, xalq artisti,bəstəkar Ramiz Mirişli,əməkdar incəsənət xadimlər-Ağayev Mirzə Elcanlı,Şəfəq Əlixanlı,Tariyel Vəliyev,Məhərrəm Bədirzadə,Oqtay Babazadə, rejissorlar-Əlizaman Şirvanlı,Arif Qasımov,Nigar Əliyeva,Salman Həsənov,Nailə Əkbərova, Azər Ələkbərov,Nizami Süleymanlı,İradə Aydəmirova, redaktorlar-filologiya elmləri doktoru,professor Vüqar Əhməd,yazıçı-jurnalist Rafiq Savalan, Hikmət Şahbazov,Salehə Əfəndiyeva,Tofiq Abbasov və s.
Qarşıdan gələn Milli Mətbuatımızın 140, Milli Televiziyamızın 60,Milli Radiomuzun 90 illiyi münasibətilə həmkar dostlarımızı təbrik edirəm.
Hazırda gənc aktyor və müğənnilərə şer, qəzəl, mahnı seçimində köməklik göstərirəm. Eyni zamanda çalışıram ki, onların ifasında dəyərli, təsirli, zövqlü, estetik mədəniyyətə xidmət edən əsərlər səslənsin, bayağı əsərlərə yol verilməsin. Xalqın, dinləyicinin və tamaşaçının zövqünü oxşayan əsərlərin ifa olunması bütövlükdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, musiqisinin, bəddi qiraətin inkişafına və zənginləşməsinə xidmət edir. Hər birimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərməliyik. Bunu bizdən zaman və tarix tələb edir.