4 noyabr Azərbaycanın hüdudlarından kənarda nüfuz sahibi olan “qanuni oğru” Masallı Mamedin doğum günüdür. Yaşasaydı, bu gün 55 yaşı tamam olacaqdı. Mamedi digər oğrularından fərqləndirən əsas cəhətlərdən biri də sənətə və sənətkara yüksək qiymət verməsi, mütaliəni sevməsi idi. Bu mövzuda haqqında iki xatirəni oxuculara təqdim edirəm.
“Füzulinin qəzəli Mamedlə aramızda dostluq körpüsü oldu...”
Azərbaycanda və Rusiyada “oğru dünyası”nın sayılıb-seçilən klassik “vor”larından biri olan Masallı Mamed həyatdan köçəndən sonra cox adam onun barəsində maraqlı fikirlər söyləyir, xatirələrini dilə gətirir, populyar saytlar yazılar dərc edir. Tanınmış nəbatat bilicisi Rauf Məcidoğlunun sizə təqdim etdiyim bu fikirləri isə Mamedin sağlığında (ölümündən düz 10 il əvvəl) yazıçı-publisist Ağalar İdrisoğlunun Ramiz İslamoğlu haqqında nəşr olunan kitabında dərc olunmuşdu.
Rauf həkim Azərbaycanda ilk yaşıl aptekin yaradıcılarından biridir. “Azərbaycanın məşhur elm, ədəbiyyat və incəsənət işçiləri” ensiklopediyasına daxil edilən oçerkdə onun necə universal adam olduğu barədə ətraflı məlumat verilir. Mən deyərdim ki, nəbatat şahı Rauf həkim, həm də yaxşı insan sərrafıdır. On il əvvəl Mamed barədə söylədiklərinin nöqtəsinə, vergülünə toxunmadan, olduğu kimi tədim edirik:
-... Mən “lotu Mamed”lə Ramizin vasitəsi ilə tanış olmuşam. Mamed çox savadlı, millətini sevən, həddindən artıq ədalətli, ağıllı oğlandır. Çox iş görməyi və az danışmağı xoşlayir. Heç vaxt imkan vermir ki, kimsə elədiyi xeyirxah işlərə görə onu tərifləsin. Həm də Mamed çox mütaliə edir. Yaxşı nitq qabiliyyəti və məntiqi düşüncəyə malikdir. Həmişə də çalışır ki, az sözlə böyük fikirlər söyləsin. Bir dəfə üçümüz oturub çörək yeyirdik. Mamed çox qısa bir sağlıq dedi:
- Azadlığın qədrini azadlıqda olmayanlar bilər. İçək azadlığın sağlığına.
Onu da deyim ki, çoxumuz lotuya əcaib-qəraib kimi baxırıq. Ancaq sizə deyim ki, onlar bizi polislərdən daha yaxşı qoruyurlar. Polis gördüyü işə görə rüşvət istəyir, onlar isə yox. Özü də onlar çalışırlar ki, heç vaxt oğurluq olmasın. Nahaqdan kiminsə haqqı tapdanmasın. Polislər isə... Sonra Mamed üzünü mənə tutub sözünə davam elədi:
- İndi isə sözü bizim aristokrat, plusovoy qardaşımız davam etdirəcək...
Mən də Füzulinin bir qəzəlini söylədim:
Şəfai vəsli qədrin hicrilə bimar olandan sor,
Zülali zövqüm-şövqün təşneyi didar olandan sor.
Bu fikrim çox yaxşı qarşılandı. Sonra biz, yəni mən Mamedlə dostluq eləməyə başladım...”.
“Mamed arxamca “Lümizin” göndərmişdi...”
Azərbaycanın əməkdar artisti Nizami Mirzəyev deyir:
- Mamed bir çox sənət adamının ilham qaynağı idi. Mənimsə həm qürur, həm də fəxarət qaynağım idi. Onun iştirak etdiyi məclislərdə gitaramı bağrıma basanda sanki qəlbim barmaqlarımım ucunda çırpınırdı. Ürəklə ifa etdiyim çalğımı rəhmətlik çox bəyənərdi...
10-12 il əvvəlin sözüdür. Mamed həbsxanadan çıxmışdı. Təbiət qoynunda onun azadlığa çıxması qeyd olunurdu. Rusiyadan gəlmiş tanınmış avtoritetlərin də iştirak etdiyi bu məclisi mən idarə edirdim. Bilirdim ki, Mamed “Azərbaycanfilmin” 1959-cu ildə istehsal etdiyi “Onu bağışlamaq olar?” filmindən Tərlanın oxuduğu mahnını çox xoşlayır.
Bax, gəlib ilk bahar, qaynayır sular,
Gör, nələr söyləyir, quşların səsi.
Ürəyimdə şirin, ən xoş arzular,
Dilimdən düşməyir, sevgi nəğməsi.
Ürəyim dəryadı, çağlayır-coşur.
Gül-çiçək gətirir bahardan soraq.
Təbiət eşqimə nəğmələr qoşur,
Xoşdur, bu dünyada bəxtiyar olmaq.
Bundan sonra “Dolya vorovskaya”nı ifa etdim...
Məclisin şirin yerində Mamed mənim sağlığıma badə qaldırararaq, məclis iştirakşılarına dedi:
- Mən bu gün bir daha Nizamının barmaqlarının sehrinə düşdüm. Və onun ifa elədiyi retro mahnıların fonunda doğma Masallımın təbiətinə məftun oldum. O, öz sənətinin vurğunudur. Qoy bu gündən etibarən, mənin hörmətimi saxlayan hər kəs ona Maestro desin!..
Onun bu təklifini məclisdəkilərin hamısı alqışladılar.
Mamedin mənə “maestro” adı verdiyi o gün içımdə qəribə duyğular baş qaldırmışdı. Azərbaycanın xalq artistı Zeynab xanım Xanlarova ilə birlikdə qostollarda olduğum xarici ölkələri bir-bir xatırladım... Masallıdan boylandığım və qitə-qitə gəzıb dolaşdığım dünya gözlərimdə elə bil daha da gözəlləşdi... Mamedin sözü o gün məclisdəkilərin ürəyindən səs vermişdi. Hamı mənə “maesrto Nizami” deyirdi... Onu da deyim ki, bir dəfə Moskvada Kremlin sarayında növbəti konsert proqramımız başa çatandan sonra Mamed şəxsən mənə hörmət əlaməti olaraq, bizim ansamblımızı qonaqlığa dəvət etdi. O gün Mamed bizi qonaqlıq məclisinə aparmaq üçün “Limuzin” də göndərmişdi. Mən, klarnetdə gözəl solo ifaçısı Vəli Qədimov, tarzən Zakir Məmmədov, nağaraçalan Almaz Quliyev... birlikdə həmin qonaqlıq məclisində iştirak etdik. O məclisdə Moskva şəhərinin tanınmış avtoritetləri də vardı. Mamed sənətin, sənətkarin xətir-hörmətini saxlayan ziyalı bir adam idi... Hər dəfə görüşəndə mənim problemlərimlə maraqlanardı. Maraqlı fikirləriylə adama qol-qanad verərdi.
Bakıda onun olduğu həbsxanalarda dəfələrlə konsertlər təşkil etmişəm.
... Bu dəfə də Novruz bayramı günü onun olduğu həbsxanada bayram konserti verməyə hazırlaşırdım... Amma qəfil ölüm xəbərini eşidib çox sarsıldım...
Dayısı Fəxrəddinlə uşaqlıqdan dostluq edirik... Dəfn günü düzü, onu necə təsəlli edəcəyimi bilmırdim.
Allah Mamedə min rəhmət etsin, məzarı nurla dolsun!..”
P.S: Xatırladım ki, Masallı Mamed 21 mart 2011-ci ildə Bakıda cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib. Bəziləri 50 yaşına təzə qədəm qoymuş Mamedin həyatına həbsxanada qəsd edildiyini iddia etsə də, ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması kimi göstərilib.
Nurəddin Ədiloğlu