Hekayə
Əliməmmədin nəşini məsciddə yudurdub evə gətirəndə binanın bloku qarşısında Səfiyyə elə qışqırıq saldı ki, az qala yer titrəyəcəkdi. İnsafən, on il birgə həyat sürdükləri Əliməmmədin qəfil ölümü onu yamanca sarsıtmışdı. Amma neyləyəsən, tale beləymiş. Səfiyyə həyatı boyu hər yerdə ağızdolusu təriflər danışdığı ərindən əbədi ayrılırdı.
Ertəsi günü səhər tezdən əvvəlcə qohum-qonşu qadınlar hüzr yerinə yığışdılar. Heç kim dinib danışmırdı. Mollanın oxuduğu yasin Səfiyyənin zarıltısı fonunda heç eşidilmirdi.
- Heyif səndən, Əliməmməd! Mənə çox sədaqətli idi, həmişə ailəsinin qayğısına qalardı. Gündüzlər bazarda işləyər, gecələr isə maşını ilə xalturaya çıxıb beş-on manat qazanardı., qəpiyinə qədər mənə verərdi. Peyğəmbər kimi adamıydı. – Səfiyyə bunları dedikcə otaqdakı qadınlar biri-birinə göz vurur, irişirdilər. O, “Peyğəmbər” sözünü bir də dilinə gətirəndə, müasir dəbdə geyinmiş ortayaşlı bir qadın dözmədi:
- Ay Səfiyyə, yenə nə səfehliyirsən? Ölənin dalınca danışmazlar. Amma ərin sən deyən peyğəmbər kimi deyildi. Səndən başqa elə Bakıda üç arvad saxlayırdı. Hələ Rusiyadakı şəhərlərdə dörd arvaddan beş uşağın olduğunu demirəm.
- Aaa, nə danışırsan? - Səfiyyə dilləndi.
- Sən bilmirdin bəyəm? Hamı bilirdi də ... Gecələr evə gəlməyəndə heç maraqlanmırdın ki, ərim haradadır?
- Deyirdi “xaltura eləyirəm, evə pul gətirirəm”.
- Elə o beş-on manatla sənin başını qatırdı. Hər gecə o biri arvadlarının yanında olurdu. Barı sən danışma!
Otaqdakıların məzəmmətindən sonra mübahisə kəsildi.
Dəfn mərasimindən sonra Səfiyyə elə bil həyata təzə göz açmışdı. Onun üstünə gəlib-gedənlər Əliməmmədin borclarını tələb edirdilər. Hətta bəziləri borcu notariusla sənədləşdirmişdilər.
- Ay allah! Mən elə bilirdim ki, o, dup-duru adamdır, mənə heç vaxt yalan deməz. Sən demə ... JEK-dən də gəlib dedilər ki, “sizin on ildən bəri yaşadığınız ev Əliməmmədin ata yurdu olub. Amma valideynlərinin vəsiyyəti ilə ev mülklə birlikdə kiçik oğullarının borcuna görə girov qoyulub.
Səfiyyə dərd içində yanırdı. Hələ üstəlik uşaqlarına bacı-qardaşlar da peyda olmuşdular.
- Allah evini yıxsın bu kompüterləri icad edənin! Gündə bir şəhərdən SMS gəlir ki, biz Əliməmmədin oğul-qızlarıyıq. “Atamıza allah rəhmət eləsin, amma onun varidatı bölüşdürüləndə bizi yaddan çıxarmayın!” – deyə mesajlar ara vermirdi.
- Səfiyyə başına döyürdü ki, bu nə bəladır düşüb. Ümidi vardı ki, Əliməmmədin maşınını satdırıb heç olmasa borclarını birtəhər ödəyər. Hara? Bir gün bankdan gəldilər ki, Əliməmmədin aldığı maşın kreditlə ona satılıb. “Ya kredit borcu ödəyin, ya da avtomobil təcili qaytarılmalıdır.
- İndi ki, avtomobili kreditlə götürmüşdü, bəs niyə pulunu ödəmirdi? – Səfiyyə təəccüblənirdi. Hər gün maşının salonuna bahalı fransız ətirləri fısqırdırdı. Deyirdim ki, “Əliməmməd, qadan alım, bu ətirləri niyə havayı yerə havaya sovurursan?
- Ay arvad, bilmirsən indi camaat necə qudurub? Pis qoxulu avtomaşına minən kliyent tapmaq çətindir, - deyirdi. Mən də inanırdım, sən demə, o biri xanımlarını maşına mindirəndə ətir gərək imiş...
Mənə qonşular da, qohumlar da əbəs yerə “səfeh” adı qoymamışdılar. Elə bilirdim ki, Əliməmməddən sonra mən bu həyatda yaşaya bilmərəm. Onu şox sevirdim. İndi isə belə düşünürəm: bundan sonra mən bu həyatda həqiqətən yaşaya bilmərəm: Əliməmmədsiz qaldığıma görə yox, düşdüyüm bu bəlalara görə.
Zavallı qadın beləcə dələduzluğun qurbanı oldu ...