Sadə yaratmışdır məni təbiət,
Sadəni sevərlər, belədir adət!
Səməd Vurğun
Elə bil dünən idi. Illər nə tez gəlib keçdi?! 10 il öncə Cəmiyyətimizdə dəhlizdə qəbul otağının yanında üzləşmişdim onunla. Qarabuğdayı, bəstəboy, azca toppuş, çöhrəsində təbəssüm... Onun gəlişi ilə maraqlandım. Dedilər, Şəmsiyyə xanımdır. “Yeni Təfəkkür” qəzetinin baş redaktorudur. Milli Məclisdə akreditə olunan jurnalistdir. Cəmiyyətin prezidenti ilə görüşə gəlib...
Az sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov məni yanına çağırdı və Şəmsiyyə xanım Kərimovanı mənə təqdim edərək dedi ki, bu gündən etibarən onunla əməkdaşlıq edəcəksən və Cəmiyyət qəzetin həmtəsisçi olacaq. Mən mətbuatla, KIV-lə mütəmadi işlədiyimdən, o gündən Şəmsiyyə xanımla birgə çalışmağa başladım.
İlk görüşdən Şəmsiyyə xanım diqqətimi çəkdi. Çox xeyirxah, nəcib xanım olduğunu hiss etdim. Lakin illər keçdikcə onu daha yaxından tanımağa başladım. Onun necə gözəl insan, qayğıkeş, mehriban bir xanım olduğunun şahidi oldum.
Bu insan hər bir sözü çəkinmədən üzə deyəndir. Lakin, o sözü kimsənin qəlbinə toxunmadan deyər. Çox ədəbli, əxlaqlı qadındır. Daim gözləri gülür, üz gözündən nur yağır. Çox böyük ürəyə malik bir xanımdır. Ilahi, qəlbində yaşadığı acılara baxmayaraq, çalışır ki, onları biruzə verməsin. Hətta elə olur ki, üzdən çevrəsində olanlara güldüyü zaman içəridən ağlayır. Nə qədər möhkəm, iradəli xanımdır, ilahi.
Bir-birimizin dilini yaxşı bilirik. Ikimiz də jurnalist olduğumuzdan bir işarədən hər şeyi anlayırıq.
Şəmsiyyə xanım anasına çox bağlıdır. Ona böyük qiymət verir, sevir, əzizləyir. Yaxın qohumlarına da qayğı göstərir. Müşahidələrimdən məlumdur ki, o, yaxınlarının sevimlisidir, hamının problemini həll etməyə çalışır.
Şəmsiyyə xanımın jurnalist həmkarları arasında da, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi arasında da böyük hörməti var. O, xeyir, şərdən əsla geridə qalmır. Hamının şənliyində, matəmində iştirak edir, sevinclərini, kədərlərini bölüşür. Bir sözlə, necə deyərlər, hal-əhlidir.
Çox zarafatcıl, yumor hissi böyük olan insandır. Hərdən mənim də onunla zarafatlarım olur: “Metro ilə ..., görülən işlərlə ...”)))
Təbii ki, yazılarla, məqalələrlə bağlı mübahisələrimz də olur. Küsmək, incimək ona tamamilə yad anlayışdır.
Şəmsiyyə xanımın həyatda qazandığı çox olub. Müxtəlif diplomlara, fəxri fərmanlara, mükafatlara layiq görülüb. Lakin, həyatında ən yadda qalan, ən yüksək hesab edilən mükafatı 2010-cu ildə Milli Mətbuatın 135 illiyində Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən “Əməkdar jurnalist” fəxri adına layiq görülməsidir.
Məsuliyyətlə deyə bilərəm ki, Şəmsiyyə xanım bu adın məsuliyyətini dərk edərək, ona göstərilən etimadı doğrultmağa çalışır. Biz bunun gündəlik şahidi oluruq.
Bu yazılanları oxuyaraq Şəmsiyyə xanım deyəcək ki, Qafar müəllim nədən mətbəxi açıb, geninə- boluna yazır. Bu elə - belə, əbəs yerə deyil, yəqin ki, səbəbi var. Noyabrın 24-də Şəmsiyyə xanımın əlamətdar doğum günüdür. Hər belə əlamətdar günlərdə Şəmsiyyə xanım ayrı-ayrı insan haqqında təbrik dolu yazıları ilə mətbuatda çıxışlar edir. Məncə, növbə bizə çatıb. Biz də Şəmsiyyə xanımı təbrik etməli, onu sevindirməliyik. O, buna layiqdir.
Əzizim Şəmsiyyə xanım.
Sizi bu əlamətdar doğum gününüz – şanlı yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, səadət arzulayır, işlərinizdə uğurlar diləyirəm.
Çöhrənizdən heç bir zaman təbəssüm əskik olmasın.
Tanrı Sizi qorusun!
Hörmətlə, Sizin Qafar Əsgərzadə
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin vitse – prezidenti,
əməkdar jurnalist,
fəlsəfə doktoru