Azərbaycan qadınları ictimai-siyasi proseslərdə daim öz fəallığı ilə seçiliblər. Respublikamız müstəqillik əldə etdikdən sonra qadınların cəmiyyətdə rolu və fəaliyyəti daha da genişlənib.
Belə qadınlardan biri də Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevadır.
O, Azərbaycan Dillər Universitetində 1991-ci ildən fəaliyyət göstərən Qadınlar Şurasına hal-hazırda sədrlik edir. Yarandığı gündən ADU Qadınlar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə qadınlarla bağlı bir çox aktual məsələlər gündəmə gətirilib, respublikada qadınlara qarşı təcavüz və zorakılıq halları, hüquqlarının qorunması, ailədə, sosial-ictimai cəmiyyətdə, təhsildə onların rolu, o cümlədən universitetdə qadınların fəaliyyəti mövzularında tədbirlər keçirilib, müzakirələr aparılıb, tələbələrlə görüşlər baş tutub.
Professsor Məsməxanım Qazıyeva təkcə ADU-nun Qadınlar Şurasının deyil, eləcə də Respublika Qadınlar Şurasının üzvü olub. O, 1988-ci illəri acı illər kimi xatırlayır. Sovet ordusu Azərbaycanda qırğınlar törətdiyi dövrdə M.Qazıyeva Respublika Qadınlar Şurasının razılığı ilə Türkiyəyə və Tacikistana göndərilib. Əsas məqsəd Azərbaycanda baş verən hadisələri xarici ölkələrə teleqram vasitəsilə çatdırmaq və təbliğat aparmaq idi. Qadınlar Şurası isə bu məqsədinə nail ola bilir.
Modern.az saytı haqqında bəhs etdiyimiz professor Məsməxanım Qazıyevadan aldığı müsahibəni təqdim edirik.
- Bu peşəni seçməyiniz, elmə yolçuluğunuz haradan qaynaqlandı?
- Təbii ki, bu, bizim nəsildən gəlir. Mənim babam da, atam da, atamın ailə üzvləri də müəllim olub. Mən də atamın yolunu davam etdirmişəm. Hətta övladım da mənim yolumu davam etdirir. Müəllim həm ana, həm müəllim, həm də istiqamətvericidir. Yadıma bir hadisə düşür. Bu yaxınlarda xaricə gedərkən hava limanında Şahin adlı bir tələbəmə rast gəldim. Onun özü artıq atadır, övladı universitetdə oxuyur, lakin inanın ki, o, qarşıma uşaq kimi qaçdı və daim məni yada saldığını, övladlarına məni nümunə göstərdiyini dedi. Bu, mənim üçün böyük bir fəxr idi. Onun mənim haqqımda bu sözləri deməsi təkcə mənə deyil, bütün müəllimlərə şamil olunurdu.
- ADU Sizə nələri verdi?
- Məktəbdə oxuyarkən həkim olmağı arzulayırdım. Lakin X sinifdə atamın qəfildən dünyasını dəyişməsi ilə əlaqədar fikirləşdim ki, onun yolunu davam etdirməliyəm. Ona görə bir neçə ay müddətində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki ADU) hazırlaşdım və bura sənəd verdim. Peşman deyiləm. Müəllim sinifdə həm müəllim, həm də həkimdir. Ümumiyyətlə müəllim hərtərəfli inkişaf etmiş insan olmalıdır.
Sonuncu kursda İnstitutun Elmi Şurasının qərarı ilə biz universitetdə çalışmağa başladıq. İki ay laborant kimi işlədikdən sonra müəllim vəzifəsinə təyin olundum. Müxtəlif kurslarda dərs deməyə başladım. Axşam fakültəsində dərs zamanı iki oğlan tələbə birlikdə oturmuşdular. Onların öz aralarında danışıqlarını eşitdim: “Müəllimə özü cavandır, bizə nə öyrədəcək ?”. Özümü eşitməzliyə vurdum, çünki reaksiya versəydim, dərs pozulacaqdı. Elə etdim ki, tələbələrin rəğbətini qazanım. Sonralar həmin tələbələrin gəlib ön sırada oturaraq dərsə diqqətlə qulaq asdıqlarının şahidi oldum. Bu hadisəni ilk müvəffəqiyyətim hesab edirəm.
- Azərbaycan qadının cəmiyyətdəki rolunu necə qiymətləndirirsiniz ?
- Fikrimcə, cəmiyyət o vaxt inkişaf edər ki, orada qadın fəal olsun, qadına böyük yer verilsin, çünki belə bir kəlam da var ki, “ailədə əgər qadın savadlıdırsa, demək ailə savadlıdır, kişi savadlıdırsa, bir nəfər savadlıdır”.
Mən bunu özümə bir şüar kimi götürmüşəm. Çalışmışam ki, övladlarıma da ali savad verim. Bizim ailə elə bil kiçik cəmiyyətdir. Artıq görürük ki, cəmiyyətimizdə fəallıq göstərən qadınların sayı artır. Milli Məclisdə də, rektorlar arasında da, universitetimizin özündə də.
Qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir. Eramızın VII əsrində ərəb filosoflarından biri bəşəriyyəti quşa, kişi və qadını isə onun qanadlarına bənzətmişdi. Qanadlardan biri olmayanda quş uça bilmədiyi üçün, qadının da ailə və cəmiyyət həyatında iştirakı olmasa, inkişafdan, bəşər sivilizasiyasından danışmaq olmaz.
- Qadını nə gözəlləşdirir?
- Burada verilən sual çoxmənalıdır, birmənalı deyil. Burada xarici gözəllik nəzərdə tutulmur. Qadının gözəlliyi onun ismətində, davranışında, əxlaqında, qadının bir ana kimi övladına nümunə olmasındadır. Bu, qadının gözəlliyidir.
- Siz bir çoxları üçün çətin görünən ailə və iş vəhdətinin öhdəsindən uğurla gəlirsiniz... bu sizdə necə alınır?
- Qadın hər şeyə qadirdir. Bəlkə kişi belə öhdəliyi boynuna götürə bilməz. Həm normal iş vəzifəsini yerinə yetirsin, həm övladlara qayğı göstərsin, həm də ev işləri ilə məşğul olsun. Qarşılıqlı anlama, hörmət, etibar, inam əsasında həyat yoldaşım mənə həmişə dayaq olub. Həyatda mübariz olmağı çox sevirəm. İstər kişi, istərsə də qadın öz məqsədinə nail olmaq üçün daim mübariz olmalıdır. Ailənin milli xüsusiyyətləri, mədəni səviyyəsi, mənəvi-əxlaqi keyfiyyətləri, övlad tərbiyəsi, böyüyə, ata-anaya hörmət məsələləri məni həmişə düşündürüb və çalışmışam ki, övladlarımı da bu ruhda tərbiyə edim. Buna nail olmuşamsa, özümü xoşbəxt ana sanıram. Və ailədə bu cəhətdən problem olmadığına görə işdə bütün bu xüsusiyyətlər mənə yardımçı olub.
- Hansı maraqlarınız var?
- Dünyanı görmək. Avropanın yarısını gəzmişəm, Amerikada və müxtəlif Avropa ölkələrində olmuşam. Həm turist kimi, həm də konfranslarda və simpoziumlarda iştirak məqsədilə getmişəm. Altı dəfə Avropa Şurasının təşkil etdiyi dilçilik üzrə simpoziumlar, konfranslarda Azərbaycanı təmsil etmişəm və bu zaman da çox maraqlı hadisələrə rast gəlmişəm. Beynəlxalq tədbirlərdə erməni nümayəndələrlə qarşılaşdıqda tarixi faktları sübut etmək üçün savadlı olmaq, yüksək biliyə sahib olmaq əsas şərtdir.
- Həyatın bir anı, o anı nə vaxt yaşamısınız?
- İlk övladım və ilk nəvəm dünyaya gələndə. Təbii ki, bu anlar çox olub. Bunlar hamısı həyatın bir anı yox, bir neçə anıdır.
- Gənclikdən kök atmış hansı arzunuz hələ də qəlbinizə sığınıb?
- İnsanın arzuları bitmir. Hər gün, hər dəqiqə yeni bir arzu əmələ gəlir. Arzum Qarabağın alınmağıdır.
- Gənclərə tövsiyyələriniz?
- Elm və kamalı əldə etməyi hər şeydən üstün tutmalıdırlar. Çünki elm və kamal vasitəsilə hər şeyi əldə etmək olar. Tövsiyyəm budur ki, xarici ölkəyə gedəndə onlar təkcə özlərini deyil, eləcə də 9 milyonluq Azərbaycanı davranışları, əxlaqları, savadları, bilikləri ilə təmsil etsinlər.
Aytən Zəhra