filologiya üzrə elmlər doktoru, professor
Daş insanların, o cümlədən türklərin məişətində, həyatında, inam və inancında böyük rol oynadığı üçün yer-yurd adlarında daş komponenti izini qoruyub saxlayıbdır. Məsələn, Amasiyada Daşkörpü (kənd adı), Şəkidə Daşbulaq, Daşüz (kənd adı), Daşağıl (kənd adı), Aşağı Daşağıl (kənd adı), Yuxarı Daşağıl (kənd adı), Daşqaya (Şəkinin girəcəyində yer adı), Naxçıvanda Biçənək adlanan ərazidə Sandıq daş, Miz daş, Saat daşı (yer-yurd adlarıdır), Oğuzda Daşüz (yer-yurd adı), Daşağıl (yer-yurd adı), Göyçənin Ağbulaq kəndində Daşdıqlı dərə (dərə adı), Daşçıxan (örüş və yurd adı), Daşdı gəzdək (örüş və yurd adı) və s. Həm də qaya sözü daş sözü kimi öz izini yer-yurd adlarında mühafizə edibdir. Məsələn, Amasiyada Qayabaşı (biçənək yeri), Naxçıvanda Biçənək adlanan ərazidə Ağ qaya (yer-yurd adı), Qara qaya (yer-yurd adı), Ballı qaya (yer-yurd adı), Sarı qaya (yer-yurd adı), Gəlin qayası (yer-yurd adı), Göyçənin Ağbulaq kəndində Kəmənd qaya (qaya adı), Danaçı qayası (qaya adı), Qatar qaya (qaya adı), Muqoyun qayası (qaya adı), Məkə qayası (qaya adı), Aralıq dərənin qayası (qaya adı), Ağıllı qaya (qaya adı), Qaçaq qayası (qaya adı), Kazım düşən qaya (qaya adı), Ovux qaya (qaya adı), Sarı qaya (qaya adı), Şişqaya (qaya adı) və s. Burada daş və qaya sözlərinin bütün yer-yurd adlarında qorunub saxlanılmasını vermək məqsəd deyildir. Məqsəd odur ki, daş və qaya komponentinin yer-yurd adlarında işlənməsi səbəbinin bu komponentlərə olan inamla bağlı olmasını diqqətə çatdırmaqdır. Daş, qaya qədim türkün düşüncəsində mifonimləşmiş bir obrazdır. Yaddaş kodumuz bu mifonimə arxalanır, güvənir. Bu mənada M.Arazın aşağıdakı şeiri təsadüfi sayılmamalıdır:
Bir qayaya söykənmişəm, deyirəm kaş:
Bax beləcə daşa dönəm yavaş-yavaş
Taleyimi qayaların taleyinə bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini qayalara xatırladam,
Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar.
İnsanların nərəsindən doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi, dayaq olub, yumruq olub, ox olublar.
Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar,
Bu torpağın taleyində o da elə bir gün idi.
İgidlərin yaşaması daş olmaqla mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə
Bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
Siz babamın qardaşlığı,
Təbiətin səpdiyi bir zəmi sanım
Bəlkə elə bu daşlığı!
Siz ey qədim əfsanələr,
Şeirimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq
Bu daşların, qayaların keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni bir balaca daş əsgəri
Qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı...
Daşla bağlı atalar sözlərinin yaranması daşın insan həyatında oynadığı önəmli roldan qaynaqlanır. Məsələn, “Daş atan bəlli, baş tutan bəlli”, “Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa”, “Daş daşa söykənərək – divar olar”, “Daş düşdüyü yerdə ağır olar”, “Daş qayaya rast gəlib”, “Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər”, “Daşın böyüyü dostdan (yaxından) gəlir”, “Daşürəkli düşmənin bağrın yarar yumşaqlıq” və s. Göründüyü kimi, daşla bağlı atalar sözlərinin hər birinin arxasında bizə məlum olan və olmayan tarix durur. Ancaq bu tarix onu söyləməyə əsas verir ki, daş həmişə insanın karına gəlib, onun həyatında önəmli rol oynayıbdır. Bunu “Yük əyməsə, daş qəribçiliyə düşməz” ifadəsinin izahında da bir daha təsdiq etmək olar. Belə ki, qədim zamanlarda yüklərin daşınmasında karvanlardan istifadə edilmişdir. Yüklər dəvələrə, qatırlara yüklənmişdir. Əgər yüklənmiş heyvanın sağ və sol tərəfindəki yüklərin çəkisində azacıq da fərq olsaydı, onda heyvan yükü aparan zaman yük ağır olan tərəfə doğru əyilməyə başlayırdı. Ona görə də yük heyvanın üstündən aşmasın deyə yükün yüngül tərəfini ağır tərəfi ilə bərabərləşdirmək lazım gəlirdi. Belə olan təqdirdə yerdən lazım olan çəkidə daşı götürüb yükün yüngül tərəfinə qoyurdular. Bununla da yükdə tarazlıq yaranırdı və karvan mənzil başına çatdıqdan sonra həmin daşı bir tərəfə atırdılar. Beləliklə, daş götürüldüyü yerdən uzaq düşürdü. (bax: Məmmədəli Qıpçaq. Söz aləminə səyahət. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2002, s.97-98) Bununla onu qeyd etmək istəyirik ki, daş qədim insanların həyatında, məişətində istifadə etdiyi ən gərəkli vasitələrdən biri olub. Hətta daşdan hazırlanan kəsici alətlər yenə də daşın insan üçün faydalı bir vasitə olduğuna inandırıcı dəlildir. Onu da qeyd edək ki, daş insan həyatında ilk silah olub.