Tanınmış şərqşünas və tərcüməçi Məsiağa Məhəmmədinin “Şəhriyar və zəmanəmiz” adlı yeni kitabı çapdan çıxıb.
Modern.az saytı xəbər verir ki, kitaba alimin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazdığı məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş iri həcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilib.
Kitabda Şəhriyarın fəlsəfi dünyaduyumunun əsas aspektləri, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşləri açıqlanır, onun XX əsr İran şeirində müstəsna yerini şərtləndirən amillər müəyyən edilir. Şəhriyar poeziyasının tərcüməsi məsələləri də kitabda geniş yer tutur.
Kitabın redaktoru, tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov “Şəhriyar şeirinə yeni baxış” adlı ön sözündə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin Şəhriyar yaradıcılığına dair tədqiqatlarının elmi-ədəbi dəyərini vurğulayıb, onun araşdırma predmetinə özünəməxsus və fərqli yanaşmasını ayrıca qeyd edib.
Kitab şərqşünas və ədəbiyyatşünaslar, eləcə də Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Modern.az