“Kitabevim” kitab mərkəzində millət vəkili Qənirə Paşayevanın "Sağlamlığın öz əlində..." kitabının oxucular üçün imzalanması mərasimi keçirilib.
Ziyalıların, gənclərin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən imzalanma mərasimində “Kitabevim” kitab mərkəzin rəhbəri Şəmil Sadıq, kitabın redaktoru Əkbər Qoşalı və bir sıra ziyalılar çıxış edərək müəllifin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Məlumat verilib ki, kitabda Qənirə Paşayevanın əhalinin tibbi maariflənməsi ilə bağlı müxtəlif dövrlərdə yazdığı məqalələr, Milli Məclisdə etdiyi çıxışlar özündə əks etdirir.
Tədbirdə çıxış edən Qənirə Paşayeva bildirib ki, bu gün insanları tibbi maariflən(diril)məsi işinin genişləndirilməsi ən vacib məsələlərdən biridir və bununla biz cəmiyyətimizdə bir sıra xəstəliklərlə daha təsirli mübarizə apara və onları mümkün olduğu qədər azalda bilərik: “Bir sıra xəstəliklərdən əziyyət çəkənlərin sayı sürətlə artmağa başladı... yeni xəsətlik növləri tibbə məlum oldu; və budur, bəzi xəstəliklər isə bizi artıq “SOS!” siqnalı çalmağa məcbur edir. Bölgələrimizdə, kəndlərimizdə insanlarla görüşlər və az qala hər gün aldığım çoxsaylı məktublar əsasında deyə bilərəm ki, əhalinin tibbi maariflən(diril)məsi işinin qısa zamanda sürətlə genişləndirilməsi indi ən vacib məsələlərdən (vəzifələrdən!) biridir”.
Q.Paşayeva deyib ki, kitab tibbi maariflən(dir)mə adlı ümumi işimizə, kiçik də olsa, bir töhfə olacaq.
Millət vəkili bildirib ki, kitab pulsuz şəkildə bütün universitetlərə, məktəblərə, xəstəxanalara, gənclər və idman mərkəzlərinə, kitabxanalara hədiyyə olunmağa başlanılıb.
Modern.az