Modern.az

Əli baltalı aciz... Əl-fətahdan gələn zəng... Fironun uçuşu...

Əli baltalı aciz... Əl-fətahdan gələn zəng... Fironun uçuşu...

8 Dekabr 2015, 12:23

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

O, Şərqin ən qədim tarixə və mədəniyyətə malik bir məmləkətində dünyaya göz açdı. Zaman ötdükcə, onun uşaqlıq arzuları gah yelkənli qayıq kimi Nil çayının uzaq ənginliklərində gözdən itir, gah da Səmama quşunun uzun qanadlarında mübhəm sirlərlə dolu Misir ehramlarını dolaşırdı... Hər gün kitablar aləminin müsafiri olan yeniyetməni sözün ecazkar sehri öz ağuşuna alıb uzaqlara aparırdı. Özünü dərk edən andan taleyini ədəbiyyata, elmə bağladı, gənc yaşlarından ədəbi zirvəyə doğru yola çıxdı. Yoluna kimlər çıxmadı... Məkrli qara qüvvələrlə təkbaşına savaş meydanında üz-üzə gəldi, qələmini misri qılıncla itiləyərək amansız mübarizədə "Nilin susmayan haqq səsi" oldu, sədası aləmə yayıldı, sonda azad söz, həqiqət uğrunda mücadilədən kamal və fəhminin gücü ilə qalib, üzüağ çıxdı, bədii kəlamının qüdrəti ilə milyonların qəlbinə yol tapdı və dünya ədəbiyyatı tarixinə öz adını: Mahmud Teymur ismini yazmağı bacardı...

Şərqin Mopassonu...


Ərəb aləmində  "Şeyxul kessa əl-arabiyyə " (Ərəb hekayələrinin Şeyxi, başçısı) və "Şərqin Mopassonu" adlandırılan dünya şöhrətli yazıçı Mahmud Teymur  ərəb ədəbiyyatında kiçik hekayə, realist novella janrının yaradıcılarından biridir. Misir həyatının gerçəkliyini, dövrünün ictimai-siyasi mənzərəsini, tarixi olayları, cəmiyyətin müxtəlif təbəqələrinə mənsub insanların yaşantılarını, şahidi olduğu hadisələri qələmə alan  Mahmud Teymur yeni dövr ərəb nəsrində özünəməxsus dəsti-xətti, yaradıcılıq üslubu, fəlsəfi dünyagörüşü ilə seçilir. Məşhur ərəb yazıçısı və tənqidçisi Məhəmməd Fərid abu-Hədid qüdrətli qələm sahibini  belə xarakterizə edirdi: "Rus ədəbiyyatında  Çexov, Fransız ədəbiyyatında Mopassan hansı zirvədədirsə, bizim ədəbiyyatda da Mahmud Teymur  zirvəsi eyni ucalıqdadır". 

Teymurlar nəslinin müqtədir nümayəndəsi...

Mahmud Teymur 1894-cü ildə ədəbiyyatşünas alim Əhməd Teymur Paşanın ailəsində dünyaya gəlib. Ərəb ədəbiyyatına və elminə məşhur şəxsiyyətlər  bəxş edən Teymurlar Qahirənin əsil-nəcabətli nəsillərindən sayılır. Yazıçının atası ictimai-elmi fəaliyyətinə görə, Misir sultanlığında ən yüksək fəxri rütbə sayılan "Paşa" titulu ilə təltif edilmişdir. O, fars, türk, fransız dillərini mükəmməl öyrənmiş, ərəb ədəbiyyatı tarixindən bəhs edən elmi əsərlər, monoqrafiyalar qələmə almışdır. Mütaliəni hədsiz dərəcədə çox sevən, kitabı insanın mənəvi qidasi, kamilliyə doğru gedən yolun bələdçisi adlandıran Əhməd Teymur sözün həqiqi mənasında, kitab aşiqi idi. Dəməşq, İstanbul, Bağdad, Avropa kitabxanalarında qorunub saxlanılan orta əsrlərə aid nadir əlyazmaların nüsxələrini, nəşrlərin görüntülərini, dini, elmi, tarixi, bədii kitabları, müxtəlif dövrlərə aid coğrafi xəritələrin əslini, şəkillərini, əntiq əşyaları, qiymətli rəsm əsərlərini toplayan Əhməd Paşa  Qahirədə şəxsi vəsaiti hesabına "kitab evi" inşa etdirir və məşhur "əl-Teymuriyyə" kitabxanasını yaradır. Yarandığı ilk gündən ziyalıların, oxucuların fikir mübadiləsi mərkəzinə çevrilən kitabxanaya əməlisaleh alim varidatının xeyli hissəsini sərf etmişdi.

Əhməd Teymur 1889-cu ildə  zadəgan qızı Xədicə xanımla ailə həyatı qurur və onların bu evlilikdən İsmayıl, Məhəmməd və Mahmud adlı oğlanları dünyaya gəlir.


Lakin 1899-cu ildə həyat yoldaşının vaxtsız vəfatından sonra bir daha evlənməyən Əhməd Teymur  ömrünü  övladlarına və elmi-ədəbi yaradıcılığa həsr edir. O, oğlanlarının təlim-tərbiyəsinə ciddi nəzarət edir, onların yüksək səviyyədə təhsil almaları, cəmiyyətdə layiqli yer tutmaları üçün var gücü ilə çalışırdı. Bir nümunəvi ata olaraq, Əhməd Teymurun övladları yolunda çəkdiyi əzab-əziyyətləri hədər getmədi. Məhəmməd və Mahmud  atalarının yolu ilə gedərək, həyatlarını elmə, ədəbiyyata həsr etdilər.

Uşaqlıq və gənclik illəri...

Mahmud Teymurun kiçik yaşlarından yaradıcı mühitdə böyüməsi onun gələcəkdə yazıçı kimi püxtələşməsində mühüm rol oynayır. Qahirənin elmi-ədəbi elitasında böyük nüfuz sahibi olan atasının vaxtaşırı təşkil etdiyi söz-sənət məclislərində o dövrün məşhur şairləri, yazıçıları, elm və incəsənət  xadimləri iştirak edirdilər. Elm və ürfan sahibləri ilə ünsiyyətdə olan, qələm əhlinin ibrətamiz söhbətlərini maraqla dinləyən Mahmudun düşüncə dünyası daha da zənginləşirdi.   

İbtidai təhsilini "Mədrəsətil Nasiriyyə"də, orta təhsilini  "Mədrəsətil İlhamiyyə"də alan yazıçı hələ kiçik yaşlarından atasının məsləhəti ilə dünya klassiklərinin əsərlərini mütaliə edir. Mədrəsəni  bitirdikdən sonra ali məktəbə daxil olsa da, yatalaq xəstəliyinə tutulması səbəbindən təhsilini yarımçıq qoyur. Müalicə məqsədi ilə İsveçrəyə gedən gənc Mahmudun Avropa səfəri uzun çəkir. O, ali təhsilini davam etdirməklə yanaşı, modern Qərb ədəbiyyatı ilə yaxından tanış olmaq fürsətini əldə edir. Avropa ədəbi mühiti, realist, müxalif, azad ruhlu Qərb ədəbiyyatı onun yaradıcılığına, siyasi, fəlsəfi  baxışlarına mühüm təsir göstərir. Mahmud Teymur ilk hekayəsini 1919-ci ildə qələmə alır. Lakin 1921-ci ildə böyük qardaşı Məhəmmədin vaxtsız vəfatından mənəvi-psixoloji sarsıntı keçirərək, bir müddət ədəbi yaradıcılığa ara verir.  

Qələmini  dövrünün nəbzi üstünə qoymuş yazıçı... 

Bədii yaradıcılığa şeirlə başlayan Mahmud Teymur Qahirədə nəşr olunan və geniş oxucu kütləsinə malik bir sıra məşhur qəzetlərlə fəal əməkdaşlıq edirdi. Onun qələmə aldığı hekayələri, publisistik yazıları, elmi, tarixi araşdırmaları, müxtəlif mövzulu məqalələri  "əl-Şəbab", "əl-Təmsil",    "əl-Fəcr", "əl-Fusul", "əl-Sakafa", "əl-Cumhuril-Masri" kimi ədəbi dərgi və qəzetlərdə müntəzəm dərc olunurdu.

Mahmud Teymur  "Mən necə yazıçı oldum" adlı məqaləsində qeyd edirdi: "Mən bütün varlığımla ədəbiyyata bağlanmışdım. Al-əlvan, bəzən də ağlı-qaralı həyat lövhələri, real hadisələr, müxtəlif  insan obrazları sahib olduqları daxili aləmləri ilə sanki rəsm tablosu kimi gözümün önündə çəkilirdi. Həyatda üzləşdiyim insanların yaxşısını, pisini, mərdini, namərdini təfəkkür dünyamın süzgəcindən keçirdim. Söz səltənətinin bitib-tükənməyən sətirlər aynasında real gerçəkliyə söykənən tablolar yaratdım. Dostlarım tez-tez söyləyirdilər ki, mən öz əsərlərimdə onların qəlb sirlərini qələmə alıram və bu gizlinləri açıq-aşkar bəyan etdiyim üçün daima tənbeh olunurdum. Amma əslində bu belə deyildi... Məni maraqlandıran ətrafımda olan insanların xarakterləri, onların yaşam tərzləri idi. Əgər onlar əsərlərimi oxuyarkən müxtəlif qəhrəmanlar içərisində sanki güzgüyə baxırmış kimi,  özlərini görürdülərsə, deməli  düşüncələrimi gerçəkləşdirməyi bacardım və bu mənim uğurum idi..." .

Hekayələr Şeyxinin fəlsəfi-publisistik, ədəbi-elmi irsi...

XX əsr Misir ədəbiyyatının parlaq simalarından biri, ərəb milli ruhunun dərin ifadəçisi Mahmud Teymurun zəngin ədəbi irsi fəlsəfi-bədii siqləti baxımından seçilir və öz aktuallığını bu gün də qoruyub saxlayır. Yazıçının hekayə və romanları realizmi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, tənqidçi alimlər və tədqiqatçılar Mahmud Teymur əsərlərini  "XX əsr Misir həyatının  güzgüsü" hesab edirlər. Dövrünün siyasi mühitini, ictimai mənzərəsini, mədəni ab-havasını, hakim düşərgədə baş verən müəmmalı olayları, kəsdiyi başa sorğu-sual olmayan, xalqı qorxu altında saxlayan yüksək rütbəli hökümət adamlarının, mənsəb sahiblərinin cinayət əməllərini, məmur özbaşınalıqlarını, dolanışıq naminə hər cür əziyyətə qatlaşan kasıbların yaşam mübarizələrini, işsizlərin üzləşdiyi iztirabları, problemlər məngənəsində sıxılan ziyalıların qarşılaşdıqları çətinlikləri qələmə alan yazıçının əsərlərində tənqidi ruh, ifşa hədəfləri, sətiraltı eyhamlar aşıq-aşkar hiss olunur.

Yazıçının ilk kitabı "Şeyx Cuma vu kesas uxra" (Şeyx Cümə və digər hekayələr) adlı novellalar məcmuəsi 1925-ci ildə Qahirədə çap olunur. "Kulli am vu untom bi-xeyr" (Yeni iliniz mübarək) və "Ehsan Lillah vu kesas uxra" (Allahın ehsanı və digər hekayələr) adlı əsərləri ədəbi  ictimaiyyət, oxucular arasında böyük əks-səda doğurur, nasirə böyük uğur gətirir.

30-dan artıq kitab müəllifi olan Mahmud Teymurun bədii-publisistik irsi uzun illərdir tədqiqatçıların, ədəbi tənqidçilərin, dünya şərqşünaslığının diqqət mərkəzindədir. Hekayələr ustasının zəngin yaradıcılıq yolu müxtəlif istiqamətlərdən araşdırılır, əsərlərinin ideya-məzmun məziyyətləri ərəb və əcnəbi alimlər tərəfindən geniş şəkildə tədqiq olunur.  


Yazıçının hekayə kitabları:

"Şeyx Seyid əl-Abit", "Racab Əfəndi", "əl-Həc əl-Şelbi" (Hacı Çələbi),
"Bint il-Şeytan" (Şeytanın qızı), "Aştar min İblis" (İblisdən ağıllı),
"Əl-risələ" (Məktub), "Abu Ali aemel artist" (Usta Əlinin artistliyi),
"Əl-maxba rakam 13" (13 nömrəli gizli yer).

Romanları:

"Kleopatra fi xan əl-Xəlil" (Kleopatra xan əl-Xəlildə)
"Selva fi mehab əl-rih" (Selva küləyin əsdiyi yerdə)
"Əl-Masabih əl-zarq" (Mavi lampalar)
 "Nidə əl-məchul" (Naməlum çağırış)

Teatr əsərləri, pyesləri:

Havva əl-xalidə" (Əbədi Həvva), "İlyoum xamr" (Mey günü)
"Saqr əl-Kureyş" (Qüreyş şahini), "Avvali" (Zirvədəki) 

Ədəbi-fəlsəfi düşüncələri:

"Əl-Atr vu dıxan" (Ətir və tüstü), "əl-Nəbi əl-insən" (İnsan peyğəmbər)
 "Şifə əl-roh" (Ruhun şəfası), "İntisaril-hayat" (Həyatın təntənəsi)

Səyahət əsərləri:

"Şəms vu leyl" (Günəş və gecə), "Cəziratul hob" (Məhəbbət adası)
"Abul-Hul yetiyr" (Abu-Hulun uçuşu)

Ərəb dili və ədəbiyyatına aid əsərləri:

"Muşkilət əl-luğa əl-arabiyyə" (Ərəb dilinin problemləri)
"Muacam əl-hadra" (Mədəniyyət  lüğəti)
"Fənnil-kesas" (Sənət hekayələri)
"Talayea əl-məsrah əl-hədis" (Müasir səhnənin öncülləri) 
"Əl-ədb əl-hədif" (Məqsədyönlü ədəbiyyat)
"Dirasat fil kessa vul masrah" (Hekayə və səhnənin öyrənilməsi).

Yazıçının "Abu Ali əl-fənnən" (Sənətkar Abu Əli), "Faroun əl-sağir" (Balaca firon), "Zamir əl-həy" (Küçə zurnaçısı), "Ehsan Lilllah vu kesas uxra" (Allahın ehsanı və digər hekayələr), "Maktub alə əl-cəbin" (Alın yazısı), "Şifəə galiza" (Qalın dodaqlar), "Dunya cedidə" (Yeni dünya), "Kanabil" (Bombalar), "Bint əl-şeytan" (Şeytanın qızı), "İləl i-ka eyyuhəl hob" (Hələlik, sevgilim görüşənədək) adlı kitabları müxtəlif coğrafiyada yaşayan xalqların dilinə (ingilis, fransız, ispan, italyan, alman, rus, macar, çin, yapon, türk, hind, benqal və s.) tərcümə edilib və bir çox ölkələrdə yüksək tirajla dəfələrlə çap olunub.

"Mən qatiləm"...


Populist  çıxışlarla, yalan vədlərlə xalqı aldadan, mandat əldə etdikdən sonra başları var-dövlət yığmağa qarışan,"əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" şüarı ilə gününü keçirən, özünü "ağıl dəryası" hesab edən, ismləri mətbuatın dilindən düşməyən, simaları qəzet səhifələrini bəzəyən müftəxor deputatları, ölkənin sərvətini çapıb talayan yüksək rütbəli mənsəb sahiblərini daim tənqid atəşinə tutan dahi yazıçının 1961-ci ildə qələmə aldığı "Ənəl-Katil" (Mən qatiləm)  hekayəsində fərdlə cəmiyyət arasında mövcud olan ziddiyyətli rabitədən bəhs olunur. Varlı-kasıb, əzən-əzilən, oliqarx-səfil kimi qütbləşmənin xalqı uçuruma aparmasına işarə edən Mahmud Teymur "Mən qatiləm"də fərqli sosial təbəqələrə mənsub insanların düşüncələrini, psixoloji durumlarını, həyat tərzini təsvir edir: Qahirənin yoxsullar məhəlləsində yaşayan, səfil-sərgərdan ömür sürən 30 yaşlı gəncin bir tikə çörək pulu qazanmaq üçün döymədiyi qapı, getmədiyi ünvan qalmayıb. Əli hər şeydən üzülən, kimsəyə etibar və inamı qalmayan aciz  gənc üçün şirin dünya acı cəhənnəmə çevrilir, gözünə qorxunc, eybəcər kölgələr görünür, özünü enli dar ağacının altında hiss edir. Beynində dolaşan fikirlər ona rahatlıq vermir və bir gün... Həyatından bezən gənc etmədiyi cinayəti boynuna götürür. Çünki, onun ən böyük arzusu nəyin bahasına olursa olsun, cəmiyyət içində, insanlar arasında tanınmaq, məşhurlaşmaqdır. Cinayətin baş verdiyi gecə dar hücrəsində Ülkər ulduzuna baxaraq tərki-dünya düşüncəsinə qərq olan biçarə gənc həyatda üzünü görmədiyi və əli qanına bulaşmayan qadının "qatili" olsa belə, bu istəyinə nail olur. Hakim zümrəyə mənsub xanımın müəmmalı ölümü cəmiyyətdə böyük rezonansa səbəb olur. Ölkə qəzetləri baş verən cinayəti dayanmadan işıqlandırır və "cani gənc" bir gecədə  mətbuat ulduzuna çevrilir. O, dar məhbus kamerasında ölüm mələyini gözləsə də, xöşbəxtdir. Çünki, arzusunda olduğu məşhurluğun zirvəsinə bir günün içində çatmışdı. Etmədiyi cinayəti boynuna alan və edama məhkum olunan aciz bir gəncin həyat hekayəsi oxucunu kədərli ovqata kökləyir. Bir tərəfdə "mən də varam, səsimi duyun" deyə hayqıran səfil gəncin timsalında zavallı, kasıb kütlə, digər bir tərəfdə özünü "ağıllı" sayan, "elit" adlandıran bir qrup harınlamış, başıboş varlı təbəqə və ağız dolusu təriflənən cəmiyyətdə insana verilən "qiymət"...

Abul-Hulun uçuşu...

Avropa və Şərq ölkələrinə tez-tez səyahət edən Mahmud Teymur 1944-cü ildə səfər təəssüratlarından bəhs edən "Abul-Hul yetiyr" (Abu-Hulun uçuşu) adlı yol qeydlərini qələmə alır. Əsərin adı sətiraltı məna daşıyır, sabahından nigaran, ictimai rabitələri süstləşən bir cəmiyyətdə cərəyan edən proseslərə, baş verən hadisələrə işarədir. Belə ki, insan başlı, aslan bədənli nəhəng sfinks heykəli Misirdə Abul-Hul "vahimələr, dəhşətlər atası" adlanır və əsərdə əzəmətli abidənin, fironun uçuşu sətiraltı eyham, istehza ilə sahibinə ünvanlanıb. Səyahət əsəri yazıçının gördüyü, şahidi olduğu hadisələrdən, maraqlı əhvalatlardan bəhs edir. Səfər boyu gördüklərini tam təfərrüatı ilə qələmə alan Mahmud Teymur tarixi olaylardan söhbət açır, vəzirə göndərilən təvəqqe məktubu, əl-Fətahdan gələn mühüm zənglə bağlı gizlin məqamlara da toxunur.

Misir, İraq  Ərəb Dili Akademiyasının fəxri  üzvü...

Mahmud Teymurun fəaliyyəti çox cəhətli olmuşdur. Nasir, dramaturq, ədəbiyyatşünas, tənqidçi, publisist, ictimai xadim... Bədii əsərlərlə yanaşı, xeyli sayda elmi-publisistik məqalələr, monoqrafiyalar müəllifi olan Mahmud Teymur 1949-cu ildə Misir Ərəb Dili Akademiyasının həqiqi üzvü, 1961-ci ildə isə, İraq Elmlər Akademiyasının fəxri üzvü seçilir. Qahirə akademiyasının nəzdində fəaliyyət göstərən "Ərəb ədəbiyyatı", "Ərəb yazısının asanlaşdırılması", "Əski və müasir Ərəb dili" komissiyalarına məsul katib seçilən Mahmud Teymurun ziyalı-alim kimi  elm, təhsil sahəsində xidmətləri böyükdür.   

Nüfuzlu mükafatlar, titullar sahibi...

Bəşəri  fikirlər carçısı olan dahi yazıçı ədəbi, ictimai, elmi fəaliyyətinə görə, bir sıra nüfuzlu mükafatlar, adlarla təltif olunub. 1947-ci ildə Ərəb Dili Akademiyasının təsis etdiyi hekayə janrı üzrə ədəbi mükafata, 1950-ci ildə Misir dövləti tərəfindən Ədəbiyyat Xadimi fəxri adına layiq görülən Mahmud Teymurun şöhrəti  artıq ölkə hüdudlarını aşır. Fransız dilinə tərcümə olunan "Azrael əl-karya vu kesas uxra" (Kəndin Əzrayılı və digər hekayələr) kitabı avropalı oxucuların rəğbətini qazanmaqla yanaşı, ədəbi müstəvidə tənqidçilərin də marağına səbəb olur. Dünya şöhrətli yazıçı Fransa ilə Misir Ərəb Respublikası arasında mədəni-ədəbi əlaqələrin inkişafında  göstərdiyi xidmətlərə görə, Fransa dövlətinin xüsusi fəxri mükafatı ilə təltif olunur. Beynəlxalq Ərəb Dili Qurumu tərəfindən "Elm və Sənət Medalı"na layiq görülən Mahmud Teymur 1962-ci ildə Misir hökümətinin Birinci Dərəcəli İmtiyaz Nişanı, 1963-cü ildə isə, ədəbiyyat  üzrə Ali Təqdir mükafatı ilə təltif olunur.

Ömrünün son illəri...

Ağır xəstəliyə düçar olan dahi ədib ömrünün son illərində sevimli qələmi ilə təskinlik tapırdı. Xəstə olmasına baxmayaraq, yaradıcılıqla məşğul olur, yazıb-yaradırdı. Lakin amansız xəstəlik zaman keçdikcə artıq öz gücünü göstərirdi. Ailəsinin və dostlarının təkidi ilə İsveçrəyə müalicəyə gedən Mahmud Teymur 23 avqust 1973-cü ildə Lozanna  şəhərində  dünyasını dəyişir və nəşi Misirə gətirilərək rəsmi mərasimlə  Qahirədə dəfn olunur. Vəfatından sonra yazıçının şərəfinə ərəb aləmində ədəbi mükafat təsis edilir və fərqli yazı üslubu ilə seçilən gənc nasirlər  Mahmud Teymur adına mükafatla təltif olunurlar.

Misir ədəbiyyatının əbədiyaşar ədibi...

O, yazı masasının üzərindəki mürəkkəbli qələmi ilə ömürlük  əhd-peyman bağladı. Son nəfəsinə qədər əhdinə, əqidəsinə sadiq qaldı. Onun düşüncə karvanı həqiqət və ədalət sorağında ucsuz-bucaqsız söz səhrasının bədii-məcazi qatlarından, kinayəli, eyhamlı dolaylarından, rəmzi məna daşıyan gizli yollarından keçdi. Gördüklərini, eşitdiklərini, xatirələrini, düşüncələrini, arzu və istəklərini ağ vərəqlərə köçürdü... "Kəndin Əzrayılı"na çevrilən "Balaca firon"u xalqın "Mühakimə"sinə verdi, "Xarabalıqlar"dan çıxan, özünü "İblisdən ağıllı" sayan "Usta Əlinin artitsliyi"ni  "Kleopatra"dan gələn "Məktub"la bəyan etdi, "Naməlum çağırış"ın sirrini "13 nömrəli gizli yer"də araşdırdı, "Xilaskar"ın tale yolunu "Alın yazısı"na bağladı, "Zirvədəki"lərin zəfərini, "Qüreyş şahini"nin qələbəsini "Həyatın təntənəsi"ndə paylaşdı, "Yeni dünya" diləyi ilə, "Günəş və gecə"li "Məhəbbət adası"nda "Hələlik, sevgilim görüşənədək" söylədi...


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu