Ceyhun Hacıbəylinin müxtəlif dillərdə (Azərbaycan, rus, fransız) yaratdığı obrazlar qalereyası müxtəlif dövrləri, ayrı-ayrı coğrafi məkanları, fərqli millət və sosial təbəqələri təmsil edirlər. Azərbaycanda dərəbəyilik edən, kəndlilərlə vəhşicəsinə davranan çar məmuru Pristav ağa («Pristav ağa» hekayəsi. «Proqres» qəzeti, № 6,7, 1907), xəsislikdə və əyalına münasibətdə Hacı Qaradan heç də geri qalmayan, möminliyi də şübhə doğuran Hacı Kərim («Hacı Kərim» povesti. Bakı, Azərnəşr, 1995, 36 səh., təkrar nəşr), eləcə də öz həmkəndlilərini döyüb-söyüb talayan qaçaq Zeynal («Zaqafqaziya kəndlisinin həyatından» hekayəsi. «Baku» qəzeti, 12 iyul, № 154) XIX əsrin II yarısı XX əsrin əvvəllərinin tipik qəhrəmanlarıdır. Amrul-As («Barışmaz ata» hekayəsi, «Kaspi» qəzeti, № 91, 22 aprel 1912), həmçinin Harun Əl-Rəşid («Nümunəvi sübut», «Müdrik hakim» hekayələri. «Kaspi» qəzeti, № 100, 3 may 1912; № 105, 11 may 1912) Qədim Şərq həyatının qəhrəmanlarıdır. Müəllim Nejdanov («Nejdanovun işi» hekayəsi. Ceyhun Hacıbəylinin seçilmiş əsərləri. Tərtibçi, tərcüməçi, ön sözün müəllifi Mirzəbala Əmrahov, Bakı, «Elm», 2006) isə Sovet rejimi dövrünü təmsil edir. Göründüyü kimi Ceyhun bəyin qəhrəmanları eyni cəmiyyəti təmsil etmədikləri kimi, həyat və təfəkkür tərzlərinə görə də bir-birindən kəskin fərqlənirlər. Mövzu, obrazlar, mühit, eləcə də yazıçının dili, əsərlərin janrı dəyişsə də, yazıçının təlqin və təqdim etdiyi ideya isə qalır: fərdin, cəmiyyətin, millətin, dövlətin ən böyük sərvəti azadlıqdır, ədalətdir, insan haqlarıdır. Ceyhun bəy xırda ailə, məişət problemlərindən, qadın hüquqları və azadlıqlarından yazanda da, rejim və ideologiya mövzusunda bəhs edəndə də öz ideyasına sadiqdir.
Bu baxımdan C.Hacıbəylinin «Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı» adlı irihəcmli hekayəsi də istisna təşkil etmir. Əsər Azərbaycan və rus dillərində Münhendə nəşr olunan «Azərbaycan» jurnalında dərc edilmişdir (№ 3, 4, 5, 1952; № 6-7, 9, 10, 14, 1953). Hekayənin ilk hissəsinin verildiyi 3-cü nömrədəki redaksiya yazısı diqqəti çəkir. Orada deyilir: «Ceyhun Hacıbəylinin bu yaxınlarda fransızca mühüm bir əsəri çıxacaqdır: «Proces dont on na pas parle». Azərbaycan türkcəsində əsərin adı belə səslənir: «Səssiz-küysüz məhkəmələr». Doğrudan da, dünya ictimai fikrini cəlb etmiş «gurultulu» Moskva məhkəmələrinə nisbətən milli cümhuriyyətlərdə qurulan məhkəmələr «səssiz-küysüz» keçdi. Lakin burada da məqsəd eyni idi. Rusiya daxilində olduğu kimi, bu ölkələrdə də Stalin öz mütləqiyyətini möhkəmləndirmək üçün bir neçə nəfər istisna olmaqla, bütün köhnə kommunistləri öldürtməli idi. NKVD-yə mənsub «klassik» bir metodla öldürtdürməkdən əvvəl isə onları əhalinin nəzərində müttəhim etmək, ləkələmək, ictimai rəyi formalaşdırmaq lazım idi. Lakin «milli» kommunistlərin əksəri ruslar kimi «könüllü» və «topdan» etiraf sistemini çox da mənimsəmədiklərindən məhkəməsiz öldürüldü, öldürülənlərin xatirəsini ləkələmək rolu isə nadirən məhkəməyə saxlanmış «sadiq» və «fanatik» kommunistlərin öhdəsinə düşmüşdü ki, bunlar da axıradək prokurorun sorğusuna «ləbbeylik» deyib, hər bir alçaqlığa gedəcəkdirlər. Azərbaycanda 30-35 nəfərə qədər Moskva lakeyləri vardı. Bunlardan yalnız Mir Cəfər Bağırov başda olmaqla üç-dörd nəfəri başlarını cəllad əlindən qurtara bildi» (№ 3, səh.11).
Jurnal bu təqdimatdan sonra «Səssiz-küysüz məhkəmələr» əsərindən «bir faciəni təfsilatı ilə dərc etməyə» başlayır. Bəri başdan qeyd etməyi lazım bilirik ki, C.Hacıbəylinin sovet rejiminin, xüsusən məhkəmə sisteminin ifşasına həsr etdiyi bir sıra bədii, publisistik yazılar məlum olsa da, «Səssiz-küysüz məhkəmələr» adlı əsərin nə özü, nə də onun haqqında yuxarıda qeyd olunandan əlavə məlumat bizə təsadüf etməmişdir. Həmin əsərin tam mətninin tapılması, tərcüməsi, nəşri gənc tədqiqatçıların öhdəsinə düşür. «Azərbaycan» jurnalının «bir faciə» adı ilə təqdim və dərc etdiyi «Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı» hekayəsi çoxşaxəli, çoxplanlıdır. Hekayədə müəllif Stalin siyasətinin, məhkəmə sisteminin, bütövlükdə sovet rejiminin antibəşəri mahiyyətini insanlara qarşı törədilən ağlasığmaz cinayətlərin icraçılarının bir müddət sonra rejimin köləsinə çevrilmiş növbəti nəsil tərəfindən eyni münasibətə məruz qaldıqlarını, eyni taleyi yaşadıqlarını göstərməklə ifşa edir. Tarixdən məlumdur ki, bolşevikləri gül-çiçəklə qarşılayan, onların hakimiyyətində təmsil olunan Həmid Sultanov, Əliheydər Qarayev, Dadaş Bünyatzadə kimi kommunistlər bir müddət sonra «əksinqilabçı», «trotskiçi», hətta «pantürkist», «millətçi», «müsavatçı» damğası ilə edam olunmuş, güllələnmiş, yaxud sürgün edilmişdir. Başqa sözlə desək, Gəncə üsyanını qanda boğan, Firudin bəy Köçərli kimi Azərbaycan xalqının böyük övladının qətlinə fərman verən cəlladı tarix özü cəzalandırmışdır. Vaxtı ilə Azərbaycan xalqının qanına susayan S.Şaumyanla Bakı Kommunasında əməkdaşlıq edən, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu üçün dəridən qabıqdan çıxan, sonralar isə Azərbaycan SSR Daxili İşlər naziri olmuş Həmid Sultanova elə qurduğu sovet hökuməti qənim kəsilir: 18 il sonra – 1838-ci ildə məşhur «troyka»nın qərarı ilə güllələnir. Haqqında bəhs etdiyimiz hekayənin baş qəhrəmanı həmin Həmid Sultanov Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında Moskvaya nökərçilik etmiş, sonralar da elə Moskvanın fitvası ilə qətlə yetirilmiş milli kommunistlərin ümumiləşdirilmiş obrazıdır. Elə «Şamaxı məhkəməsi» də ona dəlalət edir ki, bu qəbildən olan «məhkəmələr» Azərbaycanın istənilən bölgəsi üçün xarakterik idi.
Tarixi sənədlər, təkzibolunmaz məxəzlər dediklərimizə şahidlik edir. Bu baxımdan Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı və Dəyanət Musayevin müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan «Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)» kitabı da böyük maraq doğurur. Əsərdə 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və Həmid Sultanovun da ittiham edildiyi «Şamaxı prosesi»ndən ətraflı bəhs olunur. Kitabla bağlı resenziya yazan dosent M. Əsədli göstərir ki, müəlliflər əsər üzərində işlərkən yazılı mənbələrlə yanaşı, Qərbdə geniş yayılmış şifahi tarixdən, hadisələrin canlı şahidi olmuş şamaxılıların da xatirələrindən istifadə etmişlər ( Əsədli M. «Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)» kitabı haqqında», «Bakı xəbəri» qəzeti, 8 yanvar 2013). «Təklə faciəsi» kimi tarixə düşmüş hadisə zamanı 70 nəfər kəndlinin heç bir günahı olmadan cəzalandırılması repressiyanın miqyasını artırmaq və Moskvaya hesabat vermək məqsədi daşıyırdı. Kitabda tarixi sənədlərə istinadən belə hadisələrin Azərbaycanın digər bölgələrində də həyata keçirildiyi qeyd olunur. Bu məhkəmə prosesləri Stalin siyasətinin antihumanist mahiyyətinin göstəricisidir.
Şamaxıda keçirilən açıq məhkəmədə müttəhimlər kürsüsündə əyləşənlərdən biri Həmid Sultanovun uzun müddət o dövrün iqtidarına xidmət etməsinə baxmayaraq, ona olan münasibət, verilən işgəncələr kommunist rejiminin iç üzünü bir daha üzə çıxarır. Şamaxı prosesi məhz H.Sultanovu sıradan çıxarmaq üçün təşkil olunduğundan, digərlərinin onun güdazına getdiyi ehtimal olunur. M. Əsədli yazır ki, burada müəlliflər çox düzgün bir nəticəyə gəlir: «Bu dövrdə əgər Bakı - Şamaxı şose yolu deyil, digər rayon ərazisində yol tikintisi həyata keçirilsə idi, onda Şamaxı prosesinin əvəzinə başqa proses, H.Sultanovdan başqa Şamaxıda ittiham olunanların əvəzinə isə başqa şəxslər müttəhim kürsüsündə əyləşərdilər».
H.Sultanov əsas hədəf olduğundan, prosesin harada cərəyan etməsindən asılı olmayaraq o, məhv edilməli idi. Mühakimə olunanların şəxsi ifadələrinin olduğu kimi verilməsi əsəri daha maraqlı, oxunaqlı edir. Bu hadisələrlə bağlı mətbuatda çıxan yazılar sübut edir ki, o dövrdə həm qorxu, həm də məddahlıqla yazılan məqalə və şeirlər çoxluq təşkil edib. Bu baxımdan Məmməd Rahimin H.Sultanova həsr etdiyi şeir o dövrün bir növ ədəbi simasını əks etdirir. Haqqında bəhs etdiyimiz kitaba qısaca da olsa həzər salmağımız təsadüfi deyil. Bu gün həmin əsərdə toxunulan problemi təxminən 65-70 il əvvəl Ceyhun Hacıbəyli adı çəkilən əsərində məharətlə işıqlandırmışdır.
Ceyhun Hacıbəyli də əsəri tarixi faktlara, sənədlərə istinad edərək qələmə almışdır. «Şamaxı məhkəməsi» daha çox tragikomediyanı xatırladır. İttiham olunanlar – Sovet hökumətinin sadiq kölələri, kommunistlər, o cümlədən Həmid Sultanov bir andaca, özlərinin etiraf etdikləri kimi Azərbaycanı Sovet İttifaqından ayırmağa, Sovet İttifaqını dağıtmağa çalışan «əksinqilabçıya», «trotskiçiyə», «sabotajçıya» çevrilirlər. Həmid Sultanov etiraf edir ki, SSRİ-ni yıxmaq məqsədi ilə yaradılan mərkəzlə, xarici kəşfiyyatla əməkdaşlıq edir, həm də «mərkəzin» digər büro üzvlərinin də adını çəkir: Ruhulla Axundov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Heydər Vəzirov, Dadaş Bünyatzadə, Həsən Səfərov, Əyyub Xanbudaqov. Ceyhun Hacıbəyli bu arada oxucusuna xatırlatmağı lazım bilir ki, «adları çəkilənlərin hamısı öz doğma yurdlarını bolşeviklərə təslim etmək üçün böyük «qeyrətlər» göstərmişlər.
Ceyhun Hacıbəylinin təsvirində Həmid Sultanov nəinki xain və satqındır, eyni zamanda qorxaq və böhtançıdır. O, məhkəməyə bəyan edir ki, bəli, biz sosialist Vətənimizi satmaq kimi pis yola qədəm qoymuşuq. Müttəhim Ruhulla Axundovun «Azərbaycanın ən böyük siması M.C.Bağırovu öldürmək» istədiyini, hətta bunun üçün qrup da təşkil etdiyini bildirir. Həmid Sultanov millətçilik təbliği ilə məşğul olduqlarını, «əksinqilabçı mərkəzə» yeni üzvlər cəlb etdiklərini, Bakı-Şamaxı yolunun təmirinə ziyan vurduqlarını, iqtisadi sabotajları həyata keçirdiklərini, Sovet hökumətini devirmək üçün üsyançı qruplar hazırladıqlarını da boynuna alır. məhkəmə iclasında rahatlıqla ürəyini boşaldan baş müttəhim Həmid Sultanov Bakı-Şamaxı yolunun inşasında ciddi pozuntulara yol verdiyini, işçilər üçün heç bir şərait yaratmadığını, hətta onlara içməli su vermədiyini və bununla da onları hökumətə qarşı ayağa qaldırmaq istədiyini boynuna almışdı. Heç demə, Həmid Sultanov dünənə qədər hökumət başında mühüm vəzifələr ifa edən silahdaşları ilə birlikdə əksinqilabçı təşkilatda birgə fəaliyyət göstərmiş, Azərbaycanın Sovet İttifaqından ayrılması üçün üsyanlar, sui-qəsdlər, terrorlar planlaşdırmışdır.
Ceyhun Hacıbəyli bu əsəri fransız oxucuları üçün qələmə aldığından ara-sıra hekayəyə müdaxilə edir və müəyyən , izahlar, şərhlər də verir. Xatırladır ki, Azərbaycanda – Şamaxıda qurulan məhkəmə ilə Gürcüstan, Acarıstan, Abxaziya və Türküstandakı məhkəmələr də eyni ssenari, eyni müddəalarla həyata keçirilir. Müttəhimlər bir qayda olaraq sovet hökumətini devirmək planlarını etiraf edir, bunun üçün sabotajlar həyata keçirdiklərini, əhali arasında milliyyətçilik toxumlarını səpdiklərini, kolxoz təsərrüfatına ziyan vurduqlarını, bitki və heyvanlar arasında xəstəliklər yaydıqlarını və s. «könüllü» olaraq bəyan edirlər. Bu baxımdan baytar Kələndərovun məhkəmədəki ifadəsi diqqəti çəkir. O, hətta dəqiq tarix göstərməklə bildirir ki, Şamaxı əksinqilabçı təşkilatın əmrinə əsasən təsərrüfatda xəstəlikləri süni surətdə artırmaq üçün atların yalnız bir qismini müayinədən keçirmişdir. Eyni zamanda Mərəzə kəndində kiçik və iri buynuzlu mallar arasında yolxucu xəstəliyini yaymış, nəticədə yüzlərlə baş heyvan tələf olmuşdur. Bundan əlavə, əksinqilabçı təşkilatın səyi ilə 21 baş xəstə atın sərbəst dolaşmasına şərait yaradılmış, nəticədə xəstəlik daha 14 baş ata sirayət etmişdir. Yüzlərlə ton ot, silos, saman çürüdülmüşdür. Kələndərovun dedikləri ağlasığmaz olsa da, müttəhim Tanrıverdiyev etirafları ilə onu kölgədə qoyur, Ceyhun Hacıbəylinin təbirincə desək, bu gülünc komediyanı ən yüksək dərəcəyə çıxarır. Müəllimlərinə özünü yaxşı göstərmək istəyən məktəbli kimi uzun uzadı sabotaj və əksinqilabçı fəaliyyətindən danışır, dayanmaq bilmir… Müttəhimlərdən İbrahimov da boynuna almışdır ki, sabotaj məqsədi ilə buğda parazitləri ilə mübarizə aparılmamışdır. Müttəhimlər Əmirov, Məmmədov, Cəbiyev də sabotajla məşğul olduqlarını etiraf etmişlər. Müttəhim Bəkirov sorğu zamanı bildirmişdir ki, həqiqətən də 6 məktəb binasının divarlarını samanla tikdirmişdir.
Əsərdəki erməni Avalov obrazı digərlərindən xeyli fərqlidir. Onun ibtidai təhsili olsa da, ölkə Kommunist Partiyasının ikinci katibi vəzifəsinədək yuxarı çəkilmişdir. Hiyləgərdir, məhkəmədə özünü məharətlə müdafiə etməyə səy edir, «sədaqətli etiraflar» oyununa çox da girişmir. O, da əksinqilabçı təşkilatda iştirakına və sabotajlara görə ittiham olunur. Bolşevik mətbuatının yazdığına görə «hiyləgər, mahir və ikiüzlü düşmən istintaqda bütün cinayətlərini boynuna alsa da, məhkəmədə əməllərini inkar edir, yalnız bolşevik sayıqlığını itirdiyini etiraf edir». Məhkəmə və prokuror müttəhimin inadından dilxor olurlar, çünki Avalov ssenarini – «sədaqətli etiraf» dilini pozur. Odur ki, onlar bu «sürüdən azan qoyunu düz yola gətirmək» istəyirlər. Çətinə düşən prokuror digər müttəhimlərin köməyindən istifadə edir. Onlar isə «bülbül» kimi ötür, heyvanların zəhərlənməsini, epidemiyanın yayılmasını, malların bilərəkdən məhv edilməsini, üsyan hazırlanmasını nəfəs dərmədən boynuna alırlar: “ Nəhayət, sel kimi axan bu təfərrüatı, prokuror dayandırmaq məcburiyyətində qalır”. Məhkəmənin qərarı isə iclas başlamazdan əvvəl məlum idi: Sovet hökumətinin düşməni olan müttəhimlər güllələnməlidir.
Ceyhun Hacıbəyli Şamaxı məhkəməsinin gedişini işıqlandıran mətbuatın da rejimin alətinə çevrildiyini məharətlə təsvir edir. Mətbuat ölkənin hər tərəfindən avtomobillərlə, arabalarla, piyada, atlı… Şamaxıya axışan insanların üzündə və ürəyindəki hiddət və qəzəbdən yazır. Onlar ittiham olunan faşistlərin ən yüksək cəzaya məhkum edilməsini istəyirlər. Qəzet sərlövhələri məhkəmə rolunu oynayır: «Səadətli yaşayışımıza ləkə vurmaq istəyənləri məhv edəcəyik», «Vətən xainlərinə ölüm», «Zəhərli ilanların başını əzək!», «Qudurmuş itlər üçün aman yoxdur». Dünənki «Moskva uşağı»nın- Həmid Sultanovun ünvanına isə bu gün daha sərt ifadələr işlədilir: «Alçaq faşist nökəri!»
Ceyhun Hacıbəyli ittihamın, eləcə də etirafların nə qədər saxta, qondarma və gülünc olduğunu suallarla dilə gətirir: «Bu sui-qəsd və terrorun icrasına bir səbəb varmı? Kimi öldürmüşlər, kimə bomba atmışlar. Bu «əksinqilabçı təşkilat»ın fəaliyyəti nədən ibarətmiş?» Yazıçı suallara özü cavab verir: Heç kim sui-qəsd və terrora məruz qalmamışdır. İttiham olunanlar və NKVD tərəfindən məhv edilənlər Moskva uşaqlarıdır.
Əksinqilabçı sabotaj metodunun təfərrüatını dilə gətirən Həmid Sultanovu və digərlərini bu qədər günahları öhdəsinə almaqda, özünü tövbə edən kimi göstərməkdə, səmimi etiraflarda məqsədləri nədir? Heç demə, onlar məhkəmənin lütfünü qazanmaq istəyirmiş: «Qeyri-mümkündür» - yazan Ceyhun Hacıbəyli göstərir ki, bu üsul özünü doğrultmayacaq, artıq onların cəzası yetişmişdir.
Məhkəmədə Həmid Sultanova Nəriman Nərimanovla, onun burjua milliyyətçiliyi ilə bağlı verilən sual Ceyhun Hacıbəylini Nəriman Nərimanovun fəaliyyətindən, Moskvaya xidmətindən, ölümündən ətraflı söz açmağa sövq edir, sonra Nərimançılğun milliyyətçiliklə əlaqələndirilməsinə də təəccübünü gizlətmir: «Nə üçün belə təzadlı ölçü? Onu bir Tanrı, bir də Kreml bilər. Hər halda «nərimançılıq» bu gün «burjua milliyyətçiliyi» kimi təqdim edilir. Milliyyətçiliyə yazıq!» Məsələ burasındadır ki, məhkəmə-tamaşada hətta «Hümmət» partiyasına da millətçi təşkilat deyilir. Ceyhun Hacıbəyli vaxtı ilə «Hümmət»də fəaliyyət göstərən, sonralar Azərbaycan sovet hökumətində rəhbər vəzifə tutanların, o cümlədən Əliheydər Qarayevin də məhkəməsiz çekist gülləsinə hədəf olduğunu yazır. O, əsəri bu cümlə ilə bitirir: «Təbii ki, Həmid Sultanov da müstəsna edilmir, artıq öz millətinin qanını axıdan xain mükafatını alır».
«Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı» əsəri sənətkarlıq problemləri baxımından mübahisə predmeti ola bilər. Bədii təsvir və ifadə vasitələrinin azlığı, məhkəmə iclaslarının və müttəhimlərin dindirilməsi səhnələrinin pərakəndəliyi mətni bir qədər ağırlaşdırır. Əslində bu məziyyətlərinə görə müəllifi qınamaq da olmur. Mövzu ağırdır, sovet məhkəmə sisteminin eybəcər, əcaib simasını canlandırmağa bəzən ürəyin və qələmin də gücü çatmır. Lakin fikrimizcə, Ceyhun Hacıbəyli oxuculara, əlaxüsus fransızlara sovet rejiminin, kommunist ideologiyasının onların həyat, təfəkkür tərzinə vurduğu zərbəni, «dəmir pərdə» arxasında baş verən dəhşətli və ağlagəlməz işgəncələri, edamları, sürgünləri, insanlıq dramını təqdim edə bilmişdir. Bu əsər Stalin vəhşətinin ağırlığını və miqyasını göstərmək baxımından çox ibrətamizdir.
7 dekabr 2015
Abid Tahirli