Modern.az

Cəncəhim - III HİSSƏ

Cəncəhim - III HİSSƏ

13 Yanvar 2016, 19:54

Mahir Qabiloğlu


(Davamı)

NAZİR MÜAVİNİNİN HEKAYƏTİ

Qanlıgün müəllim, mənim adım Mustafadır. Familiyam İsgəndərli. Adımdan çox da xoşum gəlmir. Bu nə addır e, atam-anam qoyub mənə? Ad qoyanda baxmazlar ki, bunun qafiyəsi var, ya yox? Bağçada bir şair oğlu vardı. Adımı eşidən kimi başladı mahnı oxumağa:

Mustafadı, Mustafa,

Əlində də aftafa.

Bu mahnı məni həyatım boyu təqib etdi. Məktəbdə, institutda, hətta əsgərlikdə də... Dedim ki, bəlkə işləyəndə qurtular canım bu təqibdən. O da alınmadı.

Sovet vaxtı gənc mütəxəssis kimi bəxtim gətirdi. Nazirliklərdən birinə təyinat aldım. Əlbəttə ki, biliyimə görə. Amma nə edim ki, xasiyyətim pis idi. Dilimi dinc qoymurdum. Sanki ürək xəstəsiydim, kardioloq da mənə “ay Mustafa, ürəyində nə var saxlama, de qarşındakının üzünə. Yoxsa infarkt olarsan” demişdi. Mən də “deməsəm ölləm, desəm öldürərlər” misalını əldə bayraq edərək, başladım nazirlikdəkilərin iç üzünü açmağa. Nə əyintilər, yeyintilər var başladım deməyə. Hətta işdə sevgi macəralarını da faş etdim. İlk günlərdə iş yoldaşlarımdan biri şillə vurub məni uzatdı yerə, xeyri olmadı. Qapını arxadan bağlayıb, idarə rəisinin otağında min oyundan çıxan Ceyla ərini çağırıb, yaxşıca çırpdırdı məni, yenə də əsər etmədi. Yox, ərinə bir kəlmə də demədim. Qana bulaşmış ağız-burnuma, qırılıb yerə düşən dişimə baxıb özümə yox, ona yazığım gəldi. Amma bir şeyi başa düşmürdüm ki, onun namusuna sataşan idarə rəisi olduğu halda, bu, niyə məni döyür. Ceyla da elə şivən salmışdı ki, məəttəl qalmışdım. Sonralar bildim ki, “təmiz ad”ını, sovet ailəsini qoruyub saxlamaq üçün ərinə tutarlı səbəblər gətiribmiş. “Neyləyim... 90 rubllıq katibə maaşına dolana bilərəm? Kabinetində müdirə həm də pul saymaqda kömək edirəm də... Qapını açıq qoyaydıq? İşçilər də girib görəydilər?” Evə gətirdiyi 50 rublu ərinə verəndən sonra “qeyrətli” həyat yoldaşı onun “həm də” ifadəsinə əhəmiyyət verməmişdi. 50 rublun gücünə bax a... Həm müdirçün Ceylanın “qapı”larını açdırır, həm də məni döydürür.

Nəyisə. Amma mən danışmağımdan qalmırdım. Söysələr də, döysələr də bu şakərimdən əl çəkmirdim. Sonradan gördülər ki, yox, mən Mustafa, demə, çox unikal adamam. Şillə vururlar, şikayət etmirəm, döyürlər milisə getmirəm. Nə deyirəm, nazirliyin içində deyirəm. Qırağa heç nə çıxarmıram. Yuxarılara yazmıram. Ətlərini yesəm də, sümüklərini çölə atmıram. Demoqoq deyiləm. Sadəcə hürürəm. Hürən it isə tutmaz, deyərlər.

Elə o vaxtdan mənə münasibətləri dəyişdi. Day sözlərimdən əsəbiləşib vurmurdular. Sadəcə bir-birlərinə qarşı qaldırıb məzələnirdilər. Ceyla da mənimlə dostlaşmışdı. “Musik, ay Musik. Sən canın düzünü de. Bu nazirlikdə başqa kim müdiriylə kabinetdə “pul sayır”? Hə?!”” Hələ üstəlik üzümdən maç da edirdi. Mən də tez otağa gəlib həmin yerə “Şipr” odekolonu vurub dezinfeksiyalayırdım.

 Nazirlikdə hamı məndən çəkinsə də, qorxmurdular. Mənə dəqiq olmayan məlumatlar verə-verə, otaq-otaq gəzdirib başlayırdılar meymun kimi oynatmağa. Əlbəttə ki, köhnə mahnım da öz yerində:

Mustafadı, Mustafa,

Əlində də aftafa.

Beləcə, mən Mustafa nazirliyin təlxəyinə çevrilmişdim. Artıq nə desəm də onu ciddiyə almırdılar. Dediyim doğru olsa belə. Gülüb, qəşş edirdilər. Hətta nazir də mənim ona yazdığım ərizələrə ciddi yanaşmırdı. “Mustafadır da. Yazıb yazıb da. Dəlidir, işiniz olmasın. Qoy işləsin... yaxşı mütəxəssisdir. Şöbənin bütün yükünü o daşıyır. Qoyun fəhləliyini eləsin”.

 Beləliklə, nə vəzifədə irəli çəkirdilər, nə də işdən uzaqlaşdırırdılar.

Sovet dövründə nazirliyə necə  sıravi əməkdaş kimi gəlmişdimsə, bu vəzifədə də qocala-qocala gedirdim. Sovet dövründən müstəqilliyə də elə “Mustafadı, Mustafa, əlində də aftafa” kimi adlamışdım. Yerimdəcə sayırdım.

Bilmirəm ki, ailəm olmasaydı neyləyərdim. Rahatlığımı evdə tapırdım. Arvadım doğmaca xalam qızıydı. İki bacıydılar, ikisi də kifir. Evdə qarıyıb qalacaqdılar. Xalalarım, dayılarım araya girib bəh-bəhlə birini mənə, birini də o biri xalam oğlu Rahibə sırıdılar. Sonradan başa düşdüm ki, xalaqızı nə deməkmiş? Xalaqızı, yəni ki, nə döyə bilirsən, nə də boşaya. Amma artıq gec idi. Arvadım kifir, itxasiyyət olsa da, qızımız Nazlı dünya gözəliydi. 8-ci sinifdə oxuyurdu. Məni də çox istəyirdi. Evə gələndə ayaqlarımı suya qoyurdu, saçımı sığallayırdı. Çayımı, yeməyimi verirdi. Bir sözlə,  atasının ürəyi, həyatı idi. Sevmədiyim mahnını mən yalnız evdə eşitməzdim. Arvadın “zəhirmar, ağrı, sən nə vaxt evə pul gətirəcəksən?” kəlmələri mənə daha çox xoş idi, nəinki bu mahnı. Bəlkə də arvadım o mahnını bilmirdi? Yaxşı ki, kollektivin tədbirlərinə, toylara aparmırdım. Bayıra çıxarılası bir sir-sifəti, xarici görünüşü də yox idi. Yoxsa ki, bizimkilərdən kimsə içib dəm olub bu mahnını oxuyacaqdı. Arvad da bilsəydi, acığa gündə on dəfə diringə tutacaqdı.

Mustafadı, Mustafa
Əlində də aftafa.

Bu mahnının əlindən tualetə də girə bilmirdim. Sanki qırmızı aftafa idi bu mahnını yazan. Bir-iki dəfə gizlətmişdim unitazın dalında. Amma nə olsun ki, onsuz yaşamaq mümkündürmü?

 Balaca, ikiotaqlı mənzildə yaşayırdıq. Gənc mütəxəssis kimi sovet hökuməti vermişdi mənə. Demişdilər ki, bir oğlun olsa üçotaqlıya dəyişərik. Amma sonralar arvada nə olmuşdusa uşaqlığını bütövlükdə çıxarıb götürmüşdülər. İyirmi səkkiz yaşında matkasız qalmışdı. Bu da onun psixikasına pis təsir etmişdi. Acığını tökməyə isə məndən başqa yer tapmırdı. Günümü göy əskiyə döndərmişdi. Mən isə oğlan istəyirdim. Axı, oğlan soyun davamçısıdır, düşmən çəpəridir, qocalanda atasına da, anasına da, bacısına da arxadır. Amma neyləyim. Demə, ilahidən bircə övlad payım varmış. Qızın qeyrətlisi oğlandan da irəlidir, deyiblər. O gündən Nazlı mənim həm ilkim, həm də sonbeşiyim idi. Həm də ki, oğlum. Dərslərini yaxşı oxuyar, əlavə olaraq ingilis dili, kompüter kurslarına gedərdi. O, “atam nazirlikdə işləyir” deyə mənimlə fəxr edər, mən də “qızım əlaçıdır” deyə qürrələnərdim.

Nazirlikdə, bir şöbədə adi vəzifədə işləməyimə davam edirdim. Maaşa baxırdım. Hərdən çaq-çuqum da olurdu. Amma “danışmağ”ımdan da qalmırdım. Artıq hamı üzümə “dəli” deyirdi. Prikola tuturdular, “hürdürürdülər”. Özləri də karvan kimi qarşımdan o yana, bu yana keçirdilər. “Hürmək” isə mənə qalırdı. Bir sözlə, veclərinə də almırdılar. Çünki tıxsız balıq idim. Mən də acığımı soyutmaq üçün hər işçiyə bir ad qoymuşdum. Məsələn, Məmməd Məmmədova “MMM”, şöbə müdirinə “keyfiyyətsiz”, nazir müavininə “danqalaz”, departament sədrinə “beynəmaz”. Necə ki, mahnı oxuyub məni cırnadırdılar, mən də ətrafımdakılardan bu adlarla qisas alırdım.

Şöbə müdirinin əlindən isə xüsusilə yanıqlıydım. Allah bilir səlahiyyətim olsaydı nələr edərdim. Amma çox da cınqırımı çıxara bilmirdim. Axı, necə olsa müdirim idi.

Strukturların adı dəyişsə də, idarələr departament adlandırılsa da, mahiyyətcə heç nə dəyişməmişdi. Ceylanı zavodlarımızdan birinin direktoruna katibə göndərmişdik. Nə olsun yaşlaşmışdı, canı suluydu. Zavodun direktoru da fəxrlə “hər direktora nəsib olmur e departament sədrinin katibəsiylə “pul saymaq”” deyə qürrələnirdi. Amma Ceylanın 18 yaşlı qızı Gülya nazirlikdə - bizim şöbədə işləyirdi. Anasından fərqli olaraq başıaşağı, tərbiyəli qız idi. Bir söz deyəndə qızarırdı. Nə desəydin “başüstə”, “bəli”, “xeyr” deyə cavab verirdi.

Şöbə müdirindən isə zindeyi zəhləm gedirdi. Özü iqtidar partiyasından olmasına baxmayaraq müxalifət mətbuatına abunə yazılmışdı. Qəzetləri son nöqtəsinə qədər oxumamış, işinə başlamırdı. Hər dəfə də sonuncu cümləni oxuyub qurtarandan sonra deyirdi: “Oğraşlar, şərəfsizlər”. Başa düşmədim. Belədirlərsə, day qəzetə niyə pul verirsən? Hər gün axıracan niyə oxuyursan? Adam da “oğraşın, şərəfsiz”in yazdığını oxuyar? Qorxmursan ki, oxuyub, oxuyub axırda... Nə isə...

Bir dəfə bu sualı özünə də verdim. Dedi ki, “bilmək lazımdır ki, düşmən nə fikirləşir, sabah hansı siyasi addımlar ata bilər ki, biz buna lazımi cavab vermək üçün hər an hazır olaq”. Mən də dilimi dinc qoymayıb “ay müdir, bizim qonşu, əri azərbaycanlı olan erməni Hayastanın uşaqları, nəvələri də evdə bütün günü ermənicə danışırlar ki, düşmənlərinin dilini unutmasınlar? Belə çıxır ki, onlar da düz edirlər?” Mənim şöbə müdirimdən zəhləm gedirdi. O isə sadəcə mənə nifrət edirdi. Əlində imkan olsaydı əmrimi çoxdan vermişdi.

Günlərin bir günü işə gəldim. Nazirliyin qapısından içəri girəndə gördüm ki, hamı sakit dayanıb. Heç mənə mahnı oxuyan da yoxdur, ilişən də. Elə bil rəngləri qaçıb. Yox, bozarıb. Yox e.... rəngi nəsə ifadə edə bilmədim. Çox qəribə sifətlər görürdüm. Elə bil ki, iyirmi beş il bir yerdə işlədiyim adamlar deyildi. Məni görəndə ağızları qulaqlarının dibinə gedirdi. Amma indi nədənsə susmuşdular, donmuşdular. Nə olmuşdu bunlara? Bu dəm liftin qapıları açıldı. Nazir göründü. Başa düşmədim. Nazir gələndə “qaçın, gizlənin” deyən, xalçanın üstünü süpürtdürən, “çest” verən polislər də nədənsə bizi qovmurdular. Nazir bir-bir bizə yaxınlaşdı. Hamımızla görüşdü. Başa düşmədim. Bu nədir? Nazir xarici səfərə gedir bəyəm? Bu da təzə protokol qaydasıdır? Bu hardan çıxdı? Nazir hamıyla görüşüb maşına mindi və getdi. Hamı ah çəkib, köks ötürdü. Departament sədrlərindən biri “bu canını yaxşı qurtardı. Bir dənə də orden taxdılar döşünə, hörmətlə yola saldılar. Bəs bizim axırımız necə olacaq?” deyəndə mənə çatdı ki, xəbərim yox imiş, demə, nazirimizi işdən azad ediblər. Onda başa düşdüm ki, bunların rəngi-rufu niyə qaçıb. Yox, ona görə yox ki, naziri belə çox istəyirdilər, xiffət eləyirdilər. Əsla. Öz aqibətlərini fikirləşirdilər.

   Mənim də qanım qaralmışdı. Yox, ona görə yox ki, itiriləcək böyük bir vəzifəm vardı. Sadəcə köhnə nazir heç olmasa məni tanıyırdı, dəli kimi qəbul edirdi. Maaş az olsa da birtəhər dolanırdım. Heç olmasa adım vardı. Arvad-uşaq da fəxr edirdi ki, atamız nazirlikdə işləyir. Necə deyərlər, quru adım vardı. Özü də ki, qarşıda uşağın xeyir işi ola bilər. İndi elçi gəlsə nə deyəcəyəm: “Mən bezrabotnıyam, arvad da evdar qadın?”. Vaxt tapdılar da naziri dəyişməyə. Nə idi, özümüzküydü. Ətimizi yesə də, sümüyümüzü çölə atmırdı. Bilsəydim əvvəldən boşboğazlıq etməzdim. Dilimi farağat qoyardım. İndi gedib “sukalıq“ edəcəklər ki, bəs bu xatalı adamdır, yəni ki, danışandır. Danışan adamı da hansı nazir sevər ki? Deyəcək ki, elə canımı birinci bundan qurtarsam yaxşıdır.

Görəsən, təzə nazir bilikli adamdır? Biliklidirsə başa düşər məni. İndiki zamanada düz danışana dəli desələr də, keşmişdə Bəhlul Danəndə deyib tarixə salırmışlar axı. Nazir hardan bilir e, Bəhlul Danəndə kimdir, Kefli İsgəndər haralıdır? O bura “Ölülər” əsərini oxumağa gəlməyib e, dirilməyə gəlib. Görəcəksən, birinci elə məndən başlayacaq.

Nə isə. Dəhlizə çıxdım. Heç kim yox idi. Otaqlara girdim. Hamı yerindəydi. Sakit, dinməzcə hərə öz yerində oturmuşdu.

- Nə olub? Nazirdir də... getdi getdi də... nə olsun ki, sabah siz də gedəcəksiniz. Burda nə var ki? Vəzifə boyunuza biçilməyib ki? Siz hələ sevinin ki, işdən çıxarılmaqla canınızı qurtarasınız. Bayıl türməsi bomboşdur. Əlinizdən, ayaqlarınızdan öpür.

- Mustafa, sən Allah çıx get. Zarafat eləmək hayında deyilik.

- Nə zarafat? Sizinlə məzələnirəm e... Mırt tuturam. Mırtlaşıram. Mırtlayıram. Dalını da deyim? Əvvəllər məni görəndə gülürdünüz, hoppanıb düşürdünüz. Nə oldu? Mənəm də... Mustafa. Həmin Mustafayam da.

Mustafadı, Mustafa,
Əlində də aftafa.

Siz də mənimlə birgə təkrar edin.

Mustafadı, Mustafa,
Əlində də aftafa.

Amma heç kim mahnımı oxumurdu. Çünki öz mahnılarının çalınmağını gözləyirdilər. Qulaqları səsdə, gözləri də telefonda. Hərdən-bir ora-bura zəng edirdilər.

- Salam, xala. Bizə təzə nazir gəlib. Nəsrulla Şeyxzadə. Xarmusludandır. Sənin böyük qudanın kəndçiləridir. Kəndçi deyəndə ki, aralarında beş-altı kənd var. Nə olsun ki? Qonşu sayılır.

Yaxud da:

- Papa, sən universiteti neçənci ildə bitirmisən? 70-də? Tanımamış olmazsan bizim naziri. Nəsrulla Şeyxzadə. O, 72-də qurtarıb. Yataqxanada qalıb. Yaxşı, yaxşı... gələndə şəklini gətirərəm. Görüm hardan tapıram.

- Ay ma. Deyirlər ki, nazirin arvadı da sən gedən gözəllik salonuna gedir. Tanımırsan? Sən Allah, soraqlaş. Yerlər boşalır. Birinə də məni dürtər.

   Nazirin də qəribə adı vardı - Nəsrulla Şeyxzadə. Hər dəfə adını çəkəndə Şeyx Nəsrullah yadıma düşürdü. O, ölü dirildirdi, bu, görəsən, kimi dirildəcək. Adına görə yaxşı yerə göndəriblər. Nazirlikdəkilərin əksəri elə ölü kimi şeydi də... Elə mən özüm də...

Nazirlikdə iş dayanmışdı. Yalnız belə söhbətlər eşidərdin. Hətta biri nazirin hansı bərbərxanada saç qırxdırdığını da öyrənmişdi. Kimsə işdən azad ediləcəyini gözləyirdi, kimsə də yeni vəzəfəyə keçməyini. Mənim isə dünya-aləm vecimə deyildi. İki yolum vardı. Ya işdən çıxaracaqdılar, ya da ki, çujoy poxmel türməyə göndərəcəkdilər. Çünki hesabatların altında mənim də imzam gedirdi.

Səhəri gün işə gəldim. Dedilər ki, kadrların təzə rəisi səni axtarır. Nazirin də bir nömrəli adamıdır. Özüylə gətirib. Demişdim axı, birinci məndən başlayacaqlar. Qurbanlıq qoyunam da. Qapını döyüb otağına girdim:

- Salam.

- Salam. Gəlin əyləşin. Deməli, Mustafa İsgəndərli.

- Bəli. Şöbəmizin adi işçisiyəm. Yüksək ixtisaslı mütəxəssisəm.

- Bilirəm. Sizin Rahib Alışov adlı bacanağınız var?

Fikrə getdim. Bacanağımın bura nə dəxli?

- Var.

- Nəsə həlləm-qəlləm şeylər yazır. Müxalifətçidir. Mənim belə bacanağım olsaydı, çoxdan boşayardım arvadı. Gör bir nələr yazır? “Azərbaycanda inkişaf yoxdur. Bu hakimiyyət devrilməlidir. Xalq ayağa qalxmalıdır”. Sənin bunlardan xəbərin var?

- Yox. Mən iqtidar nümayəndəsiyəm. Müxalifət mətbuatını oxumuram.

- Amma, sənin şöbə müdirin oxuyur. Bizi də, sağ olsun, o duyuq saldı. Bəlkə bir qohum kimi söhbət edəsən Rahib müəllimlə. Qoy düz yola qayıtsın. Bir də ki, bunun sizə də ziyanı dəyə bilər. Zarafat deyil. Bu boyda nazirliyin baş mütəxəssisi, dövlət qulluqçususunuz.

Rəisin otağından çıxdım. Həmin an şöbə müdirini əlimə versəydilər, dişlərimlə çeynəyərdim. Gör haramdan yapışıb e. İşimdə bir şey tapmayıb məsələni keçirib siyasi müstəviyə. Yaxşı. Nə olar? Eybi yox. 1-0 sənin xeyrinə, şöbə müdiri.

Otağma gəldim. Yerimdə oturdum. Kinimi biruzə vermədim.

Səhəri bazar günü idi. Bacanağa zəng etdim.

- Necəsən? Nə var, nə yox? Nə itib-batmısan, xalaoğlu? Görsənmirsən.

- Bu iş qoyur ki, başım açılsın? Qəzet çox məsuliyyətli yerdir, xalaoğlu. Özü də müxalifət qəzeti. Ayağımı qırağa ata bilmirəm. Bu gün “kakraz” bağa gedirik. Rayondan ət göndəriblər. Hazırlaşın. Gəlib sizi də götürüm. Kabab çəkək. Bir az dincələk.

Doğrusu, ürəyimdən oldu. Bacanağın balaca bağı vardı. “Bəylər” hakimiyyətdə olanda hansısa icra başçısı bağışlamışdı ona. Böyük bəyin sevimlisi olduğuna görə. Nəsə siyasi fəaliyyətində mən onu fanatik, sədaqətli adam kimi tanıyırdım. Amma hakimiyyətə qarşı bu cür sözlər yazmağını da qəbul edə bilməzdim.

Nə isə, maşına oturduq. Elə ağzımı açmağımı gördüm. Kükrəyib coşmağa başladı:

- Nə hakimiyyət-hakimiyyət salmısan? Sən indi nazirlikdə işləyirsən deyə, mən ağzıma su alıb oturmalıyam? O cür prezidenti devirib, gör kimi gətirdiniz.

- Kim onu devirdi? Özü qaçmadı ki?

Elə bil bacanağıma od qoydum.

- Nə qaçdı, hara qaçdı? Kələkiyə getmişdi də. Kələki Amerika- zaddır ki, qaça. Naxçıvandaydı da. Naxçıvan Azərbaycan torpağı deyil? Nə olmuşdu, hara tələsirdiniz? Qayıdacaqdı da.

- Neyləmişdi e sənə bu bəylər? Jurnalist adamsan da. Heç vəzifə də, pul da verməmişdilər. Bir evin var, onu da qayınatan sağ olsun, cehiz kimi verib. Yəni, sən belə korsan ki, ovaxtkı dövrlə indiki dövr arasındakı fərqi görmürsən? Heç olmasa məni nəzərə al da... Xalaoğluyuq axı.

- Guya sən yaxşısan? Nə olsun ki, nazirlikdə işləyirsən? Düz danışdığına görə adını dəli qoyublar. Sən söyəndə olar, mən yox?

   Bacanaq yaxşı yerdə tutmuşdu məni. Sualının qarşısına cavab qoya bilmirdim. Xalaqızları da arxadan bizi dümsükləyib sakitləşdirməyə çalışırdılar. “Biz istirahətə gedirik, yoxsa mitinqə?” deyirdilər. Bu, azmış kimi bacanaq maşını düz Mahnı Teatrının qabağında saxlayıb, yerə düşdü və “ay camaat, mən bu hökumətə nifrət edirəm. Bu hakimiyyət devrilməlidir...” deyə qışqırmağa başladı. Bilmirdim nə edim. Guya ki, bacanağı islah etməyə gəlmişdim. Amma, əksinə, odun üstünə nöyüt tökmüşdüm.

- Yaxşı, Rahib, otur maşına, ayıbdır. Gedək. Tutub basarlar içəri, balalarına kim baxacaq?

Rahib mənim acığıma bir-iki antisovet söz də qışqırıb maşına oturdu. Yola düzəldik. Bağda da baş-beynimi apardı. Bilmədim istirahətə getmişdim, yoxsa müxalifətin mitinqinə.

Səhər tezdən işə gəldim. Amma kadrların rəisi çağırsa, nə deyəcəyimi bilmirdim. Oturub işdən çıxarılma əmrimi gözləyirdim. Şöbə müdiri də o yan-bu yana keçərək mənə baxıb bığının altından gülümsəyirdi. Hərdən bir də “Mustafa, necəsən?” deyə soruşurdu.

Üç gündən sonra kadrların rəisi məni yenidən çağırdı. Qapını döydüm:

- Gəl, Mustafa, gəl. Necəsən?

- Yaxşıyam. Mən siz deyən kimi bacanaqla görüşdüm...

- Nə bacanaq?

- Bacanaq da. Qəzetdə yazı yazmışdı ye...

- Boş ver. Əsas sən özünsən. Dövlətimizə ürəklə, sədaqətlə, namusla, qeyrətlə xidmət edirsən. Bacanaqdır da... qoy nə yazır yazsın. İt hürər, karvan keçər. Biz belələrini vecimizə alsaq, adlarını çəksək çox böyük qiymət vermiş olarıq onlara.

- Axı siz...

- Mən yox... şöbə müdirin. Gəldi səni şeytanladı. İndi 37-ci il olsaydı, özün başa düşürsən də hardaydın? Ya KQB-nin padvalında, ya da ki, Nargin adasında qarğalara yem olmuşdun. Sənin şöbə müdirin kimi oğraşlar verib də xalqımızı bada. Bu gün də sənin işdən çıxmağınla bağlı raportu yazıb, qoyub qabağıma. İnanmırsansa oxu. Mən də danladım ki, sən kimsən təqdimat yazırsan. Departament sədrin ölüb? Bacanağa gəldikdə... Amma sənə keçən dəfə demişdim də... yerində olsaydım boşayardım arvadı, çıxarardım onu bacanaqlıqdan.

- Boşaya bilmərəm. Xalam qızıdır. Bacanağım da xalam oğludur. Həm də xalam qızının əridir.

- Çox qəliz danışdın. Bu məsələni day yadına salma. Şöbə müdirinə də heç nə demə. Sən yaxşı adama oxşayırsan. Özü də ki, iyirmi ildən çoxdur ki, bu nazirlikdə işləyirsən. Bizim sənin kimi kadrlara böyük ehtiyacımız var. Boş-boş danışanlara baş qoşma. Sən mütəxəssissən. Özü də yaxşı mütəxəssisən. Sadəcə qədrini bilməyiblər. Qul kimi işlədiblər, özləri isə əlləri ciblərində gəziblər. Get otağına. Sənə üç gün vaxt verirəm. Keçmişdə necəydi, indi necə olmalıdır? İnkişaf konsepsiyası, nazirliyin gələcəyini necə görürsən, beynəlxalq təcrübədən istifadə, bu günəcən buraxılan səhvlər, bunların yaranma səbəbləri, səbəbkarlar. Gözəl bir hesabat yazıb hazırlayırsan. Gətirib verirsən şəxsən mənə. Şöbə müdirinə, departament sədrinə də heç nə demirsən. İşdən çıxarılma haqqındakı bu raportu da verirəm sənə - yadigar saxla. Dediklərimi yüksək peşəkarlıqla, canla-başla yerinə yetirsən, səni nazirimizin qəbuluna da salacağam.

Aman-Allah, qulağım nələr eşidirdi? Mənə qiymətmi verirdilər? Bəlkə bu da mənimlə məzələnir. Yox. Ciddi adama oxşayır. Mahnımı da oxumadı. Çoxdandır başqaları da oxumur. Özümün də yadımdan çıxır yavaş-yavaş.

Mustafadı, Mustafa
Əlində də aftafa.

Otağa gəldim. Müdirə heç nə demədim. Oturub mənə verilən tapşırığı yerinə yetirməyə başladım. Birinci elə şöbə müdirindən başladım. Hansı qanunsuzluqlara yol verib, dövlət büdcəsindən nə qədər pul yeyib, köhnə nazirə nə qohumluğu çatır, hansı vəzifələrdə öz adamlarını yerləşdirib, oğurladığı pullarla aldığı evlərin, villaların, maşınların ünvanlarınacan, markasınadək yazdım. Sonra keçdim departament sədrinə. Onu da yudum sərdim. Nazir müavinləri, day kim qaldı ki... “Mustafadı, Mustafa, əlində də aftafa” mahnısı oxuyanların hamısını ifşa etdim. Sonra isə keçdim mətləbə. Öz ixtisasım üzrə nazirliyin inkişaf konsepsiyasını hazırladım. Hesabatı iki yerə böldüm. Birinci hissədə mahnımı oxuyanlar barədə şəxsi məlumatlar, ikinci hissədə isə tezislər, planlar yer aldı. Beş gündən sonra kadrların rəisinin qapısını tıqqıldadıb kabinetinə girdim.

- Hazırdır, cənab rəis.

- Hə? Nə tez? Afərin sənə. Demişdim də, gözəl mütəxəssissən. Dediyimdə yanılmamışam.

- Cənab rəis, birinci papka işçilərlə bağlıdır, ikinci hissə inkişaf konsepsiyasıdır.

  Rəis birinci papkanı həmən açdı. Oxumağa başladı. Mənimçünsə çay gətizdirdi. İki saat ərzində 30 səhifəlik birinci papkanı oxudu. Əlavə suallar da verdi. Cavablandırdım. İkinci papkanı heç açmadı da. Qıraqdakı stola tulladı.

- Afərin. Çox gözəl. Get otağına gözlə. Heç yana da çıxma.

Otağa gəldiyimi görmüşdüm, şöbə müdiri həyəcanlı vəziyyətdə gəldi ki, bəs nazir səni çağırır. Müdirim mənə hələ məsləhət də verdi:

- Bax a... orda gicləyib eləmə. Bu səninçün biz deyilik. Sukalardan xoşu gəlmir.

Qəbul otağına girdim. Bir saat gözlədim. Nəhayət çağırdılar. İyirmi beş ildir ki, burda işləyirdim. İlk dəfə idi nazirin otağına qədəm basırdım. İki addım atıb dayandım. Mənim hesabatlarım qabağındaydı. Təpədən dırnağacan süzdü məni.

- Neçə yaşın var?

- 48.

- Bəs bu nə geyimdir? Qoca kişilər kimi geyinmisən. Cavan oğlansan. Özünə fikir ver. Camaat sənin yaşında evlənir e. Sən isə...

- Cənab nazir, maaşım aşağıdır. Evin xərcini güclə çatdırıram. Ona görə.

- Eybi yox. Bu, düzələn problemdir. Hesabatların yaxşıdır. Oxudum. Bizə sənin kimi kadrlar çox gərəklidir. Hələlik isə... (Üzünü kadrların rəisinə tərəf çevirib) Ver bunun əmrini, getsin.

  Ayaqlarım əsdi. Səhərdən tərifləməyi nə idi, əmrimi verməyi nə? Kabinetdən çıxdım. Özümü söyürdüm. Şöbə müdirim düz deyirmiş də... Nazir sukaları sevmirmiş. Axı, Mustafa, sənin nəyinə lazımdır ki, filankəsin üç evi var, dörd villası var, maşını var. Bax, sənə nə? Bacarana can qurban. Elə et ki, sənin də olsun.

Arxamca kadrların rəisi də çıxdı. Birlikdə otağına getdik. Qabağıma kağız, qələm qoydu.

- Yaz!

- Başüstə.

- Sabahkı tarixlə yaz. Nazir tapşırıq verdi ki, sənim əmrini sabahdan verim.

- Axı, nə pis iş gördüm ki? Siz dediniz, mən də yazdım. Nə təqsirim var axı?

- Nə təqsir. Yazmısan, lap düz də eləmisən. Təbrik edirəm səni, şöbə müdirinin müavini Mustafa İsgəndərli. Amma öz aramızdır, qəşəng familiyan var a... Kefli İsgəndərin nəticəsi-zad olarsan a birdən?! Eşitmişəm. İşçilərə Kefli İsgəndər sayağı yaman ilişməyin var. Amma bütün bunları qoyuruq bu gündən kənara. Sən sabahdan şöbə müdirinin müavinisən. Dolanışığını da departament sədrinə tapşırdıq. Özünə yaxşı əyin-baş al. Yadında saxla ki, sən nazirimizin o şöbədə görən gözü, eşidən qulağı, lazım olsa vuran əlisən. Bundan sonra da diqqətli ol, ayıq ol. Dostunla düşmənini tanı. Nə sözün də olsa, istənilən vaxt qapımı aç, gir, mənə de. Bildin?

- Bildim, cənab rəis. Mən də çalışacağam ki, cənab nazirin, sizin...

- Yaxşı, get işlə. Şöbə müdirindən də çəkinib eləmə. Nəsə ondan gözüm su içmir. Ümidim sənin kimi adamlaradır. Haqsızlıq eləsə, xətaya yol versə, çıxart gözünü.

  İyirmi beş il bir kollektivdə işləyəsən, “Mustafadı, Mustafa, əlində də aftafa” mahnısından başqa söz eşitməyəsən. Təzə nazirsə gələn kimi işdən çıxartmaq əvəzinə sənə vəzifə, pul verə? Hələ də gözlərimə, qulaqlarıma inanmırdım. Elə bil istidən soyuğa düşmüşdüm. Nazir gözümdə böyümüşdü. Sevinirdim. İlahi, 48 yaşında məni də qiymətləndirən tapılmışdı.

Səhəri gün evdə, daha doğrusu, tualet-hamamda təmirə başladım. Sovet dövründən qalan kafelləri, boruları, nə var idi hər şeyi zibilliyə atdım. Su-kanalizasiya sistemini yenidən qurdurdum. Təzə ispan kafeli vurdurdum. Tualetə müasir aftafa-smestitel qoydurdum. Həm isti, həm də soyuq suyu vardı. Bu günəcən bilmirmişəm. İsti suyun başqa ləzzəti varmış. Köhnənin qırmızı aftafasını son dəfə əlimə aldım. “Mustafadı, Mustafa, əlində də aftafa” mahnısını oxuya-oxuya həyətə düşdüm. Heç nə demədim. Bircə “əlvida” deyib, vızıldatdım zibilliyə.

  Səhəri gün təzə kostyum, ayaqqabı, paltoda işə gəldim. Hamının gözü kəlləsinə çıxmışdı. Şöbə müdiri məni görəndə qaraldı. Mən də ona heç diqqət də vermədən müavin otağımın qapısını açdım. Köhnə stolumun üstündəki kağız-kuğuzu yığışdırıb kabinetimə gətirdim. Kompüter sexinin rəisinə zəng edib təzə kompüter tələb etdim. O saat da əməl elədi. İnternetə də qoşdular. Ağızları nə idi ki, eləməsinlər. Axı, mən nazirin adamı sayılırdım. Şöbə müdiriylə otaqlarımız üzbəüz idi. Qəbul otağımız isə eyni. Ceylanın qızı isə ortaq katibəmiz. Tez-tez otağıma girib çay, qəhvə təklif edirdi. “Bu kostyumu hardan almısınız? Sizə çox gözəl yaraşır. Şık göstərir” deyirdi. Bu da mənim ürəyimə yağ kimi yayılırdı. Yoxsa ki, arvadım. Səhər işə gələndə “mübarəksən. Təzə vəzifən uğurlu olsun” söyləməkdən nə desə yaxşıdır: “Mustafa nə geyinib-keçinmisən? Bazlığa gedirsən?”

Nəsə yeni sözlər eşidirdim. Amma nazir tapşırdığı kimi özümü çox ciddi aparırdım. Bəzən ifrata da varırdım. İşçilərin üstünə qışqırırdım. Şöbə müdirinin həyatını isə elə həmin gündən göy əskiyə çevirdim. Bir sənədə də mənim razılığım olmadan qol çəkə bilmirdi. Nazirin yanında keçirilən iclaslara onu yox, məni çağırırdılar. İşçilərinin yanında da hörməti qalmamışdı. Bu günəcən elədiklərini hamının yanında, nümayişkəranə bir-bir açıb deyirdim. Yığdıqlarını, aldıqlarını faş eləyirdim. Yemək-içməyini karvalolla, insulinlə əvəzləmişdim. Ərizə də yazırdı, işdən çıxarmırdılar. Yalvarırdı, pul da təklif edirdi - əl çəkmirdim. Nə qədər çalışırdımsa, yazdığı raport gözümün önündən getmirdi. Stolumun üstündə qoymuşdum ki, birdən ürəyi yumşaqlıq edib yazdığını, şərləməyini yadımdan çıxararam. Axı mən ona neyləmişdim? Tıxsız balıq idim də. Mərdi qova-qova namərd eləyərlər? Nazir də bundan ləzzət alırdı, həm də cibin doldururdu. Hər iclası şouya çevirirdim. Kimsə cürət edib “Mustafadı, Mustafa, əlində də aftafa” mahnısını oxumurdu. Boğazlarını üzərdim. Amma nə edirdimsə aftafadan uzağa gedə bilmirdim. Bu dəfə adımı başqa cür çağırırdılar: “Biz demə 25 ildir ki, Mustafanı tanımırmışıq. Əli pula, vəzifəyə çatdı, gördün necə dəyişdi? Burda deyiblər e ...“aftafa görməyən göt”.

Nəhayət,  bir gün şöbə müdirini çərlədib öldürdüm. Bu posta yeganə namizəd isə mən oldum. Artıq Ceylanın qızı yalnız mənim katibəm idi. Katibə yox e... sağ əlim. Tapşırıqların çoxunu ona verirdim, mühüm işləri ona həvalə edirdim. 18 yaşı olmasına baxmayaraq bacarıqlı, qabiliyyətli uşaq idi. Özü də çox gözəl idi. Ədəb qaydalarına riayət edirdi. Mədəniydi. Başqaları kimi, telefonda, feysbukda itib-batmırdı. Türk seriallarından danışmırdı. Məqam tapan kimi, test tapşırıqları edirdi. Ali məktəbə hazırlaşırdı. Nazlıyla yaşıd olduğundan qızım kimi baxırdım ona.

Amma hər dəfə anası Ceyla və namus üstündə məni döyən biqeyrət atası yadıma düşəndə az qalırdı ki, işdən qovum. Amma əsəblərimi cilovlayırdım. Fikirləşirdim ki, anasının günahlarına görə axı bu uşaq niyə cavab verməlidir? Bir də ki, mənim məqsədim, məramım tam başqadır axı. Birinci, nazirin etimadını doğrultmaq, ikincisi də irəli getmək.

Növbəti hədəf isə nazirin məsləhətiylə departamentimizin sədri idi. O, şöbə müdiri kimi deyildi, savadlı, həm də arxalı idi. Onun üzünə durmaq da çətin idi. Zibillərini sən deyən bilmirdim. Böhtan atmalıydım, ləkələməliydim. Axı nazir belə tapşırıq vermişdi. Mənim isə nazirə mənəvi borcum vardı. Axı kimiydim, Allahın bədbəxt bəndəsi. O məni bataqlıqdan çıxartdı. Nəinki işdə saxladı, şöbə müdiri qoydu. “Aylıq” təyin elədi. Hökumət maşınım da öz yerində. Məişət qayğılarımla da maraqlanırdı. Yeni mənzillə təmin olunmuşdum. Evdar qadın olan arvadımın səsi artıq gözəllik salonları, sauna, fitness-zallardan gəlirdi. Ev işlərini qulluqçu görürdü. Mən də öz işimdə idim. Departament sədrinin özünü də, kölgəsini də qamçılayırdım. Sanki qanına susamışdım. Necə də susamayaydım. Axı nazirin əmri belə idi. Nazir yox e, xeyirxahım, çörək verənim. Axı mən hara, şöbə müdirliyi hara? Evdar qadın arvadım hara, fitnes-salon hara? Departament sədrinin mənə nə yaxşılığı dəymişdi, nə də pisliyi. Amma mən mərdi qova-qova mənəviyyatımı məhv eləmişdilər. Zombiləşmişdim. Günlərin bir günü departament sədrinin də torbasını tikdim. Nazirlikdə xüsusi hörmətə malik idim. Deyirdilər mən şeytana papış tikirəm, arxasında da balaca bir deşik qoyuram. Əvvəllər “danışmağ”ıma görə məni ələ salanlar, “hürdürənlər”, indi sadəcə mənimlə ünsiyyətdən qaçırdılar, qorxurdular. Çünki artıq “hürmürdüm”, “tuturdum”. İştahım yaman artmışdı. Aftafamı gizlətsəm də, yenə də adımdan təmizləyə bilmirdim. Addım-addım izləyirdi məni. “Mustafadı, Mustafa, əlində də aftafa” mahnısını unutdurmuşdum. Adımdan atmışdım. İndi də “Aftafa görməyən göt” adlandırırdılar məni. Aftafasız qalmışdım, görəsən ona görəmi? Axı inkişaf etmişik. Ən kasıbı mən idim, mən də evi təmir elətdirib, aftafanı atmışdım. Bəs indi nə istəyirlər məndən? Olanda da vay, olmayanda da. Qərara aldım ki, belə şeylərə fikir verməyim. Axı məqsədim tam başqa idi.

İllər ötürdü. Artıq Ceylanın da qızı universitetə daxil olmuşdu. Qiyabi oxuyurdu. Bilmirdim pulu hardandır. Amma çox zövqlə, brend mağazalardan geyinirdi. Fransız parfümünün ətri bütün mərtəbəni götürürdü. Babalına girə bilmərəm, pis hərəkətini görməmişdim. Əvvəlki qaydada işinə davam edirdi. Qızım isə ali məktəbə girə bilməmişdi. Boş qalmasın deyə Nəsrulla Şeyxzadədən xahiş etmişdim ki, Nazlını nazirlikdə hər hansı bir şöbəyə komputer işinə götürsün. Sağ olsun, etiraz etməmişdi. Babat da maaşı vardı. Nazirin etimadını da qazanmışdı. Xüsusi yazıları ancaq ona tapşırırdı. Çünki Nazlı həm savadlı idi, həm də sürətlə yazırdı.

   Bacanağımgil də yaxşı yaşayırdılar. Deyəsən, haqq yoluna qayıtmışdı. Artıq bu hökuməti söymürdü. Əksinə, tərifləyirdi. Televiziyaların birində yaxşı iş vermişdilər ona. Cəmiyyətin hörmətli adamına çevrilmişdi. Yenə də adəti üzrə söyürdü. Amma iqtidarı yox, müxalifəti. Niyə də söyməsin. İqtidarı söyəndə ac gəzirdi, müxalifəti söyəndə tox. Qırx yaşında axır ki, haqqın yolunu tapmışdı. Bilmirəm, bəlkə də islah eləmişdilər. Bəlkə də demişdilər ki, “biz sənə demirik ki, hürmə. Hür. Amma qonşu həyətə”.

Mən daha bir ev almışdım. Maşınım, bağım da vardı. Bədheybət arvadım isə öz işindəydi. Gözəllik salonlarını gəzir, sauna, fitnes zallarına gedir, guya dəyişmək, gözəlləşmək, müasirləşmək istəyirdi. Amma nə etsə də alınmırdı. Yenə də gəlib hirsini mənim üstümə tökürdü.

Bütün bunlara görə isə mən nazirimiz Nəsrulla Şeyxzadəyə borcluydum. Məni adam yox e... kişi eləmişdi. Özü də bu yaşımda.

Qulağım isə səsdə idi. Gözləyirdim ki, nazir çağıracaq və məni departament sədri qoyacaq. Lakin nə telefonum zəng çalır, nə də departamentə sədr qoyulurdu. Sadəcə şöbə müdiriydim.

Ceylanın qızı da son vaxtlar məni özünə yaman çəkirdi. Sənədləri imzalatdırmağa gələndə, başını masamın üstünə əyəndə saçları üzümə dəyirdi, parfümünün ətrindən bihuş olurdum. Az qalırdı ki, boynundan öpüm. Amma özümü saxlayırdım. Çalışırdım ki, ona tərəf gözümün ucuyla da baxmayım. Axı mənim öz missiyam var idi. Mən nazirin adamıydım. Belə işlərlə adıma ləkə yaxa bilməzdim.

Günlərin bir günü peşə bayramımız idi. Hamını arvadıyla çağırmışdılar. Mən də arvadı vurdum qoltuğuma gəldim şadlıq sarayına. Düzünü desəm, arvadım çox kifir idi. Evdəkilər məsləhət görmüşdülər. Atama dedim ki, ay kişi, axı kifirdir. Mən isə yaraşıqlı... Heç yaraşmırıq. Dedi ki, “bəs bilmirsən? Kişinin arvadı kifir olmalıdır ki, qıraqdan o-bu baxmasın”. Mən də razılaşdım. Axı o vaxt nə biləydim ki, kənd uşağı olan mən nəvaxtsa şəhərə gələcəyəm, nazirlikdə işləyəcəyəm. Yüksək vəzifə tutacağam. Cəmiyyətin ayranından qaymağına çevriləcəyəm.

 Bayram şənliyində başladılar bizi qəribə-qəribə süzməyə. Gözlərindən oxuyurdum: “Buna bax e... o boyda nazirliyin o boyda vəzifəlisidir, arvadı meymuna oxşayır”. İnsafən düz deyirdilər. Amma dəxli yox idi. O, mənim arvadım, namusum idi. İkincisi də, nə deyirlər desinlər... dəxli yoxdur. Bunu görüb, bunu başa düşürdüm. Amma hadisələr hansı məcraya gedirdi, bunu bilmirdim. Heç ağlıma da gətirmirdim. Yenə də nazir mənim gözümdə, əstəğfürullah, Allah idi. İllər isə ötürdü. Departament sədri olmasam da nazirin yaxın adamı kimi bütün işləri mən aparırdım. Amma “VRİO” – departament sədrinin vəzifəsini icra etmək – səlahiyyəti üzürdü məni. Günlərin bir günü nazir axır ki, bu mövzunu açdı.

- Səni departament sədri qoymaq istəyirəm, amma...

Ortaya bir sükut çökdü. Görəsən nə olub, nə xəta çıxarmışam? Bu zaman kəsiyində nə qədər fikirləşdimsə heç nə tapa bilmədim: “amma...” Nə “amma?” Nazirsə susurdu.

- Nə isə... Milli Məclisin seçkidən sonra daimi komissiyasının ilk iclası var, sənin adını vermişik. Get ekspert kimi iştirak elə. Sonra danışarıq. Mən də Aparata getməliyəm.

“Amma” beynimi qazırdı. Başa düşə bilmirdim ki, bu “amma” nə əmmadır. Heç nə anlaya bilmirdim. Heç nə fikrimdə deyildi. Departament sədrliyinə bir addımlıqda bu nə “amma” idi ortalığa çıxmışdı, bilmirəm.

Milli Məclisə getdim. Özümü çəkib oturdum. Hələ televiziya operatorlarından birinin cibinə pul da basdım ki, məni yaxşı çək-göstər. Bir də gördüm ki, bacanaq da ordadır.

- Bacanaq, sən hara, bura hara?

- Belə qohumsan da. Vəzifəyə keçəni böyümüsən, pulun artıb. Bacanaq-zad hərrəmirsən. Demirsən sağdır, ya ölüb? Adam vəzifəli olanda nə olar? Biz rəiyyəti də bir yadına sal da.

- Boş-boş danışma. İşdən başım ayılır ki? Nazirin kəbinsiz arvadına dönmüşəm. O qədər iş tapşırır ki, bəzən adımı da yaddan çıxarıram.

- Get nazirlikdə də fəxr elə. Bacanağın deputatdır.

- Nə? Deputat? Nə əcəb seçdilər səni? Sən bu hökumətin özünü də, kölgəsini də qamçılamırdın? Açıq-aydın söymürdün? Nə oldu bəs? Necə çatdın bu mərtəbəyə?

- Bu hökuməti söyə-söyə.

- Başa düşmədim.

- Söyə-söyə. İqtidar da gördü ki, səhv yoldayam. Yolumu çox azmışam. Çox söhbət apardılar. Mənə partiyanın, dövlətin siyasətini başa saldılar. İş verdilər, pul verdilər, ev verdilər. Dolanışıq üçün yer düzəltdilər. Mən də tövbə etdim, qayıtdım haqq yoluna. İslah olundum. Sonradan yaman həvəsləndim. Başladım cəbhəçi silahdaşlarımı söyməyə. Özü də iqtidarın əlində olmayan, ancaq mən bildiyim faktlarla söyməyə.  Axı necə olsa daxili mətbəxlərini, zəif yerlərini bilirəm. Mustafa, mən tək deyiləm, çox adam düz yola qayıtdı. Sağlıqlarına qismət, indi vəzifə, mal-dövlət sahibləridir. Mənim qismətimə də deputat olmaq yazıldı.

- Bəs əvvəldən tərifləyənlər, bu hakimiyyəti ürəkdən sevənlər nə oldu?

- Ay Mustafa, sən görmüsən ki, molla dinli-imanlı adamı düz yola çəkə? Tövbə elətdirə? Yox. İçki içəni, nəşə çəkəni, narkomanı, əyyaşı düz yola çəkərlər. Tövbə elətdirərlər. Sən dediyin o tərifləyənlər onsuz da düz yoldadırlar. Acından ölsələr də dediklərini  deyib duracaqlar. Amma mən səhv yoldaymışam. Bu cür hökuməti də söyərlər? Sən onda haqlıydın. Gərək sənə onda qulaq asaydım. O vaxt haqq yoluna qayıtsaydım, bəlkə də nazir idim. Amma buna da şükür. Xəbərin var da... Xalan qızını da boşayıram.

- Nə?

- Boşayıram. Qəti qərarımdır. Səncə, mən onunla dövlət tədbirlərinə getsəm camaat nə deyər mənə? Küçəyə çıxmağa utanırdım, deyirsən ziyafətlərə aparım? İmtina etmirəm ki, uşaqlara nə kömək lazımdır, edəcəm. Milli Məclisdə birini gözaltı eləmişəm. Bir nəfərin referentidir. Özü də çox gözəldir. Düzdür, ulu nənəsi ermənidir. Amma atası tərəf köklü nəsildir. Xarici maşın firmaları var.

- Deməli, söyə-söyə gəlib bu mərtəbəyə çatdın. Qınından da çıxdın, qınını bəyənmədin. Xalaqızını da bu yaşda bədbəxt edirsən. Eləmi?

- Guya sən bu vəzifəyə söyə-söyə gəlməmisən? Bircə müxalif qəzetlər yazmırdı sən deyənləri. Nazirlikdə hamının zibilini üzlərinə demirdin?

- Deyirdim. Üzlərinə. Amma hökumətə, dövlətə toxunmurdum. Deyirdim ki, nəticə çıxarsınlar.

- Yaxşı da... Day bizə də yox da... Sonda da təzə nazirə sukalıq elədin. O da səni böyütdü. Sən nazirlik səviyyəsindəsən, mən isə respublika. Fərqimiz bircə budur. Çox danışma.

Ayaqlarım yerə dirənmişdi. Bacanaq elə bil həmin adam deyildi. Deputat olmuşdu. Amma yenə də irəli getmək istəyirdi. Qarşısında isə heç nə görmürdü. Lap Çingiz Aytmatovun manqurtu kimi desəydilər ki, ananı öldür, öldürəcəkdi. Yazıq xalam qızı. Müzakirələrdə iştirak edib geri qayıtdım.

                                                    ***

Nazir bir gün məni yenə yanına çağırdı. Əsəbi idi. Dedim yəqin nəsə eləmişəm. Amma elə şeydən başladı ki, heç ağlıma da gətirməzdim. Uzun söhbətdən sonra belə məlum oldu ki, mən bu vəzifəyə layiqəm, amma arvadım bu vəzifəyə layiq olan mənə yaraşmır.  Kifirdir. Eyham da vurdu ki, bəlkə boşayasan? Dedim ki, “ay kişi, birincisi yaşım əlliyə çatıb. İkincisi, qızım böyükdür. Üçüncüsü də, mən ailəmdən razıyam. Dördüncüsü də, kimdir axı mənə gələn...” Təki dördüncünü deməyəydim. Nazir də elə bunu gözləyirdi. Dedi ki, a kişi, elə nazirlikdə neçəsi ölür səninçün. Bir dənə papaq eləsən, dava edərlər üstündə. Elə biri sənin şöbəndəki o kompüterçi Gülya... Sən də başlamısan ki, 50 yaşım var. Bəs uşaq böyüyüb. Sənə kim deyir ki, uşaqlarını at. Dolandır, evləndir. Arvada da görüm-baxım elə. Amma mənimlə razılaşarsan ki, sənin kimi adam, özü də ki, departament sədri olsan... sənin kimi vəzifəli adama qəşəng, cavan qız layiqdir. Məşədi İbad filminə baxmamısan? Ömrü boyu əziyyət çəkmisən. İndi keyf elə, nə qədər mən nazirəm. Dayanmışam arxanda. Evlənsən şəhərin mərkəzində bir dənə dördotaqlı mənzil də məndən hədiyyə, xanımına da bir maşın.

Otaqdan suyu süzülə-süzülə çıxdım. “Departament sədri olsan...” Deməli, deyilənlər şərt idi. Əlbəttə ki, razılaşmazdım. Nə olsun ki, nazirimdir. “Axırıncı aşırımda”kı Kərbəlayı demişkən, “namusumuz, qeyrətimiz var, bəy”. Özü də ki, bu nə şərtdir e... evlənməyin mənim işimə nə dəxli var axı?.. Özü də cavan qızla. Kabinetimə girdim. İstədim ərizəmi yazım. Amma əl saxladım. Dedim ki, olmasın departament sədri, olsun şöbə müdiri. Bura da mənim üçün pis deyil. Ərizə yazsam, həm də hörmətsizlik olar axı?! Nazir deyər ki, bu qədər yaxşılığım keçib, indi bir sözdür də dedim, hər şeyin üstündən xətt çəkdi. Nə isə oturdum yerimdə. Heç kimə də cürət edib danışa bilmirdim. Sanki donmuşdum. O gündən sonra kompüterçi qız da elə bil daha çox nəzərimi çəkməyə başlamışdı. Elə bil nazirin sözü məni bir az yerimdən oynatmışdı. Qız da məni görəndə qımışırdı, qızarırdı. Kabinetimə girəndə ürəyim atdanırdı. Fikirləşirdim ki, görəsən bu cür gözəl, cavan qız məndə nə görüb axı? Amma birtəhər qara fikirləri qəlbimdən uzaq qovurdum. Amma demə vəzifə, pul mənəviyyatımı aşındırıbmış. Aşındırmaq nədir, məhv eləyibmiş. Departament sədrliyinin bir adımlığında idim. Digər “zirvə”lərə də tamahım düşürdü. Biliyimlə, bacarığımla da böyük vəzifələrə layiq sayılırdım. Beynim kompüter kimi işləyirdi.

 Beləcə, iki ay keçdi. Əvvəlki kimi şöbə müdiri, “VRİO” sədr idim. Amma departament sədrinin yeri əvvəlki kimi boş idi. Hiss edirdim ki, nəsə oyun gedir. Görən-görən də soruşurdu ki, “a kişi, nə vaxt sədr olacaqsan?” Və ya “ehtiyatlı ol a, yer əlindən çıxar”. Ya da ki, “ nə durmusan, hərəkət elə”.

   Bu sözlər məni lap əsəbiləşdirirdi. Həyatımda çox görmüşdüm belə şeyləri. Əvvəlcə baş-beynimi aparırdılar ki, evlən, evlən! Nəhayət evləndim. Görən-görən başladı soruşmağa ki, ata olmamısan? Deyirdim ki, yox. 2-ci sual verirdilər ki, gözləyirsən, ya yox? Yəni ki, arvadın hamilədir, yoxsa yox? Uşaqlar olandan sonra dedim ki, yəqin canım qurtardı. İndi soruşurdular:

-Nəyin oldu?

- Qızım.

- Yox, bir dənə də oğlan hökmən lazımdır. Qocalanda kim səninçün çörək alacaq? Bekar dayanma. “İşlə!”

Bu yolları keçmişdim. Lakin bu dəfə əsəblərim dözmədi. Nazirin yanına girdim:

- Böyüyümsən. Nəinki evlən, öl də desən, ölərəm sənin bir sözünlə. Ağsaqqalımızsan.

Nazirin kabinetindən çıxdım. Evə gəldim. Qapını qızım açdı. Həmişə olduğu kimi, ayaqqabılarımın bağını boşaltdı. Pencəyimi çıxartdı. Arvadın heç vecinə də deyildi. Böyük otaqda oturub televizora baxırdı. Paltarımı dəyişib, əl-üzümü yuyub mətbəxə keçdim. Qızım çay süzdü. Yeməyi qızdırdı. Qaba çəkib qabağıma qoydu.

- Ata, nə olub? Nəsə qayğılı görünürsən? Bir hadisə baş verməyib ki?

- Heç nə.

- Görürəm, axı, nəsə olub?

- Sənə heç bir dəxli yoxdur. Mən qərar verdim ki, anandan ayrılam.

- Nə?!

- Anandan boşanıram. Bu gün buna qərar verdim. Daha sən böyüksən. Məni başa düşərsən. Ananın mənə bu laqeydliyinə dözə bilmərəm.

- Ata, axı mən varam.

- Sən də bu gün-sabah ərə gedəcəksən. Çıxıb gedəcəksən.

Qızımla qısa söhbətdən sonra yataq otağıma keçdim. Şəxsi əşyalarımı, pal-paltarımı yığışdırmağa başladım. Səsə arvadım da gəldi.

-Gedirsən? Belə cərə get, cəhənnəmə get. Səni saxlayan var? Kimə lazımsan axı, ay qoca kaftar? Mən idim e, bu uzun illər sənə dözən. Başqası olsaydı çoxdan qayıtmışdı atasının xarabasına. Pulun artdı, dilin çıxdı. Qınından çıxdın, qınını tanımadın? Tısbağanın biri tısbağa.

   Nə? Tısbağa? Demə, Mustafanın aftafa qafiyəsindən başqa da qafiyəsi varmış? Arvad hey söysə də cavab vermədim. Pal-paltarımı yığışdırıb evdən çıxdım. O biri mənzilimə gəldim. Amma ürəyimdə bir nigarançılıq vardı. Qızımdan narahat idim. Anası kimi heç nə demədi. Məni qınamadı da...

   Beləcə, rəsmi olaraq arvaddan boşandım. Günlərin bir günü nazir məni maşınına otuzdurub Gülyagilin evinə gəldik. Bizim gəlməyimizdən xəbərdar idilər. Yaxşı süfrə açmışdılar. Stolun bir tərəfində nazirlə mən, o biri tərəfində isə Ceylayla əri oturmuşdu. Ona baxdıqca Ceylanın idarə rəisinin otağından qan-tər içində, priçoskası dağılmış, pamadasının rəngi üzünə yaxılmış, “pul sayan” vaxtları gözlərimin önünə gəlirdi. Ərinə baxdım. Namusunu qoruyaraq nazirliyin qabağına gəlib məni küçədə tutub yerə sərməyi, “Ay oğraş, sən mənim arvadıma böhtan atırsan? Mənim namusumu ləkələyirsən?” dediyi o günlər yadıma düşdü. İndi isə mən onların qabağında gələcək kürəkənləri kimi kirimişcə, utana-utana oturmuşdum. Yatsaydım, yuxuma da girməzdi. Nazir isə danışırdı. İsmətdən, abırdan, həyadan. Bir qızın bir oğlanın olmasından. İlhamə Quliyevanın “Yaşın nə fərqi var ki” mahnısından sitat da gətirirdi. Onun xeyir-duasıyla arvadını boşayan məni tərifləyirdi, bir də qız uşağı olan Gülyanı. Ceylayla əri də eləcə durub qulaq asırdılar. Ləzzət edirdi onlara nazirin bu sözləri. Ortaya çay gəldi. Ceylanın əri əlini qənddana apardı. Razılıq əlaməti olaraq çaya qənd saldı. Xeyir-dua verdi. Hələ qayınata kimi “Mustafa, axır ki, ağıllandın” dedi. Kiçik bir toy mərasimi keçirib Ceylanın qızıyla evləndim.

Qızım isə heç nə demirdi. İşdə rastlaşırdıq. Həminki münasibətini yenə saxlamışdı. Artıq departament sədri idim.

Üstündən altı ay keçdi. Erkən bir oğlumuz dünyaya gəldi. Adını da nazir qoydu - öz şərəfinə - Nəsrulla. Allahdan oğul payı istəyirdim, o da oldu. Ceylanın qızı bəxş etdi onu mənə. Nazir onu bizdən də çox istəyirdi. Evimizin əziz qonağına çevrilmişdi. Bundan sonra departament sədri kimi xarici səfərlər də mənə həvalə olundu. Müqavilələr bağlayırdım. Ayın iyirmi gününü xaricdə olurdum. İşçilər məni görəndə nəsə qımışan kimi olurdular. Səbəbini anlamırdım.

Milli Məclisdə keçirilən komissiyaların iclasına da mən gedirdim. Xalaoğlu-bacanaqla da orda rastlaşırdım. Oğlundan giley-güzar edirdi:

-Ay Mustafa, oğlum xaricdə institutu bitirib gəlib. Açıq fikirli adamdır. Ağzına nə gəlir danışır. Hökumətin atdığı bəzi iqtisadi addımları pisləyir. Deyirəm ki, ay bala, söymə. Aton deputatdır. İqtidar adamıdır. Nə desə yaxşıdır? “Ata, söyəcəm, lap o yana da keçəcəm. Sən söyə-söyə bu mərhələyə çatmadınmı? Mən də söyürəm ki, sənin yaşına çatanda deputatdan-zaddan olum. Ay Mustafa, bacarmıram onunla. Deyirəm ki, o boyda xarici universitet qurtarmısan. Qalıb orda bir iş tapa bilmirdin? Elə bil ki, anasının acığını çıxmaq istəyir məndən. Anası da ki, beynini doldurur. Deyir ki, cavanlıqda mənim atamın şotuna kişi oldu, indi də nənəsi erməni olanın.

  Mən isə qızımdan narahat idim. Nəzarətimdən çıxmışdı. Məni saymırdı. Günlərin bir günü yenə xaricdəydim. Zəng elədilər ki, bəs birinci arvadım ölüb. Səfəri yarımçıq qoyub geri qayıtmalı oldum. Çox pis olmuşdum. Bir il yarım idi ki, ayrılmışdıq. Sanki özümü taqsırkar sanırdım onun ölümündə. Naziri xəbərdar etməyi belə unutmuşdum. Evə gəlib paltarımı dəyişdim. Heç kim yox idi. Aşağı düşüb taksiyə minəndə, gördüm ki, nazirin maşını dayanıb. Yaxına getdim ki, bəs məsələdən hali edim. Arvadım maşından düşdü. Mənimlə görüşüb bloka tərəf getdi. Naziri dal oturacaqda görəndə elə bil məni ildırım vurdu. Heç nə deyə bilmədim. Maşına yaxınlaşmağa belə qorxdum. Cürətim çatmadı. Nə baş verir? Anlamırdım. Elə bil yuxudan oyanmışdım. Amma bugünədək oynanılan oyunları hələ də anlamırdım.

     Hüzürü yola verdim. Qızım da məndən incik idi. Yeni arzularım da puç olmuşdu, keçmişim də. Deməli, belə çıxır ki, arvadım nazirlə gəzir? Onda bir kişi kimi ya arvadı boşamalı, ya öldürməli, ya da oğraşlığı boynuma almalıydım.

   Bəs vəzifə? Boşasaydım, nə deməliydim? Naziri arvadımla maşında bir görmüşəm? Deyəcəkdilər, nə olsun ki, yataqda tutmamısan ki. Tutsaydın bu, başqa məsələ. Nazirə böhtan atma. Üstəlik nazirin gözündən də düşəcəkdim. Bəs vəzifə? Belə çıxır, vəzifəmdən də olacaqdım? Üstəlik Nazlını da çıxaracaqdılar. Yox, nə edirlər etsinlər, bircə vəzifəmə toxunmasınlar. Axı bu vəzifəyə görə ailəmi dağıtmışdım... Dağıdıb vəzifə almışdım. Amma bu dəfə vəziyyət başqa cür idi. Ailəmi dağıtsaydım, vəzifəmi itirəcəkdim. Hətta qanun pozuntularına görə tuta da bilərdilər. Məhv edilmiş mənəviyyatımı artıq dəfn eləmişdilər. Ona görə də sadəcə olaraq dözürdüm. Lakin məsələnin əsl mahiyyətini anlamırdım. Sadəcə, nazirlə arvadımı maşında görməyi xəyanət kimi qiymətləndirirdim. Amma bunları nazirin üzünə vurmaqdan, ona biədəb söyüşlər yağdırmaqdan qorxurdum. Anasız qalan qızım da gözümün qabağındaydı. Üzdə narazılığını biruzə verməsə də, içini gözlərindən oxuyurdum.

   Günlərin bir günü departament sədrlərindən birini işdən çıxartdılar. Bir şöbə müdiri var idi... yoluğun biri idi. Vəzifəni ona həvalə etdilər. Hamı məəttəl qalmışdı ki, bu nə məsələdir? Bunun əlindən bir iş gəlmir axı? Ailəsini də tanıyırdıq. Özündən fərqli olaraq ataman arvadı vardı, bir dənə də xəstə oğlu. Bir gün xəbər gəzdi ki, bəs bu yazıq adam arvad-uşağı boşayır. Sonra da xəbər yayıldı ki, bəs nazirlikdə katibə qız var, hərif bəs ona vurulub. Fikirləşirdim ki, axı burda nə var? İnsandır da, vurulub. Məhəbbət azaddır. Qısa bir vaxtdan sonra bu yoluğu departament sədri təyin etdilər. Günlərin bir günü nazir mənə zəng edib dedi ki, axşam sizə gələcəyəm, evdə ol. Öz-özümə fikirləşdim ki, bu nə əcəb məni xəbərdar edir. Ya da ki, sözü varsa otağına çağırıb desin də. Nəsə dalağım sancdı. Axşam gələndə isə tək deyildi. Yeni departament sədri yanında idi. Nazir isə söhbətə “Bir qız bir oğlanındır” sözü ilə başlayanda sanki başıma qaynar su tökdülər. Nazlımı departament sədrinə istəməyə gəlmişdi. Razılıq verdim, ağzım nə idi ki, verməyim. Cavab verməyə sözüm yox idi. Qız da üzümə durmuşdu ki, “gedəcəm ona”. Dedim ki, yaşlıdır, sən cavan. Dedi ki, sən də yaşlıydın. Dedim ki, axı ailəsi var. Uşağı da xəstə-əlil. Dedi ki, sənin də ailən var idi, mən vardım. Nəhayət, dedim ki, deməli qızım, sən nazirin məşuqəsisən, hə?... Dedi ki, burda nə var ki, cavan arvadın da elə əvvəldən nazirin məşuqəsi olub da... Guya ki, tikdirib altına girməyini bilmirsən? Bu qədər avamsan? Altı aylıq, amma əslində doqquz aylıq oğlun da ondandır. Yaxşı ki, razılıq verdin onu almağa, yoxsa nazirin el içində biabır olacaqdı. Guya ki, xəbərin yox idi? Özü də ki, mənə minnətdar olmalısan. Arvadını onunla bir yerdə tutandan sonra işdən çıxartmaq istəyirdi səni. İndi sənin arvadın onun üçün maraqlı deyil. Yeni “ceyranlar”ı var. Hamısı da sütül-sütül, özü də ailə uşağı. Zar-zar ağlayırlar ki, atamız xəbər tutsa ki, sən nazir mənim bakirəliyimi pozmusan, batdıq. Bəs rəsmiləşdirməlisən əməllərini. Onlar çox, nazir isə tək. Nazirlikdə də departament az. Səni çıxarıb yerinə başqasını qoyacaqdı. Qızlardan da birini yeni departament sədrinə sırıyıb həm canını qurtaracaq, həm də keyfini çəkməkdə davam edəcəkdi. Mənə görə əl dəymədi sənə. Ata, get yaşa, keyfini çək. Bəlkə səni nazir müavini də təyin etdirdim. Bir də ki, hər yerdə qürrələn, fəxr elə ki, oğlun da nazirin qanını daşıyır, gələcək nəvən də...

   Güzgüyə baxdım. Üç buynuzum var idi. Demə, birini arvadımı boşayanda, ikincisini isə nazirin məşuqəsini alanda qoydurubmuşam. Üçüncünü də qızım qoymuşdu – nazirin altına yıxılmaqla. Qızım tərbiyə görmüşdü. Amma bu yolla anasının heyfini aldı məndən.

Artıq nazir müavini də olmuşdum. Pensiya yaşıma da iki il qalırdı. Amma heç könlüm açılmırdı. Hərdən birinci arvadımın qəbrini ziyarət edirdim. Qara qranit başdaşına baxanda, əksimi görürdüm. Çox qorxurdum. Üç buynuzu gəzdirmək mənimçün çox ağır idi. Amma nə edim ki, dözürdüm. Çoxları həsəd çəkirdi mənə. Deyirdilər ki, xoşbəxt adamsan. Özün nazir müavinisən, kürəkənin də departament sədri.

Aftafalı günlərimçün yaman darıxırdım. Elə hey istəyirdim ki, nazirlikdən kimsə mənimçün o mahnını oxusun. Amma oxuyan yox idi. Çünki bu mahnını bilən də qalmamışdı. Hamısını çıxarmışdılar. Özü də mənim əlimlə. Hamısının donosunu mən vermişdim. Bircə o mahnıya görə:

Mustafadı, Mustafa,
Əlində də aftafa.

Burnumun ucu göynəyirdi o günlərimçün. Görəsən, aftafa alsam yenə oxuyarlarmı o mahnımı? Mağazaları gəzməyə başladım. Hansına girdimsə, güldülər mənə. “Aftafa zəmanəsi çoxdan keçib, ay əmi. İndi heç kim aftafa almır”. Nə qədər axtardımsa tapmadım. Tapsaydım belə, o təmiz adımı geri qaytara biləcəkdimmi? Yox. Çünki bu zəmanəyə mənim kimilər lazımdır – Allahın üz döndərdiyi aftafa görməyən götlər.

Gülmalı müəllim, sonrası necə oldu, onu bilirsiniz. Bayaq dedim. Nazir iclasda məni söydü. Oğraş dedi mənə. Haqqına dedi. Amma dözmədim. Papkanı keçirtdim başına. Vəssalam- şüttamam.

Mustafa müəllim ürəyini boşaldıb bizdən aralandı. Uzun müddət bu söhbətin təsirindən yerimizdən tərpənmədik. Nə “icra başçı”mız, nə də onun iki “müavin”i.

                                                           ***

Beləcə, türmədə həyatımızı yaşayırdıq. Günlərimizi yox, Gülmalı müəllimin etdiyi yaxşılıqları saya-saya. Polkovnik də ona kömək edirdi.

   Amma sevincim uzun çəkmədi. Günlərin bir günü axşam kolonun rəisi Gülmalı müəllimi yanına çağırdı. Getdi, amma qayıdanda ağlayırdı. Gözləri qızarmışdı. Ha eləyirdiksə dinməzcə durmuşdu. Rəisin otağında nə baş vermişdisə, demirdi. İşgəncə vermişdilərmi ona? Yox. Bu, mümkün olan iş deyildi. Çünki Gülmalı müəllim elədiyi işlərlə həm də kolonu nümunəvilər sırasına çıxarmışdı. Rəisin də vaxtından əvvəl rütbəsini qaldırmışdılar. Bəs onda nə baş vermişdi? Gülmalı müəllim  gözlərini mənə zilləyib durmuşdu. Sonra gözlərində yaş gilələndi:

- Qanlıgün, rəis bilirsən, mənə nə dedi?

- Nə dedi?

- Dedi ki, səni başqa kolona keçiririk. Oradakı məhbusların da sənə böyük ehtiyacı var. Burda artıq komanda yaratmısan. Sənsiz də bacararlar. İndi də get ordakılara mənəvi dəstək ol. Qanlıgün, səhər məni keçirirlər qonşu kolona.

- Bəs niyə ağlayırsan? Qanın niyə qaralıb? Bu ki, əladır. İnsanların sənə mənəvi ehtiyacı var. Bundan yaxşı nə ola bilər ki? Deməli, sən artıq cəmiyyətə yararlı adamsan. Bir də gördün rəis yuxarı instansiyalara səndən razılıq məktubu göndərdi, müsbət xasiyyətnamə verdi, vaxtından əvvəl də azadlığa buraxdılar. Bəlkə mənimçün darıxacaqsan, ona görə ağlayırsan?

- Yox, ay Qanlıgün. İcra başçısı olanda iki-üç dəfə rayonumu dəyişmişdilər. Çox sevinmişdim. Amma bu, o dəyişməkdən deyil. Digər kolon rəisləri məni tələb edirlər ki, gəl burdakılara da mənəvi dayaq dur. Məni vəzifədən çıxaranda elə bilirdim ki, heç kiməm. Ölmək istəyirdim. O həyata bir də qayıtmayacağımı yəqin etmişdim. İndi isə tam əksinədir. Demə, vəzifəli olanda mən heç kiməmmiş. İndi isə artıq insan olmuşam, digərlərinə də lazımam. Gülmalı müəllim artıq heç nə demədi. Çarpayısına uzandı. Üzünü adyalla örtüb yatdı. Məhbuslarla sözü bir yerə qoyduq ki, səhər Gülmalı müəllimə gözəl bir “provod” hazırlayaq. Lap azadlığa çıxan adamı yola salan kimi.

Səhər açıldı. Amma Gülmalı müəllim yuxudan qalxmırdı. Sanki nəzarətçilərin yuxudan qalxmaq əmrlərini eşitmirdi. Narahat etmədik onu. Nahardan qayıdanda gördük ki, yenə yatıb. Nəzarətçilərdən biri gəldi ki, bəs kovboy maşını gəlib. Vaxtdır. Çarpayıya yaxınlaşdım. Əlimi çiyninə qoyub ehmalca silkələyərək “Gülmalı müəllim, Gülmalı müəlim” çağırdım. Hay vermədi. Adyalı üzündən çəkdim. Çənəsi aşağı düşmüş, ağzı köpüklü idi. Nəbzini yoxladım. Gülmalı müəllim... Hönkürtümü saxlaya bilmədim. Səsimə digər məhbuslar, kolonun rəisi  gəldi. Tez həkim çağırdılar. Amma çifayda.

Gülmalı müəllimin cəsədini xərəyə qoyub həyətə endirdik. Təcili yardım maşınına qoyduq. Düz qapıyacan yola saldıq. Gülmalı müəllim bu darvazadan içəri girəndə bir qadının ölümünə bais olub onun ərini, iki yetimini gözüyaşlı qoymuşdu. Bu darvazadan azadlığa çıxanda isə yüzlərlə məhbusu gözüyaşlı qoyub getdi. Onun yoxluğuna, insanlığına axıdılan göz yaşları həm də onun bütün günahlarını yuyub apardı.

Gülmalı müəllim “bayır”a – azadlığa günahlarını yuyaraq çıxdı.

Onun ölümündə özümü günahkar sayırdım. Gülmalı müəllimi psixoloji cəhətdən yaxşılıqlarla yükləmişdim. O isə buna tab gətirə bilmədi. Gülmalı müəllim azadlıqda etdiyi günahlar ucbatından bura düşmüşdü. Və bu əzablar da onu türmədə öldürməliydi. Bəs mən nə etdim? Onu yenidən həyata qaytardım? Yox! Deyəsən, Allahın işinə qarışmışdım, axı.                                                       

                         ***

Ay İnkir-Minkir, məhbusluğum davam edirdi. Həyat şəraitim yaxşı idi. Gülmalı müəllimin oğlanları məni yaddan çıxarmamışdılar. Atalarının onlara verdiyi tapşırığı vəsiyyət kimi yerinə yetirirdilər. Azuqəm vaxtlı-vaxtında gəlirdi. Amma Gülmalı müəllimsiz darıxırdım. Polkovnik də azadlığa çıxmışdı. Onlar olanda, kiməsə yaxşılıq edəndə, məhbuslar sevinəndə mən də mənəvi zövq alırdım. Amma onlar olmayanı yenə qanıqara sifətlər, problem dolu məktublar. Düzdür, “müavin”likdən məni heç kim çıxarmamışdı. Amma “başçı”sız “müavin” kimə lazım idi ki? Heç kimlə danışmaq istəmirdim. İstəmirdim ağırlıqlarını töksünlər üstümə.

Ay İnkir-Minkir, çox qəribə mühitə düşmüşdüm. Hamısı mənəviyyat əsiriydi. Aldıqları cəza yox, çəkdikləri mənəvi əzab incidirdi onları. Axtardıqları suallara cavab almaq üçün uzun bir yola çıxmışdılar. Danışırdılar, danışırdılar, elə hey danışırdılar. Kasıbı da danışırdı, varlısı da, vəzifədən enəni də. Elə bil bayırda ağızlarına su alıb susan, bir söz danışanda qorxularından nəinki telefonlarını söndürən, hətta telefonlarının akkumlyatorunu belə çıxarıb qırağa atan insanlar deyildilər. Elə şeyləri etiraf edirdilər ki, məhkəmədə bunları desəydilər, hakim cinayət maddələrini artırar, onlara bundan da üç dəfə artıq cəza verərdi.

Amma neyləsinlər ki, ömürləri boyu etdikləri qanunsuzluqlara görə yox, buraxdıqları mənəvi səhvlərə görə burdaydılar.

Beləcə, üç ilimi “yatdım”. Qapını açıb azadlığa buraxdılar. Birinci göyə baxdım. Sonra ətrafa. Qobustanın çölü-biyabanında tək-tənha idim. Heç kim gözləmirdi məni. Heç əməlli yola salan da olmadı. Heç Allahın qarğışını da etmədilər ki, “səni görüm gedəsən, bir də geri qayıtmayasan”. Sanki bezmişdilər məndən - türmə də, dustaqlar da. Deyəsən, azadlığım da şad deyildi çıxmağıma. Yoxsa qarşılayanım olardı. İlk sözüm bu oldu: yazacam, polisdən yazacam. Axı bu, necə olur? Arxamca maşınla gəlib, aparıb türməyə basırlar. Türmədən çıxanda isə hardan götürüblərsə ora aparıb qaytara bilmirlər?

   Piyada birtəhər özümü avtobus dayanacağına çatdırdım. Ayaqlarım zoqquldayırdı. Çoxdandı bu qədər yol qət etməmişdim. Dayanacaqda heç kim yox idi. Avtobus da gözə dəymirdi. Bəlkə buralara heç marşrut da işləmirdi. Artıq günorta idi. Türmə yadıma düşdü. İndi sıraya düzüləcəkdik. Yeməkxanaya gedəcəkdik. Sonra həyətə çıxıb veyil-veyil gəzəcəkdik. Şam yeməyini səbirsizliklə gözləyəcəkdik. Televizora baxacaqdıq.

Uzaqdan toz qalxdı. Hə, avtobusdur - “PAZ” avtobusu.

ARDI VAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu