(hekayə)
Rüstəmin sevincinin həddi-hüdudu yox idi. Nəhayət ki, ən böyük istəklərindən birinə yetmişdi. Ali təhsilini paytaxtda alacaqdı. O hələ körpəlikdən fəhmi ilə dərk edirdi ki, Azərbaycanda bütün ümdə arzulara yol Bakıdan keçir. Məktəb illərində dəfələrlə gəzib-dolaşdığı bu şəhər onu yaman çəkirdi. Burada yaşayan varlı dayısı da kimsənin işinə yaramasa da, hər halda yaxın qohumu sayılırdı. Bərk ayağda ona üz tuta bilərdi. Əslində, o, pis adam deyildi, sadəcə yaman simic idi. Rüstəm necəliyindən asılı olmayaraq dayısı Bəxtiyara normal münasibət bəsləyirdi. Elə dayısının da nəsillərində az-çox doğma yanaşdığı kəs Rüstəm idi. Ötən illərdə bir neçə dəfə dayısıgildə olmuşdu. Onun təm-təraqlı, dəbdəbəli həyata şəraitinə yamanca vurulmuşdu. Ta uşaqlıqdan elə istəyirdi ki, kaş böyüyəndə onun da beləcə həsədaparılacaq evi, cəh-cəlalı olaydı. Elə Bakıda təhsil almaqda məqsədi də xəyalanıdakı bu nağıllar aləminə giriş qapısını tapmaq idi. Ozünə və qismətinə də inamı tükənməzdi.
Avqust ayının axır günləri idi. Rüstəm kirayələdiyi mənzildə səliqə-sahman yaradırdı. Anasının xahişi ilə dayısı da ona bir qədər yardımçı olmuşdu. Sürücüsünü göndərmişdi Rüstəmin təzəcə kirayələdiyi mənzilin əyər-əskiyini düzəltməyə kömək üçün. Bütün günü əlləşib bir otaqlıbu mənzili ala-babat vəziyyətə gətirdilər. Ta gözünü açandan uca dağlar, azman qayalar, rəngarəng təbiətlə gözbəgöz olan Rüstəmin təxəyyülü sərhədsiz idi. Mənzili darıxdırıcı olmasın deyə səhərisi təbiət təsviri olan rəsm əsəri almaq qəraraına gəldi. Maddi durumu ürəkaçan olmasa da, hər halda bəxtini sınamaq istədi.
İstirahət günü idi. Rüstəm üz tutdu Fəvvarələr bağına, oradan da Torqovı küçəsinə. Yadındaydı, burada yaxşı rəsm əsərləri satılırdı. Uşaqlıq xatirələri yaman şirin olur. Bir neçə dəfə ağzıaçıla həmin mənzərələri seyr etmişdi. Aradan xeyli müddət ötdüyündən Rüstəm elə bil birinci dəfəydi Fəvvarələr bağındaydı. Buranın abı-havası insanı yamanca tutur. Dördbir tərəf göz oxşayır. İnsanlar da burada elə bil başqa cürə olurlar. Xüsusilə, qızlar, qadınlar. Hamısı da say-seçmə. Ən son dəblərə də burada rast gəlirsən. Rüstəm sanki podiumda mankenləri seyr edirdi. Qadınların hamısı xanım-xatun, geyimləri də ki, sözlə ölçüyəgəlməzdi. O, qətiyyən şorgöz deyildi. Xanımlara sadəcə təbiətin ayrılmaz bir parçası kimi tamaşa edirdi. Qanında, canında nadürüstlükdən əsər-əlamət yox idi. Nədənsə, ona elə gəlirdi ki, buradakı ağacları, gül kollarını da insanlardan ayırmaq çətindir. Onlar da insana adicə bitkidən daha canlı təsir bağışlayırdı. Ətrafdakı çeşidbəçeşid, rəngarəng işıq dirəkləri də naz satan, oğlanları cırnadan qızlara bənzəyirdilər. Bir-birindən yaraşıqlı binalar boyunca sıralanan qollu-budaqlı, şümal qamətli ağaclarsa ağayana azəri kişilərinə oxşayırdılar. Buradakı füsunkarlıqlar barmaqla sayılası deyildi. Fəvvarələr bağı sanki xoşbəxtlik adasıdır. Adama nədənsə elə gəlir ki, buralara ilk ayaq basan ayağı sayalı kişi olub, içi də tükənməz nurla dolu. Əsrlər biri-birini əvəzləsə də, buradan o nurlu abı-hava əskilmir ki, əskilmir…
Məşhur Torqovı küçəsinə də yol buradandı. Həmin səmtə ayaq basmağınla elə bil dünənlə sabahın tən ortasına düşürsən. Burada istirahət də, alış-veriş etmək də, hətta, sadəcə gəzişməyin özü də nəyə desən dəyər. Bu ələdüşməz hisslərin təsirindən qopa bilməyən Rüstəmin birdən yadına düşdü ki, ey dili qafil, axı, sən buraya rəsm əsəri almaq üçün gəlmisən. Ətrafda sıralanan təbiət təsvirli rəsm əsərlərinə diqqət kəsildi. Yaxşı rəsmlər az deyildi. Seçim etmək lazımdı. Birdən gözləri istədiyini tapdı, bu lap onluqdu. Rəsm əsrinin ortasındakı körpünün bir tərəfində uca dağlar qoynunda, evləri sıx meşə boyunca səpələnən kənd mənzərəsi, o biri tərəfində isə Bakının girişi canlandırılmışdı. Əsər Azərbaycanın ucqar dağ kəndindən paytaxta adlayan ömür yoluna işarəydi. İlk baxışdan hiss olunurdu ki, zəngin təfəkkür və təxəyyülün məhsuludur. Sənətkarlıq baxımından da işlənməsinə söz ola bilməzdi. Körpünün kənd tərəfindəki tağı çay daşları ilə bəzədilmişdi. Aşırımlar şəhərə sarı irəlilədikcə müasir tikinti texnologiyalarına üstünlük verilmişdi.Bu hissə möhtəşəm və mürəkkəb asma körpü elementləri ilə işlənmişdi. Rəsm əsərindəki kənd mənzərələri əks olunan hissəsdən bakirəlik, paytaxtın girişindəki ilk baxışdan gözqamaşdırıcı, amma heç də hər kəsin ip ucu tapa bilməyəcəyi qarmaqarışıq labirinti xatırladan hissəsindən isə qeyri-müəyyənlik yağırdı. Di gəl, körpünün hər iki tərəfi cəlbedici idi. Ümumilikdə, əsər tamlığı və kamilliyi ilə insanı valeh edirdi. Düşündükcə, düşünəcəkdin. Rüstəm satıcıdan qiyməti soruşdu: - Neçəyədir?
- Qardaş, məncə. Bu sənlik deyil?!.
- Başa düşürəm, amma hər halda bilmək istərdim…
- Ən azı 300 manata…
- Düzdü, təəssüf, mənlik deyil… Amma çox istərdim o mənim olsun…
- Təki sənin o qədər pulun olaydı, biz də heç olmasa 5-10 manat qabaq düşərdik. Əslində, onun qiyməti daha bahadır, sadəcə, əlacsızlıqdan belə aşağı qiymətə deyirik…
Kor-peşiman yerindəcə saymaq məcburiyyətində qalan Rüstəmə satıcının da ürəyi ağrıdı, nə edə bilərdi, əlindən heç nə gəlmirdi. Rüstəmsə həmin rəsm əsərindən aralanmaq belə istəmirdi. Əlacsızdı. Bu məqamda diqqətini yaxınlıqdan keçən dayısı Bəxtiyar çəkdi. Dayısı da onu görüb ayaq saxladı.
- Xeyirdimi, ay Rüstəm, sən burada nə gəzirsən, barı, kirayələdəyin otağın babatdımı?
- Hə dayı, normaldır, çox sağ ol, sürücün də köməklik elədi.
- Niyə burada mıxlanmısan?
- …
Əvəzində onların yaxın qohum olduğunu sezən satıcı fürsəti fövtə verməyib dilləndi: - Bu rəsm əsərində gözü qalıb, əmi, amma pulu çatmır ala?!. Bəlkə, kömək edəsiniz, ürəyində qalmasın...
Rüstəm qıp-qırmızı pörtsə də, dili açılmadı. Naəlac qalan dayısı satıcıdan qiyməti soruşanda onu da tər basdı. Ürəyində donquldandı: “Qudurasan qurbağa”. Di gəl, bu rəsm əsəri onu da tutmuşdu. Təkrarən bir də baxdı. Əsərə söz yox idi. Bunun üçün peşəkar olmağa da elə bir ehtiyac qalmırdı. Ətrafdakıları da maraq götürdüyündən, onlar da bu söhbətin nəylə bitəcəyini gözləyirdilər. Bir neçə dəqiqəliyə dinməz-söyləməz qalan Bəxtiyar kişi nəhayət ki, bu qeyri-müəyyənliyə son qoydu: - Oğlum, darıxma, universiteti bitirib işə düzələrsən və ilk maaşına alarsan bunu.
Hamı donub yerindəcə qaldı. Bəxtiyar bacıoğlusu ilə sağollaşıb yoluna düzəldi. O təzəcə aralanmışdı ki, Rüstəmin gözlərindən bir cüt göz yaşları yanaqları boyunca yuvarlandı. Bu təsiredici mənzərə hamını karıxdırmışdı. Elə həmin məqamda Bəxtiyar kişi beş addımlıqdan Rüstəmi səslədi. Qeyri-ixtiyari hamının diqqəti o səmtə yönəldi. Dayısı əlində üç dənə yüzlüyü yelləyə-yelləyə onu haraylayırdı. Rüstəmin sevincindən uça-uça özünü dayısına yetirməyi ilə onu var gücü ilə bağrına basmağı bir oldu.
Artıq bir neçı gün idi dərsləri başlamışdı. Dərsləri çətin olsa da, o, oxumaq üçün yaranmışdı. Elmə,biliyə həvəsi tükənməzdi. Estetika dərsi lap xoşuna gəlirdi. Müəllimləri güclü idi. Bütün qrupda həmin fənnə qarşı kəskin maraq oyatmışdı. Adı bir qədər qəribəydi, Esmiralda. Hamı onun qeyr-millətdən olduğunu təxmin etsə də, kimsə bunu araşdırmağa meyilli deyildi. Azərbaycanca səlis və rəvan danışırdı. Əslində, estetika dərsini öyrənməyə bir o qədər ehtiyac da qalmırdı. Esmiraldanın təkrarsız gözəlliyi, səsinin ürəyəyatımlılığı, danışığının təbiətin əks-sədasına bənzərliyi, insanın iç dünyasını yerindən oynadan nəzakəti, nəfəsi belə kəsən baxışları, olduqca mənalı gözləri, sütül çinar ağacını andıran qaməti, gözəllik timsalı sayıla biləcək çiyinlərinə tökülən qumral saşları elə başdan-ayağa estetikaydı da… Bütün qızlı-oğlanlı hər kəs onun vurğunuydu. Rüstəmdə də bu, təxminən 30 yaşlı qadına qarşı anlaşılmaz hissələr oyanmışdı. Esmiralda çoxlarının yuxusuna haram qatmışdı. Hiss olunurdu ki, özü də bundan tükənməz həzz alır. Amma özünü o yerə qoymurdu. Rüstəm də universitetin ən yaraşıqlı oğlanlarından biri sayılırdı. Dərsləri cəmi bir neçə ay idi ki, başlasa da, artıq xeyli qızın onda gözü vardı. Onun üstündə əməlli-başlı “davaydı”. Estetika dərsindən ən yaxşı o baş çıxarırdı. Müəllimləri də qrupları qarşısında bunu dəfələrlə təsdiqləmişdi. Hətta tələbəsinin bu hünərindən təsirlənən Esmiralda dərsdən kənar vaxtda universitetdə Rüstəmə ayrıca əlavə dərs də keçirdi. Əksəriyyət buna qısqanclıqla yanaşırdı, xüsusilə, oğlanlar. Tədricən özləri də bir o qədər hiss etmədən müəllim tələbə bir-birinə yaman mehr salmışdılar. Günlərin birində Esmiralda əlavə dərslər üçün Rüstəmi öz evinə dəvət edəndə, o, əvvəlcə karıxsa da, qəlbinin səsiylə ikiəlli buna razılıq verdi. İlk görüşlərindəcə müəllimi hər ehtimala qarşı bunun sirr olaraq qalmasını ondan rica etdi. O, yaşı az olsa da, xaraktercə möhkəm kişi idi, sözünün yiyəsiydi.
Günlərin birində Rüstəmin əhvalı yaman pozuldu. Qrup yoldaşlarından birindən eşitdiyinə heç cür inanmaq istəmirdi. Deyilənə görə hələ ailə qurmayan Esmiraldanı varlı bir kişi saxlayırdı. Amma Rüstəmin buna heç cür inanmağı gəlmirdi. Təbii ki, bunu onun özündən də soruşmağa heç cür cürət edə bilməzdi.
Aylar biri-birini əvəzləsə də, eşitdiyi onun üçün ürəkağrıdan “sirr” olaraq qalırdı. Üstəgəl, Esmiralda kimi nadir zövqlü, füsunkar geyimli-kecimli bir qadınla ayaqlaşmaq üçün az-çox özünə fikir vermək məcburiyyətindəydi. Buna görə xeyli borca da düşmüşdü.
Bir dəfə müəllimigildə dərslərini başa vurandan sonra Esmiralda onu mənalı baxışları ilə süzərək dedi: - Sənə bir sirr açım, sabah mənim doğum günümdür, könlüm istəyərdi səhər yeməyini səninlə birgə bizdə yeyək və məni ilk təbrik edən sən olasan?!.
O, bu təklifi ilə Rüstəmə dünyanı bəxş etdi. Rüstəm sevincindən uçurdu. Bu şadlığı çox çəkmədi, axşam onu fikir götürdü. Bəs, Esmiraldanı nəylə təbrik edəcəkdi?!. Hədiyyəlik qara qəpiyi də yox idi, yarı ac, yarı tox dolanırdı. Borcu da xirtdəyə çıxırdı. Əlavə borc istəməyə də nə üzü, nə də kimsə vardı. Bütün gecəni gözünə yuxu getmədi. Səhərisi yuxudan ayılanda gümanı təkcə otağının divarından asdığı rəsm əsərinə qaldı. Bu əsər onun üçün əvəzedilməz olsa da, başqa münasib çıxış yolu yox idi. Əsərin Esmiraldanın xoşuna gələcəyinə isə qətiyyən şübhə etmirdi. Bununla təskinlik tapmaq məcburiyyətində qalan Rüstəm yeganə varı-yoxu olan bu əsəri qoltuğuna vurub yollandı müəllimigilə. Esmiralda onu olmazın nəvazişlə qarşıladı. Elə ilk baxışdan şadlığından çiçək açdığı göz qabağındaydı. Rüstəmin hədiyyəsini görəndə isə tamamilə sarsıldı. Əsər onu yamanca tutmuşdu. Rəsmin gücünü təsəvvür edin, estetika müəllimi sevincindən göz yaşlarına qərq olmuşdu. Azca keçmiş o, bu sevincini Rüstəmlə bölüşdü, onu şəhvətli öpüşlərə qərq elədi. Hər ikisi özünü bir qədər itrisələr də, reallıq ortadaydı…
Axşamüstü Bəxtiyar kişi qucağında nəfis bir gül dəstəsi Esmiraldaya baş çəkdi. Həmişəki kimi mehribancasına qarşılansa da, bu dəfə ev yiyəsində “yad” nəsə duyan Bəxtiyar kişi özünü o yerə qoymadı. Ürək sözlərini çatdıranda diqqətini divardakı rəsm əsəri çəkdi. Bu, ona çox tanış gəldi. Rəsm əsərinə yaxınlaşıb diqqətini tam ona yönəltdi. Heç cür yanıla bilməzdi. Bu, nadir əsər idi. Özü də buna yana-yana 300 manat da pul xərcləmişdi. Qətiyyən şübhəsi yoxdu, bu həmin əsər idi. Var gücünü toparlayıb, özünü təmkinli aparmağa çalışdı. Çaşqınlıq içində olan Esmiralda dilləndi: - Xoşuma gəldi, bu gün səhər aldım, çox mənalı rəsm əsəridir. Mənim daxili dünyama yağ kimi yayıldı, elə ilk baxışdaca diqqətimi çəkdi, biganə qala bilmədim. Baha da olsa almağa qərar verdim. Bunu doğum günüm münasibətilə özüm-özümə ilk hədiyyə elədim. Bax, belə, sən bir az gecikmisən!?.
Bir az da duruxan Bəxtiyar cavabında yalnız “Əsl oğul dayısına oxşayar” – deyə bildi.
Esmiralda çaşqın halda sual dolu baxışları ilə dodaqlarını büzdü… Rüstəm əlavə elədi: - Rəssamı deyirəm, o dəqiqə bilinir ki, dayısına çəkib…
- Bəxtiyar, sən nədən bildin ki, bunun çəkənin dayısı da rəssamdır?!.
- Hər şey göz qabağındadır, dayısı mahir rəssam olmayan heç cürə belə mükəmməl əsər yarada bilməzdi… Qadın da, kişi də heyran qalır?!.
Bu etirafı eşidən Esmiraldanın dodaqları yüngülcə qaçdı…
Bir az sonra onlar birlikdə Esmiraldanın doğum günü münasibətilə Bəxtiyarın restoranda təşkil etdiyi əsrarəngiz şam yeməyi məclisinə yollandılar. Sadəcə, bu, onların sonuncu görüşü oldu.