Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
“Tanınmış şəxsiyyətlərlə bağlı xatirələr” silsiləsindən qələmə aldığım daha bir yazını oxuculara təqdim edirəm
Xalqımızın daha bir istedadlı, sədaqətli, vətənpərvər oğlu axirət dünyasına qovuşdu. Deyirlər “yarpaq tökümü” başlayıb? Nə yarpaq? Nə töküm? Bu dünyaya göz açan bir gün də getməlidir. Təbiətin qanunudur. Təəssüf ki, qəlbən sevdiyin, rəğbət bəslədiyin yaxın adamının dünyasını dəyişməsinə biganə qala bilmirsən.
Bu yaxınlarda tanınmış şair, fəal ictimaiyyətçi, dərin düşüncəli siyasətçi, mehriban, səmimi insan – Zəlimxan Yaqub əbədi mənzilə yola salınanda bu itkini adi əhval-ruhiyyə ilə seyr etmək mümkün deyildi. Ürəyimi kövrəldən hisslərə qapılmamaq üçün yenidən o anı xatırlatmaq istəmədim. Ancaq mətbuat səhifələrində Zəlimxan Yaqubla bağlı xatirələri, onun “saray şairi” kimi qələmə verənlərin yazılarını oxuduqca düşünürsən: Zəlimxan Yaqub kimi xeyirxah, qələmi ilə hələ sağlığında özünə abidə ucaltmış şöhrətli şair, qeyri-adi natiqlik qabiliyyətinə, fenomen yaddaşa malik şəxsiyyətə ləkə yaxmağa da cəhd edənlər nə demək istəyirlər?
O, zəmanəsinin sözlü-nəğməli oğlu idi, öz sadəliyi, insanpərvərliyi, nadir sənətkarlığı ilə ad-san qazanmışdı.
Onunla çox görüşlərimiz olub. Milli Məclisin iclaslarında, ictimai tədbirlərdə, mərasimlərdə. Hər dəfə də xoş təəssüratla ayrılmışam ondan, hətta, bacarığına, istedadına heyran qalmışam.
... İstanbulda Heydər Əliyev parkının açılış mərasimində Azərbaycandan da böyük bir nümayəndə heyəti gəlmişdi: rəsmi məmurlar, şair və yazıçılar, millət vəkilləri. Onların əksəriyyəti tədbirdə çıxış edir, nitqlərini bitirdikdən sonra cüzi alqışlarla tribunanı tərk edirdilər. Söz Zəlimxan Yaquba verildi. Adi əlçalma ilə qarşılandı. Yerlilər gözləmirdilər ki, indi onların qarşısında indiyədək görmədikləri fövqəladə bir şəxs görünəcək. Elə ki, Zəlimxan Yaqub sinədəftər natiqliyini nümayiş etdirdi, gurultulu alqışlar ara vermədi. O, Türk-Azərbaycan dostluğu haqqında yazdığı sətirləri səsləndirdi, Heydər Əliyevə ithaf etdiyi poemadan sətirlər söylədi. Elə bir atəşin nitq idi ki, parka toplaşanlar bir an belə əl çalmaqlarını dayandırmadılar; o şeirlərini oxuyur, gurultulu alqışlar ara vermirdi. Bir sözlə, çox həyacanlı və heyratamiz, qeyri-adi mənzərə yaranmışdı. Mənim yanımda dayanan türk mətbuatının nümayəndəsi təəccübünü gizlədə bilmədi:
- Canım, bu nə biçimdə bir insan? Tanrı vergisi mi?
Sonradan belə təəccüblü fikirləri digər çıxışçılar da dönə-dönə səsləndirdilər...
Zəlimxan Yaqub haqqında daha bir xatirəm də yəqin ki, maraq doğurar. Polis işçilərinin peşə bayramı ilə bağlı Daxili İşlər Nazirliyində təntənəli gecə keçiriləcəkdi. Dəvətnamələr paylanmışdı. Dəvətnamədə bədii hissədə çıxış edənlərdən biri haqqında belə yazılmışdı: “Xalq şairi Zəlimxan Yaqub”. Axı, o rəsmi belə bir ad almamışdı. İradımı nazirliyin mətbuat xidmətinin rəhbəri, hər işdə çox diqqətli olan Sadiq müəllimə də dedim.
- Özü deyıb ki xalq şairiyəm, cavabını aldım.
Tədbirdən bir-neçə gün sonra Zəlimxan Yaqubla görüşdük. Ona indiyədək “xalq şairi” fəxri adı verilmədiyini xatırlatdım. Güldü:
- O dəvətnaməni mən də oxumuşam. Etiraz etməmişəm. Çünki ulu öndər Heydər Əliyev mənə özü deyib ki, “sən xalq şairisən”. Bundan gözəl qiymətmi ola bilər? O ki qaldı rəsmiyyətə, mən bunu Heydər Əliyevin dediyi sözlərdən sonra əhəmiyyətsiz bir şey sayıram.
Aradan heç bir-iki ay keçməmiş söhbətimiz çin oldu: Zəlimxan Yaquba “Xalq şairi” fəxri adı verildi.
Bəli, o, xalqın qəlbində yaşayan əsl şair idi.