Modern.az

Bığ Allahverdi

Bığ Allahverdi

Ədəbiyyat

30 Yanvar 2016, 16:12

(hekayə)
         
İstirahət günü idi. Nizami xəyallar qanadında xatirələr aləmində gəzişirdi.  Dostu Allahverdi ilə görüşəcəkdi. Onların görüşləri neçə ildən bir baş tutsa da, amma ömür kitabının say-seçmə səhifələrindən birinə çevrilirdi. Səbəbsə adi idi. Tanrının bu iki bəndəsinin məclisləri Ulu Yaradanın adına layiq olurdu. Onların hər ikisinin mayası hallallıqdan, insanpərvərlikdən, bəşərilikdən, sadəlikdən yoğrulmuşdu. Allahverdinin şələ bığı isə dostların məclisinin nida işarəsiydi. Bu bığda müstəsnalıq vardı. Adi, sıravi olmadığı ilk baxışdanca bəlliydi. Nizaminin qənaətincə, Allahverdinin bığı etalondu. Bəlkə də, Dədə Qorqud özü bu bığın xeyir-duasını vermişdi. Nədənsə, adama hərdən elə gəlir ki, əsl kişi bığında Tanrı fəlsəfəsi yığcam şəkildə əksini tapıb. Özü də məhz şələ bığda bu daha qabarıq, daha mükəmməl, daha kamildir. İndi bığ, saqqal saxlayanlar saya gəlmir. Bu, bir növ “dəb”dir. Çoxları buna “imic” donu geyindirməyə çalışır, ələlxüsus, yeniyetmələr, gənclər. Di gəl, hamıya bəllidir ki, əksəriyyət üçün bu sadəcə bir növ bəhanədir, mahiyyətcə tənbəllik  əlamətidir. Sosial şəbəkələrdən başı ayılmayanların üzünü taraş etməyə nə vaxtları, nə də taqətləri qalmır.

Düzdü, ta qədimlərdən bəri kişilər bığ, saqqal saxlayır. Deyilənə görə, təxminən 20-ci əsrin əvvəllərinə qədər bu bir növ adət-ənənə xarakteri daşıyırdı. Bəlkə də o zamanlarda üzü taraş etmək  imkanlarının məhdudluğu ucbatından kişilər bığlı, saqqallı olmaq məcburiyyətindəydilər.  Türklərin isə ötən əsrin əvvəllərinə qədər bığlarına dəyməyə haqları çatmadığı iddia edilir. Vaxtilə bığın, saqqalın forması adət-ənənə, dini inanc, iqlim xüsusiyyətləri, yalnız bəzi hallarda fərdi istəkdən qaynaqlanırdı. Özü də Nuh əyyamından bəri bığ, saqqal birlikdə saxlanardı. Tarixçilərə inansaq, ilk dəfə saqqalsız bığ barədə məlumata bizim eradan əvvəl 2650-ci ildə qədim Misir qaynaqlarında rast gəlinib. Saqqalla, bığla bağlı qadağalar İngiltərə, Fransa, Rusiya və digər ölkələrdə uzun müddət hətta dövlət tərəfindən tənzimlənib. Bu həqiqətdir. Konkret faktlara söykənir.

Allahverdini bədəncə möhtəşəm görünüşünü bığları üzvi şəkildə tamamlayırdı. Koroğlu timsallaydı. Görkəmindən zəhm, daxili dünyasından isə rəhm yağırdı. Bu, bığlarına da qədərincə yansımışdı. Allahverdi həyatın özünə belə kəm, dipdiri gözlə baxandı. Daxili dünyasında nəhəng, qollu-budaqlı insanlıq ağacı ucalırdı. Bu şələ bığın sahibi bir növ “möcüzəli” insan idi. Bir sözlə, onun özünü də, bənzərsiz bığını da Tanrı xəlq eləmişdi. Elə bu səbəbdən Allahverdi adı dı, bığı da ona halallıca yaraşırdı.



Dostlar məsləhətləşib, sakit bir guşədə oturmağı üstün tutumuşdular. Dəbdəli restoranda oturmaq da onlar üçün elə bir problem deyildi. Təbii ki, arada bir sayılıb-seçilən yerlərdə olmağa da ehtiyac var. Döşünə döyüb, özünü çəkib öyünmək üçün and içməyə də əl yeri qoymaq lazımdır. Di gəl, bu fani dünyadan bacardıqca qopub, Tanrının da nəzarətindən bir təhər yayınıb xudmani bir məkanda dost məclisi qurmağın özgə ləzzəti var. Ələxüsus, qisməti tərsinə gələn salxım söyüdün ələdüşməz kölgəsində. Elə bil, bulaq başında əyləşibsən, naz-qəmzə satan bir kapal nərmə-nazik qızlar da başının üstünü kəsdirib səndən ayırılmadan xidmətdədirlər. Burda deyiblər. Yanlış da bir naxışdır. Haçansa Tanrının buyurduqlarına bir o qədər də məhəl qoymayan kəslərdən birinin qəfil ağlına gəlib ki, bəlkə, bu söyüdün qələmini tərsinə əkim, görüm, nə alınır. Şeytanın felinə uymaq insanların əksəriyyətinin qaçılmaz şakəridir. Bax, beləcə, tərsinə əkilən söyüdsə gözəllikdə dədə-baba qaydasınca torpağa basdırılan söyüdlərin görünüşünü kölgədə qoyub. Ta o vaxtdan bəri qisməti tərsinə gələn söyüdlər də beləcə dəbə düşüb, çoxalmağa başlayıblar. İnsanın nə vecinə, təki onun üçün yaxşı olsun, bundan söyüdün nə çəkib-çəkmədiyi heç yatanda da onun yuxusuna girmir.

 Nəhayət, vədə yetişdi. Bağırbadaş olub salxım söyüdün kölgəsinə sığındılar. Bir neçə ildir görüşmədiklərindən məclis elə başlamağı ilə axara düşdü. Hal-əhval tutub ötən illərin boşluğunun əvəzini çıxmağa çalışırdılar. Əslində, Allahverdinin özünü yorub danışmağına da elə bir ehtiyac qalmırdı, onun əvəzinə bığı hər şeyi deyirdi. Hətta, kimsənin şahidi olmadığı sirlərini belə. Nizami bığın həm danışıb, həm də qulaq kəsildiyini ilk dəfə Allahverdinin bığında müşahidə etmişdi. Onun bığını dərindən oxumaq qarşıdakı insanın fəhmindən, bu dünyanın işlərindən nə qədər dərindən baş çıxarmağından, bir də Allahverdinin xarakterinə nə qədər yaxşı bələd olmağından asılı idi. Allah şükür ki, dostunu uzun müddətdir tanıyan Nizami də bu baxımdan az-çox nədənsə baş çıxarandı. Onu da yaxşı bilirdi ki, ilin fəsillərinə uyğun təbiət necə dəyişirsə, Allahverdinin bığları məclisin axarına müvafiq tənzimlənəcək. Elə bu səbəbdən ona maraqlı gələn heç nəyi ötürməməli, hər bir məqamı vaxtında dəyərləndirməliydi.

Məclis başlayar-başlamaz Allahverdi özünəməxsus ədayla bığına sığal çəkdi. Bu, onun təfəkkürünün də, təxəyyülünün də üyüdməyə başladığına işarəydi. Səbrini bığına sadəcə bir dəfə əl çəkməklə basardı. Acığını bığının altında gizlədərdi. Qımışanda, görünməsin deyə, bığını qalxan edərdi. İçi güləndə bığı xumarlanardı. O, ürəkdən güləndə isə bığları əl çalardı. Qəh-qəhəsi bığlarına toxunduqca dalğalana-dalğalana davul hayqırtısını andırardı, özü də mütləq qaydada əks-səda verərdi. Gülüşü o qədər gur, atəşli alınardı ki, sanki, bu əks-səda azman qayalardan qaynaqlanardı...

- Qaqa, bu dəfəki görüşümüz yaxşı vaxta düşdü, keçən dəfə oturanda çox soyuq idi?!.
- Düzdü, Azərbaycana küləklər şimaldan əsəndə həmişə yaman soyuq olur!?.

 Anındaca sətiraltı mənanı tutan Allahverdinin gülüşünə salxım söyüd də diksindi. Xeyli uğundular. Məclisləri bir az da şən axar aldı.

 Yağlı yeyib-içməyi də Allahverdinin bığından bəlli olardı. “Maraqlı” məclisə dəvət alanda bığını sürətlə tumarlayardı. Aradan çıxmağa bəhanə gəzdiyi o andaca üzə çıxardı. Qəribədi, belə məqamlarda onunla bir addımlıqdaca üzbəüz otursan da, bığının altında nə “pıçıldadığını”, kiminlə, ya da kimlərlə isə nə haqda “xısınlaşdığını” zərrəcə tuta bilməzdin, lap qulaqlarını şəkləsən də.   Zərif cinsə qarşı “zəifliyi” də elə ilk növbədə bığından anlaşılırdı. Bığından nəzakət, mehribanlıq, sığal, ürəyiyuxalıq, həlimlik, səxavət, zənginlik, bir qədər də ekstremallıq, macəraçılıq yağırdı. Xəyalı daim göylərdə pərvaz edərdi, yerə enmək haqda heç vaxt düşünməzdi. Bəlkə də, elə buna görə, yuxarı mərtəbələrdə yaşamağı sevərdi, ikinci mərtəbədən aşağı enməzdi.

 Məclisə soyuq qəlyanaltı veriləndə Allahverdinin bığı elə bil təpərə gəldi. Bığı o andaca motal pendirinin, ləziz lavaşın, tər göy-göyərtinin qoxusunu çəkdi. Sifətində təkrarsız Azərbaycan təbiətinin əzəməti, gözləri önündə milli mətbəximizin löyünbəlöyün təamları canlandı. Bığında ocaq çatıldı. Elə bil, yenicə sifariş verdikləri çeşidbəçeşid kababları bu ocağda araya-ərsəyə gətiriəcəkdilər. Həmin ocağın şöləsindən Nizamiyə də pay çatdı. Daxili dünyasına nur ələndi, dilinə isə sanki bal qatdılar. Söhbətləri daha da şirinləşdi. Fürsəti fövtə verməmək üçün hiss etdirmədən Allahverdinin bığına bir qədər də dərindən diqqət kəsildi. Bığı onun daxili dünyasının aynasıydı. Nizami Allahverdi ilə bu məclislərinə təsadüfən köklənməmişdi, əməllicə-başlıca qəribsəmişdi onun üçün. Bığ burada bir bəhanə idi, baxmayaraq ki, Allahverdinin bığı da özü qədər dəyərli idi. Əslində, həmin bığ elə insanlıq anlamında da qiymətliydi, bığ yiyəsi Tanrının bu əmanətinə qədərincə qiymət verə bildiyi üçün!!! Nizamiyə Allahverdini doğmalaşdıran həm də zəmanənin, əslində, insanların kasadlaşması idi. Təəssüf, get-gedə insanlar cılızlaşırlar. Allahverdi kimi saf insanlar barmaqla sadalanası hala gəlir. Qəribədi, 21-ci əsrdən təkcə, 3-cü Dünya müharibəsi qorxusu deyil, eyni zamanda sayı bir neçə milyardı ötən adamların içində insan tapmağın belə müşkülə çevrilməsi xofu yağır. Bu, bir növ zülmət gecədə Ayı səmada ulduz yoluna sarı tuşlayıb, heç olmasa, bərq vuran bir neçə ulduz tapmaq sevdasına bənzəyir. Doğrudan da, qəribədi, heç cür anlamaq olmur ki, nədən insanlar sürətlə qəhətə çıxır, əksinə, hər tərəfi “inkubator” xislətli adam seli bürüyür. Həmin reallığın Tanrı işığına bələnən Azərbaycan adlı məmləkətdə də artıq dərindən sezilməyə başlaması isə heç cür anlaşılan deyil, bu, ən azı sağlam məntiqə sığmır. Allahverdi ilə kəsdiyi kəlmələrdən həzz alan Nizami onun möhtəşəm bığının timsalında bu nəsnənin mahiyyətinə daha dərindən varmaqda israrlıydı.Ən əsası, onu duyuq salmamaq idi. Fikir verdi ki, dostunun bığı bir növ daş kitabəyə bənzəyir. Özü də buradakı “salnamə”də təkcə Allahverdinin “tarixçəsi” yazılmayıb. Nizami səhv etmədiyində iddialıydı. Bu bığda böyük bir tarix yatırdı. Bir nəsilinmi, bir elinmi, bəlkə də, Adəmlə Həvvadan üzü bəri baş verən insanlıq tarixinin sətirbəsətir işartılarımı!?. Həmin anda o özü üçün dəqiqləşdirdi ki, yenicə “kəşf” etdiyi bu danılmaz məntiq təkcə Allahverdinin bığına aid deyil. Tanrı kişilik nişanəsi sayılan bu nəsnəyə sahib çıxmağı bacaran bütün kəslərin bığlarında “həmin tarixin” xırdalıqlarına qədər əksini tapmasına izn verib. Əsl bığlar da ki, kişi xislətində olduqlarından bu “sirr”i möhkəm-möhkəm qoruyub saxlayırlar. Oğulsan, özün “yol”unu tap oxu, yoz. Özü də, dəqiqilik, tamlıq anlamında daş kitabələr belə “tər-təmiz” bığlara həsəd apara bilər, heyrətdə qalar. Beləki, daş kitabələr ermənilər kimi nadürüstlərin saxtakarlığına tuş gələ bilər, amma, əsl oğulların bığlarında kimsə nəyisə dəyişmək qüdrətində deyil!!! Belə bığlardakı salnamələri Tanrının özü qələmə aldığından!!!

 Mizin üzərinə ləziz kababların düzülməsi ilə Allahverinin bığı da, çöhrəsi də ətə-qana gəldi. İlk şərab badəsi bu bığa toxunduqda isə o dil-dil ötməyə, bulaq tək çağlamağa başladı. Elə bil, “sirli-sehrli” kəlamlar sandığının qıfılını qırdın. Başladı Ömər Xəyyamdan xırdalamağa...

                Şərab iç, şərabdır əbədi həyat
                Gəncliyə zövq verir, nəşəyə qanad.
                Od kimi yaxsa da, dirilik suyu tək
                Yuyub kədərləri, qürur min büsat.

 Bu məqamda bığı gözlərinə, çöhrəsinə masmavi səma aydınlığı, əmin-amanlıq səpələdi. Şərabın təsirindən xumarlanan, yayxanan bığları altdan yuxarı Allahverdinin çöhrəsinə dəlidivanəcəsinə diqqət kəsildi. Bu da Nizami üçün növbəti fürsət demək idi. O, yaxşı anlayırdı ki, bığları da Allahverdi qədər həssasdır, Nizaminin “niyyət”indən duyuq düşər, daha da “qıfıllanardı”. Nizami bu sirlər xəzinəsindən yenə də “nəsə qoparmaq” üçün bığa bütün varlığı ilə nəzər yetirdi. Zəkasını da, fəhmini də gücə saldı. Sətirlərdən baş aça bilməsə də, gözləri önündə bığdakı durğu işarələri nisbətən qabarıq canlandı. İlahi, vergül, nida, sual, üç nöqtə, nöqtəli vergül və digər durğu işarələrini birər-birər seçdi... Bəzi durğu işarələri isə ona heç tanış da gəlmədi. Bığda təkcə “nöqtə” işarəsinə rast gəlmədi, ha çalışsa da, gördüyündən özü də heyrətləndi?!. “Nöqtə” işarəsi qəhətə çıxmışdı, bircəcəyi belə gözə dəymirdi. Bu təsadüf idi, yoxsa... Çox qəribə məntiqdir, yazıda ən çox işlənən nöqtədən bığdakı “dastan”da əsər-əlamət belə yox idi. Ağlına gəldi ki, yəqin,  zaman və məkan əbədi olduğu, yalnız kəmiyyət və keyfiyyətcə dəyişdikləri kimi Tanrının fəlsəfəsində “nöqtə”yə ehtiyac duyulmur. Elə həmin səbəbdən Allahverdinin etalona bənzər bığındakı mətnlərdə də bu durğu işarəsinə ehtiyac qalmamışdı. Əlacsızdı, düşüncələri onu heç cür hansısa sahilə çıxara bilmirdi. Gücü ona çatdı ki, bəlkə, insanların bir sıra daşlaşmış məntiqləri kimi, yəqinki, “nöqtə” adlı durğu işarəsi də “yersiz” kəşf edilib qənaətinə gəlsin. Onda belə çıxırdı ki, “Cümlənin bitmiş bir fikri ifadə etməsi” anlamı da qeyri-kamildir?!. Sadəcə, vaxtilə kiminsə bu icadı insanlara məntiqli və əvəzsiz gəldiyindən “dəb”ə düşüb?!. Cümlələri bir-biri ilə qarışdırıb səhv salmamaq üşün insanın gücü yalnız ”nöqtə” adlı “çəpər” hörməyə çatıb?!.  Bu məqamda Allahverdinin yarı ciddi, yarı zarafat xarakteri daşıyan sualı lap yerinə düşdü...

- Qaqa, sən arada deyirsən ki, Tanrının kitabında əksliklərin vəhdəti mütləqdir. Bəs, nədən onda fəsillərin sayı dörddür, iki deyil?!.

- Dost, dəqiq deyə bilmərəm. Məncə, bu da insanların yanlış daşlaşmış məntiqlərindən biridir?!.

- Nə mənada?

- Allahverdi, mənim qənaətimcə, alatoran axşamın, dan yeri isə gündüzün başlangıcı, bir parçası olduğu kimi, yaz və yay bir, payız və qış isə digər mövsümdür!?. Beləcə, cəmi iki fəsil alınır, gündüzlə gecə bir-birlərini tamamladıqları kimi onlar da birlikdə əksliklərin vəhdətindən doğan tamlığı yaradırlar!?.

- Qəribə məntiqdir?!. Həqiqətə də bənzəyir... Düzü, adam lap çaş-baş qalır?!.

- Mənə belə gəlir...

 Növbəti badəni nuş elədilər. Şərabın ləzzətindən Allahverdi bığını körüklədi, sanki, o andaca dilim-dilim alov göyə dirəndi. Nizami diqqətlə dostunu süzdü. Maşallah, ağlı kəsəndən içəsən, özü də, çox vaxt küpünə girməklə, di gəl, yenə də əsl oğul kimi dim-dik dayanasan. Sözündə, əməlində salehliyini itirməyəsən, şax-şuxluğun da bir an da olsun səngiməsin. Bu məqamda Allahverdinin sinəsi də bığı kimi şahə qalxmışdı. Enlikürəkdi, çiyinləri də ənənəvi qaydada müntəzirdi. Yəqinki, bu gündüz də, gecə də belə olurdu. Çöhrəsindəki zabitəlilikdən elə bilirdin ki, anadangəlmə hərbçidir, yapıncını andıran hərbi geyimini gecə yatanda da çıxarmır. Allahverdinin istədiyi qədər içməyinin “sirr”i təkcə orqanizminin güclü olmasında deyildi. O, ruhən də polad kimi möhkəm, bulaq tək çağlayandı. Mənəvi dünyasından yaşamaq eşqi, həyatın nəbzini tutmaq həvəsi, Tanrının yaratdıqlarından qədərincə hali olmaq, dadmaq istəyi tükənməzdi. Ruhu daim göylərdə cövlan edərdi. Daxili aləmindən Ömər Xəyyam abı-havası əskilməzdi...

          Əkmə qəm ağacı qəlbində bir an,
          Şadlıq kitabını oxu hər zaman.
          Şərab iç, xoş keçin, bəlli bir şeydir,
          Dünyada nə qədər yaşayır insan!!!

 Canındakı, qanındakı saflığı çağa qığıltısına bənzərdi. Bu arılığı, duruluğunun şirəsi də təkcə ruhundan, qəlbindən deyil, eyni zamanda bığından da gəlməydi. Az danışandı. Kəlmə kəsməyəndə belə maraqlı “müsahib”di. Çöhrəsindən, gözlərindən, xüsusən də, bığından musiqi sədası da əskilməzdi. Bir-birini əvəzləyən badələr onun bığında bəstələrə dönür, lay-lay məclislərinə hopurdu. Bığı bəzən azman orkestri, bəzən də həsəd aparılacaq muğam üçlüyünü xatırladırdı. Burada bütün nəfəs və zərb alətləri təmsil olunmuşdu. Bığı klassik əsərləri, xalqdan gələn nəğmələri xüsusi məharətlə ifa edərdi. Bu bığdan mötəbərlik simfoniyası əskilməzdi. Bığının arakəsməsi də əsl mayestro idi, dirijorluğu həsəd doğururdı. Həmin bığdan yalnız həzin, köksü yerindən oynadan bəstələr yağardı. O da danılmazdı ki, bu bığın yiyəsi dünyaya hakim olsaydı, kimsə-kimsəyə güllə atmazdı, hər kəs sevincini də, tikəsini də yarı bölərdi. Dünyanın dörd bir tərəfində çal-çağır hökm sürər, xeyir-bərəkəti yığıb –yığışdırmaq mümkün olmazdı. Əsl bığın qüdrəti də məhz o zaman ortaya çıxardı. Onda hamı anlayardı ki, bığ adlı nəsnəni Tanrı kişilərə məhz bu məqsədlə pay verib. Daha qılınca, nizəyə, bir atım barıta çevirib bir ovuc torpaq, bir qurtum su, bir dişləm yeyəcək üçün kimlərinsə bağrını dəlməyə yox... Sədd heyf?!.    

Məclisin gur məqamında Nizami və Allahverdi növbəti sağlıq əvəzinə yüngülcə çırtma vurub öz dəsti-xətti ilə seçilən şair-publisist Əli Nəcəfxanlının yaradıcılığına müraciət etdilər...

              Mən bəxtiyar sakinəm
              Bir meyxanə küncündə.
              Daha yaxşı fırlanır
             Yer meyxanə küncündə... 

- Qaqa, şair yaman deyib ha, elə bil, bizim məclisimizdən xəbər verir?!.

- Bilirsən, əgər, bir stol ətrafında oturanlar, fərqi yoxdu, onlar iki nəfərdi, ya daha çoxdu, bir-birinə babdırsa, saflıqdan yoğrulmuş mənəvi dünyalarını yetkin səviyyəyədə ortalığa qoya bilirlərsə, bax, əsl məclis elə odu!!!

- Nizami, dost, deyirəm, vaxtilə kişilər yaman yazıblar ha, hər bir sətirinə ağzıaçıla qalırsan!?. İndi də var yaxşı yazanlar, di gəl, barmaqla saya gələndilər?!.

- Allahverdi, məncə, bunun səbəbi tamam başqadı. İnsanlar əsl ədəbiyyatın acı olsaydılar, indikilərin də hər beyti qızılla “ölçülsəydi”, zəmanəmizin yazarları da qətiyyən sələflərindən geri qalmazdılar!?. O vaxtlar saray şairlərinin xələtini padşahlar, sultanlar, xanlar əsirgəməzdilər, həqiqət aşiqlərinə isə xalq yiyə durardı. İndi isə nə qədər güclü yazıb-yaratsan da, hər halda, kütləvi anlamda yetkin ədəbiyyat mühiti mövcud deyil ki, əsl dəyərini alasan. Yəni, loru dildə desək, həqiqi kitablar, təmiz əsərlər gündəlik tələbat malları sırasında yer tutmayıb?!. Kitab mağazaları kimi əsl kitabların da alıcıları lap məhduddur?!. Niyə axı, ən yaxşı halda, sən öz hesabına çap etdirdiyin kitablarını dost-tanışa hədiyyə etməlisən?!. Hamıya bəllidir, döşünə döyən yazarların belə cəmi-cümlətanı üç-beş kitabı satılır?!. Olmasın kitab, istənilən formada olsun, təki dəyəri ödənilsin. Oxucu, tələbat varsa, bazar özü yolunu tapacaq. Di gəl, ayrı-ayrı fərdləri çıxmaq şərtilə cəmiyyət bütövlükdə həqiqi əsərlərin “acı” deyil?!. Bax, çatmayan budu!?. Həqiqət naminə demək lazımdır ki, dövlət bacardıqca yazarlara arxa durmağa çalışır, amma bizdə küll halında ədəbiyyat mataha çevrilməyib, ona hava, su kimi ehtiyac formalaşdırılmayıb... Bilirsən, əsl ədəbi mühit cəmiyyətin bağrından cücərməlidir!!! Yadındadı, Sovet dövründə bu məsələ kifayət qədər həllini tapmışdı?!. Görünür, buna zaman lazımdır...

- Nizami, məncə də, buna vaxt lazımdır, cəmiyyətimiz uzun yolun  hələki başlanğıcındadır, ölkəmizin, xalqımızın inkişaf etmiş dövlətlər, millətlər içərisində layiqli yerini tutmasına, sırf bazar iqtisadiyyatının formalaşmasına doğru yoldayıq biz, inşallah, yəqinki, o gün də tezliklə yetişəcək...

- İnşallah... 

Hər ikisi lal-dinməz olub, xəyallar aləminə qovuşdular. Nizami bədahətən tutdu ki, Allahverdinin bığı tədricən yaman ciddi görkəm aldı. Elə bil, tarixin ənginliklərinə şahidlik edirdi. Bir andaca saysız-hesabsız türk və onlara qohum tayfaların qəhrəmanlıqları onun bığındaca cəmləndi. Tam mübaliğəsiz, əgər, tarixçilər onun bığı ilə dil tapa bilsəydilər, daha arxeoloji qazıntılara, yerin bağrını dəlməyə qətiyyən ehtiyac qalmazdı. Bu bığda türklərin şanlı döyüşləri bircə-bircə əksini tapmışdı. Əgər, diqqət kəsilsən, qulaq versən, həmin döyüş səhnələrinə ağzıaçıla tamaşa edər, mərd ulu babalarımızın hayqırtısını, silahların amansız cingiltisini, atların tükürpədici kişnərtisini, düşmənin ürəkdağlayan iniltisini aydınca eşidə bilərdin... Bu məqamda Allahverdinin bığı qəflətən Günəşin üzünə yaşmaq çəkən qara bulud topasına döndü, göz yaşları ələməyə bənddi. Nizami duyuq düşdü. Allahverdinin ruhunun düşmən tapdağındakı torpaqlarımızda cövlan etdiyinin mahiyyətinə vardı. Onun canına düşən üşütmənin də, vicdan əzabının da haradan qaynaqlandığını təfsilatı ilə  sezdi. Şəkki-şübhəsi yoxdu. Dünyaya göz açdığı, müharibə dövründə qarışbaqarış ələk-vələk elədiyi, düşmənlə  mərdi-mərdanə gözbəgöz dayandığı Qarabağ torpağının həsrətindən qovrulan dostu düşünürdü, nə yaxşı ki, ulu babalarımız bu  həqiqətdən hali deyillər. Əgər, onlar nə cürsə duyuq düşüb, canları, qanları, qeyrətləri bahasına qoruyub Vətənə çevirdikləri torpaqların xeylisinə artıq yağıların yiyə durduğundan xəbər tutsaydılar, yəqinki, bağırları çatlardı, bığları payız yarpaqları tək tökülərdi. Onlar bu həqarəti özlərinə heç cür bağışlaya bilməzdilər... Elə atalardan belə oğullar?!. Heç cür anlaşılası deyil?!. Tanrı kömək olsun...

Məclisin bu məqamında dilləri söz tutmadı, hətta, göz-gözə gəlməkdən yayındılar. Allahverdinin bığı da yıpranmışdı, yumağa dönmüşdü...

Pürrəngi çayın məclisə gəlişi ilə vəziyyət nisbətən dəyişdi. Ümidləri pöhrələndi. Əmindilər ki, Qarabağ torpağının haylara qətiyyən aidiyyatı olmadığından ilk növbədə Tanrı tam xəbərdardır. Ulu Yaradanın hələki ayaq tutan yalanın yeriməyinə tezliklə sipər olacağına əmindilər. Onların buna qətiyyən şübhələri yoxdu. Tarixin gərdişi də dəfələrlə sübut edib ki, yaramaz qullar mütləq günlərin birində gərəksiz kağız parçasına çevrilir, ağalarının təpiyinə tuş gəlirlər. Gəl, onda göstər görüm, Türkün torpağına necə yiyə durursan?!. Hiylənin, məkrin layiqli cavabı mütləq yetişir. Sadəcə, geci, tezi var... Nizami diqqət yetirdi, Allahverdinin bığı nizami hərbçi tək əmrə müntəzirdi. Bu, günlərin birində Azərbaycan əsgərinin öz şücaətini ortaya qoyub dədə-baba torpaqlarına yiyə duracağının, şəhidlərimizin qanının, bir milyona qədər qaçqın və məcburi köçkünün fəryadının yerdə qalmayacağının müjdəsi idi... Amin...

Bir neçə dəqiqə ötəndən sonra Nizami çaşqınlıq içindəydi, gördüklərindən qanad açmağa hazırdı. Gözlərinə inansa da, hər ehtimala qarşı bir neçə dəfə ovxaladı... Şahidi olduqlarında yanılmamışdı. Allahverdinin bığı da say-seçmə Vətən oğullarını yağılarla qanlı savaşa yola salan soydaşlarımızla birgə xilaskarlara əl eləyirdi. Ən əsası isə o idi ki, bu sanballı bığın xeyir-dua verdiklərinin ön cərgəsində Allahverdi ilə Nizami də qətiyyətli addımlarla irəliləyirdilər. Hamı Türkün bığına yiyə durmaqda israrlıydı... Hələliksə, düşmən üstə bığsız yollanırdılar... Türkə bığı layiq və halal bilən Tanrının da əli onların üstündəydi...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu