Modern.az

Müəzzinin lənəti - Ceyhun Hacıbəyli HAQQINDA

Müəzzinin lənəti - Ceyhun Hacıbəyli HAQQINDA

Ədəbiyyat

3 Fevral 2016, 12:55


“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin  19 noyabr 2015-ci il tarixli sərəncamından sonra yazıçı-publisist, naşir, redaktor,  tərcüməçi, tədqiqatçı, diplomat, istiqlal mücahidi Ceyhun Hacıbəyli irsinin ardıcıl , sistemli araşdırılmasına diqqət daha da artırılmışdır. Nasirin  təxminən 60 il bundan əvvəl   fransız dilində qələmə aldığı və bu gün aktuallığını itirməyən  “Baş tutmayan  ziyarət” adlı hekayəsi haqqında filologiya elmləri doktoru Abid Tahirlinin yeni məqaləsini diqqətinizə təqdim edirik.

İslam dini, onun tarixi, dəyərləri, mərasimləri, sözdə “İslam həmrəyliyi”, «İslam fanatizmi», Quranın tərcüməsi, din xadimlərinin təhsili, maddi təminatı, eləcə də sovet din siyasəti, onun mahiyyəti, məqsədi və tənqidi Ceyhun Hacıbəyli yaradıcılığının aparıcı mövzularındandır. Təsadüfi deyil ki, ilk qələm sınaqlarından son dövr yaradıcılığınadək, bədii əsərlərində və publisistikasında, mühacirətə qədər və mühacirət dövrü irsində din problemi Ceyhun Hacıbəylinin mühüm yer tutur.İslamın böyük təşəbbüskeşi kimi mətbuatda bir-birinin ardınca aktual və maraqlı məqalələr dərc etdirən Ceyhun Hacıbəyli eyni zamanda mövhumatı, nadanlığı, cəhaləti, din pərdəsi altında avam və sadəlövh insanları kor-koranə, müxtəlif rituallara, caduya, zərərli, islamla heç bir əlaqəsi olmayan “ehkamlara” sürükləyən qara qüvvələri, elm, təhsil, tərəqqi düşmənlərini kəskin tənqid edən  yazılar da qələmə alırdı. 

 Nasirin fransız dilində yazdığı «Müəzzinin lənəti» adlı irihəcmli  hekayəsi  Sovet rejiminin din siyasəti və onun kəskin tənqidi  baxımdan diqqəti çəkir. Hekayənin makinada yazılmış əsli ARDƏİA-nin Ceyhun Hacıbəyliyə aid 649 nömrəli fondunda mühafizə edilir. Əsəri ilk dəfə Mirzəbala Əmrahov Azərbaycan dilinə tərcümə etmiş və «Ceyhun Hacıbəylinin seçilmiş əsərləri» kitabını daxil etmişdir. Hekayənin mövzusu Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk dövrlərinə təsadüf etsə də, əsərin XX əsrin 50-ci illərində qələmə alındığı qənaətindəyik və bunun üçün bir sıra əsaslar var. 20-30-cu illər Ceyhun bəyin xaricdə yenicə məskunlaşaraq, bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması, Azərbaycan mədəniyyətinin xaricdə qızğın təbliğ edilməsi istiqamətində fəal fəaliyyət göstərdiyi, digər tərəfdən də ailə-məişət problemləri, maddi sıxıntılarla üz-üzə qaldığı  dövrdür. Həmin dövr yaradıcılığında Ceyhun bəyin bu səpgili nə bədii, nə də publisistik yazılarına təsadüf edilmir. İkinci Dünya Müharibəsi dövrü Sovet, o cümlədən Azərbaycan mühacirlərinin durğunluq, fəaliyyətsizlik dövrü kimi xarakterizə edilir. Deyilənlər «Müəzzinin lənəti» əsərinin 50-ci illərin ortalarında – soyuq müharibənin alovlandığı illərdə qələmə alındığını deməyə  ciddi əsas verir. Mübaliğəsiz demək olar ki, həm mövzu, həm ideya, həm də sənətkarlıq baxımından bu hekayə nəinki Ceyhun Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən çox sayda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr mövcuddur. Köhnəliklə yeniliyin, «ələmlə nəşənin» mübarizəsi, dindarlarla Allahsızların qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri, gənclərin, komsomolçuların yeni şüar və çağırışlardan eyforiyaya qapılması, qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə bir qayda olaraq «yeni həyat» qurucuları, dövrün qəhrəmanlar  tərənnüm olunur, «köhnələrin» süqutu təsvir edilirdi. «Müəzzinin lənəti» hekayəsi «qırmızı kafirlər»in müəzzinlə mübarizəsindən bəhs edir. Əslində problem daha dərin, mürəkkəb və qəlizdir. Məsələ burasındadır ki, bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə ateist övladı üz-üzə qoymuşdur. Məzmunu real həyatdan  - Azərbaycanda sovet hakimiyyəti quruculuğunun ilk illərində bir kənddə baş verən hadisədən götürülmüşdür. Kərbəlayi Əhməd Molla Abdullaya oğlunun «Allahsızlar» Cəmiyyətinə üzv yazıldığını xəbər verir. Müəzzin eşitdiklərinə inanmasa da, bu dəhşətli xəbər onun  “atalıq və dini hisslərinə amansız zərbə vurur”. Oğlunun son hərəkətlərini göz önünə gətirən müəzzin doğurdan da, «sakit, sözə baxan» uşağının axır vaxtlar «özündən razı», «təkəbbürlü və lovğa» birisinə çevrildiyi qənaətinə gəlir: “Qırmızı kafirlər məmləkətə mütləq sahib kəsiləndən, hər şey bir-birinə qarışmış, baş-ayaq olmuşdu: uşaqları valideynlərinə, arvadları ərlərinə, yaradılmışları Yaradana qarşı təlim edirdilər; qadınları ev-eşiklərini atıb zavoda işləməyə, zorla üzlərini açdırıb, kafirlərlə birgə «klub» adlanan pozğun yerlərə getməyə təhrik edirdilər... Allah, Allah! Bu şəraitdə gəncləri keçmiş qayda və ənənələrdə necə saxlamaq olar? » . Müəzzinin dərdi bununla bitmir, indi onun təkcə övladı yox, qızı, hətta arvadı da ailə başçısının mütləq hakimiyyətini inkar edir və «açıq-aşkar özlərinin azadlıq istəklərini bildirirdilər. Bolşeviklərin yağlı və yalançı vədlərindən vəcdə gələn, hay-küylü şüarlardan məst olan ailə üzvləri – oğlu, qızı, arvadı getdikcə müəzzinin səbr kasasını daşırır və «qəvazi-qədərin törətdiklərindən çaş-baş olan» müəzzin üsyan edir: «  - Nə üçün hər yerdə olan və hər şeyi bacaran Allah qoyur ki, bu əxlaqsızlıq və allahsızlıq bəlası bu qədər baş alıb getsin? Nə üçün bu allahsızlar ordusunu özünün səmavi qəzəbi ilə pərən-pərən salmır? Nə üçün öz mömin sürülərini bu qaniçən qurdların ixtiyarına verib? ».

Getdikcə hadisələr daha da dramatikləşir, ateistlər din xadimlərini, mollaları, möminləri ələ salır, təhqir edir, konfranslarda, digər tədbirlərdə «Quranın mövhumatçı ruhunu»,  onun «antidemokratik», «antifeminist» konsepsiyalarını və hətta qana susamasını damğalayırdılar». İslam əleyhinə olan tədbirlərin birində müəzzinin oğlu özünü “keçmiş molla oğlu” kimi təqdim edərək , din pərdəsi arxasında gizlənənlərin hiylələri, sadəlövh və avam adamları aldatdıqları barədə hay-küylü çıxış edir və dini bəşəriyyətə qarşı ağlasığmaz cinayətlərdə suçlayır. Artıq bu zaman ata-müəzzin dözmür: ” Qəfildən zaldan bir nərə səsi eşidildi və qulaqbatırıcı səslə söylənmiş ürəkdən gələn  təsirli lənətlər oğlunun və bütün başqa ateistlərin başına yağmağa başladı.

-  Ay bala! – müəzzin püskürürdü, - səni görüm qisası yerdə qoymayan Allahın və cəmi müqəddəslərin qəzəbinə gələsən! Dilin qurusun! Səsin həmişəlik tutulsun! Cəhənnəm odu cəsədinizi yesin, ey insanlar, ey allahsızlar! Başınıza daş tökülsün! Evlərinizdə bayquşlar ulasın! Anan mələsin, ay bala! Görüm it kimi qudurub öz sümüklərinizi yeyəsiniz!..

Nəhayət, camaat özünə gəlməyə və reaksiya verməyə başladı. Lakin adamlar onun ağzını qapamağa macal tapmamış, gözləri hədəqədən çıxmış və ağzı köpüklənən molla Abdulla isteriyadan qıc olmuş halda qışqırdı:

- Mən Allahın sizi vuran qəzəbini görürəm, hiss edirəm. Mən sizin evlərinizi boş qoyan qasırğanı görürəm, başınıza yağan cəhənnəm odlarını görürəm, hər şeyi yerlə yeksan edən fəlakəti görürəm, yenidən dirilmə gününü görürəm, mən görürəm...”.

Bu hadisədən bir müddət sonra qəfil başlanan şiddətli yağış zaman çaxan ildırımdanmı, yoxsa ateistlərin təxribatındanmı, məsçidin minarəsi çatlayır. Müəzzin xəlvətçə – sayıqlığını itirmiş kommunist qarovulçuya rüşvət verərək son dəfə zədələnmiş minarəyə – əzan verməyə qalxır. Bundan  xəbər tutan NKVD agentləri hərəkətə keçir, ora-bura vurnuxur, bağırır, lakin çatlamış minarəyə qalxmağa ehtiyat edirlər: ikinci adamın minarəyə qalxması,  buna cüzi cəhd – faciə ilə nəticələnəcəkdi. «Ailəni rüsvay edən», «qoca artist», «tərs qatır» söyüşləri ilə müəzzinin oğlu Fərhad həyəcanla minarəyə dırmaşmağa başlayır: «Qəflətən dəhşətli bir gurultu göyü titrətdi, gözəl minarə kökündən qopmuş ağac kimi yıxılaraq aşağıda olan hər şeyi, istər tikinti, istərsə də insanları, altına salıb əzdi.  Təsadüfün kaprizindən oğlunun başı atanın batmış sinəsinin üstünə düşmüşdü.  Bu bir rəmzi əlamət idimi? Mövhumatçılar və sentimental adamlar belə düşünürdülər... İzdihamın içindən bir pıçıltı eşidildi:  Doğrudan da, müəzzin qabaqcadan hər şeyi düz görübmüş… ».

Əslində oxucu hekayənin əvvəlindən, hətta əsərin  adından hadisələrin gözlənilməz, gərgin keçəcəyini gözləyirdi. Ata ilə oğulun timsalında dindarla ateistin münasibətlərinin faciə, fəlakət həddinə qalxması sarsıdıcıdır və sovet rejimin əsl mahiyyətindən, iç üzündən,  antihumanist bir quruluş olduğundan xəbər verir. Müəzzin Abdulla (isti münasibətdən, iltifat hissindən ona çox vaxt «molla» deyə müraciət edirdilər) Ceyhun Hacıbəylinin, eləcə də XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmış digər görkəmli yazıçıların din qəhrəmanlarından kəskin fərqlənir. Xəsislikdə, əyalına münasibətdə Hacı Qaradan (M. F. Axundovun « Sərgüzəşti- mərdi- xəsis » pyesi) geri qalmayan, yalançı mömin sifətinə girən Hacı Kərim ( C. Hacıbəylinin « Hacı Kərim » povesti)  fırıldaqçılıqla, zina ilə məşğul olur, eyni zamanda ayıq-sayıqdır, zəmanənin nəbzini tutmağa çalışır, zirəkdir, ticarətini genişləndirmək üçün uşağını məktəbə qoyur.

 Molla Abdulla əvvəllər müəzzinlik etməklə, dua yazmaqla ailəsini dolandırırdısa, sovet hakimiyyəti gələndən sonra «pulsuzluğa və əbədi bir işsizliyə məhkum olmuşdu». Dindar olduğuna görə onu qapılardan qovur, eyni zamanda «avara», «tənbəl», «tüfeyli» kimi ifadələrlə zinhara gətirirdilər. O isə yazıq görkəm alıb «Qoysunlar işləyim də. Mən yazıq işdən başqa nə istəyirəm ki?» - deyə sakitcə etirazını bildirirdi.  O, nankor və vəfasızları sevmir, «onun patriarx ləyaqətini və müqəddəs dindar hisslərini» təhqir edənlərlə barışmır. Keçmiş xatirələri ilə yaşayır, “şirin”, “qüdrətli”, “dəmir” səsi ilə dindarları günorta namazına dəvət etdiyi günlərin həsrətini, unudulmaz aşura mərasimlərinin xiffətini çəkirdi. Müəzzin eyni zamanda möhkəm əqidə sahibidir, öz istəyindən və iradəsindən dönməzdir.

Müəllif hekayədə müəzzinin oğlu Fərhad obrazının timsalında bolşevizmin gənc nəslə gətirdiyi faciə və fəlakətin miqyasını göstərməyə çalışmış və buna nail olmuşdur. Rejim Fərhadı tez dəyişir, dövranın gərdişləri onun əxlaqını korlayır, eybəcərləşdirir. Qısa vaxt ərzində Allahsızlar Cəmiyyətinin fəallarından birinə çevrilən Fərhad addımbaşı atasını təhqir edir, ələ salır. Müəzzinin oğlu Fərhadın Allahsızlar Cəmiyyətinə üzv olduğunu eşitdiyi səhnə ata ilə oğul-dindarla ateist arasındakı uçurumun nə qədər dərin, münasibətlərin amansız və ziddiyyətli olduğuna dəlalət edir: “Cavab ver, ya hə, ya yox, Allahsızların üzvüsənmi?

- Tutaq ki, sonra?.. – deyə oğlu hər ehtimala qarşı təkrar etdi.

Qoca partladı:

- Deməli, bu düzdür. Sən, mənim oğlum, molla Abdullanın oğlu, Allahın varlığını belə inkar edən allahsızlar bandasına qoşulmusan? Məgər bu mümkün olan şeydir?

- Uşağı sakit burax, - ana müdaxilə etdi, - o elə bizim çörəyimizi qazanmaqdan ötrü onsuz da əldən düşüb.

Lakin qoca özündən çıxmışdı:

- Demək, sən dindar üçün ən təhqirli bu adı daşıyırsan? İt balası, - deyə ağzından od püskürən kişi allahsızı vurmağa bir şey axtarırdı.

Ana dərhal onların arasına girdi, cavan oğlan da öz növbəsində dirçəldi və hədə dolu bir tərzdə qocanın başa düşmədiyi bol və tipik bir rus söyüşü yağdırdı. Daha sonra çığırdı:

- Yavaş ha..., qanmaz qoca! Yoxsa sənə yenidən özün kimi ikiüzlü qocaların saxlandığı yeri tanıtmalı olacağıq. Bil ki, əgər səni həmişəlik ora salmayıblarsa, bu bir Allahsızın müdaxiləsi sayəsində olub.”   Fərhad atasının müqəddəs hisslərinə toxunmaqdan, dini dəyərləri ələ salmaqdan yorulmur, müəzzini din mövzusunda keçiriləcək diskusiyaya dəvət edir: «Başın varsa, gələrsən, dinini mülafiə edərsən”. Ceyhun Hacıbəyli atasına, milli-mənəvi dəyərlərə, adət-ənənələrə arxa çevirmiş Fərhadın faciəsini gənc nəslin, cəmiyyətin, gələcəyin fəlakəti kimi təqdim edir.

Yazıçının epizodik obrazlar da daxil olmaqla hekayədə təqdim etdiyi bütün tiplər orijinaldır, maraq doğurur, təsirlidir, düşündürür. Müəzzinin arvadı Səkinəni oxucu vur-tut bir-iki dəfə «görür», lakin bu obraz böyük, acı təəssürat yaradır, unudulmur, oxucu yaddaşına həkk olunur. Təmtəraqlı şüarlar, hay-küylü, pafoslu çağırışlar, nitqlər, məruzələr Səkinənin də həyat və düşüncə tərzini dəyişmişdir. O, indi ərinin üstünə çımxırmağı, onu hətta təhqir etməyi özünə rəva görür, ərinə «ev işləri ilə məşğul ol, xörək bişir, oranı-buranı süpür, qab-qacağı yu»- deyə əmr edir. «Likbez»-ə (rusca savadsızlığın ləğv olunması) kursuna yazılan Səkinə müəzzin ərinin üstünə qışqırır: “İndiyə qədər siz kişilər bizə əmr verirdiniz, indi biz əmr verəcəyik. Mən məktəbə gedəcəyəm, sən isə mətbəxə. Kasıbların padşahı Lenin-Stalin deyib ki, «Qadın dövləti idarə etməlidir».

Yığcam və epizodik obraz olan Səkinə cəmiyyətdə gedən prosesləri və insanların şüurunda baş verən dəyişiklikləri, başgicəllənmələri əks etdirmək, işıqlandırmaq baxımından da diqqət çəkəndir.  Səkinə kimi məscidin qarovulçusu Cəfər obrazı da epizodikdir,  hekayə boyu oxucu onunla cəmi bir dəfə „rastlaşır“, lakin o, da hərəkərləri, danışığı ilə oxucuda acı  təəssürat yaradır, onun qəlbinə, hisslərinə toxunur. Müəzzin son dəfə məscidə girmək, əzan çəkmək istəyir, bunun üçün  Cəfərə ağız açır, xahiş edir, yalvarır, xeyiri olmur. Cəfərin  əməlləri və sözləri utancverici, məyusedici olduğu qədər də, ibrətamizdir, düşündürücüdür. Cəfər məscidə girməkdə israrlı, inadlı olan  müəzzinin  qarşısını kəsir: ” - Nə qəribə adamsan ey! Min dəfə demişəm, sən daha ora girə bilməzsən. Bu qadağandır. Sən artıq orda heç nəsən. Sənin daha orda heç bir işin yoxdur.

-  Bilirəm, Cəfər, demisən... Ancaq qoy bu gün girim... Lap tez çıxıb gedəcəyəm. Heç kim bundan xəbər tutmayacaq.

-  Heç kim... Bəs mən? Məni saymırsan?... Zəmanə dəyişib, molla. Cəfər indi adi qapıcı deyil, o partiyanın üzvüdür. O, bolşevik sayıqlığını qorumalıdır. Lap belə yüz min manat da versən, yenə içəri buraxan deyiləm.

Bu sözləri deyib qapını örtmək istəyəndə müəzzin xüsusi bir işarə ilə onu saxladı, cibindən uzun bir toxunma kisə çıxartdı, ipini açdı və içindəkiləri çıxarmağa başladı. Bir anlığa peyda olan qızıl pul Cəfərin gözlərini qamaşdırdı. Mən bunu dəfnim üçün saxlayırdım, - dedi müəzzin, - saxlayırdım ki, it kimi basdırılmayım. Mən onu sənə verirəm, Cəfər, götür, amma qoy,  bircə dəqiqəliyə içəri girim” .Qızıl pul  Cəfərə  hər şeyi- partiyaya sədaqəti də, visdanının səsini də unutdurur, məscidin qapısı açılır və müəzzin içəri keçir.

Eyni və daha dərin, üzücü dəyişiklik müəzzinin qızında baş verir. Bir dövrun qəhrəmanları olmasına baxmayaraq Cəfər Cabbarlının çadranı atan, təhsilə, tərəqqiyə meyilli, ailə dəyərlərinə ehtiramla yanaşan qadın obrazlarından kəskin fərqlənən, atasına münasibətdə qardaşından və anasından heç də geri qalmayan müəzzinin qızı tez-tez «partorq yoldaş Vaynşteyn»dən, «yoldaş Şutov»dan sitatlar gətirir, təhsili olmadığı halda musiqidən dərs demək iddiasına düşür: “Qızı lap həddini aşmışdı. O, klubdan, rəqsdən, idmandan, musiqidən, iclaslardan danışır, şaqqanaq çəkib  gülür və atasının yanında aramsız siqaret çəkirdi. Qız evə bir sürü cavan kafir gətirir, onlar da ailənin olan-qalan yeməyini yeyirdilər, eyni zamanda pis iy verən, lakin onları daha da şənləndirən və səs-küylü edən ağır su kimi bir şey də içirdilər „. Ceyhun Hacıbəyli bu tiplərin -  ana və övladlarının timsalında bütün quqrluıun,  rejimin tragik zəhərləndiyini, cəmiyyətin bataqlığa batdığını göstərir.

Ceyhun Hacbəyli mühacirətdə yaşamasına baxmayaraq,  sovet dövlətinin din siyasətinin, onun  fəsadlarını dərindən, hərtərəfli öyrənmiş və əsərdə bu təəssüratı təfərrüatı ilə, mümkün qədər geniş, əhatəli və inandırıcı şəkildə əks etdirə bilmişdir. Ədib cəmiyyətin müxtəlif təbəqələri , eləcə də bir ailənin üzvləri arasında formalaşmaqda olan mürəkkəb mükəddər münasibətləri, xüsusi ilə dini dəyərlərə baxışdakı ziddiyyətləri və faciəni müəzzinin ailəsinin timsalında məharətlə açır.

Xalq maarif komissarı Mustafa Quliyev obrazı ilə bağlı nəql edilənlər ilk baxışda ayrıca bir mövzu təsiri, təəssüratı oyatsa da o da hekayədə problemin daha dərindən, daha kəskin qabardılmasına xidmət edir. Digər tərəfdən Ceyhun Hacıbəyli hekayəyə Mustafa Quliyev obrazını  daxil etməklə, müəzzinin ailəsində baş verənləri bir ailənin yox, bütün cəmiyyətin faciəsi kimi göstərməyə ustalıqla  nail olmuşdur. Mustafa Quliyevin məruzə edəcəyi «Mədəni inqilab və islam» konfransına ciddi hazırlıq gedir. Guya demokratik şəraitdə keçəcəyi, hər kəsin azad şəkildə öz fikrini ifadə edəcəyi konfransda din xadimləri də dəvət olunmuşdur. Allahsızlar cəmiyyətinin təşkil etdiyi konfransda isə «aşağı rütbəli cəmi iki-üç molla» qatılır, digərləri təqib olunacaqlarından ehtiyatlanırlar. Zal partiya, komsomol üzvləri və namizədləri, ateistlər, onlara qoşulmuş fəhlə və kolxozçularla doldurulmuşdu. Ceyhun Hacıbəyli qüdrətli gələn sahibidir, usta hekayəçidir. Kiçik bir ştrixlə böyük mətləbləri üzə çıxarır. Konfrans başlanmazdan öncə bir ateistlə molla arasındakı dialoqa fikir verin: “-Bəs bu konfransı aparan kim olacaq? – molla soruşdu.

- Şəxsən xalq maarifi komissarı, yoldaş Quliyev.

Qoca ruhani isehza ilə dedi:

- O nə vaxtdan Allahsız olub?

- İlk dəfə anasının südünü əmən vaxtdan, - deyə cavan oğlan  dilləndi və ardınca da   soruşdu:

- Nəyə gülürsən?

- Heç nəyə, - deyə molla yenidən istehza ilə güldü.

O öz «peşəkar sirrini» açmaq istəmirdi, cəmi üçcə gün bundan qabaq o, övladsızlıqdan əzab çəkən xanım Quliyevaya xüsusi dua yazmışdı”. 

Konfrans isə əsl məzhəkəyə çevrilmişdi. Ateistlərin məntiqsiz, mənasız çıxışlarına etiraz etmək istəyən dindarlar fitə basılır, susdurulur. Əvvəlcədən hazırlanmış mətni belə düz-əməlli başlı üzündən oxuya bilməyənlər alqışlanır. Mustafa Quliyevin çıxışı aqressivliyi, islama qarşı amansız hücumu ilə fərqlənir. Onun sərsəm fikirləri zalda olan bir neçə dindarı tədriclə özündən çıxarırdı: “  Bu, artıq dözülməz idi. Etirazlar «baqqal-çaqqallar»ın ( ateistlər mollaları belə adlandırırdılar- T.A.) cərgəsinə kimi gedib çatdı. Molla Abdullaya gəldikdə isə, o artıq özünü saxlaya bilmədi. Üzünü məruzəçiyə tutub hiddətli bir səslə dedi:

- Allahın mövcudluğunu belə inkar edən bir adamın Onun göndərdiyi Kitab barədə müzakirə aparmağa haqqı yoxdur.

Müəzzinin  cəsarəti  burada olan digər dindarları və mollaları ruhlandırdı; onlar da Xalq Maarifi Komissarının işlətdiyi küfr sözlərə qarşı etirazlarını bildirdilər. Flyügerlərin hay-küyünün gərginliyi ikiqat artsa da, sədr sakitliyi bərpa etdi:

- Ya mollaların, onların ideologiyasının, geriliyin, mövhumatçılığın, irticaçı fikrin ardınca gedin, ya da bu vaxtacan görünməmiş dünyanın ən böyük peyğəmbərlər – Karl Marks, Vladimir Lenin və İosif Stalinin açmış olduqları «mədəni inqilab» yolunu qəbul edin.”

Bu dialoq da partiya rəhbərlərinin nə qədər saxta, ikiüzlü, əqidəsiz olduğuna bir işarədir. Ceyhun Hacıbəyli Mustafa Quliyevin  çıxışı ilə onun daxili-mənəvi kasadlığını, kölə və miskin mövqeyini təbii və inandırıcı şəkildə təqdim etmişdir. «Müəzzinin lənəti» hekayəsi ilə bağlı fikirlərimizi yekunlaşdıraraq bu qənaətə gəlirik: Hekayə:

- sovet hakimiyyətinin ilk illərinin Azərbaycan ailəsinə, cəmiyyətinə gətirdiyi milli-mənəvi naqisliklərin parlaq bədii təcəssümüdür;

- Allahsızların, ateistlərin, bütövlükdə sovet din siyasətinin iç üzünü açan, ifşa edən nadir sənət nümunələrindəndir;

- insanları bataqlığa, çirkaba sürüyən, Moskva nökərlərinin - yerli partiya rəhbərlərinin dar düşüncəli, saxta və yalançı, eyni zamanda iddialı və təkəbbürlü simasını üzə çıxaran qiymətli sənət əsəridir;

- övladları valideynlərə, dini, milli-əxlaqi dəyərlərə, adət-ənənələrə hörmət və məhəbbət ruhunda tərbiyəyə səsləyən, təşviq edən  qyimətli irsdir;

- bu hekayə  Ceyhun Hacıbəylinin Sovet imperiyasının tez-gec süqut edəcəyi ilə bağlı qəti qənaətinin, sarsılmaz əqidəsinin ,inamının, iradəsinin  bənzərsiz  bəddi ifadəsidir.

Abid Tahirli
11.01.2016.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu