(hekayə)
Yamanca sınıxmışdı. Bir dəri, bir sümük qalmışdı. Ovurdları çökəlmişdi. Çöhrəsində ümiddən əsər-əlamət belə yox idi. Gözlərindəki gur işıq da artıq öləzimişdi. Ha yumaqlasa da, heç cür kələfin ucunu tapa bilmirdi. Hər şeydən əli üzüləndə ona elə gəlirdi ki, tale ona qənim kəsilib. İnsan qəribə məxluqdur. Çarəsizlik onu gömsə də, ümidi ara-sıra pöhrələnir.
Şənbə günü idi. Dan yeri yenicə sökülmüşdü. Yuxusu ərşə çəkildiyindən səhərin tez açılmasını səbirsizliklə gözləmişdi. Günəş işığı çırtlayar-çırtlamaz özünü qismən də olsa ovundurmaq üçün ağlına maraqlı bir ideya gəldi; sevginin etalonunu yaratmaq!?. Onun zənnincə, həmin hissi o hamıdan dərin duyurdu. Kimsənin məhəbbəti onunku ilə müqayisəyə belə gələ bilməzdi. Bu, özündən müştəbehlik əlaməti deyildi.O, həqiqətən belə düşünürdü. Ülvi hissləri neçə illərdir qarşılıqsız qalsa da, zərrəcə səngimirdi, əksinə... Otuz yaşı haqlamaqda olan Rəsul Tanrıdan ümidini kəsmirdi. Bunu ağlının ucundan belə keçirmirdi.
Səhərin gözü açılandan sevginin etalonunu yaratmağın yolunu arayırdı. Əlindən ala-babat rəssamlıqdan başqa heç nə gəlmirdi. Körpəlikdən rəsm dərnəyində məşğul olduğundan bu təsviri sənət növünün incəliklərinə kifayət qədər bələd idi. Ötən müddətdə kətan üzərində yağlı boya ilə yaratdığı rəsmlərdən xoşa gələni az olmamışdı. Bir daha götür-qoy edib, sevginin etalon rəsmini araya-ərsəyə gətirməyi qərara aldı. Fikirləşdi ki, əsər istədiyi kimi alınarsa, könül verdiyi qıza hədiyyə edər, bəlkə, düşərli oldu. O, qınanılası deyildi, saman çöpünə də ümid bəsləyirdi.
Səhər yeməyindən sonra molbertini, kətan parçalarını, rəngarəng piqmentləri, fırçalarını, palitra bıçağını, süngərini və digər rəssamlıq alətlərini qaydaya saldı. Anlayırdı ki, sevginin etalonunu yaratmaq müşkül məsələdir. Asan olsaydı, indiyə qədər kimsə buna heç olmasa cəhd edərdi. Demək olar ki, hər şeyin etalonu yaradılsa da, sevginin konkret etalonu hələki ortada yoxdur. Çətin işə girişdiyini tam anlayan Rəsul xeyli kətanı bir neçə qat akril qrundla üzlədi ki, sabaha qədər özünü tutsun. Günün qalan hissəsini sevginin rəmzi haqda düşüncələrə qərq oldu.
Bazar günü sübh tezdən dağlara sarı yön aldı. Yaxşı tanıdığı sakit guşələrdən birində ideyasını həyata keçirəcəkdi. Bunu paytaxtda düzüb-qoşmaq qəliz məsələydi. Mənzil başına yetişdi. Ən yaxşı rəsmlərini yaratdığı, füsunkar çəmənlikdə lövbər saldı. Günəş onu, o da dağları salamladı. Ruhu yerindən oynadı. Qanı qaynadı. Ətrafdakı nəfis mənzərələri heyran-heyran bağrına basdı. Sevgi yarasının qaysağı qopdu. İçi qan ağladı. Öz Leylisi ilə birgə bu əzəməti qucmaq istəyi keçdi içindən. İztirab onu ağuşuna almasın deyə tezcə Tanrıya pənah apardı.
Dünəndən bəri götür-qoy etdiklərini birər-birər yaddaşında canlandırdı. İç dünyasındakı məhəbbət odunu körüklədi ki, istədiyini araya-ərsəyə gətirə bilsin. Kətanı molbertin çərçivəsinə tarım çəkdi. Məhəbbətin işığında işə başladı. Daxilindən qaynaqlanan, illərlə yaşadığı hisslər tədricən fırçasından kətan üzərinə köçməyə başladı. Qısa müddətdə rəsmin ilk konturları meydana gəldi... Aydın səmada Günəşlə Ay qoşalaşdı. Gözbəgöz idilər. Sevgi zümzümələri səngimirdi. Bu, nadir fürsət idi. Günəş də bu imkanı fövtə vermək niyyətində deyildi. Cani dildən çabalayırdı. Ona aylarla, illərlə Ayın camalına boylanmaq nəsib olmurdu. Gündüzün günorta vaxtı Aya doyunca tamaşa etmək, onunla ürək dolusu kəlmə kəsmək təsadüfi hallarda Günəşin qismətinə düşürdü. Həyasına qapılıb büruzə vermək istəməsə də, elə Ay da çox vaxt həsrətdən qovrulurdu. Göyün üzündə məhəbbət əfsanəsi qərar tutmuşdu. Yaratdığından diksinən Rəsul kənara çəkilib qürurla öz əl işinə baxdı. Gözəl alınsa da, amma, o, bunu heç cür tam sevgi etalonu kimi dəyərləndirə bilmədi. Kətanı dəyişdi və yenidən işə başladı. Bu dəfə rəsm əsərindəki çiyin-çiyinə qısılan qızılgül kollarına qonaraq bir-birinə sarı yanıqlı-yanıqlı boylanan iki bülbülün cəh-cəhi ətrafı bürüdü. Onların sevgi nəğməsi mükəmməldi, ürəkləri dağlayırdı. Bülbüllərin insanın qəlbini və ruhunu yerindən oynadan avazı, bəstələrinin həzin nəqarətləri, ümumilikdə, bu bənzərsiz nəva nəinki insanı, hətta, təbiəti də riqqətə gətirirdi. Rəsul da yamanca təsirlənmişdi. Di gəl, bu dəfə də növbəti fikrini cilalamağı məqsədəuyğun bildi. Kətan üzərində ucsuz-bucaqsız şəhərin mərkəzində iki göydələn ucaldı. Elə bil, bir silindri tən ortadan bölmüşdün. Bu tikililərin yuxarı hissəsinin hər iki tərəfindəki çıxıntılar bir-birnə sarı uzanan qollara bənzədilmişdi. Göydələnlərdən birinə nadir tikinti materillarından gəlinlik, digərinə isə bəylik libası “geyindirilmişdi”. Adama elə gəlirdi ki, sevgi alovundan qarsıyan bu göydələnlər elə indicə ayaq açıb, bir-birinə sarmaşaraq vüsala yetəcəklər və bütünləşəcəklər. Qarşısındakı mənzərədən Rəsul da qanad açmışdı. Ona elə gəlirdi ki, bundan üstününü kimsə düşünə bilməz. Azca keçmiş bir daha özünü sınamaq qərarına gəldi. Beləcə, uzun illər boyunca sevincini də, kədərini də tən bölüşdüyü həyat yoldaşını son mənzilə yola salarkən onun tabutuna çiyin verən ağbirçək qadın, üzbəüz dağlardan süzülərək qoşalaşan bənzərsiz iki şəlalə, yastı-yastı təpələrin ortasında qərara tutan, ağ örpəyə bürünən cüt zirvəli dağ və digər nadir rəsmlər bir-birini əvəzlədi.
Gün yarıdan keçmişdi. Rəsmlər bir-birindən say-seçmə alınsa da, Rəsul tam razı qala bilmirdi ki, bilmirdi. Sonuncu kətanı çərçivəyə yerləşdirəndə qəfil səda onu diksindirdi, az qala dili tutulacaqdı. Üzbəüzdə ilğımı andıran, Dədə Qorqud timsallı varlıq canlandı. Onun ozan səsinə bənzər danışığından dürr yağırdı:
- Ey, bəni insan, sən mənim bostanıma daş atmaq xülyasına düşmüsən, deyəsən?!. Axı, sizlər, yaxşı bilməlisiniz ki, sevginin etalonu, yəni mahiyyətcə fəlsəfəsi yalnız mənə məxsusdur. Bu, siz çəkəsi yük deyil. Sizlər sadəcə sevə bilərsiniz, vurula bilərsiniz, məhəbbət tiyanında pıqqa-pıqq qayanaya bilərsiniz. Siz mənim “ssenari”mdə aşiqlər rolunu icra edən kəslərsiniz, vəssalam.
Dili güclə söz tutan Rəsul Tanrıya bunu qəsdən düşünmədiyini çatdırmağa çalışdı:
- Ulu Varlıq, mən bunu bilərəkdən etmədim, sadəcə, sevdiyim qızın qəlbinə çığır açmaq məqsədilə bu fikrə düşdüm!?.
- Gənc, mən bunu bilirəm və dəyərləndirirəm. Öz ülvi hissələri uğrunda axıra qədər çarpışmaq, hətta, Tanrı alqışına layiqdir. Di gəl, sevginin sirri sizlik deyil və nə yaxşı ki, bu belədir. Yoxsa, siz mənim “kitab”ımı da alt-üst edərdiniz. Sevgi yerlərin, göylərin varlığının, əbədiliyinin kodudur. Yerlər də, göylər də sevgi üzərində bərqərar olub. Sizlər, yalnız nəsillər arası körpülərsiniz, həmin körpülərin də tağları, aşırımları məhəbbətdən, eşqdən, sevgidən hörülür.
- Elədir, Ulu Yaradan!!!
- Özü də sevgi yalnız sizə məxsus deyil. Sizlərin canlı hesab etmədiklərinizin də xəmiri sevgidən yoğrulub, onlar da sizin kimi eşqlə, məhəbbətlə nəfəs alırlar. Mənim fəlsəfəmin qayəsi, hərəkətverici qüvvəsi elə sevgidir. Ətrafa boylan, dörd bir tərəf məhəbbət üzərində qurulub, sevgi ilə təskinlik tapır. Sevgi sabahlara açılan qapılardır!!! Məhəbbət mənim ən böyük tapıntım, mənim özümün belə varlığımın mahiyyətidir!!!
- Bağışla, Tanrım...
- Bəni insan, narahat olma, əksinə, mənim özümün sənə rəğbətim ümmandır, sənin daxili dünyan sevgi okeanıdır. Çox sağ ol, mənim ən dəyərli əmanətimə bu qədər halallıqla yanaşdığına, kiçicik köksünə bu böyüklükdə Tanrı fəlsəfəsini sığışdıra bildiyinə görə. Unutma, bütün sevgilərin közü Tanrı ocağındandır!!! Məhəbbətdəki odu, alovu insan ağlı və orqanizmi doğuracaq qüdrətdə deyil. Bu enerji Tanrının səpələdiyi sevgi qığılcımlarından törəyir. Yalnız alovun nə qədər gur yanması hər bir cütlüyün özünə bağlıdır...
Tanrının onunun barədə doğma etirafını eşidən Rəsul sevincindən dəli-dolu çaylar kimi kükrəməyə, yenicə ayaq açan körpələr tək ayaq üstə dim-dik durmağa bənddi. Onun bu şadlığından mütəssir olan Tanrı Rəsula buyurdu:
- Zəhmət olmasa, sən sevgi etalonu əvəzinə öz Mona Lizanın – Cakondanın rəsmini yarat. Yəqinki, bu yolla istəyinə yetərsən...
Tanrının nitqindəki mərifətə heyran qalan Rəsulun matı-qutu qurudu, bütün varlığı ilə Ulu Yaradana diqqət kəsildi:
- Ey, Allah bəndəsi, sən çalış, əl işin tam canlı, təbii alınsın!?. Bu olduqca vacibdir...
- Ulu Varlıq, axı, Leonardo da Vinçi “Mona Liza”sına illəri sərf etmişdi, mənimsə ixtiyarımda cəmi-cümlətanı bir neçə saat var?!.
- Çalış özünə inan, mən sənin daxilindəki duyğunun böyüklüyünü görürəm, öz hissələrinə hakim kəsil. Sən, arzuladığın, illərlə həsrətində olduğun sevgiyə layiqsən, sadəcə, toparlan... Bunu bacarsan, yəqinki, tale sənin də üzünə gülər...
Söhbətləri buradaca kəsildi. Tanrının alqışından, xeyir-duasından təsirlənən Rəsul fırçasını böyük inam və şövqlə işə salmaqda ikən ətrafı Lara Fabianın insanın iç dünyasının yerindən oynadan “Mən səndən ötrü dəli-divanəyəm” (“Je suis malade”) mahnısının sədası bürüdü. Onun ingilis, fransız, ispan, italyan, rus və digər dillərdəki say-seçmə nəğmələri bir-birini əvəzlədikcə Rəsul daha da təpərə gəlirdi. Sürətlə işləyirdi, əllərini görmək belə olmurdu. Kətan üzərində Leylisi canlandıqca Rəsul daha səylə çalışırdı, bəzən alnından puçurlanan təri belə silib çatdıra bilmirdi... Rəsm əsərini bitirmək üzrəydi, sadəcə, bir könüldən min könülə vurulduğu qızın gözlərini çəkməyə heç cür əli gəlmirdi. Onun həmin qızın soyuq baxışlarına duruş gətirməyə daha taqəti qalmamışdı...
Rəsm əsəri gözlədiyindən də yaxşı alınırdı. Bu, onu hədsiz dərəcədə ruhlandırırdı. Daxili dünyasından, gözlərindən süzülən sevgi yaşları rəngarəng yağlı boyalara qarışırdı. Məhz bu anlardan etibarən rəsm əsəri az qala canlı insana “dönməyə” başladı. O isə hələ də fırçasını Leylisinin gözlərinə tuşlamağa ürək eləmirdi. Bu məqamda fırçanı kiminləsə birgə işlətdiyindən duyuq düşdü. Tanrının qəlbinin hərarəti onun bütün varlığını sardı. Şərikli işlədilən fırça qısa müddətdə öz işini bitirdi. Rəsul ürkə-ürkə nəzərini əsərdəki gözlərə yönəltdi. O, sevincindən az qala ağlını itirəcəkdi. Mona Lizanın çöhrəsindəki sirli-sehrli təbəssüm bütünlüklə onun Leylisinin gözlərində cəmlənmişdi, sevgidən alışıb-yandığı şəksizdi...
Dağların arxasına çəkilməkdə olan Günəş Rəsula əl eləyirdi. Aydınca sezilirdi ki, onun da sevinci yerə-göyə sığmırdı.