Üfunət, zülmət, rütubət...
- Bu kimdir belə? Necə də şirin-şirin yatır. Elə bil qaranlıq zirzəmidə yox, işıqlı saraydadır. Üz-gözündən də yorqunluq yağır... Aha tanıdım səni! Demək ki, hər şeydən qaçıb, bura sığınmısan.
- Ehhhh, yenə sən?! Nə istəyirsən? Əlindən harda gizlənim axı? Əl çək məndən.
- Hım, əl çəkim? Niyə? Axı sən məni çox sevirdin. Mən sənin həyatının mənasıydım.
- Boş –boş danışma! Dedim ki, əl çək məndən, vəssalam!!! Daha səni istəmirəm, mənə əzab verdiyin yetər!
- Səncə, səni tapmışkən belə asanlıqla əl çəkərəm? Elə bilirsən məndən istifadə edib, sonra da ata bilərsən? Ehhhhh, heç vaxt düzəlməyəcəksən, Həmişə aciz və bədbəxt insan kimi qalacaqsan.
- Bircə dəfə insafa gəlib bir söz dinləsən nə olar? Yetər! Yetər, mənim həyatımla, hisslərimlə bu qədər oynadığın. Yetər! Nə olar... Daha sənə əyilməyəcəyəm, qarşında özümü alçaltmayacağam.
- Sənin həyatınla oynayıram? Məni əldə etməkdən ötrü nələrdən keçdiyini niyə xaırlamırsan? Bu qədər unutqan olduğunu bilməzdim. Niyə də təəccüblənirəm? İnsan övladı unutqan olur axı. Əvvəlcə ailəni unutdun, sonra ata-ananı, dost – tanışını unutdun. Mənimçün hətta özünü də unutdun. İndi məni unutmaq istəyirsən? Yox, mən səndən belə asanlıqla əl çəkən deyiləm.
- Axı məndən nə istəyirsən? Məni yetərincə məhv etdiyin bəs deyil? Hər şeyimi itirmişəm. Düz deyirsən, səni əldə etməkdən ötrü özümlə bərabər sevdiyim insanları da məhv etdim. Onları da oda atdım. İndi olub keçənləri düşünəndə özüm-özümdən iyrənirəm, nifrət edirəm. Ən çoxda sənə nifrət edirəm. Hər şey elə sənin ucbatından oldu.
- Mənim?
- Hə, sənin! Səni tanıdığım günə kimi həyatım çox gözəl idi. Sevimli valideynlərim, mehriban, qayğıkeş həyat yoldaşım, övladlarım, dostlarım, uğurlu karyeram, yaxşı şəraitim. Bir insanın həyatda arzu etdiklərinin hamısına sahib idim. İndi isə bir heçəm. Sadəcə bir heç. Qaranlıq zirzəmilərdə gecələyən, evsiz-eşiksiz, işsiz-gücsüz, kimsəsiz bir səfiləm. Sən sahib olduğum o gözəl, təmtəraqlı həyatımı məndən aldın, cənnətimi cəhənnəmə çevirdin. Kaşki, səni heç tanımayaydım.
- Eh! İndi belə deyərsən də. İndi məni günahkar sayarsan. Amma mənimlə tanış olanda heç nə, heç kim vecinə də deyildi. Xatırlayırsan? Yaxınların məndən uzaq qalmağını söyləyəndə onlara nə cavab verirdin!
- Məndə ağıl qoymusan ki?!
- Özünü tülkülüyə vurma! Xatırlamırsansa, mən yadına salaram! “Uzaq dur ondan! O, sənin kimi minlərlə, milyonlarla insanı yoldan çıxarıb, həyatlarını məhv edib. Sən bari onun toruna düşmə. Ailəni, yaxınlarını, özünü düşün!” Cavabında bəs sən nə deyərdin? “Onlar iradəsi zəif insanladır. O, məni özündən heç vaxt asılı edə bilməz. İstədiyim vaxt onu ata bilərəm”. Ata bildin?
- Bunları mənə xatırlatmaqla nə keçəcək əlinə? Niyə məni rahat buraxmırsan, yarama köz basırsan.
- Sadəcə sən yox, sənin kimi milyonlarla insan məni atmaq istəyib. Hamı bir şeyi unudub. Mən çox güclüyəm! Məndən canını heç kim asanlıqla qurtara bilməz! Məni, sənin kimi zəif iradəli insanlar yaşadacaq. Sevənlərim vasitəmlə bir anlıq rahatlıq tapırlar. Sayları da hər gün artır. Qarşıda onlara necə əzab verəcəyimdən xəbərləri olmadan öz balaca dünyalarında yaşayırlar. Elə düşünürlər ki, hər şey mənim onlara bəxş etdiyim həzz dəqiqələrindən ibarətdir.
- Axı bunları xatırlatmaqda sənin məqsədin nədir? Niyə mənə bu qədər əzab verirsən? Onsuzda məndən aldığını almısan.
- Mən heç nə etməmişəm. Nə etmisənsə özün-özünə etmisən. Tanrının sənə bəxş etdiklərindən düzgün yararlanıb həyatını yaşasaydın məni dinləmək məcburiyyətində qalmazdın.
- ...
- Susursan! Söz tapmırsan deməyə. Nə deyə bilərsən ki , ay yazıq?!
- Bəsdir! Əl çək məndən!
- Tutuquşu kimi bir sözü əzbərləmisən e. Niyə səndən əl çəkməliyəm. Zamanında yaxınların bunu səndən istəyəndə bəs niyə məndən əl çəkmirdin? Daha gecdir. Məni səndən ancaq ölüm ayıracaq.
- Mən itirdiklərimi yenidən qazanmaq, ailəmlə, məni sevən insanlarla birlikdə olmaq, onların məni bağışlamasını istəyirəm. Yalvarıram nə olar, acı halıma, mənə yazığın gəlsin. Mən daha əvvəlki tər-təmiz, saf dünyama qayıtmaq istəyirəm.
- Deyək ki, hər şeyə yenidən başladın. Sənə mənsiz çətin olmayacaq? Məni arzuladığın zaman sevdiyin insanlara o dəhşətləri yenidən yaşatmayacaqsan? Elə bilirsən dildə demək asandır. O, qədər sənin kimilərini görmüşəm. Hamısı da sənin dediklərini deyib. Bir müddət sonra yenidən məni arzulamağa başlayıblar, məni axtarıb tapıb, mənə ehtiyac duyduqlarını, mənsiz yaşaya bilmədiklərini deyiblər.
- Yox, mən bacaracam! Səni həyatımdan bir dəfəlik siləcəm. Ailəm, məni sevənlər üçün edəcəm bunu. Məni fəlakətə sürükləyən bu cəhənnəm əzabından qurtulmalıyam.
- Səncə itirdiklərini geri qaytara biləcəksən?
- Səndən canımı qurtarsam, məni rahat qoysan mütləq qaytaracam. Ehhhh! Səni tanıdığım günə kimi necə xoşbəxt idim mən. Görəsən həyat yoldaşım, körpə ikən tək qoyduğum balam necədir? Neçə vaxtdır üzlərini görmürəm. O gün gedib uzaqdan-uzağa seyr etdim onları. Balam böyüyüb artıq. Körpəm, atası sağ ikən atasızdır. Canım qədər sevdiyim həyat yoldaşımın gənc yaşlarında saçlarına dən düşüb. Səni mənə sevdirməkdən ötrü ətrafımda dolaşan dırnaqarası dostlarım isə daha gözə dəymirlər. Bir çoxunu məhv etdin. Artıq dünyada yoxdurlar. Nə qədər ki, mənim də axırıma çıxmamısan səndən canımı qurtarmalıyam. Yenidən əvvəlki həyatıma dönsəm, ömrümün qalan hissəsini, sənə qarşı mübarizəyə sərf edəcəm.
- Tək başına bunu bacararsan?
- Əgər, ətrafıma həmfikir insanlar toplasam, birlikdə sənə qalib gələrik.
- Bacarmazsan! Məni məhv etməyə nə sənin, nə də ətrafına toplayacağın kütlənin gücü yetməz! Nə qədər ki, bəzi insanlara asan yollarla milyonlar qazandırıram, köküm kəsilməyəcək. Çünki siz, maddiyatı mənəviyyatdan üstün tutursuz. Aranızda pul-para, var-dövlət, səltənət düşkünləri var olduqca, mən də var olacam! Üstəlik, sənin kimi zəif insanların qanında, canında yaşayacağam! Eh, bədbəxt insan! Sən yenə də yanılırsan!