Modern.az

İvan Bunin: həyatı və yaradıcılığı - II yazı

İvan Bunin: həyatı və yaradıcılığı - II yazı

Ədəbiyyat

15 Fevral 2016, 10:47

filologiya üzrə elmlər doktoru, professor

İvan Buninin hekayələrini oxuyanda insanın həyatının müxtəlif dövrləri ilə bağlı hadisələrlə qarşılaşmalı olursan. Əslində həmin hadisələrin bəziləri oxucuya da tanış gəlir. Oxucu həmin hadisələrin bəzilərinin ya iştirakçısı, ya da müşahidəçisi ola bilmişdir. Məsələn, “Qurdlar” hekayəsində baş verən hadisə, hekayənin süjet xətti bir neçə cəhətdən maraqlıdır. Birincisi, isti avqust ayının kənd həyatındakı təsviri baxımından. İkincisi, kəndin gecə vaxtı qərq olduğu qaranlıq və onu müşahidə edərək hekayəyə gətirmək baxımından. Üçüncüsü, şam yeməyi zamanı qurdun həyətlərə girib qoyunları parçalaması, onların hülqumunu qoparması baxımından. Ancaq bunların hamısının mərkəzində kənd həyatının insanların taleyində buraxdığı izlərdir ki, bu da hekayədə öz əksini tapır. Məsələn, meşənin yaxınlığında üç boz qurdun olması at arabasını öz yolundan çıxmasına səbəb olur. At arabası əkin sahəsinə üz tutur. Bu zaman at arabasının sıçrayışından qızın dodağının yanı at arabasının oturacağına çırpılır və bu çapıq ömrü boyu qalır. Onun üçün “...daim zərif gülüşü xatırladan bu çapıqdan əziz dünyada heç nə yoxdur”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.69)

İvan Buninin hekayələrində hadisələr təbii olduğu kimi, həmin hadisələrin içərisində olan obrazlar da təbii və hisslərini, duyğularını ifadə etməyi bacaran obrazlardır. Məsələn, “Bir tanış küçədə” hekayəsində hisslər və duyğular, yaşanmış və geridə qalmış günlər müəllifin özü ilə - İvan Bunin ilə bağlıdır. Moskvaya kursa gəlmiş bir qızla onun arasında baş verənlər sonralar bir xatirə kimi hekayənin (“Bir tanış küçədə”) mövzusuna çevrilir. Hekayənin sonunda müəllifin bu etirafını səmimi qəbul etməmək olmur: “...biz isti çayla ağ çörək və qırmızı dəriyə bükülmüş pendir yeyə-yeyə qırmızı pərdənin altından içəri vuran təmiz qış havasını hiss edər, pəncərəni döyəcləyən qar dənələrinin səsinə qulaq asa-asa öz gələcəyimizdən danışardıq... “Yadımdadır köhnə ev, tanıdığım küçədə...” Başqa nə yadımdadır? Onu Kursk vağzalından yola saldığım yadımdadır: əlimizdə söyüd çubuğundan hörülmüş səbət və kəmərlə çəkilmiş qırmızı adyallı bağlama, platformada yola düşməyə hazır olan uzun qatarın yanı ilə, yaşıl vaqonlardakı basabasa baxa-baxa tələsik qaçırdıq. Nəhayət, onun bu vaqonların birinin dəhlizinə çıxdığı, xudahafizləşdiyimiz, öpüşdüyümüz, ona iki həftədən sonra Serpuxovaya gələcəyimi dediyim yadımdadır...

 Bundan artıq heç nə yadıma düşmür. Bundan artıq heç nə olmamışdır”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.117).

İvan Buninin hekayələri oxucuya rus məişətinin, həyat tərzinin, adət-ənənəsinin necə olmasını təqdim edə bilir. Bunun səbəbi onunla bağlıdır ki, İvan Bunin zadəgan nəslindən olsa da, Rusiyada yaşadığı dövrdə kənd həyatına dərindən bələd olmuşdur. Bu bələdçilik nəticəsində o, həm rus danışıq dilini, həm də yuxarı təbəqənin istifadə etdiyi ifadələri mükəmməl bilmişdir. Ona görə də o, bir yazıçı kimi yüksək zirvəni fəth etmişdir. Onun qədər rus dilinin ifadə imkanlarını duyan yazıçı olmamışdır. Onun yaradıcılığında, o cümlədən hakayələrində işlənmiş atalar sözləri, aforizmlər, zərbi-məsəllər rus dilinin zəngin xüsusiyyətlərini yaşadır. Oxucuda obrazlı rus dili barədə geniş təsəvvür yaradır.

Qeyd etdiyimiz kimi, İvan Buninin hekayələri rus məişətini, adət-ənənəsini, həyat tərzini təqdim edə bilir. Bu mənada “Xaç analığı” hekayəsi maraqlıdır. Hekayədə ruslarda kirvəliyin nə demək olduğu oxucuya anladılır. Belə ki, xristianlar, o cümlədən ruslar uşağı xaç suyuna salanda tanıdıqları adamlardan ona xaç atalığı və xaç analığı tuturlar. Onlar uşağı xaç suyuna birgə salırlar. Bundan sonra onlar öz aralarında qohum kimi sayılır və bir-birinə “kirvə” deyə müraciət edirlər.

İvan Bunin “Parisdə” hekayəsində Pasxa bayramını xatırladır. Yaxud “Quzğun” hekayəsinin sonunda xaçın boyundan asılmasını təsvir etməklə dini dəyərləri təqdim edir. Yeri gəlmişkən qeyd edək ki, İvan Bunin eyni dərəcədə Şərq ədəbiyyatına, mədəniyyətinə də meyilli olubdur. Məsələn, “Xaç analığı” hekayəsində oxuyuruq:

“O, dodaqlarını qadının dirsəyinə toxundurub deyir:

- Kirvə...

- Nədir, kirvə?

- Bilirsiniz nə baş verib: bir adamın ürəyi əldən gedib, o da ağlına deyib: “Əlvida”.

- Necə yəni ürək əldən gedib?

- Bu, Sədi yaradıcılığındandır, kirvə. Belə bir fars şairi olub.

- Bilirəm. Ancaq “ürək əldən getdi” nə olan şeydir?

- Bu, o deməkdir ki, həmin adam vurulub. Bax mən sizə vurulan kimi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.127-128).

İvan Buninin yaradıcılığında dini, tarixi, psixoloji məsələlər üstünlük təşkil edir. Onun yaradıcılığında lirizm, realizm və romantizm bir-birini tamamlayır. O mənada bir-birini tamamlayır ki, onların hər birini İvan Bunin yaradıcılığında müşahidə etmək olur.

İvan Buninin “Kənd”, “Qurudərə”, “San-Fransiskolu cənab” povestləri bədii baxımdan güclüdür. Məsələn, “Kənd” povesti rus həyatını, mənəviyyatını, özünəməxsusluğunu əks etdirmək baxımından xüsusilə qeyd olunmalıdır. Bu baxımdan povestdə xarakterik bədii detallar kifayət qədərdir. Onlardan bəzilərinə diqqət yetirək: “Ayaqlar, çarxlar və heyvan dırnaqları altında tapdanmış, zirzibilə batmış, hər yerinə təzək yayılmış tozlu örüş boşalırdı – yarmarkanın camaatı dağılışırdı. Lakin Tixon İlyiç satılmamış atları, elə bil, kiminsə acığına istidə, tozun içində saxlamışdı, arabanın içində oturub, yerindən tərpənmirdi ki, tərpənmirdi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.297) Yaxud: “Soba qızdığı üçün otaq isti və rahat idi, ayna bir qədər aydınlaşdı, lakin pəncərədən bayırda heç bir şey görünmürdü: şüşələr buxardan donuq rəng almışdı – deməli, həyətdə hava soyumuşdu. Ac donuzların zəhlətökən xortultusu aydın eşidilirdi. Birdən bu xortultu yekdil və güclü nəriltiyə çevrildi: deyəsən, donuzlar içi horra ilə dolu ağır ləyəni onlara tərəf çəkən aşpaz qadınla Oskanın səslərini eşitmişdilər”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.336). Başqa bir bədii detal: “Külək getdikcə şiddətlənir, yamyaşıl ağaclardan su zərrələri sıçrayırdı; bağdan o tərəfdə, haradasa aşağılarda göy guruldayırdı, solğun mavi şəfəqlər xiyabana işıq saçırdı, hər tərəfdə bülbüllər oxuyurdu”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.386)

Beləliklə, İvan Buninin “Kənd” povestində kənd həyatı dolğun bir şəkildə əks olunur.

İvan Bunin əslən azərbaycanlı fransız yazıçısı Ümmülbanu ilə Parisdə tanış olur və bu tanışlıq sonradan dostluq münasibətinə çevrilir. İvan Buninin Ümmülbanuya ünvanlanmış 33 məktubu olmuşdur. Bu məktubları Ümmülbanu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun Azərbaycan şöbəsinə hədiyyə etmişdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu