Modern.az

“Mənə niyə qıydınız?..”

“Mənə niyə qıydınız?..”

Ədəbiyyat

17 Fevral 2016, 16:20

  Məşhur həkim-kardioloq Cavid Həmişəyevin əziz xatirəsinə

 ...Əyninə qar təki ağappaq xalat geyinmiş ağbəniz tibb bacısı yanımla elə yüngül addımlarla, sərbəst və xoşbəxtcəsinə addımlayırdı ki, sanki yerimir, kəpənək kimi qanad çalıb uçurdu. Tİbb Universitetinin kardiologiya klinikasının mərmər döşəməli, süd kimi işıqlı dəhlizinin lap baş tərəfindəki qapını ehmalca döyüb açdı və astadan pıçıldadı:

 -Doktor, əmin gəlib çıxıb, qarşılaya bilərsiniz.

 Bəstəboylu, idmançı görkəmli, üz-gözündən dünyanın sevinci yağan məşhur kardioloq məni bağrına basdı.

 -Əmim xoş gəlib, şəfa gətirib. Atam dünəndən elə hey Sizdən danışır. Bərk-bərk tapşırıb ki, o, mənə qardaşımdan da əzizdir. Qəbul otağında heç bircə dəqiqə də gözlətmə. Müayinədən keçir, nə lazımdısa kömək elə. Onun ürəyi ağrıyanda mənim də büsbütün canım ağrıyır, əzab çəkirəm. Atamın sözü də sözdür axı... Xasiyyətinə bələdsiniz. Şairlərin cəncəli kimi də tanıdıb özünü...


Gənc həkim pencəyimi, köynəyimi çıxarmağa da kömək elədi. Adlarını bildiyim- bilmədiyim müasir aparatların arasında özümü çəkisizlikdə, lap kosmosdakı kimi hiss eləməyim o qədər də çox çəkmədi. Türkiyə və İranda, Amerika və Rusiyada, digər ölkələrdə milli kardiologiyamıza baş ucalığı gətirən tibb elimləri namizədi Cavid Zaməddin oğlu öz şəfqətli sığal əlini sinəmdə gəzdirdikcə neçə aylardan bəri məni incidən, bəzən məni bu dünyadan küsdürən ağrıları möhkəmcə cilovladı, özümü sanki cavan oğlan kimi, finişə hamıdan tez çatan idman ustası kimi hiss etməyə başladım. İlahi, bu nə möcüzə idi. Gənc həkim ağrılarımı sanki açıq kitab kimi oxuyur, ürək sızıltılarının kardioqram-xəritəsini cızırdı.

 -Sizdə qorxulu , bizim dillə desək pataloji heç nə yoxdur. Həssaslığınızın, ürəyiyumşaqlığınızın, xeyirxahlığınızın və insanlara hədsiz dərəcədə inanmağınızın altını çəkirsiniz. Eyni ilə lakmus kağızına bənzəyən qəlbinizin qapıları hər kəsə açıqdır. Çox təəssüf ki, bu qapıdan yaxşı insanalarla bərabər xəbis və pisniyyətlilərin də girməsinin fərqində deyilsiniz. Hamıya əl tutursunuz, xeyir-şərinə yarıyırsınız, üzə çıxmasına, hörmət qazanmasına yardımçı olurusnuz, amma bəziləri yaxşılığın əvəzinə ayağınızın altını  qazır,  haqqınızı danır, yeri gələndə heç Sizi tanımır da. Bütün bunlardan xəbər tutanda isə , bütün yük ürəyinizə düşür... Dözümün də bir sərhədi, həddi-hüdudu var axı, əmican, tək Siz deyilsiniz, Tofiq əmi də, Mətləb əmi də, Laçın əmi də Sizin təbdədir, elə atam Zaməddin Ziyadoğlunun xasiyyətindəir.

 Cavid həkim bu sözləri deyə-deyə diaqnostik əməlliyatını da başa çatdırdı. Qısa müddətli müalicə kursu üçün lazım olan dava-dərmanın adını xüsusi resept blankına yazıb mənə verdi. Sonra qoluma girib çıxışadək yola saldi. Maşına əyləşmək istəyəndə diqqətimi yaşlı bir kişi cəlb elədi. Əlindəki zənbildən hiss olunurdu ki, rayon adamıdır. Məni həkim bilib həyəcanla soruşdu:

 -Qardaş, Cavid həkim bilmirsən yerindədir, yox...

 -İş başındadır, xəstə qəbul edir, - dedim.

 -Səninlə məsləhətim var-, dedi. Oğlumu əməliyyat edib bir manat da götürmədi, üstəlik cibimə pul qoyub rayona yola saldı. İndi  kənddən ona azacıq  pay gətirmişəm, görəsən etiraz etməz ki?

 -Elə bir iş görən adam səncə paya yiyə durarmı- dedim. Amma dərhal da peşiman oldum. Kənd payının geri qaytarılması əslində günah sayılır axı.

 Aralanıb çıxıb getdim. Səhərisi Zaməddin müəllim həmin payın klinikadan çıxan bir imkansız şəhər adamına verilməsini nağıl eliyəndə Cavid gözümdə bir boy da böyüdü.

 ...Bu qış gecələrinin birində həqiqət ətirli, real cizgilərlə süslənmiş  yuxumda gördüklərimin təsviri burada  başa çatır...

                                                          ***

 1977-ci il fevralın 9-da anadan olmuş Cavid Həmişəyev 2013-cü ilin mayından-kimlərinsə fitvası ilə amansızlıqla qətlə yetiriləndən atasının kəndində - baba yurdu Xanlıqlardadır. Daha qayıtmayacaq, geri dönməyəcək öz iş yerinə, ailəsinin yanına, doğma ocağına. Onun ruhu Qazax elindən çox-çox uzaqlarda da dolaşır. Mərmər baş daşından boylanan nigaran baxışlarından isə çox mətləblər oxunur: görəsən mənə əl qaldıranlar, ürəyimə bıçaq sancanlar bilmirdilərmi ki, hələ neçə-neçə ürəyə yeni nəfəs verməli idim, balalarımı böyütməliydim, dostlarımın, valideyinlərimin, əmilərimin mənə bəslənən ümidlərini axıradək doğrultmalıydım?!

Uzaq Amerikaya, - ixstisasartırma kursuna getməliydim ki, elmin son nailiyyətlərini yurdumda da tətbiq edim, mənə pənah gətirənlərə həyatın şirinliyini uzun-uzun müddətə yenidən bəxş edim. Gözlərimi götürmədi, paxıllıq xəbislik bu dərəcədəmi olar? Axı mən Azərbaycan səhiyyəsinə hələ çox töhfələr verməliydim, istedadımı, biliyimi, təcrübəmi kardiologiya elminin inkişafına sərf etməliydim. Mənə niyə qıydınız axı... Niyə?!..

 Bu ilahi sual isə hələ də açıq qalır, tam dəqiqliyi ilə cavablandırılmayıb. Cavab verəsi insanların isə görünür ürəyi daşdandır, necə və neçə dəfə döyünməsi heç kəsə, heç özlərinə də bəlli deyil...

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu