Kələm ən çox istifadə olunan tərəvəzlərdən biridir. Çox təəssüf ki, digər şəfalı ərzaqlar kimi, kələmi də, əsasən, ölü qida şəkilində yeyirlər: ya bişirirlər, ya da duza qoyurlar. Hər iki halda onun tərkibindəki fermentlərin strukturu dəyişir və faydalı elementlər məhv olur, qidada ancaq ləzzət axtaranlar bu dəyərli bitkidə olan inqridiyentləri ala bilmir. Biz nələrdən məhrum oluruq?
Kələmi dəyərli edən budur ki, onun tərkibində böyük həcmdə kükürd və xlor, nisbətən yüksək dərəcədə yod var. O, həm də yaxşı S vitamini mənbəyidir. Kükürdlə xlorun vəhdəti mədədə və bağırsaqda selikli qişanı təmizləməyə geniş imkan yaradır, yod isə səpmələri, qastriti, yaraları sağalda bilir.
Kələm şirəsi içərkən bağırsaqda böyük həcmdə qaz əmələ gəlirsə, yaxud başqa narahatlıq törəyirsə, deməli, bağırsaq normal işləmir, toksik vəziyyətdədir. Bu halda, böyük həcmdə kələm şirəsi içməzdən öncə, iki-üç həftə ərzində hər gün ya kök şirəsi, ya da köklə ispanağın qatışığını içmək lazımdır. Bu zaman bir müddət bağırsağı hər gün imalə etmək müalicəni daha da sürətləndirər. Belə müalicə aparan xəstə mədədə və 12 barmaq bağırsağında, yoğun bağırsaqda olan yaranı qısa müddət ərzində davasız-dərmansız sağalda bilər.
Duzsuz kələm şorabası da həm gözəl qidadır, həm də müalicəvi əhəmiyyətə malikdir. Onun tərkibində dəyərli elementlər çoxdur. Məsələn, siz bir fincan duzsuz kələm şorabasından 2 qram protein, müəyyən qədər yağ, 7 qram karbohidrat, 54 mq kalsium, 0,8 mq dəmir, 60 şərti vahid A vitamini, 0,05 mq tiamn (B1 vitamini), 0,1 mq riboflavin (B2 vitamini), 0,2 mq niatsin (nikorin turşusu), 24 mq askarbin turşusu ala bilərsiniz.
Duzsuz şorabanı hazırlamaq çox asandır. Bunun üçün baş kələmi pas atmayan bıçaqla doğramaq, ona doğranmış kök, çuğundur, sarımsaq, kərəviz və dəfnə yarpağı qatıb, saxsı və ya şüşə qaba kip doldurmaq, bütöv kələm yarpağı ilə kütlənin üstünü örtmək, çiy su və ya distilə edilmiş su tokmək, kütlənin üstünə ya hamar çaylaq daşı, yaxud ağır taxta parçası qoymaq, kapron qapaqla bağlamaq. Qabı doldurarkən yuxarı hissədə 5-6 sm boş yer qoyun ki, daşmasın. Qabın altına tas qoyun. Əsas kütlə kələm olmalıdır. Şoraba isti yerdə 7 günə əmələ gəlir. Hazır olandan sonra şorabanı sərin yerdə saxlayın.
Şorabadan müxtəlif salatlar düzəltmək, yaxud onu xörəklə bərabər yemək olar.
Ərşad Əzimzadə,
“Ana Təbiət” Natural Gigiyena mərkəzinin
rəhbəri