Ceyran Mahmudova,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
sənətşünaslıq üzrə elmlər doktoru
Azərbaycan dövlətinin ardıcıl və məqsədyönlü siyasəti həyatımızın bütün sahələri kimi mədəniyyət, incəsənət, gənclərlə iş, idman və digər bu kimi vacib sferalara da sirayət edir. Azərbaycanın dünya miqyasında daha yaxşı tanıdılması, ölkəmizin müasir, tolerant, mütərəqqi yeniliklərə açıq bir dövlət olmasının nümayişi ilə yanaşı, milli-mənəvi dəyərlərin inkişafı, qədim ənənələrin müasir dövrün tələbləri prizmasından yenidən dərk edilməsi – bütün bunlar artıq gündəlik həyatımızın reallığına çevrilmişdir. Məhz belə uğurlu və inamlı siyasət nəticəsində ölkəmizdə, demək olar ki, hər il dünya əhəmiyyətli festivallar, idman yarışları və digər mühüm tədbirlərin keçirilməsi xoş ənənə halını alıb. “Avroviziya” yarışmasına ev sahiblik edən paytaxtımız çox keçmədən ilk Avropa oyunlarını yüksək səviyyədə keçirərək, ölkəmizin istər mədəni, istərsə də texniki baxımından ən mürəkkəb və vacib tədbirlərin keçirilməsinin öhdəsindən uğurla gələ bilmək iqtidarında olduğunu sübut etdi.
Deyilənləri həyatımızın bir çox sahələri kimi musiqi yarışmalarına da şamil etmək mümkündür. Bugünlərdə başa çatmış, yüz minlərlə tamaşaçını mavi ekran önünə cəlb edən "Səs Azərbaycan" müsabiqəsi bütün yuxarıda deyilənlərin bariz nümunəsidir. Əvvəlcə bu müsabiqə haqda qısa məlumat vermək istərdik. "The Voice" – "Səs" layihəsi 2010-cu ildə ilk dəfə Niderlandda efirə çıxdığı vaxtdan dünyada böyük şöhrət qazanan proyektlərdən biridir. Tez bir zamanda yarışma dünyanın 50-dən çoxölkəsində, o cümlədən ABŞ, Fransa, Norvec, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digərlərində geniş yayılaraq, milyonlarla tamaşaçının diqqətinə səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə "Səs" layihəsinin Azərbaycanda da baş tutması mümkün olmuşdur. Təbiidir ki, onun həyata keçirilməsi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə tapşırıldı. Ölkəmizin ana televiziyası olan AzTV müxtəlif mövzularda keçirilən müsabiqə, yarışmaların təşkilində və yayımında böyük təcrübə toplamışdır. Möhtəşəm Muğam televiziya müsabiqələrinin mütəmadi keçirilməsi çətin, lakin olduqca maraqlı "Səs" proyektinin də yüksək səviyyədə hazırlanaraq tamaşaçılara təqdim edilməsində mühüm əhəmiyyət daşıyıan bir mərhələ hesab oluna bilər.
Azərbaycan Televiziyasının texniki imkanları, müasir dövrün ən yüksək standartlarına uyğun təchizatı, peşəkarlardan ibarət yaradıcı kollektivi 8 ay ərzində səylə çalışaraq tamaşaçılar üçün əsl sənət bayramı təşkil etdilər. Təsadüfi deyil ki, layihənin münsiflər heyətinə müasir Azərbaycan estradasının ən məşhur simalarından xalq artistləri Mübariz Tağıyev və Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze dəvət olunmuşdu.
İlk baxışdan sadə və asan görünən müsabiqə prosesi əslində orada iştirak edən və layihəni həyata keçirən bütün insanlardan böyük səriştə və dözümlülüklə yanaşı, həm də yüksək professionallıq tələb edirdi.
Azərbaycanın bütün bölgələri üzrə aparılan seçim turları nəticəsində 3000 müraciət edən insan arasından ilkin olaraq 100 nəfər seçildi ki, onlardan 56-sı yekun mərhələyə buraxıldı. İlk efir günü 2015-ci il noyabrın 13-də baş tutan "Səs"in əsas məramı gənc istedadların üzə çıxarılması, onların tanıdılmasından ibarət idi.
Müsabiqəni baxımlı edən bir sıra amillər var: münsiflərin birinci mərhələdə iddiaçıları görmədən onların yalnız səslərinə qiymət verərək seçilməsi, daha sonra hər münsifin komandasına daxil olam ifaçıların cütlüklərə bölünərək ifaları və s. Müsabiqədə bir neçə dildə müxtəlif üslublar – estrada, pop, rok, caz üslubunda nümunələrinin ifasına imkan verilir. Bir sözlə, "Səs"i izləyən hər bir tamaşaçı burada öz zövqünə uyğun musiqi nömrəsi tapa bilər.
İştirakçıların repertuar seçimində nümayiş olunan gözəl zövq onların ustadlarının müsbət keyfiyyəti kimi qeyd olunmalıdır. Azərbaycan musiqisinin zəngin irsindən yararlanmaqla yanaşı iddiaçılar dünya musiqisinin də ən məşhur, yüksək bədii səviyyəyə malik örnəklərinə üz tuturdular. Bu da televiziya ekranlarından onları seyr edən insanlarda da düzgün musiqi zövqünün formalaşmasına bir yardımdır. Bu da bütövlükdə Azərbaycan Televiziya və Radiosunun musiqi siyasətinin ümumi tendensiyalarına tam uyğundur. Televiziyanın dünyada ən böyük auditoriya olduğunu nəzərə alsaq, musiqi verilişləri, müsabiqə və konsertlər vasitəsilə neçə nəsil insanların milli-mənəvi dəyərlər məcrasında yönəldilməsinin vacibliyini hər zaman diqqətdə saxlamaq lazımdır. Zənnimizcə,"Səs" layihəsinin hər bir buraxılışında dinləyicilərə ən layiqli musiqi nümunələri təqdim edilirdi.
Qeyd edək ki, proyektin müəyyən qəbul edilmiş standartları var və onlara ölkələrin yalnız cüzi, ümumi ideyaya xələl gətirməyən müdaxilələrinə icazə verilir. Azərbaycanda yayımlanan versiya "The voice" layihəsinin klassik variantıdır ki, o da məhz müsabiqənin bütün dünyada belə geniş populyarlıq qazanmasına səbəb olmuşdur.
Bütün musiqi ictimaiyyəti qonşu ölkələrdə maraqla qarşılanan layihənin ölkəmizdə həyata keçirilməsini səbirsizliklə gözləyirdi. Qətiyyətlə demək olar ki, bu ümidlər boşa çıxmadı – "Səs" doğrudan da bütün Azərbaycanda böyük əks-səda doğurdu. Dörd ay ərzində hər cümə günü televiziya ekranlarından izlədiyimiz həyəcanla dolu anlar eyni zamanda, müasir ifaçılıq sənətinin nümayişinə çevrildi. Bir daha sübut olundu ki, müasir Azərbaycan gəncləri arasında istedadlı, öz üzərində işləyən, mədəniyyətimiz naminə çalışmağa hazır olan şəxslər çoxdur.
Bizi fərəhləndirən cəhətlərdən biri də odur ki, digər ölkələrin nümayəndələri də Azərbaycanda keçirilən bu müsabiqəyə qatılmışdı. Onların arasında Türkiyə, ABŞ, Ukrayna, Rusiya və digər ölkələrdən musiqiçilər də var idi. Çoxsaylı yarışma turları, onlarla mahnılar, yeni oranjimanlar, sevinc və kədər göz yaşları nəhayət iştirakçıları yarşmanın sonuna gətirib çıxardı. 5 mart tarixinin final günü kimi seçilməsi də əslində təsadüfi deyildi - həmin gün Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi və deməli, bütün gənclərin bayramı kimi qeyd olunur.
Finalin yekununa iki münsif - Mübariz Tağıyev və Faiq Ağayevin yetirmələri - Emiliya Yaqubova və Hüseyn Abdullayev çıxaraq, son olaraq öz məharətlərini televiziya tamaşaçılarının və çəkiliş zalına toplaşan musiqisevərlərin böyük auditoriyasına təqdim etdilər. Səsvermə nəticəsində Emiliya Yaqubova Azərbaycanda ilk dəfə keçirilən "Səs" yarışmasının qalibi oldu.
Onu da vurğulamaq istərdik ki, ötən səkkiz ay ərində layihənin araya-ərsəyə gəlməsində Azərbaycan Televiziyasının rəhbərliyi başda olmaqla ümumilikdə 200 yerli və onlarla xarici mütəxəssis çalışıb. Bütün yaradıcı və maddi-texniki imkanlar bu proyetkin uğurlu keçməsi üçün səfərbər edilib. Nəticə də göz qarşısındadır - milyonlarla tamaşaçıya bəxş edilən unudulmaz anlar, milli musiqinin bu günü ilə bağlı qürur hissi və onun gələcəyinə bəslənən ümidlər. Bütün bu insanlar biz tamaşaçılar üçün çalışıb, öz bilik və bacarıqlarını əsirgəməyiblər. Buna görə "Səs"in bütün pərəstişkarlarının dərin minnətdarlıq hissləri bəsləməsinə şübhəmiz yoxdur.
Bütövlükdə isə musiqi incəsənətimizin "Səs" yarışmasından qazandığı müasir tələblərə tam cavab verən, böyük istedada malik enerjili, vətənpərvər gənc nəslin mövcudluğunun, estrada musiqimizin ən gözəl ənənələrinin bu gün də yaşadığının nümayişi oldu. Tam əminliklə demək olar ki, layihə estrada janrının gələcəkdə də lazimi istiqamətdə inkişafına, yeni nəsil bəstəkar və şairlərin bu sahədə daha şövqlə çalışacağına təkan verərək bizi daha da sevindirəcək.
Müsabiqə başa çatsa da, onun bəxş etdiyi xoş təəssüratlar, unudulmaz anlar, istedadlı gənclərin çıxışları hələ uzun müddət xatirələrdən silinməyəcək. Bu da bizi yeni nailiyyətlər yolunda daha inamla addımlamağa sövq edir.