“Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmiləridir”. Bu sözləri hələ 16-17-ci əsrlərdə yaşamış ingilis filosofu və yazıçısı Frensis Bekon deyərkən öz yaşadığı dövrdə kitaba verdiyi qiyməti isbat etməyə çalışıb.
Bəli, həqiqətən də kitablar F.Bekonun dediyi kimi, insanları düşündürən, onları həyatın anlamını və mənasını dərk etməyə kömək edən əsl fikir yelkənləridir.
Bu gün ölkələrinin inkişaf prespektivlərini “insan kapitalı”, “beyin axını”, “ideya gəliri” formalaşdıran xalqlar və dövlətlər daim mütaliə üzərində çalışıblar.
Bu cür toplumlarda, cəmiyyətlərdə yaşayan insanları “mütaliəni sevənlər” də adlandırmaq olar.
Azərbaycanda da kitab oxumağı sevən, gününün əksər hissəsini kitabla keçirən “kitab qurdları” var, amma “azdır” deyə bilərik.
Bəs bu gün ölkəmizin kitab bazarındakı qiymətlər oxucuların aylıq gəlirləri ilə nə dərəcədə düzmütənasibdir? Azərbaycanın kitab bazarında qiymətlərin bu qədər baha olmasına səbəb nədir? Ölkənin indiki iqtisadi və maliyyə şəraitində kitab baha olmalıdırmı?
Modern. az saytı kitabsevərlərlə bu barədə apardığı sorğunu təqdim edir.
“Moderator.az”ın əməkdaşı Elmin Nuri hesab edir ki, bu gün Azərbaycanda kitabın baha olmasının əsas səbəbi heç də onu satanlardan asılı deyil:
“Kitablar həqiqətən də çox bahadır. Amma cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin- kitab satışı ilə məşğul olan şəxslərin, hansısa müəssisənin üzərinə atırlar. Bu isə heç də düz deyil. Məsələn, "Əli və Nino" mağazalar şəbəkəsi üçün formalaşmış bazar yoxdur. Təlabat az olduğu üçün mağaza təklifləri götür-qoy edə bilmir. İqtisadiyyatın ana düsturu olan tələb-təklif prizması özünü doğrultmadığından kitab dükanı təklif etdiyi malı baha qiymətə satmağa məhkum olur. Əlavə dəyər vergisi, gömrük haqqı, xaricdən baha qiymətə gətirilən kitabların öz xərcini çıxarması üçün bu cür addım atılır. "Qanun" nəşriyyatı hər çap etdiyi kitabın kağızlarını xaricdən sifariş edir. Özü də dollarla.
Devalvasyadan sonra bahalaşmış kağızdan hazırlanan kitab da təbii ki, baha satılmalıdır. Yolunuzu "Qanun", eləcə də başqa nəşriyyatlardan salın. Görün nə qədər paçkalanmış kitablar lazımsız əşya kimi bir kənarda boynunu büküb. Bütün bu faktlara baxmayaraq, kitabsevər oxucu kimi mən özümüzün- yəni oxucuların tərəfindəyəm. Onsuz da nəşriyyat künclərində, mağaza vitrinlərində kitabları hər gün tozla qidalandırmaqdansa, onu ucuz qiymətə satmaq həm nəşriyyata daha az ziyan vurar, həm də kasıb oxucu evinə kitab apara bilər“.
Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı düşünür ki, kitabların baha olması gömrük rüsumlarından əlavə, digər xərclərdən irəli gəlir:
“Kitabın qiymətinə təsir edən iqtisadi amillər incələnsə, mənzərə daha aydın olar, deyə düşünürəm. Tutaq ki, kağız ölkəmizə xaricdən gətirilirsə və gömrükdə rüsum ödəmələrindən başqa, hansısa "amil"lər də "iştirak edirsə", bu, nəşriyyatın xərclərinə təsirsiz ötüşmür. Nəşriyyatın digər zəruru xərcləri formalaşarkən dırnaqlı, dırnaqsız hansısa amillər qiymətləndirməyə təsir edir - bunu nəşriyyatçılar daha yaxşı bilər. Bilirsiniz, yaxşı nəşriyyat, yetərli sayda əməkdaşlara, redaktor və korrektorlara, dizaynerlərə malik olmalı, yaxşı maaş, qonorar fondu olmalıdır - elə deyilmi?
O zaman, məhsul gərək yaxşı qiymətə satılsın, yaxud satış dövriyyəsi yüksək səviyyədə olsun ki, xərc-borc qapadıla bilsin. Bax, belə olunca da, kitabların qiyməti mövcud sosial-iqtisadi durumua görə baha təsiri bağışlayır. Gələcəkdə, əhalinin gəlirləri artdıqca, bugünkü qiymətlər səliqə-sahmanlı görünəcək, deyə düşünürəm. Bir də, nə gizlədim, şəxsən mən özümdən götürürəm - insan gərək, ürəyi istəyən kitabı almaq üçün, illah da bir yol bulsun... - Necə deyərlər, alınan qalar...”.
Gənc şair İntiqam Yaşar bildirib ki, kitabların qiymətlərinin süni artımı piratçılığa səbəb olur:
“Məncə, kitab işinə daha həssas yanaşılmalıdır. Həm də kitaba əks mövqedə dayanan bu qədər amillərin artdığı bu məqamda. Əlavə dəstəkverici amillərdən istifadə etməlidir nəşriyyatlar. Bu gün kitab ticarətinin zəifliyinin birbaşa sosial durumla əlaqəsinin olduğu qənaətindəyəm. Belə olduqda nəşriyyatlar 100-120 səhifəlik kitabları 10-12 AZN qiymətə qoymaqla, maraqlıdır, hansı məntiqə söykənib yüksək nəticə gözləyirlər? Zənnimcə, bu məntiqsizlikdən başqa bir şey deyil. Piratçılığın artmasının da səbəblərindən biri qiymətlərin yüksək olmasıdır. Oxucu oxumaq istədiyi kitabın orjinalının 15 AZN, saxtasının isə 4-5 AZN-ə satıldığını görəndə təbii ki, ucuz versiyaya üstünlük verəcək. Bu kimi amillər isə kitabçılıq işini illlərlə geriyə atır”.
Kulturoloq Aydınxan Əbilov düşünür ki, kağız və digər məmulatlar xaricdən dollarla gətirilirsə, kitabın baha olması normaldır:
“Azərbaycanda indi nə ucuzdur ki, dünyanın ən ali neməti sayılan intellektual-kreativ düşüncənin məhsulu kitab da ucuz olsun?! Əgər ölkəmizə kağızdan tutmuş mətbəə avadanlıqlarına qədər hər şey xaricdən dollarla ixrac olunursa, söz yox kitab və çap məhsullarının qiyməti də yuxarı həddə dayanacaq. Əslində dünyada kitablar baha satılır: fəqət satış məbləğinin ən azı yarısı müəlliflərə ödənilir. Bizdə isə əksinədir, müəlliflər pul ödəyirlər ki, nəşriyyatlar onların əsərlərini kitab şəklində hazırlayıb çap etsinlər”.
Yazıçı Şərif Ağayar da gömrük rüsumları ilə bağlı olaraq kitabların baha satılmasını təbii hal sayır:
“Kitaba yüksək səviyyələrdə heç bir ciddi güzəşt tətbiq olunmur, ona görə də baha satılır. İndi nə ucuzdur ki? Bəlkə rüsum, faiz, gömrük xərcləri bunu tələb edir. Məncə, bahadır”.
Yazar Əsəd Qaraqaplan deyib ki, kitabın qiyməti ilə bağlı ölkədə ciddi güzəştlər edilməlidir:
“Qiymətlərin ümumi qalxması kağızın da bahalaşmasına səbəb olub, icarə haqlarının və başqa xidmətlərin də. Bu üzdən təbii olaraq kitabların da qiyməti qalxıb. Əlbəttə, bəziləri bunu suni şəkildə və sui-sitifadə olaraq edir, ancaq ümumilikdə kimisə qınamaq olmur. Üstəlik, kitab satışının az olması qiymətləri daha da baha edir. Kitab alan olsa, qiymətlər də yəqin az olar.
Kitab dükanları öz gəlirlərini daha çox dərslik və başqa vasitələrdən götürdüyünə görə bədii kitabların qiymətini yüksək eləyir. Çünki elə də fərq eləmir onlar üçün.
Əlbəttə, gömrük rüsumları da çox olduğuna görə kitablar bir az da baha satılıq. Məncə, ölkədə kitabla bağlı ciddi güzəştlər olmalı, kitabla bağlı hər şeyi daha rahat yollarla həl edilməlidir”.
APA-nın mədəniyyət və ədəbiyyat yazarı Cavid Zeynallı hesab edir ki, kitabı başa gəldiyi qiymətdən 5-6 dəfə baha satmaq olmaz:
“Kitabların baha olması fikri dəfələrlə səslənib və narazılıqlar ifadə olunub. Amma bu narahatlığın məsələnin müsbət həllinə təsiri olmayıb. Əlbəttə, mən də düşünürəm ki, nəşr olunan kitablar bahadır. Məsələn, 6-7 manata kitab almaq hər hansı tələbənin gücü deyil. Kimsə, haqlı olaraq iddia edə bilər ki, kontura, pomadaya 5 manat verə bilir, kitaba yox? Əslində, burda da həqiqət var. Amma bizim ölkədə ədəbiyyatın və kitabın ümumi mənzərəsi belədir: onlar bizə sarı gəlmir, biz onlara sarı getməyə məcburuq. Ona görə, kitablarımız ucuz olmalıdır. Naşirlər kağızın və digər materialların bahalığından şikayət edirlər. Açığı, bu məsələdə onları sona qədər haqlı saymaq olmaz. Tutalım, mənim kitabım 1, 5 manat başa gəlibsə, onu 7 manata satmaq olmaz. Amma belə faktlar var. Hər halda insanların maddi vaziyyətinin indiki vəziyyətində biz hamımız kitabların ucuz olmasını arzu edirik. Bizim arzumuza baxan olsa”.
Ağa AKİFOĞLU