filologiya üzrə elmlər doktoru, professor
Birinci Türkoloji Qurultaya qədərki dövrdə türkoloji düşüncə fərqləri...
Köhnəlmiş şüarlar və fikirlər. Səməd Ağamalıoğlu Osmanlı tarixindən təhlillər apararaq belə bir nəticəyə gəlir ki, məzhəb üstündə birlik olmamışdır, islam birliyi, xristian birliyi köhnəlmiş şüarlardır. Hətta Avropa alimləri arasında xristian birliyindən danışan yoxdur. Müsəlman birliyinə gəldikdə isə, bu birlik də tarixboyu olmayıbdır. Qılınc gücünə öz dini fikirlərini yeritmək həm müsəlmanlar, həm də xristianlar arasında olubdur. Ancaq bu cür cəfəng fikirləri sonralar tarixin, zamanın özü rədd edibdir. Səməd Ağamalıoğlu qeyd edirdi ki, məzhəb üstündə birləşməyin mənasız olduğunu tarix özü sübut etmişdir. Ancaq bununla belə, millətləri, xalqları soymaq, talamaq, özlərinə qul etmək üçün dini fikirlərdən əllərində bir alət kimi istifadə edənlər olubdur. Səməd Ağamalıoğluna görə, bunların hamısı köhnə fikirlilikdən başqa bir şey deyildir. Belə fikirlər beyində köhnəlib, onların həyati diriliyi yoxdur. O yazırdı ki, yeni türk əlifbası barədə deyirlər ki, “Əgər bu əlifba həyata keçsə, din birliyi gedəcək, islam dünyası arasına təfriqə düşüb, parçalanacaqdır”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.37) Səməd Ağamalıoğlunun bu fikrə cavabı belə idi: Tarixboyu əldə olamayan birliyin dağıdılması cəfəng sözlərdir. Həm də tarix özü göstərdi ki, din birliyi olmamışdır. Birliyi olmayan bir şey təzədən nə cür yox ola bilər? Bundan başqa, o, yeni türk əlifbasının əleyhinə olan köhnə fikirli adamların (köhnəlmiş şüarların və fikirlərin) digər fikirlərinə də münasibət bildirirdi. Məsələn, köhnə şüarlardan biri belə idi ki, Azərbaycanda yeni türk əlifbasına keçəndən sonra ərəb əlifbası ilə yazılmış ərəb elmi Azərbaycandan ayrı düşəcəkdir. Səməd Ağamalıoğlu isə ərəb elminin çoxdan Avropaya, Amerikaya və başqa yerlərə köçdüyünü söyləyirdi. O, dünyada bir elmin olduğunu deyir, elmin müsəlman və xristian qollarını qəbul etmirdi. Həm də ərəb əlifbasının türk millətlərinin birləşməsi məsələsində heç bir rol oynamadığını açıq şəkildə bildirirdi. Və fikrini təsdiq etmək üçün Mehmet Eminin İstanbulda yazdığı “Azərbaycan cümhuriyyəti” adlı kitabından bəzi məqamları xatırladırdı: Osmanlı türklərinin mətbuatında qonşu müsəlman ölkələrindən heç bir məlumatın olmamasını, hətta Azərbaycanla bağlı da (qəzet xəbərlərindən başqa) bir məlumatın olmamasını və s. Bu da haqlı olaraq təəccüb doğurur ki, necə yüz illərdən bəri bir əlifba olduğu halda (ərəb əlifbası) türklər arasında dərin və geniş əlaqə olmamışdır. Deməli, təkcə əlifba vasitəsilə də birlik yaratmaq mümkün deyildir. Necə ki, dünyanın müxtəlif millətləri bir əlifbadan istifadə etdikləri halda, millətlər müxtəlifdir. Səməd Ağamalıoğlu köhnəlmiş şüarlara və fikirlərə qarşı duraraq yazırdı: “Biz mərd-mərdanə əski əlifbanın heç bir müqəddəsliyinə baxmayıb cavab verə bilərik; elə əlifba lazımdır ki, asan olsun və tez öyrənilən olsun. Bu şərtlərə görə də camaatımızın diriliyinə tez yaxınlaşsın. Biz qəlbdən məsləhət görürük ki, bütün türk qardaşlarımız bu əlifbanı götürsünlər və yeni yola düşüb mədəniyyətli insanlar cərgəsinə qarışsınlar”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.39)
Səməd Ağamalıoğlu yeni türk əlifbasının qəbul olunmasının tərəfdarı kimi “Biz nə səbəbə Azərbaycanda yeni əlifba qəbul edirik?” sualına da cavab verirdi.
Səməd Ağamalıoğlu və Mehmet Emin Yurdakul
Biz nə səbəbə Azərbaycanda yeni əlifba qəbul edirik? Səməd Ağamalıoğlu inanırdı ki, nə xristianlıq, nə də müsəlmanlıq məzhəb və əlifba birliyini yarada bilməmişdir. Elmə yiyə duranlar, ona söykənənlər irəli gedibdir. Səməd Ağamalıoğlu belə hesab edirdi ki, Avropa bu sahədə xeyli tərəqqi edibdir. Azərbaycan türkləri ilə Avropanı müqayisə etsək, görürük ki, Azərbaycanda savadlılıq bir neçə faizdən artıq deyildir. Avropada isə savadsızlıq bir neçə faizdən az təşkil edir. Ona görə də Azərbaycan türkləri biliyə, elmə, texnikaya yiyələnməklə öz dolanışıqlarını yaxşılaşdıra bilərlər. Doğrudan da, elmi, biliyi olamayan millət millət deyildir. Səməd Ağamalıoğlu beş, on nəfərin elmə, biliyə yiyələnməsini qəbul etmirdi. O, hamının savadlı, elmli, bilikli olmasını istəyirdi. Yəni o, elmdən, bilikdən millətin hər bir fərdinin tanış olmasını qəbul edir və bunu millətin xəbəri olan elm, millətin arasında yaşayan elm, milli elm hesab edirdi. Və fransız filosofu Didronun belə bir fikrini nümunə kimi gətirirdi: “Fəlsəfənin daha da irəli getməyini istərsək, camaatı fəlsəfə birliyi dərəcəsinə qaldırmalıyıq. Əgər filosoflar desələr, elə elmlər var ki, onlara camaatın ağlı çatmaz: onda bu filosoflar özlərinin yaxşı üsul bilmədiklərini və camaat barəsində nadanlıqlarını isbat edir”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.44) Səməd Ağamalıoğlu dilimizin və yazımızın elmi şəkildə inkişafını vacib sayırdı. Ziyalıların ərəb, fars dillərindən götürdükləri sözlər hesabına yaratdıqları dillə böyük elm yaratmağın mümkünsüzlüyünü deyirdi. Həm də bu dilin camaatdan uzaqlaşdığını, türklüyünü itirdiyini söyləyirdi. O yazırdı: “...əgər doğma dilimizi, camaat dilini yazı dilindən ötəri bina edib, elm dilini bunun üzərində qursaq, lazımi sözləri də özgə dillərdən götürəndə onları türkləşdirsək, onda dilimizi batqınlıqdan çıxara bilərik. Amma dilimizə uyğun yeni əlifba götürməsək, bu batqınlıqdan heç çıxa bilməyəcəyik. Ərəb əlifbasının yaramadığı keçmişdə də, indi də məşhur mütəxəssilər və jurnalistlər tərəfindən çoxdan sübut edilmişdir. Məsələn: Mirzə Fətəli Axundov, Mirzə Rza xan, Mirzə Melkum xan, Fərhad Ağazadə, Abdulla bəy Əfəndiyev və qeyriləri”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.45-46)
Səməd Ağamalıoğlu “Biz nə səbəbə Azərbaycanda yeni əlifba qəbul edirik?” sualına cavab axtaran zaman ərəb əlifbasının tərəfdarı olan şəxslərin fikirlərinə qəti münasibətini bildirirdi. Məsələn, Mehmet Eminin “Əgər Azəri türkləri yeni əlifbanı götürsə, onda Osmanlı türkləri ilə əlaqəsi azalır, həm də mədəniyyətdən düşərlər fikrinin müqabilində deyirdi ki, bu fikirlər “binasız sözdür”. Həm də “Nə səbəbə bizim əlaqəmiz üzülsün, burasını düşünmürük”. Bundan başqa, “Azəri türklərindən ərəbcə (ərəb dilində yazıb oxuyan – B.X.) bir neçə yüz ancaq kamil savadlı adam vardır. Yerdə qalanları isə savadsız hesab etmək olar. Bu hesaba görə, demək olar ki, əlaqə (Osmanlı türkləri ilə olan əlaqə - B.X.) yoxdur”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s. 46)
Səməd Ağamalıoğlu Mehmet Eminin “Əgər Azəri türkləri yeni əlifbanı götürsə, onda Osmanlı türkləri ilə əlaqəsi azalar, həm də mədəniyyətdən düşərlər” fikrinin ikinci hissəsinə də (“...həm də mədəniyyətdən düşərlər”) tutarlı dəlillər gətirirdi. Həm də Mehmet Eminin “...həm də mədəniyyətdən düşərlər” fikrini geriliyin nişanəsi kimi izah edirdi. O yazırdı: “Əgər indiyə kimi olan mətbuatı (yazılmış kitabları) deyirsə (Mehmet Eminin fikrini nəzərdə tutur – B.X.), cavabında deyə bilərik ki, öz keçmişini və tarixini öyrənməyə qədəm qoyan millət gərək çalışsın, material yığsın və bir çox təcrübələr ilə məşğul olsun. Öz milli keçmişini öyrənməklə kifayət etməyib qonşu və uzaq olan millətlərin də keçmişini və tarixini də gərək kamil öyrənsin. Mehmet Emin yaxşı bilir ki, firəng, ingilis, alman və başqa millətlərin alimləri Şərq əhlinin (türklərin, hindlərin, çinlilərin...) keçmişini və tarixini bunların özlərindən çox yaxşı bilirlər. Hətta Şərq əhli öz tarixlərini Avropa əsərlərindən də öyrənirlər. Mehmet Emin onu da bilir ki, Vaqifin, Vidadinin, Zakirin, Mirzə Fətəli Axundovun və başqalarının yazdıqları – hamısı cəmlənib London, Paris və Berlində çap edilibdir. Amma bu şəxslərin əsərlərinin külliyyatının İstanbulda tapılması şübhəlidir”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.47) Səməd Ağamlıoğlu məsələyə o baxımdan yanaşırdı ki, mədəniyyətlə maraqlananlar mədəniyyəti öyrənirlər. Avropalılar mədəniyyətlərlə maraqlandıqları üçün Şərq mədəniyyətini, o cümlədən Vaqifin, Vidadinin, Zakirin, Mirzə Fətəli Axundovun və digərlərinin yazdıqlarını çap ediblər. Ancaq Şərqin özü o cümlədən Osmanlı Azərbaycan ədiblərinin yaradıcılığını nəşr etməyiblər. Deməli, Şərqin özü özünə, o cümlədən türklər bir-birinə və mədəni dəyərlərinə biganə, laqeyd olublar.
Səməd Ağamalıoğlu faktlar əsasında öz fikrini daha dürüst, dəqiq və dolğun şəkildə çatdırırdı. Demək istəyirdi ki, Şərq xalqlarının mədəniyyətini mədəniyyət öyrənmək istəyində olanlar öyrənəcəkdir. Həm də mədəniyyətşünaslıqla məşğul olanlar bunu kamil bir şəkildə həyata keşirəcəkdir. O yazırdı: “Bu il (1924-cü il – B.X.) Leninqraddan Samoyloviç familiyalı bir türkoloq (türkşünas) Azərbaycan şivəsi ilə yaxından tanış olub Leninqrad fakültəsinə məlumat toplamaq və Azərbaycan darülfünuna leksiya (mühazirə - B.X.) oxumaq üçün Bakıya gəlmişdi. Samoyloviç Osmanlıdan belə bütün türk dünyasının hər yerini gəzib, türk dilinin bir çox şivələrini geniş surətdə öyrənmişdir. Türklərin tarixini, dillərinin qanunlarını Azərbaycan ziyalıları, hamısı Mehmet Emin də onların içində bunun qədər (A.N.Samoyloviç qədər – B.X.) kamil bilə bilməzlər. Və bir belə adam (Samoyloviç kimi – B.X.) bizim aramızda hələ çıxmayıbdır. Odur ki, məzhəb üstündə qurulan mədəniyyət, təəssüb üzərinə olan cərəyan kor olar, şüursuz olar”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.47)
Səməd Ağamlıoğlu xanlara, bəylərə, mollalara xidmət edən mədəniyyətlə milli mədəniyyət arasındakı fərqləri izah etməyə çalışırdı. Bu barədə də Mehmet Eminə etiraz edərək deyirdi ki, əgər Mehmet Emin mədəniyyət deyəndə xanların, bəylərin, mollaların mədəniyyətini deyirsə, bu mədəniyyət xanların, bəylərin, paşaların, sultanların, mollaların, mərsiyəxanların özləri üçün yaratdıqları mədəniyyətdir. Səməd Ağamalıoğlunun fikrincə, “...bu mədəniyyətə milli mədəniyyət demək olmaz”. Bu mədəniyyət “insanlıq çərçivəsinə gedəcəkdir”. Və “Bu mədəniyyətdə yeni əlifba vasitəsi ilə bir türk də savadsız qalmayacaqdır. Milyonlar ilə batqınlıqda qalanlardan elə şairlər, elə yazıçılar, elə oxucular çıxacaqlar ki, indiki “mənəm” deyənlər gün çıxanda ulduzlar batan kimi batacaqlar. Bəlkə yeni əlifbadan qorxanlar elə bu səbəbə qorxmuşlar?” (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.48)
Beləliklə, Səməd Ağamalıoğlu Azərbaycanda yeni əlifbanın üstün və mütərəqqi cəhətlərini əsaslı şəkildə sübut edir, mədəniyyətin, elmin inkişafında bu əlifbanın müasirliyini, dünyəviliyini dəyərləndirirdi. Və Səməd Ağamalıoğlu “Şərq məsələsi”nə, “Osmanlıların və başqa türklərin xəstəliyi nədir?”, “Osmanlıda reformalar”, “Köhnəlmiş şüarlar və fikirlər”, “Biz nə səbəbə Azərbaycanda yeni əlifba qəbul edirik” məsələlərinə təhlil verməklə türk xalqlarının yolunun dəqiq koordinatlarını müəyyənləşdirir və yeni türk əlifbasını nicat yolu kimi qəbul edirdi.