hekayə
Nənənin laylaları kara gəlmədi. Səbri tükəndi: - Bu, nə təhər diri uşaqdı, ha çalışıram, yuxulamaq əvəzinə mənə gah göz vurur, gah da irişərək ənginin genişliyini göstərir.
- Uşağa “şər” atma- deyə Nazlının həyata yoldaşı Babək dilləndi. – Səni hamıdan çox istəyir, ona görə gözünə yuxu getmir… Di, tərpən, get işinlə məşğul ol, bir az da baba-bala biz dərdləşək… Teta-tet, kişi söhbəti…
- Guya ki, səni məndən az istəyir, səndən ötrü lap sinov gedir. Peşiman olursan, imkan verəsən sənin qucağına gələ, sonra bizlərə sarı heç gözünün ucu ilə də baxmır, o dəqiqə “yadlaşırıq”!?.
“Kişidi, bu…” –deyib nəvəsi ilə xeyli bir-birinə şirin-şirin baxışdılar. Körpənin qığıltısı səngimirdi. Ərini əməlli-başlı qısqanan Nazlının mətbəxə çəkilməkdən başqa çarəsi qalmadı.
Babəkə ən çox ləzzət verən nəvəsinin arada bir təkrarladığı “də-də” səsləri idi. Bu, bir reallıqdır ki, azərbaycanlı körpələrin ilk kəlməsi məhz “də-də” olur. Sadəcə, kişilər uşaqlara baxmaqdan qurtulsunlar deyə qadınlara yarınmaq üçün bunu uydurublar ki, bəs, balacalar ilkin olaraq danışmağa “ana”kəlməsi ilə başlayırlar.
Körpə hələki dil açmasa da, böyük adamlar kimi “üyüdürdü”. Arada bir, hətta, onun “çoxbilmişliyindən” insan eymənirdi. Ən canlı,gözləri idi, necə lazımdır “danışırdı”. Çöhrəsindən də Günəş təbəssümü əskilmirdi. Dərisi zəriflikdə etalondu, ətri həsəd aparılandı. Mahir rəssam fırçasından çıxmış təkin çətirlənmiş kirpikləri isə gözlərinin qarasından süzülən sözsüz mahnısının nəqarətini andırırdı. Gözlərini babasına zilləyərək çöhrəsinə “sığal” verib, qoşaladığı qollarını tez-tez ona sarı uzadırdı. Yəqinki, yoxlamaq istəyirdi; qarşısındakı nəsə yeməlidir, yoxsa, oyuncaqdır?!.
Bədahətən içindən keçdi; bəlkə, körpəyə bir nağıl danışsın, baba kimi borcundan çıxsın: - Gəl, sənə nağıl danışım...
Xeyli götür-qoy etsə də, yadında olan nağılların heç birinin üstə qərar tuta bilmədi. Fikirləşdi ki, ən yaxşısı budur, balaca balama həyati bir nağıl söyləyim. Elə bir nağıl ki, məhz indi vaxtıdır. Beləki, onsuz da, sonradan ahıl vaxtında belə əksəriyyət bu “nağıl”dakı mətləbin mahiyyətinə axıra qədər vara bilmir.
Bir qədər duruxsa da, fikrində qətiləşdi. Özünü toparlayıb “nağıl”ına başladı:
- Qaqaş, bil və agah ol ki, dünyanın dörd bir tərəfi Tanrının yaratdıqlarının, fərq etməz, canlı və ya cansız, döyüş meydanıdır. Ta Nuh əyyamından bəri sayagəlməz həmin döyüşlərin qayəsi tamahdan, mənəm-mənəmlikdən yoğrulub. Bu “mübarizə”, xüsusilə, insanlar arasında daha amansızdır, ölüm-dirim savaşı... Zaman-zaman bu döyüşlər daha mürəkkəb xarakter alıb. Get-gedə savaş fərdlərdən ötüşərək qəbilələr, tayfalar, xalqlar, millətlər arası səviyyəyə yüksəlib.İndi isə bu döyüşlərin lap zayı çıxıb, bir para millətlər toplum halında birləşərək yerdə qalanlarına qənim kəsiliblər. Beləcə, müharibələr, terror aktları və çeşidbəçeşid naqisliklər baş alıb gedir. Həmin əbədi mübarizənin mahiyyətindən az-çox baş çıxaranlar hələki bunu dərk etməyənləri “udmaq”da davam edirlər. Bu, fərdlər arasında da, “kollektiv” döyüşlərdə də eynidir... Tanrı üçün də fərq etmir, ölən kim, öldürən kim!?. Ulu Yaradan “zaman” və “məkan” adlı nəsnələrinin əbədiliyinin hayındadır... İstər insanlar, istrəsə də bizim cansız hesab etdiklərimiz bu mükəmməl “mexanizm”in bir növ dişli çarxlarıdır, nisbətən “kiçik həcmli”ləri özlərindən “böyük”lərini hərəkətə gətirir, bu qayda ilə ən “böyük” çarx da Tanrının “əsas əqrəbi”nin daimi və dəqiqliyi ilə hərəkətdə olmasını təmin edir. Bir növ, hər kəsin və hər şeyin konkret “vəzifəsi” var, onlar da qeyri-ixtiyari üzərlərinə düşənin öhdəsindən gəlmək məcburiyyətindədirlər. Ulu Yaradanın bu “cihaz”ı təxminən adicə saata bənzəyir.
Birdən ağlına gəldi ki, “Ey dili qafil, sənin bu danışdığını böyüklər belə çətin başa düşər, onda qala, bu, əl boyda çağa?!.”. Daha dərindən körpəyə diqqət kəsildi. Uşaq matdım-matdım ona baxırdı, sanki,“nağıl”a niyə ara verildiyini anlamağa çalışırdı. Onun bu “nağıl”a susadığı kor-kor, gör-gör idi. O da tələsik söhbətinə davam elədi: - İlk baxışdan adama elə gəlir ki, Tanrının bu “sistem”i ədalətsizlikdən, qansızlıqdan yoğrulub. Əslində, burada mütləq həqiqət var, axı,başqa daimi işlək çıxış yolu da görünmür!?. Rəqabət olmasa, inkişaf da olmaz, bu isə “qurbansız” mümkün deyil, xüsusilə insanlar arasında. Qərinələr, əsrlər bir-birini əvəzlədikcə dəyişən yalnız keyfiyyətdir, yəni kəmiyyət dəyişikliklərinin keyfiyyətə keçidi. Sırf reallıqdır, aramsız döyüşlər amansızdır, özünü “qorumaq” səviyyəsinə çata bilməsən, “yeyiləcəksən”. Bundan mümkün qədər yan ötmək, yəni lap düzü, “yeyilən” yox, “yeyən” olmaq üçün,gərək, fiziki və əqli baxımdan güclü olasan, tədbirli olmağı da yaddan çıxarmayasan.
Bir də ki, insanlar təbiətlə də daimi “döyüş”dədirlər. İstər heyvanlar, istərsə də bitkilər insanların əlindən zara gəlib. Hələ, üstəgəl, təbiətin özünün daxilindəki “çarpışmalar”ı da nəzərə alsaq heyvanların və bitkilərin vəziyyəti insanlarla müqayisədə lap betərdi. İş orasındadır ki, cansız saydıqlarımız da amansız rəqabətin qurbanlarıdır. Sadəcə, onlar məhv olmağa və ya aşınmaya tədricən məruz qalırlar. Bu döyüşlərin isə əsas hərəkətverici qüvvəsi od, su, hava və küləkdir,o cümlədən, bu ünsürlərin cəmindən formalaşan zələzələ, vulkan və həmin qəbildən digər təbiət hadisələridir. Təbii ki, Mütləq Varlığın ən güclü “silahı” insandır!!! Bax, bütün bu sadaladığım və sadalamadıqlarım hamısı Tanrının işləkləridir. Başlıca məqsəd, Uca Varlığın “düsturu”na zərrəcə xələl gəlməməsidir. Göz açıb gördüklərimizin və görmək iqtidarında olmadıqlarımızın əbədiliyi naminə bu amansız “döyüşlər” olub, var və olacaq!!!
Danışdıqca bir gözü körpədəydi. O, əvvəlki kimi təmkinlə dinləməkdə davam edirdi. Mat-məəttəl qalan babası fikirlərinə ara vermədi: -Yadımdan çıxmamışkən, onu da deyim ki, Tanrı mütləqliyinin əsas aləti olan canlı və cansızların sayını da özü bildiyi kimi tənzimləyir. Bunun üçün xüsusilə bizləri - insanları tamahla; duyğu və lamisə üzvləri, şəhvət kimi başaldadan “üstünlüklər”lə silahlandırıb. Sadəcə, bizə elə gəlir ki, heyvanlardan, digər cansızlardan “ağıllı” olduğumuzdan həmin üstünlüklərdən daha bacarıqla yararlanırıq. Nə deyim, vallah?!. Göz qabağında olan isə odur ki, hamı bir-birinin yemidir. Bax, misal üçün götürək, dənizin sahilində qumsallıqda balalayan heyvanları, lap elə, dəniz tısbağalarını...Yenicə dünyaya göz açan balalardan tək-tükü özünü suya çatdıra bilir. Onların əksəriyyəti insanların, müxtəlif yırtıcıların, ya da təsadüfi gözlənilməzliklərin qurbanına çevrilir. İlk baxışdan, ədalətsizlikdir, əgər, onlar elə ilk andaca beləcə məhvə məhkumdurlarsa, bəs, bu doğuluşa nə ehtiyac vardı?!. Digər tərəfdən, o da həqiqətdir ki, bütün dünyaya yeni gələn bu canlılar hamısı dənizə özlərini yetirə bilsəydilər, tədricən həmin dəryada yaşayış mümkün olmazdı. Deməli, sayı da tənzimləmək vacibdir. Əsas mətləb də elə bundadır. Tanrı məhz bizlərə - canlı və cansızlara bəxş etdiyi tamah hesabına ümumi sayı təqribi də olsa zərgərdəqiqliyi ilə nəzarətdə saxlayır. Müəyyən zaman daxilində “artıqlar”ı da özünün müxtəlif “hiylələri” ilə çıx-daş edir. Bəzən isə,əksinə, Tanrı insanların bir-birinə rəhmsizcəsinə qənim kəsilmələrinin qarşısını nisbətən də olsa səngitmək üçün dörd bir tərəfə “səpələdiyi” sülhsevər bəndələrin “köməyinə” ehtiyac duyur. Cansızların “say”ı da mahiyyətcə buna oxşar formalarda qaydasına salınır. Vəssalam, bax, balaca, sənə çəkdiyim bircə sadə misalın timsalında inanmaqdan başqa çarəmiz qalmır ki, gödənimizi otaran bizlər daimi olaraq Tanrının “əsas əqrəb”inin vaxtlı-vaxtında irəliləməsinin keşiyində müntəzirik!!!
“Nağıl”ın yekunlaşdığı bu məqamda körpə ona elə rişxəndlə baxırdı ki, sanki, deyirdi: “Məni uşaq sanırsan?!. Başa düşürəm, sən, axı, hardan biləsən ki, mən bunlardan xəbərdaram, danış, ürəkli ol, fərq etməz, de gəlsin...” Qiyabi dialoq davam etməkdəydi...
- Maraqlıdır, mənim cocuğum, qorxmadın ki!?.
- Qorxmaq?!. Elə bundan ötrü bayaqdan başımı xarab eləyirdin?!.
- Bu, azdı ki?
- Zəhmət olmasa, mane olma, yuxum gəlir, sənin işin-gücün yoxdur, deyəsən, cənab pensiyaçı?!. Get, hökumətin verdiyi az-çoxa qane ol, başını sal aşağı, dolan. Tanrının işlərinə baş qoşma, yoxsa, lap qocalarsan!?.
Körpənin “sözlərində” elə bil həqiqət vardı, babasının da göz qapaqları ağırlaşmışdı, öz-özünə qapanmaqdaydı. Bayaqdan nəvəsini dünyanın sirlərindən hale etmək istəyən qoca unutmuşdu ki, ömür finala yaxınlaşdıqca insan “körpələşir”, onu yeri gəldi-gəlmədi yuxu tutur. Özünü yatağına güclə çatdırdı. Azca keçmiş hər ikisi vucdanını möhkəm-möhkəm qucub, mışıl-mışıl yatırdılar. Bir-birlərinə həqiqəti söyləmişdilər, öz mənəvi borclarından kişi kimi çıxmışdılar. Baba başına gələnləri, görüb-götürdüklərini bacardığı tərzdə əziz nəvəsinə ərz eləmişdi. Həmin yolda hələki iməkləyən körpə də bu dünyanın gərdişindən ondan heç də az baş çıxarmadığını ortalığa qoymağa çalışmışdı. Müdrikliyi ilə seçilən qoca bircə şeyi unutmuşdu ki, axı, körpələr dünyaya gələndə təsadüfən var gücləri ilə ağlamırlar ki!?. Hər halda danışdıqları əbəs yerə deyildi. Yəqinki, günlərin birində ö körpə də yaşa dolanda gələcək nəsilləri bundan da betər həqiqətlərdən agah etməyi özünün mənəvi borcu biləcəkdi...Bu dünyanın işləklərindən alababat baş çıxaran qələm əhlinin misralarında deyildiyi kimi...
Girişini, çıxışını kəsən yox,
Onu gələn, beşi gedən dünyadı.
Bir yanı istidir, bir yanı soyuq,
Fırlandıqca işi gedən dünyadır.
P.S: Hekayədə istifadə olunan bu misralar şair-publisist Əli Nəcəfxanlının “Dünyadı” adlı şerindəndir.