Modern.az

Yeni Əlifba uğrunda mübarizə: 1924-cü ildə Krım və Türküstan elləri - I yazı

Yeni Əlifba uğrunda mübarizə: 1924-cü ildə Krım və Türküstan elləri - I yazı

Ədəbiyyat

28 Mart 2016, 13:22

filologiya üzrə elmlər doktoru, professor

“Yeni Əlifba Komitəsi”nin 1924-cü ilin sentyabr ayında təşkil etdiyi heyətdə Xalid Səid Xocayev də vardı. Heyət Bakı – Krım – Moskva istiqamətində 1924-cü il sentyabr ayının 7-də yola düşür. Məqsəd türk xalqları arasında mətbuat mübadiləsini həyata keçirmək üçün yeni əlifba tərəfdarları arasında təbliğatı gücləndirmək, görüşlər təşkil etmək yolu ilə tərəfdarların sayını artırmaqdan ibarət idi. Heyət üzvləri böyük əhval-ruhiyyə ilə mindikləri vaqonun içərisindəki masanın ətrafında yeni əlifbanın gələcəyi barədə söhbət edir, məsləhətləşirlər. Qatar Maxaçqalaya çatanda heyətin burada qalmasına heç bir lüzum görünmür. Ona görə ki, Dağıstan yeni əlifbaya keçmək məsələsində Azərbaycanla həmrəy idi. Burada boş vaxt keçirməyə ehtiyac qalmamışdı.  

1924-cü il sentyabrın 9-da heyət Rostova doğru hərəkət edir, bir müddətdən sonra Krım cümhuriyyətinə və onun mərkəzi Ağməscidə çatır. Heyət faytonla Komissarlar Şurasının binasına gəlir. Xalid Səid Xocayev Bəkir Çobanzadə ilə burada tanış olur. Belə ki, Səməd Ağamalıoğlu Komissarlar Şurasının binasından aşağı düşərkən onun yanında digərləri ilə yanaşı, ortaboylu, şişman və qırmızı üzlü bir gənc adam da olur. Həmin adamı Səməd Ağamalıoğlu təqdim edir və deyir ki, tanış olun, bu, professor Çobanzadədir. Xalid Səid Xocayev yazır: “...Rəngarəng alma, armud və qeyri meyvələrlə bəzənmiş meyvə bazarını keçərək, həyətə açılan bir darvaza önündə durduq, dörd-beş pilləli pilləkəndən çıxaraq iki otaqlı bir mənzilə girdik. Burası Çobanzadənin mənzili idi”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.15) Xalid Səid Xocayev davam edərək yazırdı ki, Səməd Ağamalıoğlu Krımda yeni əlifba məsələsinə münasibəti Bəkir Çobanzadədən soruşur. Bəkir Çobanzadə isə ciddi bir vəziyyət alaraq burada yeni əlifba məsələsinə münasibət barədə məlumat verir. Qeyd edir ki, Krımda əlifba və imla ilə bağlı gənclər arasında üç cərəyan özünü göstərir. Birinci cərəyan tərəfdarları islahatçılardır. Onlar ərəb əlifbasının üzərində müəyyən islahatların aparılmasının tərəfdarıdırlar. İkincilər latın əlifbasının tərəfində olanlardır. Üçüncülər isə rus əlifbasının (yəni kirilin) tərəfdarlarıdır. Bəkir Çobanzadənin bu məlumatından sonra Səməd Ağamalıoğlu deyir ki, ərəb və rus əlifbasının tərəfdarlarının fikri mənasız fikirdir. Krımlılar yeni əlifbanı qəbul edəcəklər. Xalid Səid qeyd edir ki, Səməd Ağa bu fikrini çox qətiyyətli və inamlı söyləyirdi.


Xalid Səid və Bəkir Çobanzadə

Xalid Səid onların faytonlarla Bağçasaray şəhərinə gəlmələrini, buradakı Xan sarayında olmalarını və bu işə Krımda Bəkir Çobanzadənin rəhbərlik etdiyini müfəssəl şəkildə qeyd edir. Hətta yazır: “Binanın (Xan sarayının sağ tərəfindəki ikimərtəbəli bina – B.X.) ikinci qatındayıq (mərtəbəsindəyik – B.X.). Əvvəlcə böyük xalılar, xalçalarla döşənmiş bir salon. Salondan kiçik bir koridor vasitəsilə ikinci qismə keçilir. Burada, bir-birinin yanında olmaq üzrə dörd otaq var; otaqların içində buxarılar, köhnə üsulda çarpayılar var. Xuluflu çarpayılardan birinə işarə edərək: “Bu çarpayıda məşhur Yekaterina bir neçə dəqiqə uzanmış”, - dedi. Mirzə Cəlil istehzanı andıran xəfif bir təbəssümlə: “Demək, müqəddəs çarpayı imiş!” – deyə müqabələ etdi. Kiçik bir otaq vasitəsilə yenə böyük bir salona çıxdıq. Bu salona “Altun oda” deyilirmiş”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.17)

Yeni əlifbanın həyata keçirilməsi təkcə Azərbaycanla məhdudlaşa bilməzdi. Ona görə ki, məqsəd yeni əlifbanı qəbul etməklə türk xalqlarını birləşdirməyə nail olmaq idi. Məhz türk xalqlarının bir-birinə yaxınlaşmasını təmin etmək üçün əsaslı islahatlardan biri əlifba ilə bağlı idi. Yəni yeni əlifbaya keçmək mümkün qədər türk xalqlarının bir-biri ilə yaxınlaşmasını, birləşməsini təmin edə bilərdi. Doğrudan da, əlifba məsələsi mühüm məsələ idi. Həm də həyati məsələ idi. Belə bir həyati məsələ millətin təkamülünü gözləməklə həll oluna bilməzdi. Əksinə, bunu həll etməklə milləti təkamül etdirmək, inkişaf yoluna çıxarmaq, irəliyə aparmaq mümkün idi.

Bəkir Çobanzadə yeni əlifba məsələsinə ciddi yanaşır, məsələnin həlli yolunda durmadan çalışırdı. O, Ağməsciddə Krımın məsul işçilərinin, maarif xadimlərinin iştirak etdiyi iclasda çıxış edərək deyirdi: “Yoldaşlar, əlifbaya əvvəla elmi-nöqteyi nəzərdən yanaşalım: əlifbanı bir lisanda mövcud olan səslərə görə təşkil etmək lazımdır. Ərəb əlifbası lisanımızda olan səsləri ifadədən acizdir. İkinci: Bir lisan şəxsi deyildir, ictimai bir məsələdir...” (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.21) Daha sonra Bəkir Çobanzadə cəmiyyətin təbii olaraq təşəkkülünü və təşəkkül etmiş cəmiyyətdə yazının rolunu, bu mənada türk xalqlarını mədəniyyət yolu ilə irəli aparacaq bir əlifbanın vacibliyini öz çıxışında Krım türklərinin nəzərinə çatdırırdı. Onun fikrincə, mədəni inkişafa nail olmaq üçün “bu əlifbanı (yeni əlifbanı – B.X.) qəbul etməkdən başqa çarəmiz yoxdur”. Bəkir Çobanzadə Bakını türk xalqları üçün mədəniyyət mərkəzi hesab edirdi. O, əlifba ilə bağlı çıxışında qeyd edirdi ki, Rusiyada yaşayan türk xalqları arasında bir mədəniyyət mərkəzinə ehtiyac vardır. Belə bir mərkəz kimi Bakı namizəd ola bilər. O deyirdi: “Bakıdan başlamış yeni əlifba məsələsinə bütün Krım xalqı və gəncliyinin yardım etməsini ümid edirəm”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.21) 1924-cü ilin sentyabr ayının 14-də “Yeni Əlifba Komitəsi”nin Krıma səfər etmiş heyəti Ağməsciddən 30 kilometr uzaqlaşaraq Sevastopola doğru hərəkət etdi. Xanışköy adlı bir tatar kəndində Krım tatarlarının “Dərvizə” adlı xalq bayramları qeyd olunurmuş. Burada milli havalar və şərqilər ifası altında tatarlar öz bayramlarını qeyd edirmiş. “Tatarlığım”, “Tatarbarmı” mənzumələri bir şərqiçi tərəfindən ifa edilirmiş. Belə bir xoş gündə Bəkir Çobanzadə Krım türklərinin bayramını hökumət adından təbrik edir, bu bayramın ictimai əhəmiyyətindən danışır, hal-hazırda yüzə yaxın Krım kəndli uşaqlarının darülfununda oxuduqlarını qeyd edir. Həm də bu bayramda iştirak edən qonaqları təqdim edir. O, Azərbaycan Sosialist Şura Cümhuriyyətinin rəisi Səməd Ağamalıoğlunu təqdim edir və Səməd Ağamalıoğlu çıxış edir. Krımlılar Səməd Ağamalıoğlunun çıxışını sürəkli alqışlarla qarşılayırlar. Bu sürəkli alqışlar arasından “Yaşasın Şura Azərbaycanı”, “Yaşasın yeni əlifba qəhrəmanı” (qəhrəman deyəndə Səməd Ağamalıoğlu nəzərdə tutulurdu) sədaları eşidilirdi. Səhərisi gün “Yeni Əlifba Komitəsi”nin heyəti Ağməscidə doğru hərəkət edirlər. Və yolda ziyarət etdikləri iki yer olur. Bunlardan biri “Zəncirli mədrəsə” adlı bir mədrəsə, ikincisi isə Bağçasarayda çap olunan “Tərcüman” qəzetinin mühərriri İsmayıl Qaspıralının evi. İsmayıl Qaspıralının evində onları İsmayıl Qaspıralının oğlu Rüfət bəy qarşılayır. Rüfət bəy onlara öz atası barədə xeyli məlumat verir: İsmayıl Qaspıralının Bağçasarayın iyirmi kilometrliyində olan Avçıköy adlı kənddə 1851-ci ildə anadan olması, 1914-cü ilin 10 sentyabrında dünyasını dəyişməsi və s. Xalid Səid Xocayev qeyd edir ki, İsmayıl Qaspıralını türk-tatar ölkələrində tanımayan bir ziyalı yoxdur. Və onun çap etdirdiyi “Tərcüman” qəzeti türk-tatar xalqlarının oyanmasında böyük rol oynamışdır. Xalid Səid Xocayev yazırdı: “Tərcüman” qəzetəsi sabiq rus imperatorluğu daxilində olan bütün türk-tatar ölkələrində oxunurdu. Bundan başqa, Türkiyədə, Ruminiyada, Bolqariyada və hətta Hindistanda da bir çox müştərilər qazanmışdı. “Tərcüman” orta bir dillə yazılırdı. Bağçasaray kimi kiçik bir şəhəri bütün dünyaya tanıtdıran bu qəzetə idi. Ziyarət etdiyimiz ev bu böyük adamın evi və nəşr etdiyi qəzetinin idarə və mətbəəsi idi. Şura hökuməti onun evinin bir qismini muzey halına gətirmişdir”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.37)

“Yeni Əlifba Komitəsi”nin üzvləri Bağçasarayda olduqdan sonra Ağməscidə yollanır. 1924-cü ilin sentyabr ayının 15-də Ağməsciddəki maarif evində yığıncaq təşkil olunur. Bu yığıncaqda iki yüzə yaxın müəllim və müəllimələr iştirak edir. Burada Səməd Ağamalıoğlu mənalı və məzmunlu bir çıxış edir. Səməd Ağamalıoğlu çıxışında deyirdi: “Böyük adamların kitablarını açsanız hamısı müsəlmanların geridə qaldıqlarından şikayət edirlər. Bəs bunun səbəbi nədir? Bunu anlamaq lazımdır. Çünki dünyada səbəbsiz heç bir şey yoxdur. Hər şeyin mütləqa bir səbəbi var”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.37) Həmin səbəbləri Səməd Ağamalıoğlu bir-bir izah edirdi. Məsələn, Avropanın sərmayəsi çoxaldıqca öz kitablarını qoymaq üçün yerlər axtarmağa başladılar. Bu da Avropanın müstəmləkəçilik siyasətinə bir meydan açdı. Müstəmləkəçilik siyasətini həyata keçirmək üçün Şərq ölkələri bir meydana çevrildi. Və bununla da Şərq məsələsi avropalılar üçün aktuallaşdı. Avropalıların Şərq məsələsinə diqqəti artırmaqda əsas məqsədləri şərqlilərin torpaqlarını bölüşdürmək, əhalisini istismar etməkdən ibarət olmuşdur. Səməd Ağamalıoğlu deyirdi: “Avropalılar Şərqi bölüşdürmə məsələsini həll etmək üçün bir-birilərilə boğuşurlar. Əgər Şərq tez gözünü açıb, adam olsa, qüvvətlənsə bu məsələni özü həll edəcək. Avropanın da ağzı kilidlənəcək. Əgər Şərqdə olan hökumətlər qüvvətli olsaydı, bu məsələ heç də meydana çıxmazdı. Halbuki, bilirsiniz ki, bu gün Avropada “tərki-silah” komediyası var. Bu ola bilən şeylərdən deyildir. Bu o zaman mümkün olur ki, avropalılarda müstəmləkəçilik fikri olmasın. Bir tərəfdə müstəmləkəçilik vəhşəti, o bir tərəfdə də “tərki-silah” oyunu... Bu fırıldaqdan başqa bir şey deyildir”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.38) Səməd Ağamalıoğlu “tərki-silah” məsələsini “avropalıların bir-birlərinin boynuna kəndir salmaq üçün yapdıqları bir siyasət, bir “oyun” kimi izah edir, bununla da avropalıların müstəmləkəçilik siyasətindən vaz keçmədiklərini açıq-aydın şəkildə bildirirdi. Avropalıların Şərqə olan marağının səbəblərindən biri kimi Şərqin öz maddi nemətlərindən istifadə etmədiklərini və bu baxımdan da Avropanın buraya marağının artdığını qeyd edirdi. Və Avropanın Şərqə olan bu marağının Şərqə, o cümlədən türk xalqlarına fəlakət gətirəcəyini deyirdi. Səməd Ağamalıoğlunun fikrincə, bu fəlakətin biri də əlifba ilə bağlı olan fəlakətdir. Onun fikrincə, cəhalət, elmsizlik savadlı olmağa əngəl törədən səbəblərdəndir. Hərf də savad üçün alətdir. Ona görə də Səməd Ağamalıoğlu türk xalqlarının hamısının yeni əlifbanı qəbul etməsini arzu edirdi. Belə hesab edirdi ki, qüvvətli mətbuat, əsaslı bir ədəbiyyat yaratmaq üçün böyük bir cəmiyyət, birlik yaratmağa ehtiyac vardır. Təbii ki, türk xalqlarının hər biri ayrı-ayrı əlifbalardan istifadə etsə, güclü bir mətbuat və birlik yarada bilməz. Səməd Ağamalıoğlu deyirdi: “Biz türk-tatar xalqları az deyilik, hesabımız qəti surətdə müəyyən olmamaqla bərabər, hər halda 50-60 milyondan az deyilik. Əgər dilləri bir-birinə yaxınlaşdıra bilsək, ədəbiyyatımızın, mətbuatımızın gələcəyini əmin bir hala gətirə bilərik, yoxsa bir milyon orada, iki milyon burada... darmadağın bir halda ədəbiyyat və mətbuat yaratmağa qalxmaqdan heç bir səy çıxmaz. Dili yaxınlaşdıra bilmək üçün müştərək hərf qəbul etməyə məcburuq. Hərfimiz müşətərək olmazsa, dilimiz də bir-birinə yaxınlaşmaz. Dilimiz bir-birinə yaxınlaşmadıqca bizdə qüvvətli mətbuat meydana gətirmək mümkün deyil, qüvvətli mətbuat olmazsa, qüvvətli ədəbiyyat da yox deməkdir...” ( bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.40) Səməd Ağamalıoğlu yeni əlifba ilə bağlı söylədiklərinin müqabilində meydana çıxacaq sualları da yaxşı bilir, həmin suallar ona verilməmişdən qabaq özü yaranacaq sualları irəli sürür və bu suallara cavab verirdi. Məs.: “... amma deyəcəksiniz: “O halda nə üçün siz bütün türk aləmindən ayrı bir (Azərbaycanı nəzərdə tuturdu – B.X.) hərf qəbul edirsiniz; əski hərfləri atmaq istəyirsiniz? Doğrudur. Əgər bütün türklərdəki əlifba onların dillərinin birliyini saxlaya bilsəydi, biz böylə işə girişməzdik. Halbuki, islah deyə (ərəb əlifbasında islahat aparmaq nəzərdə tutulur – B.X.) öylə şeylər meydana çıxardınız ki, bu, dilimizin birliyini tamamən parçaladı, pərişan etdi. Yapılan islah bir şeyə bənzəsəydi, sözümüz yox idi. O da yaxşı bir şey meydana qoymadı. İndi ən yaxşısı, gəliniz, dilimizin birliyini təmin edə bilən yeni bir əlifba qəbul edək”. (bax: Xalid Səid Xocayev. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.40)

Beləliklə, Ağməscidin maarif evindəki yığıncaqda Səməd Ağamalıoğludan sonra söz Xalid Səid Xocayevə verilir. Xalid Səid Xocayev öz çıxışında mədəniyyətin qədimliyini dil ilə bağlayır. Onun fikrincə “...mədəniyyətin tarixi dil tarixi ilə başlayır”. Ona görə də o, “biz də işə dildən başlamalıyıq”, elm və mədəniyyət dilinin inkişafında əlifba məsələsindən başlanılması məcburiyyətini yığıncaq iştirakçılarının nəzərinə çatdırırdı. Xalid Səid Xocayev əlifba ilə bütün xalqın əlaqədar olduğunu, daha çox isə müəllimlərin bağlı olduğunu söyləyirdi. O, müzakirədə iştirak edənlərin əksəriyyəti müəllimlər olduğu üçün məqamdan istifadə edərək müəllimlərə əlifba məsələsinin əhəmiyyətli bir iş olduğunu xüsusilə çatdırmaq istəyirdi. XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundovdan başlayan bu məsələnin müzakirəyə çevrilməsi səbəbini ərəb əlifbası ilə əlaqələndirirdi. Ərəb əlifbasının türk dillərinə uyğun olmaması ilə bağlayırdı. İndiyə qədər ərəb əlifbasının islah olunması ilə bağlı iki cür islahat tərəfdarlarının olduğunu açıqlayırdı. Birinci qrup islahat tərəfdarlarının Krım türkləri, qazaxlar, özbəklər, qismən də Kazan türklərinin olduğunu deyirdi. Birinci qrup islahat tərəfdarlarında ərəblərə məxsus olan hərflər çıxarılmış, hərəkələrin yerində işlədilən səsli hərflər yazıya gətirilmiş, bir neçə vəzifəni ifadə edən səsli hərflər üzərinə işarələr qoyulmaqla ərəb əlifbasında islahat aparılmışdır. Bu cür islahatı aparmaqda məqsəd kəlmələrin düz oxunmasından ibarət olmuşdur. Ancaq burada yenə də nöqtələr, işarələr hərflərin sayını bir az da artırmışdır. Bu da mətbəədə, yazı makinasında, teleqrafda çətinliklər yaratmışdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu