Yazıçı Əkrəm Əylislinin Rusiyanın“Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanı ətrafında qalmaqal qızışır. İlkin rəylərdə əsərdə azərbaycanlıların aşağılandığını, ermənilərin onlara nisbətdə üstün xalq kimi göstərildiyi və s. iddia edilir.
“Daş yuxular” barədə Ermənistan mediasında da müəyyən rəylər var.
“Hələ 4 il əvvəl “Open Armenia”ya onlayn müsahibədən sonra mən Əkrəm Əylislini müdrik və ağıllı adam adlandırmışdım. Bu gün səhv etmədiyimi söyləmək mənə xoşdur”.
Bu sözləri erməni publisti Levon Melik- Şahnəzəryan deyib. Müəllif yazıçının doğulduğu Əylis kəndinin də əslində ermənilərə məxsus Aqulis kəndi olduğunu iddia edərək, “Daş yuxular” əsərini Azərbaycanın apardığı təbliğata qarşı “cəsarətlə yazılan həqiqət” adlandırıb:
“O 1919-cu ildə Aqulisin erməni əhalisinin məhv edilməsi ilə Bakı və Sumqayıtda baş verənləri paralel təqdim edir. Əkrəm Əylisli 100 ildə Türkiyənin, 20 ildə Azərbaycanın etmədiyini etdi – həqiqəti söylədi”.
Modern.az “Daş yuxular” haqqında Azərbaycanlı yazarların rəylərini öyrənib.
Aqil Abbas (yazıçı-deputat): “Mən romanı oxumamışam. Romandan parçalar var. Parçalarla da hər şey deyilmir. Oxumadığım roman haqqında söz deyə bilmərəm. Əkrəm Əylisinin “yeraz” kəlməsini işlətməsinə gəlincə, mən ağdamlıyam, ağdamlı sözünü işlədirəm, “qarabağlı” sözünü işlədirəm. Əkrəm Əylisli də özü haqqında yazıb. O özü “yeraz”dır, ona “yeraz” deyirlər. O həmişə belə şeylər yazır, mətbuatda da deyir. İndi birdən-birə nə oldu ki? Xəbər hələ indi gəlib çatıb Azərbaycana?! Yazıçıdır, fikrini belə bildirir”.
Vahid Əziz (şair): ““Daş yuxuları” oxumamışam. Bu haqda konkret sözüm yoxdur. Amma həqiqətən də belə bir fakt varsa, bununla razılaşmıram. Əsərə layiqli qiymət vermək üçün onu oxuyub sonra da iclas şəklində müqayisə etmək lazımdır. Lazımdırsa, Yazıçılar Birliyi müşavirə etsin və səhvləri özləri danışsınlar”.
Vaqif Bayatlı Odər (şair): “Romandan tamamilə xəbərsizəm. Nəsə deməyin məsuliyyətin daşıya bilmərəm”.
Elmin Nuri
Sevinc İltifatqızı
P.S.
Modern.az mövzunu davam etdirərək digər yazarların rəylərini verməyə hazırdır.