Elektron vergi xidmətlərinin tətbiqi innovativ islahatların “açarı” kimi
Müasir texnologiyaların tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində sistemli islahatların mühüm tərkib hissəsidir. 2006-cı ildən etibarən ən müasir texnologiyaların tətbiqi ilə yaradılmış vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) Vergilər Nazirliyinin bütün strukturlarına vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanı verib, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin edib. Hazırda Vergilər Nazirliyinin sənəd dövriyyəsi tamamilə elektronlaşdırılıb.
2007-ci ildə istifadəyə verilən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı ilə bəyannamələrin elektron variantda göndərilməsinə başlanıb. Bu sistem vergi ödəyicilərinə xüsusi proqramlar vasitəsilə bəyannamələrin düzgün tərtib olunmasına, onları elektron formada saxlamağa və vergi ödəyicilərinin şəxsi vərəqələrinə real vaxt rejimində baxmağa imkan verir. E-bəyannamə sisteminin tətbiqi ümumilikdə bəyannamələrin tərtib edilməsi və onların vergi orqanına göndərilməsi üçün lazım olan vaxtı 3 dəfəyədək azaldıb.
İndi vergi bəyannamələrini təqdim etmək üçün vergi orqanlarına getmək lazım deyil, vergi ödəyiciləri bunu istədikləri vaxtda və istədikləri yerdən həyata keçirə bilərlər.
2010-cu ildən Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıb. Elektron vergi hesab-fakturaların tətbiqi təkcə kağız dövriyyəsinin və vaxt itkisinin əhəmiyyətli şəkildə azaldılmasına deyil, həm də saxta hesab fakturalardan istifadə etmək cəhdlərinin də qarşısını birdəfəlik almış oldu.
2010-cu ildə daha bir mühüm elektron xidməti - “On-line kargüzarlıq” sistemi istifadəyə verilərək ilk dəfə vətəndaşlara dövlət qurumu ilə elektron formada məktublaşmağa imkan yaradılıb.
3 il əvvəl yaradılan “Asan İmza” isə elektron vergi xidmətlərində yeni bir mərhələ oldu. Cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. 2016-cı il iyunun 9-10-da Polşanın Şetsin şəhərində elektron etimad xidmətləri, elektron imza, açıq açar infrastrukturu və elektron identifikasiya kimi mövzulara həsr edilmiş ən böyük beynəlxalq konfranslardan biri olan Elektron İmzaya dair XVI Avropa Forumu (EFPE 2016) da məhz bu qəbildəndir. Konfransda iştirak edən “Asan İmza” xidmətinin operatoru olan“B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe məruzəsində Azərbaycanın innovativ mobil elektron imza texnologiyası olan “Asan İmza” xidmətinin nailiyyətlərini təqdim edib. O, qeyd edib ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üçün hazırlanan pilot layihə “ISESCO BESTDOC PORTAL” adlandırılacaq. Portal xüsusi olaraq ISESCO üçün Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyi ilə fəaliyyət göstərəcək.
“Asan İmza” xidmətinin operatoru olan "B.EST Solutions" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev Modern.az saytına deyib ki, "Asan İmza"-elektron mühitdə vətəndaşın kimliyini təsdiqləməyə və sənədləri elektron imzalamağa imkan verən SİM-kart əsaslı mobil imza xidmətidir. Azərbaycanda elektron hökumət konsepsiyasının tətbiqinə başlanması bir çox sahələrdə əhaliyə göstərilən xidmətlərin elektronlaşması ilə yanaşı həmin xidmətlərin istifadəçilərə rahat, təhlükəsiz və fasiləsiz çıxışının təmin edilməsini də şərləndirmişdi. Digər mühüm bir çağırış isə elektron xidmətlərin mobil platformalar üzərindən əlçatanlılığının təmin edilməsi idi ki, bu da elektron hökumətin təkamülündə növbəti mərhələ olan mobil hökumətin bərqərar olması demək idi. Bu şərtlər altında ərsəyə gətirilən mobil imza xidməti ölkədə elektron idarəetmə məfhumunu yeni bir mərhələyə çıxardı. Azərbaycanı dünyada analoji texnologiyaların istifadə edildiyi 10-dək innovativ və texnoloji ölkənin sırasına daxil etdi”.
Şirkət rəsmisi “Asan İmza” texnologiyasının başlıca üstünlüyündən bəhs edərkən deyib ki, bu, mobil telefon vasitəsilə istifadə edilən xidmət olduğundan, vətəndaş üçün daim əlçatan və çevikdir:
“Digər mühüm üstünlük isə, “Asan İmza”nın təhlükəsiz olmasıdır. Vətəndaşın “Asan İmza” SİM-kartı olan mobil telefonu itsə və ya oğurlansa, digər şəxs heç bir halda ondan istifadə edə bilməyəcək. Çünki, “Asan İmza” xidmətində istifadə olunan PİN kodlar yalnız xidmətin əsl sahibinə məlum olur”.
Dövlət orqanlarının elektron sistemləri ilə uğurlu inteqrasiya
Azərbaycanda elektron xidmətlərin ən fəal şəkildə tətbiq edildiyi və istifadə edildiyi sahələrdən biri də vergi sahəsidir. Bu gün ölkədə 60 müxtəlif vergi xidməti vergi ödəyicilərinə elektron şəkildə təqdim edilir və bu xidmətlər “Asan İmza” istifadəçiləri üçün əlçatandır.
K.Əliyev bildirir ki, bu gün vətəndaşlar və sahibkarlar heç bir yerə getmədən sadəcə kompüterdən və “Asan İmza”sından istifadə edərək cəmi bir neçə dəqiqə ərzində vergi bəyannamələrini onlayn qaydada vergi orqanına göndərə, hüquqi və ya fiziki şəxsi qeydiyyatdan keçirə və digər xidmətlərdən asanlıqla yararlana bilər. Bu sırada ənənəvi xidmətlərlə yanaşı, ilk dəfə olaraq ölkəmizdə tətbiq edilən innovativ və unikal vergi xidmətlərini də qeyd etmək lazımdır.
Belə ki, “Asan İmza”nın Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinin sistemi ilə uğurlu inteqrasiyası sayəsində bu gün ucqar regionda olan və hətta kompüterə və internetə çıxışı olmayan vergi ödəyicisi belə çağrı mərkəzinə zəng edərək mərkəzin operatorunun köməyi ilə “Asan İmza”sından istifadə edərək şəxsiyyətini təsdiq edə, operatorun yardımı ilə telefon üzərindən vergi orqanlarına göndərə bilər”.
"B.EST Solutions" şirkətinin rəsmisi qeyd edir ki, istismara verildiyi 2013-cü ildən bu yana "Asan İmza" xidməti ölkədə elektron hökumət quruculuğunun ən mühüm elementi kimi həm adi insanların həyatına, həm də biznes sektorun fəaliyyətinə sirayət edib:
“Ölkədə toplam olaraq 500-dən artıq dövlət və özəl elektron xidmətlər “Asan İmza” istifadəçilərinə açıqdır. Bu xidmətlərin əksəriyyəti Elektron Hökumət Portalında təmsil olunub və əhali üçün olduqca aktual xidmətlərdir.
Məsələn, sahibkar öz işçilərinin əmək müqavilələrini elektron qaydada “Asan İmza”dan istifadə edərək dövlət qeydiyyatına daxil edə, bir neçə dəqiqə ərzində onlayn rejimdə yeni şirkət yarada və qeydiyyatdan keçirə, mal və nəqliyyat vasitələrini gömrük sərhədində elektron qaydada bəyan edə bilər. Bütün bu xidmətlərin "Asan İmza" ilə mümkün olması mobil imza xidmətinin bu xidmətləri göstərən dövlət orqanlarının elektron sistemləri ilə uğurlu inteqrasiyasının nəticəsidir.
Bu gün ölkə iqtisadiyyatının özəyini təşkil edən özəl sektor da öz fəaliyyətini elektron xidmət konsepsiyasına uyğun şəkildə qurmaqdadır. Hazırda 15-dək bank öz elektron bankçılıq xidmətlərini müştərilərinə “Asan İmza” vasitəsilə təqdim edir. Rəqəmsal bankçılıqda “Asan İmza” texnologiyasından istifadə banklara müştərilərinə yüksək keyfiyyətli, operativ və tam təhlükəsiz xidmət göstərməklə yanaşı, proseslərin avtomatlaşdırılması və izafi xərclərə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”.
Elektron vergi xidmətindən sürücülər də yararlana bilir
K.Əliyev qeyd edir ki, sürücülər “Asan İmza”dan istifadə edərək yol-hərəkət qaydalarının pozulmasına görə cərimələrinin olub-olmamasını onlayn rejimdə yoxlaya, cərimələrin foto və video materialları ilə tanış ola bilər:
“Bu innovativ xidmət hazırda "ASAN Ödəniş" elektron portalında vətəndaşların istifadəsi üçün açıqdır.
“Asan İmza” elektron mühitdə vətəndaşın şəxsiyyət vəsiqəsi funksiyasını daşıyır. Belə ki, istənilən elektron xidmətə daxil olarkən, yaxud hansısa sənədi elektron imzalayarkən “Asan İmza”dan istifadə şəxsiyyət vəsiqəsindən və ya fiziki əl imzasından istifadə ilə eyni anlama gəlir. Bu baxımdan “Asan İmza” ilə onlayn mühitdə həyata keçirilən əməliyyatların səhihliyi və etibarlılığı qanunvericiliklə ("Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlarla) təmin olunur”.
Növbəti illərdə digər mobil operatorların abunəçiləri də sertifikatlarını yeniləyəcək
Menecer bildirir ki, fəaliyyət göstərdiyi 3 il ərzində ölkədə ümumilikdə 250 mindən artıq “Asan İmza” sertifikatı verilib və mobil imza vasitəsilə elektron mühitdə indiyədək 15 milyondan artıq əməliyyat icra edilib:
“Həyata keçirilən əməliyyatların sayının artmasına elektron gömrük xidmətlərinin də “Asan İmza” ilə dəstəklənməsi təsir edib. 2016-cı ilin aprel ayından ölkədə malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidmət fəaliyyət göstərir. Vətəndaş, xaricdən gətirdiyi mal və nəqliyyat vasitələrini sözügedən elektron xidmətdən “Asan İmza” vasitəsilə gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər. Qeyd etmək lazımdır ki, elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir.
“Asan İmza” xidməti 3 illik müddət ərzində aktiv olduğundan, cari ilin iyul ayından etibarən bu xidmətə 2013-cü ildə qoşulmuş istifadəçilərin xidmətdən istifadə müddəti bitir. Hazırda “Asan İmza” xidmətinə 3 il əvvəl qoşulmuş istifadəçilərin xidmətə yenidən qoşulması və sertifikatlarının yenilənməsi prosesi getməkdədir. Proses indiki mərhələdə “Azercell” mobil operatorunun “Asan İmza” xidmətinə qoşulmuş abunəçilərini əhatə edir. Növbəti illərdə eyni proses digər mobil operatorların da “Asan İmza” xidmətindən istifadə edən abunəçiləri üçün aktual olacaq”.
Azərbaycan elektron verginin tətbiqinə görə MBD ölkələri arasında ön sıradadır
İqtisadçı, alim Vüqar Bayramov Modern.az saytına deyib ki, Azərbaycan vergi sistemi dünya ölkələri arasında daha çox elektronlaşdırılmış sistemdir:
“Vergilər Nazirliyi elektron xidmətləri ən çox tətbiq edən dövlət qurumlarından biridir. Azərbaycan vergi sistemində tətbiq edilən elektronlaşma səviyyəsinə görə, MDB respublikaları arasında ən elektronlaşdırılmış vergi sisteminə malik olan ölkələrdən biridir. Bu baxımdan elektronlaşmada tətbiq edilən üstünlüklərdən biri də “Asan İmza” vasitəsilə elektron xidmətlərin həyata keçirilməsidir.
“Asan İmza” vətəndaşa rəqəmsal olaraq imza atmaq imkanı verir. Rəqəmsal imzanın tətbiq edilməsi fonunda “Asan İmza” prosedurların sadələşdirilməsi baxımından çox əlverişli və vacibdir. Vətəndaş “Asan İmza” vasitəsilə evdə oturmaqla bir çox xidmətlərdən istifadə edə bilir. Bu isə vaxta və vəsaitə qənaət edilməsi, şəffaflığın bərqərar olması baxımından vacibdir.
“Asan İmza” vətəndaşla məmurun ünsiyyətini minimumlaşdırır. Bu, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizədə olduqca vacibdir.
Dünya praktikasında, əksər ölkələrdə mobil telefonlar vasitəsilə sifarişlər vermək, ödənişlər etmək üçün istifadə edilir. Qənaət rejiminə xidmət etdiyinə görə bu istiqamətdə islahatların davam etdirilməsi və genişləndirilməsinə ehtiyac var. Avropa standartları, eləcə də fiziki və hüquqi şəxslərlə hesablaşmalarda yalnız imzadan istifadə edilməsi, möhürdən istifadəni gündəmdən çıxarır. Güman edirik ki, gələcəkdə “Asan İmza”dan yalnız ödənişlərdə deyil, eyni zamanda müqavilələrin bağlanmasında və icrasında da istifadə olunacaq. Bununla da sahibkar daha qısa müddətdə fəaliyyətini qura biləcək.
Çünki, hazırda sənədlərin hüquqi qüvvəsi olması üçün möhür tələb olunur. Bizim təkliflərimiz ondan ibarətdir ki, gələcəkdə “Asan imza”dan istifadə etməklə müqavilələrin bağlanması və onların həyata keçirilməsi təşkil olunsun ki, sahibkar xaricilə müqavilə bağlanan zaman praktik olaraq elektron yaxud “Asan İmza”dan istifadə etməklə müqavilə bağlamaq və onu icra etmək imkanına malik olsun. Bu da sahibkarlar üçün prosedurların azaldılması baxımından əvəzsiz olacaq”.
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.
Gülşən RAUFQIZI