Modern.az

Valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər

Valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər

Current

29 Yanvar 2022, 10:10

Müasir Azərbaycan cəmiyyətində ailə faktoru yüksək önəm daşıyır. Ailə məfhumu dövlətin daxili siyasətində də önəmli yer tutur və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, demoqrafiya göstəricilərinin normada saxlanması istiqamətdə daim mərhələli şəkildə işlər görülür. Xüsusilə gənc ailələrə dəstək, çoxuşaqlı valideynlərə imkanların yaradılması ilə bağlı mütəmadi layihələr həyata keçirilir.

 

Azərbaycanda ailə institutuna dəstəyin növbəti addımlarından biri olaraq, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsinin icrasına başlanılıb.

 

"Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində yanvarın 26-da “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirin təşkilində məqsəd ödənişli və gender bərabərliyinə əsaslanan valideyn məzuniyyəti siyasətinin Azərbaycan Respublikası qanunvericiliyində əksini tapmasını təşviq etməkdir. Belə ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti özündə həm qadınlar, həm də kişilər üçün iş və ailə həyatının ahəngdar və səmərəli uzlaşdırılmasını, sosial bərabərsizliklərin aradan qaldırılmasını, qadın və kişilər arasında vəzifələrin bölüşdürülməsini əks etdirir.

 

 

"Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və tədbirin moderatoru Leyla Tağıyeva bildirib ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılması və balanslaşdırılmış gender siyasətinin inkişafı üçün mühüm vasitə olmaqla, qadınların əmək bazarında iştirakının və ümumilikdə sosial rifahın yaxşılaşdırılmasına xidmət edir.

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə ölkəmizdə gender siyasəti sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdıraraq, qanunvericiliyin gender bərabərliyi üçün hüquqi baza olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Qanunlar özü-özlüyündə dövlətin siyasi iradəsinin göstəricisi kimi çox vacib rol oynayırlar.

 

Analıq məzuniyyətinin ödənişli olması sahəsində mövcud olan bəzi problemlərdən danışan komitə sədri deyib ki, analarla bərabər, atalar da valideyn-övladlıq münasibətlərində və ailə qayğılarında iştirak etməlidirlər. Atalıq məzuniyyəti övladın dünyaya gəldiyi ilk gündən ona daha yaxın olmaq, erkən uşaqlıq dövrü inkişafı prosesində iştirak etmək imkanı yaradır. Bu məzuniyyət ata ilə övlad arasında mənəvi bağların daha möhkəm əsasda formalaşmasına şərait yaradır. Həmçinin valideynlər arasında məsuliyyət və iştirak bərabər əsasda bölünür. Analıq, atalıq uşağın tərbiyə və təhsili, eləcə də ailədaxili digər məsələlər ər və arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

 

Bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayan komitə sədrinin sözlərinə görə, statistika qadın və kişilərin əməkhaqlarında fərq olduğunu göstərir. Son iki ildə bununla bağlı irəliləyiş olduğunu vurğulayan B.Muradova gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

 

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun fikrincə, ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşür. Nazir müavini söyləyib ki, uşağın tərbiyəsində hər iki valideynin rolunu artırmaq məqsədilə həyata keçiriləcək ödənişli atalıq məzuniyyəti məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq.

 

Gender məsələlərindən danışan deputat Jalə Əhmədova isə Azərbaycanda gender bərabərsizliyini müşahidə etmədiyini deyib:

 

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün uğurlu xanımların motivasiya mənbəyidir. Milli Məclisin spikeri xanımdır, parlamentin demək olar ki, yarısı xanımlardan ibarətdir. Dövlət qurumlarında ikinci vəzifədə bizdə xanımlar təmsil olunur. Digər iş yerlərində də xanımların yer tutmasının şahidi oluruq. Düşünmürəm ki, Azərbaycanda gender bərabərsizliyi deyə bir şey var. Qadınlara qarşı zorakılıq məsələsini vurğulayanda da belə deyə bilərəm ki, bu, dünyanın bütün ölkələrində var. Dünyanın başqa ölkələri ilə müqayisə etsək, hətta deyə bilərik ki, bu, Azərbaycanda daha azdır. Mən narazıyam ki, bəzi insanlar, təşkilatlar Azərbaycan kimi sivil ölkəni qadınlara qarşı zorakılığın baş verdiyi ölkə kimi təqdim etməyə çalışırlar. Bəli, bu problem var. Bununla bağlı dövlət bütün tədbirləri görür. Qanunvericiliyimizdə də bununla bağlı qanunlar qəbul edilir. Məsələ ilə bağlı hər kəs öz mübarizəsini aparır. Bizim xanımlar azaddır, kişilərdən də çox gözəl qayğı görürlər”. 


Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı