Modern.az

Pensiyası dayandırılan qaziyə ömürlük əlillik verildi

Pensiyası dayandırılan qaziyə ömürlük əlillik verildi

Aktual

31 Yanvar 2022, 15:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Aprel döyüşlərində ayağını itirmiş qazinin müavinətinin kəsilməsi ilə bağlı səsləndirilən iddialara yenidən cavab verib.

 

Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Modern.az-a bildirib ki, Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğlu 2016-ci ildə tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunarkən həmin dövrdə müvafiq ərazi Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onun əlilliyi müddətsiz (ömürlük) təyin edilməli olduğu halda, yanlış olaraq müddətli, yəni 5 il müddətinə təyin edilib:

 

"Bu günlərdə Rizvan Qarayevin əlillik müddəti başa çatdığı nəzərə alınaraq ona müddətsiz (ömürlük) əlillik təyin edilib. Ötən il qanunvericiliyə edilmiş humanist dəyişikliyə əsasən, təkrar əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən 6 ay ötməmiş təyin edildikdə ötürülmüş müddət əlillik dövrü hesab edilərək həmin müddət üzrə də əlilliyə görə sosial ödənişlər verilir.

 

Rizvan Qarayevə də əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən rəsmiləşdirilib. Yəni, Rizvan Qarayev müharibə əlili kimi ödənilən bütün sosial ödənişlərini həmin vaxtdan (əvvəlki əlillik müddəti bitdiyi tarixdən) hesablanmaqla alacaq”. 

 

“Əlillik dərəcəsinə gəldikdə isə, həm milli, həm də ümumən beynəlxalq əlillik meyarlarında sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyası 3-cü dərəcə əlillik təyinatını nəzərdə tutur”, - deyə qurum rəsmisi əlavə edib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl R.Qarayevin sosial şəbəkələrdə müavinətin kəsilməsi ilə bağlı paylaşdığı videoya açıqlama verilmişdi. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı