Modern.az

Arvadım məndən ayrılmaq istədi deyə öldürdüm - MƏHKƏMƏ

Arvadım məndən ayrılmaq istədi deyə öldürdüm - MƏHKƏMƏ

Aktual

31 Yanvar 2022, 17:00

Ötən il iyulun 24-də arvadını iş yerinin qabağında 10 bıçaq zərbəsi vuraraq öldürən Meyxoş Cəfərov məhkəmədə ifadəsində Xatirənin ona xəyanət etməsindən şübhələndiyini desə də, ailə üzvləri və psixoloq ifadələrində bunu təkzib edərək həmin şəxsin daim uşaqlarını və həyat yoldaşını döydüyünü təsdiqləyiblər.

 

Modern.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində baş verib.

 

Belə ki, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonunun qarşısında öldürüb.

 

Meyxoş Cəfərov məhkəmədə bildirib ki, arvadını ondan ayrılmaq istədiyi üçün öldürüb.

 

Belə ki, uzun müddətdir davam edən ailə münaqişələrinə görə iyulun 8-də arvadı üç övladını da götürərək kirayə evə köçüb:

 

“Biz Xatirə ilə bir-birimizi sevib evlənmişik. 2008-ci ildə onunla rəsmi nikaha girdik. O həm də mənim xalam nəvəsi olub. Əvvəllər bizim heç bir problemimiz olmamışdı. Həmişə bir-birimizi anlamışıq, 3 qızımız var. Xatirə əvvəllər işləmirdi, amma həmişə qadın salonu açıb orada işləmək istədiyi deyirdi. Mən də ona söz vermişdim ki, ilk fürsətdə onun bu istəyini reallaşdıracam. Təxminən beş il əvvəl evimizin önündə onun üçün qadın salonu tikdirdim və Xatirə orada işləməyə başladı. 2020-ci ilin yanvar ayında uşaqları gəzmək üçün şəhərə apardıq. Xatirə də dedi ki, salon üçün lazım olan saç vasitəsi sifariş verib və metronun “Sahil” stansiyasından götürməlidir. Biz bir saata yaxın metronun yanında gözlədik. Mən heç bilmirdim dərmanı kim gətirəcək. xatirə də mütəmadi olaraq həmin adamla danışırdı. Daha sonra özü bizdən tez uzaqlaşaraq həmin saç vasitəsini gətirəcək adamın yanına getdi. Elə etdi ki, mən həmin adamı görməyim. Bütün bunlar da mənə əsəb verdi. Yol boyu da nə məni saydı, nə də uşaqlara baxdı. Evə gələndən sonra aramızda mübahisə düşdü. O, mənə əsassız olaraq “şərəfsizsən”dedi, bundan sonra mən onu döydüm”.

 

 

 

Meyxoş Cəfərov ifadəsində onu da qeyd edib ki, bundan sonra arvadı atası evinə gedib və daha sonra barışıblar. Amma arvadının ona soyuq münasibətləri davam edib və o da Xatirədən şübhə etməyə başlayıb:

 

“Ondan şübhə etsəm də əlimdə heç bir sübut olmadığına görə susurdum. Bir gün də işdən gələndən sonra bildim ki, Xatirə məndən polisə şikayət edib ki, mən onu boğub, ölümlə təhdid etmişəm. Bundan sonra biz yenə barışdıq. Amma onun mənə olan pis münasibəti davam edirdi.

O, heç bir səbəb olmadan məni təhqir edirdi. Bizim bu davalarımız davam edirdi. Xatirə yenə acıq edib atasının evinə gedirdi. Daha sonra gördüm ki, kirayə evə köçüb və başqa salonda işləməyə başlayıb. Bu da mənim səbrimi daşırdı. Bundan sonra mən onu izləyib iyulun 24-də işlədiyi salonun qarşısında Xatirəyə yaxınlaşdım. Kürək nahiyəsindən ona bir neçə bıçaq zərbəsi vurdum. O, mənə müqavimət göstərmək üçün çevriləndə ön hissədən də bıçaq zərbələri dəydi.

Əməlimdən peşmanam. Qızlarımı anasız qoydum, özüm də onlardan ayrı düşdüm. Qaynatamdan da üzr istəyirəm. Məni bağışlasın”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı