Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının rəhbərləri fevralın 1-dən fəaliyyətə başlayıblar.
Modern.az xəbər verir ki, bunu YAP Mərkəzi Aparatının rəhbəri, partiya sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni rəhbərlər qarşısında yeni tapşırıqlar qoyulub.
“Qısa zamanda hər bir rayon və şəhərdə partiya təşkilatlarının fəaliyyətinin daha çevik, müasir tələblərə və cənab Prezidentimizin, sədrimizin tələblərinə uyğun qurulması üçün öz təkliflərimizi təqdim edəcəyik”, - deyə T.Budaqov qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyilə keçirilən iclasda YAP rayon təşkilatlarına yeni sədr təyinatı məsələsinə baxılıb. Müzakirələrdən sonra səsvermə keçirilərək bir sıra yerli təşkilatlara yeni sədrlər təyin olunub.