Modern.az

Qalib ölkənin “Dəmir yumruğa” çevrilmiş gəncliyi

Qalib ölkənin “Dəmir yumruğa” çevrilmiş gəncliyi

Aktual

2 Fevral 2022, 11:24

Azərbaycanda hər il fevral ayının 2-si Gənclər Günü kimi qeyd edilir. Gəncliyin bu cür önəmli təbəqə kimi diqqətdə saxlanması ümummilli lider Heydər ƏIiyevin adı ilə bağlıdır. Ulu Öndər deyirdi:  “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

 

Hazırda gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır.

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlanıldı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.

 

 

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam verib. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

 

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

 

 

44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən qəhrəmanların əksəriyyəti də məhz gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab Prezidentin “Dəmir yumruq”u ətrafında sıx birləşdilər.

 

Prezident İlham Əliyevin də dediyi kimi, bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu.

 

“Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü arzulayırdı və inanırdı ki, bu gün gələcək və biz də sadəcə olaraq bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik”.

 

 

Hər il olduğu kimi, bu il də Prezident mükafatına layiq görülən gənclərlə bağlı ölkə başçsının müvafiq sərəncamı oldu. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatları verildi. 

 

Onu da qeyd edək ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz fəaliyyətləri ilə onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı