İngiltərənin ARTİCLE 19 təşkilatı Azərbaycanda bilgi hüququnun təmin olunması haqqında geniş araşdırma aparıb. Tədqiqatdan sonra “İnformasiya əldə etmək haqqında” qanun qəbul edilməsindən ötən müddətdə ölkədə informasiyaya çatım məsələsinin nə yerdə olması barədə geniş hesabat hazırlanıb. Noyabrın 3-də Azərbaycan Media Mərkəzində ARTİCLE 19 təşkilatının proqram rəhbəri Natali Leskott “Qıfılların şifrələrini açmaq vaxtıdır” adlı hesabatın təqdimatını keçirib.
Modern.az xəbər verir ki, tədibirin əvvəlində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev çıxış edib tədqiqatın aparılması haqqında məlumat verdi. Onun dediyinə görə, tədqiqatın keçirilməsində ARTİCLE 19 təşkilatına “Yeni Nəsil” Jurnalistlər Birliyi və Media Hüququ İnstitutu yardım göstərib. Araşdırma əsasən 4 istiqamətdə aparılıb və 2005-2008-ci illəri əhatə edib. Məqsəd də onan ibarət olub ki, 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqinin nə yerdə olduğu öyrənilsin. Bu zaman Bakı, Gəncə və Sumqayıtda fokus qruplar arasında sorğular keçirilib. Sorğuya jurnalistlər, müəllimlər, dövlət orqanlarının əməkdaşları, sıravi vətəndaşlar cəlb olunublar. Bundan əlavə, jurnalistlər, hakimlərlə keçirilən görüşlərdə bu məsələ təfərrüatı ilə müzakirə olunub. ARTİCLE 19 həmçinin informasiya əldə etmək hüququnun təminatı ilə bağlı məhkəmə işlərini də araşdırılıb.
Daha sonra xanım Natali Leskot bildirib ki, bir neçə ay ərzində aparılan araşdırma zamanı “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra çatışmazlıqlar və pozuntular aşkarlanıb. Bəlli olub ki, dövlət orqanlarına göndərilən informasiya sorğularına cavab verilmir, yaxud cavab verməkdən imtina olunur, cavab verəndə də qoyulan sualı məzmununa uyğun olmayan tərzdə cavablandırırlar. Bəzən eyni suala müxtəlif təşkilatlardan müxtəlif cavablar alınıb.
Xanım Leskot deyib ki, qanunun tətbiqi mexanizmində də problemlər aşkarlanıb: “Hələ də informasiya məsələləri üzrə müvəkkil təyin olmayıb. Halbuki, müvəkkil olsaydı, məlumatların verilməsindən imtina ilə bağlı şikayətləri birbaşa məhkəməyə vermək lazım olmazdı. Bir məsələ də ortaya çıxıb - informasiyanın əldə edilməsinə mane olan şəxslərin cəzalandırıması üçün təsirli sanksiyalar yoxdur. Digər tərəfdən, informasiya məsələləri üzrə məsul şəxsin vəzifəsi mətbuat xidmətinin işi ilə səhv salınır”.
ARTİCLE 19 təşkilatının nümayəndəsi deyib ki, tədqiqat zamanı o da bəlli olub ki, dövlət orqanları daxilində qapalılıq hökm sürür. Bu da informasiya əldə etmək istəyənlər üçün əlavə problemlər yaradır. Bunu araşdırma zamanı vəzifəli şəxslərin özləri də etiraf ediblər: "Nəzərə alsaq ki, Azərbaycanda, xüsusilə də regionlarda İnternetə çıxışı olan insanların sayı çox azdır, bu cür informasiya qıtlığı böyük problemlər yarada bilər”.
Ümumilikdə ARTİCLE 19 təşkilatı Azərbaycanda informasiya azadlığı hüququnun tətbiqində aşağıdakı problemləri aşkarlayıb: Məhkəmə sistemindəki çatışmazlıqlar, dövlət orqanlarını sirr saxlamaq mədəniyyəti, ictimaiyyətin informasiya əldə etmək imkanlarının az olması. Bütün bunlara nəzərə alaraq, ARTİCLE 19 təşkilatı hesabatın sonunda xüsusi tövsiyyələr də hazırlayıb. Natali Leskot əmindir ki, bu tövsiyələrə əməl edilməsə, qanunun tətbiqi üçün hər hansı dövlət proqramı qəbul edilməsə, bu qanun elə kağız üzərindəcə qalacaq.