Modern.az

"Sel qaçqınları" üçün İmişlidə qəsəbə, Salyanda mikrorayon salınır

"Sel qaçqınları" üçün İmişlidə qəsəbə, Salyanda mikrorayon salınır

کشور

24 Sentyabr 2010, 14:17

Bu ilin aprel - may aylarında  yağan güclü yağışlar, Kür, Araz çaylarında yaranan bolsululuq Azərbaycanın ayrı-ayrı bölgələrində daşqınlara  səbəb olmuş, Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarında xeyli kənd su altında qalmış, yüzlərlə ev qəzalı vəziyyətə düşmüşdü. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb, dövlət büdcəsindən isə 300 milyon manat vəsait ayrılıb.

Xeyli vaxtdır evləri dağılan sakinlərin mənzil məsələsinin həlli üçün fəlakət zonasında tikinti işləri aparılır. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zədələnmiş binaların bərpası istiqamətində işlər görülür.
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kür çayının və Sarısu gölünün sahilində bəndvurma və bəndbərkitmə işləri də hələ də davam etdirilir. Nazirlik ölkədə sel daşqınlarının qarşısını vaxtında almaq üçün uzunmüddətli proqram hazırlandığını bəyan edib. Fövqəladə Hallar Nazirliyi hazırda Hollandiya şirkəti ilə proqram üzərində iş aparır. Proqramda Kür və Araz çaylarının sel basmalarının qarşısının vaxtında alınması, bu məqsədlə suötürücü sistemlərin yaradılması, mövcud sistemlərin yenidən qurulması, bəndvurma işlərinin aparılması və s. öz əksini tapacaq.
Nazirlikdən verilən məlumata görə, uçmuş və qəzalı vəziyyətə düşmüş 2000-ə yaxın evin yenidən tikilməsi, zədələnmiş 1200-dən artıq evin bərpası, 1000-dən artıq yaşayış evinin təmiri üçün sənədlər tərtib edilərək aktlaşdırılıb.
Respublikanın 8 rayonunun ərazisində yeni tikiləcək 1452 evin inşası oktyabrın sonunadək başa catacaq və sakinlərin istifadəsinə veriləcək.
104 fərdi yaşayış evi və infrastrukturdan ibarət qəsəbənin tikintisi  İmişlinin Telişli kəndində başa çatmaq üzrədir. Eyni zamanda burada məktəb, bələdiyyə, klub, poçt və başqa  binaların, sosial infrastruktur obyektlərin tikintisi sürətlə aparılır.

Saatlı  rayonunda 178 evdən və infrastrukturdan ibarət Yeni Novruzlu qəsəbəsi tikilir.

Salyan rayonuna bitişik 260 evdən ibarət bir mikrorayon salınır ki, oraya daşqınlardan ziyan çəkmiş  80 ailə köçürüləcək.  Qalan evlər isə daşqın ərazilərindən gələcəkdə planlı şəkildə köçürüləcək ailələrə veriləcək.

Mail Ağaxanov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı