Modern.az

Evrovision milli seçim turunun ikinci konsert proqramı keçirilib

Evrovision milli seçim turunun ikinci konsert proqramı keçirilib

17 Fevral 2014, 13:04

Fevralın 16-da  "Böyük Səhnə"  Evrovision milli seçim turunun ikinci konsert proqramı  keçirilib. Bu haqda Modern.az-a İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi məlumat verib.

Bildirilib ki, beynəlxalq vokal müsabiqəsinin ilk şousundan növbəti mərhələyə vəsiqə qazanan 10 ifaçı səs və səhnə imkanlarını yenidən İctimai Televiziyanın efirində nümayiş etdiriblər. Onların arasından 6 nəfərə yarımfinala keçmək imkanı verilib. Müsabiqənin şərtlərinə əsasən Respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyətindən 46–dan çox xal toplayan iştirakçılar birbaşa növbəti mərhələdə yarışmaq hüququ qazanıblar. Erkin Osmanlı, Azad Şabanov, Samirə Əfəndiyeva, Dilarə Kazımova və Xana Həsənova  bu imkandan yararlanaraq, birbaşa yarımfinala keçiblər. 

Yarış qaydalarına uyğun olaraq, münsiflərin qərarı ilə Elton İbrahimov yarışmanın “təhlukəli zolağı”ndan çıxarılaraq, yarımfinala keçmək şansı əldə edib.

  Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Böyük Səhnə” layihəsinin yarımfinalı fevralın 23-də saat 23.00-da İctimai Televiziyanın efirində yayımlanacaq.

Müsabiqənin qalibi isə martın 2-də keçiriləcək final şousunda elan olunacaq və həmin ifaçı Azərbaycanı Danimarkada keçiriləcək "Eurovision-2014" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək. İlkin püşkatmanın nəticəsinə görə  Azərbaycan təmsilçisi müsabiqənin mayın 6-da keçiriləcək birinci yarımfinalında şou səhnəsinə çıxacaq.  “Bizə qoşul” şüarı ilə 37 ölkə təmsilçisini bir araya toplayan müsabiqənin ikinci yarımfinalı mayın 8-də, finalı isə mayın 10-da olacaq.

 

  Modern.az                                                                                           

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB